adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

SƏN HƏMiŞƏ BiZiMLƏSƏN

CEYHUN MUSAOĞLU
34376 | 2009-04-25 00:12
"Zərbələr aldıqca
   
   möhkəmlənirəm"
   
   
   
   "Qısqanc olsaydım,
   
   gəncləri teatrımda saxlamazdım"
   
   
   
   "Siyasətlə hələ teatrda
   
   aktrisa olarkən məşğul idim"
   
   
   
   "Hansısa rol üçün tamarzı qalmamışam"
   
   
   
   "Mən heç vaxt
   
   monopolist olmamışam"
   
   
   
   "Günah teatra qazanc
   
   mənbəyi kimi baxanlardadır"
   
   
   
   "Parlamentdə kiminsə
   
    yerində oturmamışdım"
   
   
   
   "Aktyor gərək
   
    gözbağlayıcı olsun"
   
   
   
   Amalya Pənahova. Bu ad və soyad bitmiş bir fikri ifadə etdiyi üçün cümlədir. Bu cümlədə bir kitab söz var. Heç hərif tanımayan da bu kitabı oxuya bilər. Cəmi üç saniyə lazımdır. Birinci saniyədə kitabı açmaq, ikinci saniyədə adını, üçüncü saniyədə soyadını oxumaq. Möcüzədir.
   
   Yenə möcüzə istəyirsiz? Buyurun: aktyorluğun ən uca zirvəsində olan Amalya Pənahovanı başı yuxarı qaldırmadan da görmək olar.
   
   
   
   Ceyhun Musaoğlu: Çoxdandır gözlərimiz Sizi axtarır. Niyə görünmürsüz?
   
   Amalya Pənahova: Yəqin hər gözəlin bir dövranı var. Amma mən deyə bilmərəm ki, dövranım bitdi. Eşitmişəm ki, tamaşaları gecə saat 2-dən sonra göstərirlər. Görünür xarici tamaşaçılar üçün nəzərdə tuturlar. Əksər bayramlarda mən çəkildiyim filmlər nümayiş olunur.
   
   C.Musaoğlu: Azərbaycan tamaşaçıları nə vaxt dedi ki, biz tamaşalırımıza baxmaqdan doyduq, indi də xaricilər üçün göstərin?
   
   A.Pənahova: Bəlkə televiziyalardan sifariş edəsiniz. Düz deyirsiniz, əvvələr cəmi bir dövlət televiziyası var idi. Tamaşalar üçün məxsusi günlər ayırmışdılar. Həftədə bir dəfə şənbə günləri göstərilən tamaşalar insanları tamaşalara alışdırırdı, sənətkarlarımızı, əsərlərimizi unutmağa qoymurdu. Bütün proseslər mənəviyyatımıza xidmət edirdi. Tamaşaçılar da teatrlara can atırdı. İndi isə seriallar dəbdədir. Unutmaq olmaz ki, Azərbaycanın çətin dövründə - sovet rejimində teatrlar dilimizi, tariximizi qoruyub. Sanki indii hansısa sehrli əl bizim musiqimizi, dilimizi, tariximizi silmək istəyir. Sovet dövründə isə bu genosidin qarşısını teatr aldı. Deyirlər ki, tamaşaçı qıtlığı var, teatra maraq itib. Bütün bunları özümüz eləmişik. Keçid dövründə məktəblərdə teatrın təbliği yasaq edildi. Məgər uşaqlar teatra gedəndə pozulurlar? Bu nə biabırçı məntiqdir?! Teatr insanda ilk növbədə mənəviyyatı formalaşdırır. Teatr yasağından sonra vəziyyətə baxın. Gənclərimiz stadionlara, diskotekalara, şoulara meyl edir. Bunlar da vacibdir. Xaricdə şou kanalları var ki, orada ancaq şou göstərirlər. Mədəniyyət kanalları var ki, orada məxsusi olaraq mədəniyyətdən danışırlar. Əlbəttə, hərdən televiziyalarda tamaşalar göstərilir. Amma bunun sistemli şəklində olması vacibdir. Tamaşaçı bilməlidir ki, həftənin filan günündə, filan saatında filan tamaşa göstəriləcək. Bir misal deyim. Biz bədbəxt qonşularımızın yanında festivallarda olanda görürdük ki, saat 2-də camaatın arasına çaxnaşma düşüb. Soruşanda ki, nə məsələdi, deyirdilər ki, muğam saatı başladı, indi Azərbaycan muğamına qulaq asacağıq.
   
   C.Musaoğlu: Teatr adamısız. Bizdən daha yaxşı bilərsiz ki, bu prosesin qarşısını kim aldı.
   
   A.Pənahova: Günah teatra qazanc mənbəyi kimi baxanlardadır. Teatrın bir qazancı var: mənəviyyat qazancı.
   
   C.Musaoğlu: Amaliya xanım, Bələdiyyə tetırına bina ala bilmədiz?
   
   A.Pənahova: Bakı Bələdiyyə Teatrı 17 ildir ki, mövcuddur. Yarandığı gündən indiki Şəhriyar adına klubda fəaliyyət göstərib. O saray o vaxt Bakı İcra Hakimiyyətinin nəzdində idi. Sonra onu MTN-ə qaytardılar. Əvvəlcədən də o MTN-nin olub axı...
   
   C.Musaoğlu: Sizin razılığınızı almışdılar?
   
   A.Pənahova: Bizim razılığımızı heç kəs soruşmadı. Niyə də soruşmalı idilər. Bu, dövlətin qərarı idi
   
   C.Musaoğlu: Niyə də soruşmamalı idilər? Axı teatr Sizindir.
   
   A.Pənahova: Yəqin ki, teatra bina veriləcək. Hazırda isə maraqlanan yoxdu. Buna baxmayaraq biz tamaşalar da hazırlayırıq, onları göstəririk də. Amma bu, Amaliyanın şəxsi teatrı deyil axı, dövlətindir. İnanmıram ki, teatr küçədə qala. Çünki son vaxtlar teatrlara diqqət, qayğı artır. Ola bilər ki, kiminsə Amaliyadan xoşu gəlmir, əvəzini teatrdan çıxır.
   
   C.Musaoğlu: Kiminsə Sizdən xoşunun gəlməməsinə rəvac verən hərəkətinizmi olub?
   
   A.Pənahova: Bizim millətə xas olan bir çox xüsusiyyətlər var ki, onlardan ən qabarığı paxıllıqdır. Nəsə iş görmək vacib deyil. İnsanın varlığı, vücudu, görünməyi qarşı tərəfdə paxıllıq hisslərinin coşmasına səbəb ola bilir.
   
   C.Musaoğlu: Elə bir tamaşaçı tapılmaz ki, Sizin oynadığınız rollardan zövq almasın. Zövq etdiyiniz insanlarda paxıllığın olması ziddiyyət deyilmi?
   
   A.Pənahova: Görünür ziddiyyətlərin aktual olduğu dövrdə yaşayırıq. Yenə də deyirəm: bir çox mədəniyyət ocaqlarının təmir olunduğunu, digər bir qisminin isə təmirə bağlandığını görürük. Ola bilsin, bizim teatrı çox cavan, zəif, lazımsız görürlər ki, axıra saxlayırlar. Yəqin sonda bizə də rəhm edərlər.
   
   C.Musaoğlu: Millət vəkili olanda belə soyuq münasibətlə qarşılaşmırdız deyəsən...
   
   A.Pənahova: Bu gün millət vəkilim olduğum vaxtlardan daha çox hörmət görürəm. Hər şey insanın özündən asılıdır. Millət vəkili olanda özümə qarşı daha çox hücumlar hiss elədim, nəinki sonra.
   
   İradə Tuncay: Amaliya xanım, siz 18 yaşından birinci olmusuz. Bu cür zərbələri, paxıllıqları üzərinizdə hiss edə-edə bu zirvədə qalmağı necə bacarmısız?
   
   A.Pənahova: Çox çətin olub. Mənim xasiyyətimdə hikkə üstünlük təşkil edir. Mən zərbələr aldıqca möhkəmlənirəm.
   
   İ.Tuncay: Həyatınızda zərbə çox olub, yoxsa dəstək?
   
   A.Pənahova: Dəstək olmayıb. Təsadüflər, bir də şans bu zirvəyə çıxmağıma təkan olub. Vaxtında "hə", "yox" deməyim həyatımda çox mühüm rol oynayıb.
   
   İ.Tuncay: İlyas Əfəndiyev də Sizə himayədarlıq etməyib?
   
   A.Pənahova: Açıq bəyan edirəm: mənim himayədarım istedadım və şansım olub. Birinci kursda oxuyanda Milli Dram Teatra gəlmək üçün təklif aldım. Amma kurs rəhbərim Adil İsgəndərov etiraz elədi. Yeri gəlmişəkən, Adil İsgəndərova da çox haqsızlıqlar edilib. 30 il rəhbərlik elədiyi Milli Dram Teatrının onun göyə qaldırdığı, inkişaf etdirdiyi sənətkarları Adil müəllimin üzünə dayandılar, o da uzaqlaşdı. Mən onda uşaq idim. 17 yaşım vardı. Belə məsələləri heç dərk eləmirdim. Ümumiyyətlə, intriqa nə idi, bilmirdim. Adil İsgəndərova tarixi şəxsiyyət kimi baxırdım və teatrı da sevirdim.
   
   Bir müddət keçdi, teatra yeni təyin olunmuş novator, görkəmli kinorejissor Tofiq Kazımov mənim dəvət etdi. O, mənim ala gözlərimə görə bunu etmədi. Üçüncü kurs tələbələri "Romeo və Culleta"nı səhnələşdirirdilər. Onda mən birinci kursda oxuyurdum. O da məni Culetta rolunda gördüyünü söylədi.
   
   İ.Tuncay: Həmin dövrdə teatrın tarixində o yaşa uyğun aktrisa yox idi.
   
   A.Pənahova: Heç yox idi. Böyük sənətkarlarımızın yaşı artıq 50-ni haqlamışdı...
   
   C.Musaoğlu: Zaman keçdikcə yeni aktrisalar gəldi axı. Yenə də baş rollar sizə tapşırılırdı. Şansınız gətirdi?
   
   A.Pənahova: Adil İsgəndərov mənim birinci kursdan teatra gəlməyimə yox dedi. Tofiq Kazımov isə dəvət elədi. Adil müəllim məndən incidi. Tofiq Kazımov risk eləyib mənə rol verdi. Bu təzadların içərisində yaşamaq ağır idi. İlk rolumdan alındı, tamaşaçı məni qəbul elədi. Rejissorlar başladılar məni axtarmağa. Bir də ki, rollar mənə o zaman gəlib çatırdı ki, əvvəlki aktrisalar bu rolun öhdəsindən gələ bilmirdilər. Dublyajda da belə idi. Buna baxmayaraq, bir sıra maraqlara görə mənə müraciət olunurdu. Teatrın kassası, tamaşaçı qəbulu buna misaldır. Moskvanın ən görkəmli rejissoru, Teatrlar İttifaqının sədri Çaroyov gəlib bizim tamaşaya baxanda dedi ki, bu qızı verin mənə, onu Moskvaya aparım, məşhur edim. Bizdə belə gənclər yoxdur.
   
   C.Musaoğlu: Demək istəyirsiz ki, teatrı monopolyaya almamışdız..
   
   A.Pənahova: Mən heç vaxt monopolist olmamışam. Ağlıma gəlməzdi ki, həftəyə 9 tamaşa oynayaram. Bununla yanaşı, hamıdan az məvacib alırdım. Bu gün yüzlərlə adama adlar verilir, titullar verilir. On beş tamaşanın on üçündə baş rolda çıxış etmişəm. İşləməyənlər xalq artisti adını aldı, mənə ad vermədilər. Təbii ki, ad üçün çalışmırdım. Teatrda işləyəndən l yarım sonra ilk dəfə Tofiq Kazımov məni çağırdı yanına ki, Amaliya, bəs sən maaş almırsan? Dedim ki, yox. O zaman heç ağlıma da gəlməzdi ki, rol oynadığıma görə vacib almalıyam, qazanc əldə etməliyəm.
   
   İ.Tuncay: O vaxt sizə qarşı qısqanclıq var idimi?
   
   A.Pənahova: - Var idi. Özü də çox.
   
   İ.Tuncay: Yadımdadı, o zaman məktəbdə oxuyurdum. "Oqtay eloğlu"nda Leyla Bədəlbəylinin oynadığı obraz sizə tapşırılmışdı. Leyla xanım bunu qısqanclıqla qarşılamışdı. Siz də onun yaşına çatanda, rolunuzun başqası oynadığını görəndə həmin anlar yadınıza düşdümü?
   
   A.Pənahova: Mənim rollarımı başqasına verəndə heç vaxt etiraz eləməmişəm. Kimə verirlər, versinlər...
   
   İ.Tuncay: Amma deyirdilər ki, Məlahət Abbasovanın "Sən həmişə mənimləsən" tamaşasındakı Nargiləsi Sizdə qıcıq yaradıb.
   
   A.Pənahova: Yalan deyirlər. O, televiziyada çəkilib, mən isə teatrda oynamışam. Özünüz fiikrləşin, necə etiraz edərdim. Mən də o tamaşa baxmışam. O başqa bir Nargilə idi. Hətta o vaxtı mənim Rus Dram Teatrına da dəvət etdilər. "Sən həmişə mənimləsən" tamaşası bu teatrda qoyulmuşdu. O da başqa bir Nargilə idi...
   
   C.Musaoğlu: Sizin Nargilə yaxşı idi, Məlahət xanımın.
   
   A.Pənahova: Təbii ki, hər kəsə öz rolu şirin olacaq. Düşünürəm Məlahət üçün o yaxşı ifa idi. Ancaq sənətini davam etdirmədi. Getdi Türkiyəyə, başqa bir istiqamətdə çalışdı. Bəlkə də qalsaydı, daha yaxşı olardı. Amma sözsüz ki, Məlahət xanımda istedad var idi. Mənim də çətinliklərim çox olub. Tərəf müqavillərim tez qocaldı. O vaxt Həsən Turabov məndən 10 yaş böyük idi. Digərləri də onun kimi. Gənc aktyor tapmaq olduqca müşkül bir işə çevrilmişdi. Bilirsiniz, məni heyfisləndirən nədi? Əfsanəyə çevrilən tamaşaları yenidən səhnələşdirib o səviyyəyə çatdırmamaq. Qısqanc olsaydım, gəncləri teatrımda saxlamazdım. Bu gün istedadlı gənc aktrisalar da, aktyorlar da var.
   
   C.Musaoğlu: Niyə görünmürlər?
   
   A.Pənahova: Hamısı tamaşalarda oynayır.
   
   C.Musaoğlu: Sizin zamanınzdı o qədər ulduzların içində parlaya bildiniz. Amma indii demək olar ki, ulduz yoxdur və bu boşluqda bir nəfər də parlamır.
   
   A.Pənahova: Bir çox dahi sənətkarlarımız, aktrisalarımız var ki, onları unutmamalıyıq, onlara heykəl qoymalıyıq. Bəlkə də evdə oturan elə istedadlı aktrisalarımız var ki, ata-anası, əri onu bu sahəyə gəlməyə icazə vermir. İnstitutu qurtarırlar, sonra davam etdirmirlər. İndiki gənclərdə tələbkarlıq, sənətə sevgi yoxdur. O vaxt məni də oxumağa qoymurdular Hətta atam iki il məni danışdırmadı. İkinci kursda "Sən həmişə mənimləsən" tamaşasının premyerasına baxandan sonra mənimlə barışdı. İnstituta girəndə hətta evdə bilmirdilər. Gərək bu qədər fədakar, sənətini sevən olasan. Mənim fikrimcə, bu sənət bütün sənətlərdən çətindir. Təəssüflər olsun ki, hələ də cəmiyyətdə sənətdə olan kişilərə və qadınlara olan münasibət birmənalı deyi.
   
   C.Musaoğlu: Tamaşaçısı olduğunuz hansısa teatr varmı?
   
    A.Pənahova: Əsasən premyeralara gedirəm. Mənim üçün fərqi yoxdur. Professional, yaxşı sənəti olan hər şeyə baxıram. Yadınızdadırsa, vaxtı ilə bizim aktyorlar İranda, Türkiyədə, Orta Asiyada teatrlar yaradırdılar. 90-cı ildə biz Türkiyəyə demək olar ki, zəif teatrla getmişdik. Bununla belə, bizi əllərində, başlarının üstündə saxladılar. İstanbulda, Türkiyə mədəniyyət mərkəzində tamaşa göstərdik. Küçəni polislər tutmuşdu. Atatürkün heykəlindən meydana qədər insan izdihamı bizi alqışlayırdı. Onlar bununla həm Azərbaycana, həm də sənətə olan sevgilərini göstərirdilər. Amma gəlin bu gün İranla, Türkiyə ilə Azərbaycanı müqayisə edək...
   
   C.Musaoğlu: Kimi günahlandıraq: dramaturqu, rejissoru yoxsa, aktyoru?
   
   A.Pənahova: Komanda olsa daha yaxşı olar. Əsas yük isə aktyorun boynuna düşür. "Təhminə və Zaur", "Gecə döyülən qapılar", "Xurşud Banu Natavan", "Bizim qəribə taleyimiz", "Şeyx Xiyabani" kimi tamaşalardakı rolum hələ də unudulmayıbsa, deməli, çox şey aktyordan asılıdır.
   
   C.Musaoğlu: Neçə çağırış millət vəkili olmusunuz?
   
   A.Pənahova: Bir çağırış.
   
   C.Musaoğlu: Səmi beş il. Doğrudanmı millət vəkili olmağınıza bir zərurət vardı?
   
   A.Pənahova: Birinci çağırışda namizədliyimi irəli sürsəm də yalnız ikinci çağırışda millət vəkili oldum. Amma siyasətlə hələ teatrda aktrisa olarkən məşğul idim. Respublikada baş verən maraqlı hadisələr həmişə məni maraqlandırıb. Hətta Kommunist Partiyasına bu maraq dairəsinə görə daxil oldum. Onda hələ gənc idim. Heç yadımdan çıxmaz, rəhmətlik Tofiq Kazımov məni çağırdı ki, sən dəli olmusan, aktyor nədi, partiya nədi? Siz görünür bəzi proseslərdən uzaq olmusunuz. 1988-ci ildə mən Amerikadaydım. Biz orada beş ştatda qonaq olduq. O tədbirlərdə biz Qarabağ məsələsini qaldırmışdıq. Respublikadan 15 nəfər təmsil olunurduq. Mən hətta Luiziananın fəxri vətəndaşıyam. Oranın qubernatoru hətta mənə diplom da verdi. Bundan başqa qanlı yanvar törədiləndə "Amerikanın səsi", "Azadlıq" radiosu vasitəsi ilə çıxış elədim. 1994-cü ildə Pekində Dünya Qadınlarının Forumunda iştirak eldim. Orada Hillari Klinton da işitrak edirdi. Bizim kişilər Pekində qaldı. Mən isə leysan yağışın altında getdim Titrov şəhərinə. Özüm pul verdim, plakat düzəltdirdim. İngilis dilində bilmirdim. Bütün bunlara baxmayaraq, mən ermənilərin torpaqlarımızı zəbt etməsinə, qız-gəlinlərimizi, uşaqlarımızı əsir götürmələrinə etiraz olaraq piket təşkil etdim. Hətta buna görə mənə söz də gəldi. Mənə millət vəkili olmaq önəmli deyil. Teatr açılandan cəbhə bölgələrindəyik. O vaxt maaşımızdan kəsib əsgərlərə yardım edirdik. Hətta biz Füzuli bölgəsində Sarıcalı qopsitalında əsgərlərə qan verirdik. Ancaq söz demək üçün səlahiyyət lazım idi. Seçkiyə getdim. Birinci dəfə alınmadı, İkinci dəfə seçildim. Üçüncü-dördüncü dəfə dəfə isə seçilmədim...
   
   C.Musaoğlu: Seçici fəaliyyətinizi bəyənməyib?
   
   A.Pənahova: Bunu seçicidən soruşmaq lazımdır. Təkcə onu bilirəm ki, beş kiminsə yerini tutmamışam. Öz yerimdə oturmuşam. Millət vəkili olanda sosial siyasət daimi komissiyasının üzvü idim. MDB parlamentlərarası mədəniyyət, informasiya, turizm, idman komissiyasının üzvü, sədr müavini, sədr əvzi, sədri oldum. İtaliya -Azərbaycan parlamentlərarası işçi qrupunun sədri oldum. Mən parlamentdə teatr qanunu üzərində işə başladım, qanun tamamlandı. Əlbəttə ki, bu işlərdə prezident bizə dəstək oldu. Mədəniyyət işçilərinə evlər verildi, maaşları artırıldı ki, bu məsələləri çoxdan yuxarılarda qaldırmışdım.
   
   C.Musaoğlu: 2010-cu ildə namizədliyinizi irəli sürəcəksizmi?
   
   A.Pənahova: Bilmirəm.
   
   C.Musaoğlu: Yox da demirsiz.
   
   A.Pənahova: Millət vəkili oldum, ya olmadım, sözümü deyirəm. Mən heç zaman özümü fiikrləşməmişəm. Heç vaxt kimdənsə pul alıb iş düzəltməmişəm. Həmişə sevgi, hörmət görmüşəm. Burda da, rayonlarda da, xaricdə qastrollarda da...
   
   C.Musaoğlu: Regissorluq edirsiz. Bu istək hardan doğdu?
   
   A.Pənahova: 1980-cı ildə ilk tamaşamı hazırladım. Gördüm ki, televiziya tamaşaları az çəkilir. Bələdiyyə Teatrında da ondan artıq tamaşaya quruluşlar verimşəm...
   
   İ.Tuncay: Aktrisa Amaliya Pənahova rejissor Amaliya Pənahovadan razıdırmı?
   
   A.Pənahova: Bunu tamaşaçı deyə bilər. Məncə aktyor kimi daha üstünəm. Az-az oynayıram, gənclərə daha çox üstünlük verirəm. Bütün bildiklərimi gənclərə aşılamaq üçün çalışıram.
   
   C.Musaoğlu: Gözünüz qaldığı hansısa rol olub?
   
   A.Pənahova: Hansısa rol üçün tamarzı qalmamışam. Faciə, dram, komediya, lirik-dram - hər cür rollarda oynamışam. Hamısı da yüksək səviyyədə tamaşaçıların zövqünü oxşayıb. Mənim 40 yaşım yox idi Mehri ana rolunu oynadım. Nəbi Xəzrinin "Gecə döyülən qapılar" əsərindəki bu rol beş övladını itirmiş ananın faciəsindən bəhs edir. "Nişanlı qız", "Qərib cinlər diyarında" komediya rolları oynamışam. Buna baxmyaraq, indi də filmlərdən imtina etmərəm.
   
   İ.Tuncay: Televiziyalar mənəviyyatımızı tapdamaqla məşğuldur. Evlərimizə icazəsiz, filansız daxil olan televiziyalardakı bayağılığı sıradan çıxarmağa gücümüz çatacaqmı?
   
   A.Pənahova: Ümid etməsək, gərək siz də, biz də fəaliyyətimizi dayandıraq. Gəncliyimizin ruhu, kökü sağlamdır. Əyləncələrlə yanaşı, mənəviyyatımızı da formalaşdırmalıyıq. Əgər valideyn 5-6 yaşından uşağını teatra gətirmirsə, bunun axırı əlbəttə ki, elə də yaxşı nəticə verə bilməz. Yalnız teatr yox, bütün sahələrdə gəncliyimiz, uşaqlarımız savadlı olmalıdır. Uşaqlar məktəbdə Cabbarlını, Əfəndiyevi, Məmmədquluzadəni, Vurğunu keçir. Əlbəttə ki. onlar teatrlara, tamaşalara baxsalar, bu onların savadını daha da zənginləşdirər.
   
   İ.Tuncay: Amaliya xanım, bir çox həmkarlarınızdan fəprqli olaraqteleviziyalarda çıxışlarınıza baxanda adama çox savadlı qadın təsiri bağışalayırsız. Mütaliəniz çoxdur yəqin.
   
   A.Pənahova: Mən rollarımı oynadıqca, qavradıqca daha da kamilləşirdim. Əlbəttə ki, mütaliə əvəzsiz rola malikdir. Ailəmizdə də belə bir mühit formalaşıb. Ölkəmizdə baş verən proseslər hər gün bizim evimizdə müzakirə olunurdu. Mən övladlarımla fəxr edirəm. Həm qızım, həm də oğlum vətənə layiqli insanlardı. İndi isə nəvələrimə vətənə sevgini aşılayırıq, onları dövlətimizə gərəkli insan kimi böyütməyə çalışırıq...
   
   İ.Tuncay: Sizdə aktrisa kimi fərqli cəhətlər çoxdur. Bir fərqli cəhətiniz də olub ki, teatrda birinci dəfə oxuyan aktrisa Siz olmusuz.
   
   A.Pənahova: Mənim səhnə ifalarımdan ibarət on yeddi mahnım var. Aktyor gərək mahnı oxumağı, rəqs etməyi bacarsın. Bütün bunlar professionallığın ən vacib ünsürləridir. Sara Bernarın indi 65 yaşı var. 13 yaşında o, Janna Darkı oynayıb. Əlbəttə ki, 20 yaşında 60 yaşında olan qocanı oynaya bilməyəcəmsə, buna heç aktyorluq da demərəm. Aktyor gərək gözbağlayıcı olsun. 5-ci sinifdən 10-cu sinfə qədər "Bənövşə" uşaq xorunda çıxış etmişəm. Ümumiyyətlə, mənim ilk çıxışlarım uşaqlıq illərinə təsadüf edir. Mən bir şeyə çox sevinirəm. Əgər bu gün gənc nəsil Amaliya Pənahovanı çox sevirsə, ona hörmət edirsə, deməli, həyatı səhnəyə həsr eləməyə dəyərmiş.
   
   C.Musaoğlu: Siz danışırsız, mən həm də səsinizə qulaq asıram. Fenomen səs sahibisiz.
   
   A.Pənahova: Mən sizə tamaşalarımdakı mahnılarımdan ibarət diskimi bağışlayaram həmişə qulaq asarsız.
   
   C.Musaoğlu: Mən Sizin səsinizi daim yanımda gəzdirəcəyimə söz verirəm.
   
   A.Pənahova: Bu sözləri eşitmək böyük xoşbəxtlikdir.
   
    Hazırladı:
   
   Vüsal MƏMMƏDLİ
   
   

TƏQVİM / ARXİV