adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

QULAQARDI

OQTAY SALAMOV
22638 | 2009-04-25 00:12
Vallah, bizim millətin elə sözləri, elə ifadələri, bulmacaları var ki, elə bil xüsusi adamlar oturub bu sözləri icad eləyiblər, üstündə işləyiblər və bir dünyalıq sözü, fikri bircə kəlmə ilə, konkret cümlə ilə ifadə eləyiblər. İşin pis olduğunu, nəticəsinin də yaxşı olmayacağını, adamın yalançı, etibarsız, iş bacarmayan, yarıtmaz, olduğu kimi görsənməyən, hərdəmxəyal, avara... olduğunu onun kefinə dəymədən, amma fikrini də gizlətmədən bircə qısa cümlə ilə deyir bu millət: "Közüm su içmir". Heç kim soruşmur ki, göz də su içərmi? Elə misal kimi gətirdiyim "hərdəmxəyal"ın özü də yarım səhifəlik xarakteristikanı bir sözlə ifadə eləyə bilir. Belə sözlərdən biri də qulaqardıdı. İlk baxışda mənasız, məntiqsiz səslənir. Amma deyilənə, fikrə etinasız yanaşmaq, özünü eşitməzliyə vurmaq, sərf eləməyənlə razılaşmamaq, vecinə almamaq və daha bir çox məqamları sadəcə bir sözlə deyirik: qulaqardına vurmaq.
   
   Bizim qəzetin ilk səhifəsində vaxtaşırı replikalar olur. Aqil Abbasın icadıdı, yeri gələndə biz də istifadə edirik. Bəlkə də qəzetin içərisində olan konkret ünvanlı yazıları qulaqardına vuranlar ola bilər, amma birinci səhifədəki 4-5 cümləlik bu replikalar çox vaxt birbaşa hədəfə dəyir. Həftə sonu birinci səhifədə replikalar üçün yer az olur, bəzən də heç olmur. Ona görə də bugünkü replikaları bir səhifəyə yığmalı oldum. İnanıram ki, qulaqardına vurulmayacaq.
   
   
   
   AND İÇMƏK HÜQUQU
   
   
   
   Keçmiş məhbus Mirzə Sakitlə hələ indi də hüquq müdafiəçisi olan Çingiz Qənizadə arasında "razborka" artıq "tet-a-tet", qəzet səhifəsində keçirilir. "Yeni Müsavat"da dərc olunan reportajın birinci hissəsində Çingiz Qənizadə özünün haqlı olduğunu "bərəkətə and olsun", "Qurana and içirəm" kimi andlarla sübut eləmək istəyir. Mirzə Sakit də əks arqumentlərinin düzlüyünü vicdanına and içməklə bildirir. Sonra daha yuxarılara çıxır, Allaha and içir.
   
   Çingiz Qənizadə fəaliyyətdə olan hüquq müdafiəçisi kimi, Mirzə Sakit də, ən azından keçmiş məhbus kimi and içmək hüquqlarının olduğunu gözəl bilirlər və bu hüquqdan istifadə edirlər. "Tet-a-tet" söhbətin ikinci hissəsi çap olunanda sübut üçün digər andları da diqqətdə saxlayacağıq. Canım üçün düz deyirəm!
   
   
   
   "LI"SI VARSA,
   
   MÜSƏLMAN OLAR
   
   
   
   Dünənki qəzetlərin bir çoxunda erməni əsilli bir Azərbaycan vətəndaşının "Xural" qəzetini məhkəməyə verdiyi haqda yazılıb. İşin məğzi belədi ki, "Xural" qəzeti bir neçə aydır Bakıda yaşayan ermənilərin gizli əməliyyatlarını ifşa eləmək istiqamətində araşdırmalara başlayıb. Araşdırmaların biri də İrana Danielyan ilə bağlı olub. Qəzet iddia eləyir ki, xanım erməni olmasına baxmayaraq, 1990-cı ildə saxta sənədlərlə, saxta yolla milliyyətini və adını dəyişdirib. Danielyan da qəzeti məhkəməyə verib.
   
   Bu xəbərdə maraqlı məqam odur ki, bəzi qəzetlər, məsələn, "Şərq" xəbərə bir növ açıqlama gətirir. Yazır ki, "Danielyanlı isə öz növbəsində...", daha sonra bir yerdə də xanımın soyadının Danielyanlı olduğunu göstərir. Deyəsən, məhkəməni İrana xanım udacaq axı. Əgər soyadının sonunda "lı" varsa, deməli, kişinin qızı azərbaycanlıdı. Özü də deyəsən, kasıb azərbaycanlıdı, varlı olsaydı soyadını "Danielyanbəyli" yazdırardı...
   
   MİLLƏT, MÜƏLLİM DƏ ŞƏXSİYYƏTDİR
   
   
   
   İki gündü yenə danışmağa söz axtaranların əlinə fürsət düşüb. Əvvəl xəbər yayıldı ki, paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsindəki saylı orta məktəbin müəlliməsi Elnarə Məmmədova 5-ci sinif şagirdi Namiq Məmmədovu döyüb və şagirdin valideynləri polisə şikayət ediblər. Sonra Bakı Baş Təhsil İdarəsinin (maraqsız ifadədir, Ayaq Təhsil İdarəsi də var? Baş Yanğından Mühafizə İdarəsi. Təhsil Baş İdarəsi, Yanğından Mühafizə Baş İdarəsi adlandırmaq daha düzgün olardı, amma dəfələrlə deməyimizə, yazmağımıza rəğmən baxan yoxdur və deyəsən, olmayacaq da) mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı bildirdi ki, döyülmə faktı olmayıb, şagirdin uzun saçları olub, sinif rəhbəri olan Elnarə Məmmədova dəfələrlə ona saçını düzəltməyi, məktəbliyə oxşamağı tapşırıb. Şagird bu iradlara məhəl qoymayıb və səbr kasası daşmış müəllimə onun saçlarını özü kəsib.
   
   Zəminə xanım deyir ki, bu çox ürəkağrıdıcı faktdır. Təəssüf edirlər ki, bəzi müəllimlər köhnə metodlarla fəaliyyət göstərirlər. Şagirdin valideynləri uşağın şəxsiyyətinin alçaldılması ilə bağlı polisə müraciət edib. Zəminə Əliqızı: "Şagirdin saçının uzun olması sinif rəhbərinə səlahiyyət vermir ki, uşağın saçını kəssin. ...Bu, şagirdin şəxsiyyətinə toxunmaq deməkdir". Sitatı sona qədər yazmadım, orada deyilir ki, müəllim şagirdin valideyninə müraciət eləməlidi, onlar da tədbir görməlidi və sair.
   
   Başa düşürəm, Zəminə xanımın vəzifə borcudu, baş vermiş insidentlə bağlı təəssüfləndiyini də bildirməlidi, müəllimə qarşı tədbir görüləcəyini də vəd etməlidi, demokratiyanın tələblərinə uyğun olaraq şagird şəxsiyyətinə verilən qiymətdən də danışmalıdı. Bəs onda...
   
   Əzizlərim, niyə unudursunuz ki, müəllim də şəxsiyyətdir və demokratiyaya görə onun da şəxsiyyətinə toxunmaq olmaz. Şagirdin, onun valideyninin nə ixtiyarı var ki, hamı üçün məcburi olan məktəb qanunlarına, qaydalarına əməl etməsin? Təsəvvür edirsinizmi, vəziyyət hansı həddə çatıb, müəllimə neçə dəfə şagirdə iradını bildirib, ona saçını düzəltdirməyi tapşırıb. Şagird də onun sözlərini qulaqardına vurub, müəlliməni uşaqların yanında, indi dəbdə olan, yerli-yersiz işlədilən ifadə ilə desək, sındırıb. Bəs Təhsil Nazirliyinin sözçüsü müəllimənin şəxsiyyətinə toxunulduğunu niyə demir? Qorxur ki, ictimaiyyət düz başa düşməz? Düşmür, heç düşməsin, nəhayət elə həmin ictimaiyyətə başa salmaq lazımdır ki, müəllimə şəxsiyyətinə toxunulduğu üçün, şəxsiyyəti aşağılandığı üçün dəllək işini görməyə məcbur olub. O şagirdin valideynlərindən fərqli olaraq, müəllimə şagirdin saçını düzəltdirmədiyi üçün polisə şikayət eləsəydi, bizim "demokratik" cəmiyyət yenə müəlliməni qınayacaqdı.
   
   Deyəsən, sonuncu replika replikalıqdan çıxdı, əlavə yazıya çevrildi axı. Amma inanın ki, mənim əsəblərim də sərhədindən çıxıb. Elnarə müəllimə, çox düz eləmisiniz, məsləhət görərdim ki, siz də qarşılıqlı olaraq həmin şagirdin valideynlərini məhkəməyə verin. Belələri ilə onların öz metodları ilə mübarizə aparmaq lazımdır. İndi həmin şagird, onun valideynləri qoltuğu qarpızlı gəzəcəklər ki gördünüz müəlliməni necə cəzalandırdıq. O biri şagirdlər də bunlardan "ibrət" götürəcəklər. Zəminə xanımın sizin haqqınızda dediyi " baxmayaraq ki, şagirdin sinif rəhbəri cavan müəllimədir, fəaliyyətində köhnə metoddan istifadə edib" sözlərini də qulaqardına vurun. Rəhbərdilər, belə deməlidilər. Onlar o qədər sözləri qulaqardına vurublar ki...
   
   

TƏQVİM / ARXİV