adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

WEEKEND

OQTAY SALAMOV
27763 | 2009-05-18 23:40
İngilis dilində olan bu sözün tərcüməsinin "həftə sonu" olduğunu hətta mən də bilirəm. Və onu da bilirəm ki, dünyanın əksər yerlərində həm televiziyalarda, həm də qəzetlərdə həftə sonunda bir az şux, oynaq, qan qaraltmayan verilişlər verilir, yazılar yazılır. Çünki qarşıda iki gün istirahət gözlənilir və KİV-in öhdəsinə düşən məsələlərdən biri də adamların istirahətinə xidmət etməkdir. Mən də, ayıb olmasın, özümü KİV nümayəndəsi sayıb istədim ki, sizin istirahətinizə yardımçı olum. Başladım həftə ərzində olan xəbərləri vərəvurd eləməyə. Həftə sonuna, yəni sizin istirahətinizə çıxarılmalı xəbər seçməkdə yaman çətinə düşdüm. Bəzilərini sadalayım, siz də baxın, çox haqsız danışmıram ki?..
   
   Düzünü deyim ki, bizim ancaq qadın deputatların Türkiyəyə səfər etməsi, heç də hamısı dost olmayanların qabağında kövrəlmələri məni qətiyyən açmadı. Amma türk mətbuatının yazdığı, bizimkilərin də onlara züy tutaraq "Azərbaycanlı qadın deputatlar AKP hökumətinin siyasətindən Atatürkün məzarına şikayət etdi" demələri lap cızdağımı çıxardı. O Qarabağ torpağı hədiyyə etməyi də bir az populizm kimi qəbul elədim. Amma şikayət məsələsi ilə heç cür barışmıram. Nə demələrindən, nə yazmalarından asılı olmayaraq lap kimin olursa-olsun məzarına şikayət eləməyi absurd sayıram. Başa düşürəm ki, bu, sözü deməyin bir yoludur, üsuludur, amma qəbul edə bilmirəm. Heç qadın deputatları qınamağın da yeri yoxdur, Azərbaycandan Leninin ölüsünə şikayət eləyənlər çox olub. Elə jurnalist heyətinin Sabirin qəbrinə şikayət eləmələri də faktdır. Ola bilər ki, mənimlə razılaşmayasınız, amma mən məzarın siyasiləşdirilməsini, kiminsə ruhuna şikayətlənməyi düzgün saymıram. Nə deyirsiniz, həftə sonu belə xəbərlə istirahət eləməliydiniz?..
   
   Xəbərlərdən birində deyilir ki, ermənilər naqil çəkilməsi, kondisioner quraşdırılması, kanalizasiya təmiri adı ilə 120 min ABŞ sakinini aldadıb, onlardan əlavə pul qoparıb. Bizim bəzi qəzetlər az qala bunu manşetə çıxarmaq istəyirdilər. Balam, ermənilər dünyanı aldadır, yalançı soyqırımı dünyaya tanıdır, çox yerlərdə qəbul elətdirir, Xocalı qurbanlarının şəkillərini azərbaycanlıların öldürdükləri ermənilər adı ilə dünyaya yayır, torpaqlarımızı işğal eləyə-eləyə bizi işğalçı adlandırır, indi 120 min amerikalını aldatmaq nə böyük iş oldu ki?.. İstirahəti belə xəbərlə necə eləyəsiniz?..
   
   Ümidimizi bağlamışıq nöyütə, o da hər həftə ucuzlaşır. Belə xəbərlə istirahət eləmək olar?
   
   Rusiyanın bir neçə şəhərində "milqamma" dərmanından istifadə edərək ölənlər haqda məhkəmə prosesləri başlanıb. Bizim apteklərdə bu ölüm gətirən dərmanı reseptsiz satırlar. Nə bir məlumat, nə bir xəbərdarlıq var. Qəzetlər yazır ki, Nizami rayonunda bir aptekdə həmin dərmanın 5 ampulası 7 manat 80 qəpiyə açıq satışdadır. Amma "İbn Sina" ölümü bir az baha satır, 9 manata. Daha ucuz ölüm axtarırsınızsa başqa apteklərdən soruşun. Bu da sənə başqa bir "həftə sonu"...
   
   O gün Göygöl rayonunun Hacıkənd kəndində qəribə bir olay olub. Kənddə yaşayan məcburi köçkünlər kənddən keçən avtomobil yolunu bağlayıblar. Yox, indi yol bağlamaq qəribə və nadir iş sayılmır. Qəribə olanı aksiyanın keçirilməsinin səbəbidir. Köçkünlərin evlərinə işıq sayğacları quraşdırırlarmış, camaat da buna etiraz eləyib. Deyir sayğac quraşdıracaqsınız, sonra qaçqından da işıqpulu alacaqsınız. Mən biləni, burada məsələ heç də deyilən kimi döyül. Deyəsən, aksiyanı işıq idarəsinin öz adamları təşkil eləyib axı. Sayğac olmayanda istədikləri miqdarı yükləyirdilər Qaçqınkomun boynuna ki, sizinkilər normadan çox yandırırlar. Nə isə, rəsmilər rəsmi şəkildə deyəndən sonra ki, qorxmayın, sizdən pul alınmayacaq - köçkünlər yolu açıb. Mən bildim nə haqda düşündünüz, deyirsiniz yerli hacıkəndlilər də yolu bağlasalar onların da işığı pulsuz olar? Ağ eləməyin, onda Azərbaycanda açıq yol qalmaz ki...
   
   ATƏT-in amerikalı həmsədri Metyu Brayza vaxtaşırı olaraq bizim həftə, ay, il sonu üçün istirahətimizə töhfələr verir. Az qala bizdən muştuluq istəyir ki, ay bu aylarda, ay bu günlərdə, ay lap bu yaxında Qarabağ məsələsi həll olunacaq, özü də ədalətli həll olunacaq. Yəni torpaqlarımız qayıdacaq, oranın erməniləri ərazi iddiası eləməyəcəklər, daha nələr. Deyəsən, yalançının evi həqiqətən yananda da inanan olmayacaq, daha öyrəşmişik yalana inanıb sevinməyə taqətimiz də qalmayıb. Amma Metyu müəllim, deyəsən, aldığı qonorarlardan, qonaqlıqlardan, ziyafətlərdən, dividentlərdən çox ruhlanır və yenə bizi aldatmağa özündə taqət tapır, bu dəfə də deyir ki, mayda, uzaqbaşı iyunda Qarabağ məsələsində sıçrayış olacaq. Özü də deyir ki, "bu danışıqların təbiəti elədir ki, sıçrayışlar həqiqətin sıçrayış formasında olur". Daha bu boyda sözə də inanmayasan? Amma müəllim balaca bir diplomat bicliyi eləyib, bu sıçramanın hansı ilin mayında, uzaqbaşı iyununda olacağını deməyib. Özünüz bilin, istirahətinizə kömək eləyirsə, xəbəri "üweekend"in aktivinə yazın.
   
   İqtisadçı Əli Əlirzayev deyir ki, sahibkarlara güzəştli kredit verməyən banklar izahat yazmalı olacaq. Özü də deyir, belə halda bankların vəzifələri və öhdəlikləri daha da dəqiqləşir. Yadıma dərsə, işə gecikəndə, gəlməyəndə yazdırılan izahatlar düşür. Bankdı, deyəcək ki, bu sahibkarın krediti vaxtında qaytara biləcəyinə inanmıram. Ondan sonra gəl sahibkara izahat yazdır ki, bank sənə niyə inanmır. Kağız sənayemiz sıçrayışla inkişaf eləyəcək. Kağız çox olarsa, ocaqda yandırmağa material da çox olar - isti və rahət. Əsl "weekend"lik xəbərdi..
   
   Axır ki, şad bir xəbər tapdım. Milli Məclisin Sosial siyasət daimi komissiyyyasının sədri Hadı Rəcəbli deyib ki, bu il sosial məqsədlər üçün nəzərdə tutulan vəsaitlərin artırılmasından söhbət belə gedə bilməz. Amma gələn ildən analıq məzuniyyətlərinin ödənilən hissələrinin bir qədər artırılması Məclisin gündəliyində var. Belə çıxır ki, indi Azərbaycanda doğulan uşaqlara verilən müavinət 50 manatdırsa, bir qədər artırılanda 51, hətta 52 manat da ola bilər. Pisi odur ki, bu xəbəri oxuyanda bir az açıq-saçıq danışan qadınlardan biri dedi ki, 1-2 manata görə özümüzü niyə cırırıq? Naşükürdü, mən ona "dama-dama göl olar" məsəlini xatırlatdım, o da davamını dedi - "dada-dada heç olar". Nə bilim, vallah, bizim qadınları da istədikləri kimi razı salmaq müşkül məsələdi...
   
   Əsl "üüüweekend"lik xəbər bizim partiyalardan gəldi. Siz öz canınız, soruşmayın ki, iqtidar partiyalarından, yoxsa müxalifət partiyalarından. İnanın ki, cavab verə bilməyəcəm, indi kimin kim olduğunu heç sual verilənlərin özü də etiraf eləmir, mən haradan bilim kim iqtidardı, kim qeyri-iqtidar. Əsas odur ki, partiyalar birbaşa şou-biznesçilərin yolunu və şakərlərini tutublar. Söhbət ADP sədri Sərdar Cəlaloğlu haqda Azadlıq Partiyasının sədri Əhməd Orucun (partiyalarının adlarını düz deyə bilməmişəmsə sabahkı nömrədə üzrxahlığı gözləməsinlər, elə bu başdan üzr istəyirəm - O.S.) dedikləri haqda o biri cəbhənin fikirləri haqda gedir. Çox qarışıq olan bu söhbətdə diqqətimi cəlb eləyən ifadə bu oldu: "Əhməd Oruc "manısların taktikası"ndan istifadə edir. Yəni qalmaqal yaratmaqla gündəmdə qalmaq taktikası. Mən deyə bilmərəm ki, "manıs"lar bunu özlərinə təhqir sayacaqlar, yoxsa tərif, amma qalmaqal yaman qalmaqallı məsələdi. Əgər partiyalar da bu taktikadan istifadə edirlərsə, daha bizə "weekend" lazım olmayacaq. Gərək həftənin 8 gününü nəfəs dərmədən gecə-gündüz işləyək ki, taktikamız "manıs taktikası" olmasın. Söz oyununa getməyin, gecə-gündüz sözünə məna verməyin, gündüz-gündüz də oxuya bilərsiniz. İyi istirahətlər...
   
   

TƏQVİM / ARXİV