adalet.az header logo
  • Bakı 19°C

Nə isə... hələlik...

6080 | 2015-01-31 10:43
Gövhərdən hər nə düzəldirsən, düzəlt, gövhərdən qiymətli olacaq. Böyük fikirlər də belədir. Onların istifadəsi zamanı şedevr əsərlər alınır. Lakin elə əsərlər, poeziya nümunələri var ki, material gövhər deyil. Ədəbi-bədii nümunələr sadə xalq sözləri ilə şahlıq edirlər:

"Yer Göyə bənd, bəs Göy nəyə?
Ölləm göynəyə-göynəyə.
İki dünya bir köynəyə
Dar gələsi, ay Gilənar,
Nar dənəsi, ay gilənar"...

Misraların müəllifi Azərbaycan realist poeziyasının görkəmli nümayəndələrindən sayılan Ramiz Qusarçaylıdır. Onun çoxşaxəli yaradıcılığının motivini vətəndaş poeziyası təşkil eləyir. Ramiz Qusarçaylının şeir vəzni, mənim ən çətin hesab etdiyim hecadır.
"İki dünya bir köynəyə, dar gələsi" və "Məndə sığar iki cahan", zənnimcə, eyni mənbədən qaynaqlanan iki misradır. Lakin oxucuda yaratdığı əhvali-ruhiyyə baxımından biri digərindən çox fərqlənir. Birinci misrada şair pıçıldayır, sızıldayır, yalvarır... hissləri ilə dodaq-dodağadır. İkinci misrada İ. Nəsimi tələb eləyir, "məni eşit və tanı" - deyə qulaqları qırmancla döyəcləyir. Eyni fikrin, eyni sözün iki müxtəlif yaradıcısı və iki bənzərsiz şeir... Böyük şair olmağın sirri ondadır ki, min illər boyu deyilmiş sözləri heç deyilməmiş kimi yeni nəfəslə söyləməyi bacarasan.
Kiçik bir haşiyəyə çıxmaq istəyirəm. 1996-cı illn yazıydı. Qonşi İran ölkəsinə getmişdim. Şair olduğum üçün, ya elə özümüzdə görmədiyimdən, diqqətimi daha çox xalça dükanları cəlb edirdi. Hansı xalçaya yaxınlaşıb qiymətini soruşmaq istəyirdimsə, yoldaşımın üzündə xəfif bir təbəssüm peyda olurdu. Təbəssümünə səbəb isə, sən demə, xoşladığım əfsanəvi xalçaların əfsanəvi qiymətlərini bildiyi üçün imiş. Məsələn, on min dollar, üç min dollar, yeddi min dollar... baş mühasib və 1996-cı il. Orda olduğum müddət xalça sənəti ilə yaxından maraqlanmağa başladım. Tanışlıq zamanı onu da öyrəndim ki, "rizbaft" xalçalar daha qiymətlidir. Fars dilində riz-xırda, baft baftən-toxumaq sözünün köküdür. Deməli, nə qədər baft riz olursa, qiymət o qədər yüksəlir.
Bu günlərdə Ramiz Qusarçaylının şeirlərini oxuyurdum ki, xalça məsələsi yadıma düşdü. Mənə elə gəldi ki, Qusarçaylı şeirlərinin gözəlliyi, bənzərsizliyi, özünəməxsusluğu, axıcılığı məhz "rizbaft" olmağındadır.
Yəhudi əsilli alman şairi H. Heyne Fransaya köçmək məcburiyyətindən sonra, hətta onun Almaniyaya gəlməyinə qadağa qoyulmuşdu, vətəni üçün çox darıxırmış:

"Məni alman dilində öpərdilər
və almanca
(Adamın heç inanmağı gəlmir,
bu necə də gözəl səslənirdi...)
deyərdilər: - Mən səni sevirəm!
Bu bir yuxu idi".

Bəs Ramiz Qusarçaylı nə deyir?

"Davam nə can davasıdı,
Nə də yorğan davasıdı,
Azərbaycan davasıdı, -
Ayrı dava mənlik deyil".

Heyne qürbətdə, Ramiz Qusarçaylı Vətəndə eyni ağrıları yaşayır. O da çiyinlərində Heyne kimi "dünyanın çətinliklərini" daşıyır. Onun da vətəndaş poeziyası romantikadan uzaqdır; Pessimizmi təbliğ etmir, əksinə, fəal müşahidə qabiliyyəti ilə ədalət uğrunda mübarizə aparır.
Dünyanın qarışıq oyunları şairin ruhunu incidir. O, eşitdiyini, gördüyünü doğru hesab edəcək qədər passiv seyrçi deyil, dərk etdiyinə inanır. Düşüncələrini şeirləri ilə, şeirlərini xalqı ilə paylaşır. Kiçik-kiçik bəhanələrin böyük-böyük fəsadlarını xüsusi ustalıqla işıqlandırır:

"Dünya, bu eşq də səngidi,
Nə mən uşaq, nə sən gidi,
Bu cəng müsəlman cəngidir,
Tutub qolumdan aparır".

Göylərin müqəddəsliyindən, bilavasitə, söz açmır Qusarçaylı, amma "Daha Göydən boşanır Yer" deməklə, dolayısı ilə həmin müqəddəsliyi təsdiqləmiş olur. Yəni Yer üzü o qədər kirlənib ki, daha Göylə bağlılığı şübhə doğurur.
Bir dəfə söhbət əsnasında şərqşünas-alim, şair-qəzəlxan Şahin Fazil mənə məsləhət gördü ki, Ramiz Qusarçaylının "Atamın xatirəsinə" şeirini oxuyum. Onu da əlavə etdi ki, çoxları anaya şeir həsr edib, amma ata haqqında tək-tük yazan var. Bu mövzuda ən gözəl şeir nümunəsi isə Qusarçaylıya məxsusdur. Şeiri tapıb oxudum. Bəlkə də, buna şeir demək düzgün olmaz. Çünki "Gözündən ölməyə başladı atam" - deyən şair bənd-bənd ölümün rəsmini çəkir. Mən indi "o bəndlərdən hansını fikrimi izah etmək üçün misal gətirim?" - deyə düşündüyümdə çətinlik çəkirəm. Bəndləri bir-birindən qoparmağa əlim gəlmir. "Şahı", "nökəri" yoxdur, şeiriyyət naxışlarıdır, soyuq ölümün isti baxışlarıdır ki, izləyəni yandırır:

"Ölməyə heç nəyi yox idi o gün,
Nəfəsi yox idi, dili yox idi.
"Gözləri ölümə sığmadığından,
Ölümdən sonra da yumulmamışdı".

Ramiz Qusarçaylının mövzu dairəsi şeirlərinin sayı qədərdir. Hisslərinə o qədər yaxınlaşır ki, oxucunu ağladır. "Tənhalığının büstü üşüyən" şair haqlı olaraq diqqət azlığından, qədri bilinməzlikdən söz açsa da, şeirlərində nikbin əhval-ruhiyyəni qoruyub saxlayır:

"Yon, daşa son sətrimi,
Qoy, daş bilsin qədrimi.
Gül açacaq qəbrimin
Üstü, qarlar yağacaq"...

Şair, Allah gecindən versin, qəbrinin üstünün gül açacağına əmindir. O, bilir ki, çox əsrlər gəlib ötəcək, dünyanın mövcud mənzərəsi dəyişəcək, amma şeirləri ölməyəcək. Az şair, az yazar tapılar ki, ölümündən sonra da yaşayacağını əzbərdən bilsin.
Qəribəsi budur ki, Ramiz Qusarçaylı lirik şeirlərində belə xalqın şairi olduğunu unutmur. "Qar" şeirini oxuyuram... Gözümün önündə isti, yumşaq, ürəyəyatan qar havası canlanır. Amma bu hava mənim əhvalımı nə qədər yüksəldirsə, o qədər də məyus edir. Niyə? Niyəsini başa düşmək üçün şeirin özünü oxumaq lazımdır:

"Zirvədən asılıb soyuyur bulud,
Unut, soyuqluğu, buludum, unut!
Bir evdə od yanır, bir evdə sükut,
Bir baca tüstüdü, bir baca qardı"...

Ramiz Qusarçaylının ağrıyan yeri çoxdur - hər yeri ağrıyır onun. Zəhmətsiz şöhrət sahibləri, xalq malının zəliləri, yalançı səmimiyyət, tələb alverçiləri şairin "Arı" şeirində arı-insan kontekstində poetik boyalarla necə də düzgün ifadə olunur:

"Qamarlayıb son şanı da,
Qıymadın boz yovşanı da,
Bezdirmisən kövşəni də
Sən arıya nə verdin ki"...

Ramiz Qusarçaylı əyalət şairidir. O, zəngin infrastrukturu olan Quba şəhərində yaşayır. Dağ, meşə, çay, yayla, düzəngah, gül, ağac, arı və s. kimi ifadələr şairin şeirlərində adicə termin kimi yox, canlı rəsm kimi təsvir olunurlar.
Şairlik aşiqlikdir. Məlumdur ki, şeir ağılla yazılmır. Son dövrlərin rasional və məntiqi düşüncə tərzi, deyirlər ki, şeiriyyəti öldürüb. Lakin idrakın ağıldan üstün bütün pillələrində yazılan şeir poetik numünəyə çevrilir. İstər bu, istərsə də qədim dövrlər olsun.
Aşiqlik nədir? Aşiqlik bütün mərhələlərdən keçmiş sevgidir. Yəni sevginin mütləq istinad nöqtəsi, pik zirvəsi... Əgər şair olmaq üçün əsas meyar aşiqlikdirsə, Ramiz Qusarçaylı böyük şairdir. Çünki, özü demişkən, "Yurd yeri"nin onun kimi dəlisi yoxdur. Bəzən adama elə gəlir ki, şair Don Kixot sayağı "yel dəyirmanları" ilə vuruşur, amma vuruşur. Müdafiəsinə qalxdığı ədalətin bir gün qələbə çalacağına əmindir.
Tələbəlikdə rus-sovet şairi Konstantin Simonovun əzbər bildiyim "Gözlə məni" şeirindən aşağıdakı misraları xatırlatmaq istəyirəm:

"Jdi, koqda druqix ne jdut,
Pozabıv vçera".

"Gözlə, o zaman ki, keçmişi unudub başqaları gözləmirlər". Gəlməyəni gözləmək, keçmişlə yaşamaq hərfi mənada dəlilik, böyük mənada aşiqlikdir. Rasional düşüncə, məntiqi nəticə gəlməyəni gözlətməz. Ramiz Qusarçaylı isə o günü hər gün eyni yanğı ilə gözləyir:

"Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı,
Azərbaycan bayrağı! Azərbaycan bayrağı!"

Ramiz Qusarçaylı şeirlərinin özünəməxsusluğu özünə məxsus deyil. Onu hamı başa düşür. Yadda qalandır, üslubu uzaqdan "gəl-gəl" - deyir. Poeziyasının, daxili və zahiri olmaqla, hər iki qatı ağac ilə ağacın qabığı kimi bir-birindən aralanmır:

"Mən sözə çarmıxam, mən sözə daram,
Bir sözə yüz arxın suyun açıram.
Mən qəddar şairəm, elə qəddaram,
Hər sözün başına oyun açıram".

Öz başına oyun açmayan sözün başına necə oyun aça bilər? Sözə qarşı qəddarlıq elə şairin özünə qarşı qəddarlığıdır. Deyirlər ki, yaradıcılıq həyat tərzidir. Mən belə düşünməzdim. Həyat tərzini insan özü seçə bilir. Yaradıcılığı necə, seçmək olurmu? Daş daşımaq düşünməkdən daha asan deyilmi?
İstedadsız şairlər gözünün düşmənidir. Şeirdə ortabablığı, şairdə xəyalbaftlığı sevmir. O, şeirdə şairin diş yerini axtarır. Demək istəyir ki, şair arı kimi zəhmətkeş olmalıdır. Dizində daş yeri, gözündə yaş yeri axtarır. Bir adamlıq dəyər, evində həmrəyliyi, kişi bəyliyi axtarır. Məsələn, "Kəs, bu şairin də dadına baxaq" şeirində olduğu kimi:

"Kəs, bu şairin də dadına baxaq,
Baxaq, bir adamlıq dəyəri varmı,
Baxaq, bir udumluq xeyiri varmı,
Bir misra edamlıq şeiri varmı?"..

1992-ci ilin Xocalı faciəsi daha dünyanın heç yerində yaşanmadı. Dağlarda, meşələrdə gizlənməyə çalışan bir şəhərin dinc əhalisi erməni işğalçıları tərəfindən ailəliklə öldürülmüş, soyuqdan, şaxtadan məhv olmuşdular. "Dünya kökdən düşüb" şeirində şair bəşəriyyət ağrısı yaşayır. Dünyanın hər yerində öldürülən uşaqların qalaq-qalaq cəsədləri gəlir göz önünə:

"Hər körpə qəbrində can havası var,
Qisas havası var, qan havası var,
Qiyamət adında son havası var,
Sonun iqlimləri yerində deyil"...

"Sonun iqlimləri yerində deyil" misrası ilə şair demək istəyir ki, "Qisas qiyamətə qalmaz!" Üsyançı və tələbkar bir mövqe, böyük ruh yüksəkliyi... "Pozdular ərəbin əlifbasını, mim-i, cim-i yerində deyil", - yəni Quranı pozdular, yəni islami təkzib nahaq qan tökməkdən başladı. Yəni "adımı qoyaram sənə, səni də qoyaram yana-yana" savaşıdır bu savaş...
Ramiz Qusarçaylı çağdaş poeziyanın siyasi sütunudur. Lakin onun poeziyası inqilaba səsləmir, iqtidara qarşı yönəlməyib, müxalifəti aşağılamır. Şairin hədəfi sağlam iqtidar adına, müxalif baxışlara ləkə gətirən ayrı-ayrı adamlardır. Təəssüf ki, belələrinin sayı həm iqtidarda, həm müxalifətdə, həm də mövqesizlərin içində istənilməyən qədər çoxdur.
"Nə isə... hələlik" şeirində şair köləliyin fəsadlarından bezmiş kimi bir yerdə qərar tuta bilmr, vurnuxur. Burda söhbət birbaşa mənada köləlikdən yox, kölə xarakterdən gedir ki, həmişə islahı mümkündür. Doğrudur, bu çox geniş bir mövzunun motivləridir. Asılı və asılı olmayan tərəfləri var. Lakin şairin poetik fırçası köləliyin ümumi təsvirini yaratmaqla məşğuldur:

"Bu cəbrin forması kölədi,
Bölməsi, vurması kölədi,
Bir yanda riyazi köləlik,
Bir yanda siyasi köləlik,
Heyrətdə, sehrdə köləlik,
Yazdığım şeirdə köləlik,
Nə isə... hələlik"...

"Nə isə... hələlik"... Bu ikibaşlı misradır. Həm xudahafizləşmək mənası var, həm də bir sürü köləliyin qaranlıq tunelindən birdən-birə işıqlığa çıxmaq məqamı. Köləliklər hələlik olur, müəyyən bir zaman kəsiyində həbs olunurlar. Şairin şeirləri nağıllarda olduğu kimi pessimist əhval-ruhiyyənin nikbin sonluğu ilə tamamlanır. Bu, vətəndaş mövqeyidir. Şair öz pessimizmi ilə xalqının ürəyinə xof salmır, əksinə gələcəyə böyük inam hissi aşılayır.
Özünü "Kərki, Vedi sayan, Daşaltı şəhidi" hesab eləyən şairin "Neyləyim ki, yoxdu yiyəm" - deyə səslənməsi, bəlkə də, sağlığında ala bilmədiyi qiymətin gileyidir. Bəlkə də, bu misralar Kərki, Vedi, Daşaltının yiyəsizliyinə işarədir...
Bəzi şairlər şeirlərində mənasını bilmədiyi, fəlsəfi, irfani sözlərdən istifadə eləyirlər. S. Vurğun demişkən, manevrləri gülünc gəlir qanan adama. Sevdiyim məşhur şairlərin içində eləsi də var ki, bəzi hallarda tanış olmayan ərazilərə üzür. Bu ərazilər haqqında kifayət qədər bilgisi olmadığı üçün fikir gəmisi quma oturur. Ramiz Qusarçaylı poeziyasının gücü və ən mühüm cəhəti qəvvaslıq etdiyi dərinliklərdə üzməyindədir. Onun söz gəmisi heç vaxt quma oturmur.
Pəncərəmi yağışa açdım bu səhər. Yanımızdakı dükanın qarşısında bir maşın dayandı. Arxa oturacaqda az yaşlı məktəbli qız əyləşmişdi. Dərsdən evə aparırdılar onu. Atası dükandan nələrsə alıb sükanın arxasına keçdi. Elə bu an uşaq qapını açıb aşağı endi. Düşündüm, yəqin, nəsə almaq istəyir. Çünki çeşidin çoxluğundan valideynlər bəzən uşaqlarının nə istədiklərini başa düşmürlər. Lakin qız maşının önündən fırlanıb sükan tərəfdən qapıya yaxınlaşdı. Atası onu qucağına alıb şərfini açdı. Deyəsən, yolu belə davam edəcəkdilər. Ərazinin bu hissəsindən sonra yol polisləri gözə dəymir. Göz yaşları məni elə boğdu ki, daha heç nə görə bilmədim. Niyə ağladığımın səbəbini soruşan olsaydı da, bilməyəcəkdim. Ya o yaşlarımda çox gördüyüm, ya heç görmədiyim sevgidən dolayı yox, sevginin özü üçün ağladım...
Şairlik dediyin budur. Yağışdan sonra küknar ağacının iynə uclarında incilənmiş damcıların bərq vurması, atanın övladına bəxş etdiyi sevgi anları eyni şəkildə ürəyi oxşayacaq. O, elə bir nəğmədir ki, hisslərinə yaxınlaşdığın qədər oxunacaq.
Ramiz Qusarçaylı hisslərinin əhatəsindədir, lakin idrakın soyuq müşayiəti onu heç vaxt tərk etmir. Şeirlərində işığa tərəf getmir, Şuşaya tərəf sürünür, əbədiliyə iddialıdır:

"Fikirlə yonulub oyulasıyam,
Yonula-yonula duyulasıyam...
Bir gün öz üstümdə qoyulasıyam,
Düşünən, danışan başdaşıyam mən".

Deyirlər ki, ölüm ruhun vücudu tərk etməsidir. Ramiz Qusarçaylının ruhu illərdir ki, Şuşada gecələyir, Xocalı xarabalıqlarında bayquş kimi ulayır. Kaş ki, şairin Vətən eşqi ilə cismini tərk etmiş ruhu bir gün xoş xəbərlə özünə dönsün...

TƏQVİM / ARXİV