adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Yanvar 2015 11:42
21662
MƏDƏNİYYƏT
A- A+

Vaqif Səmədoğlu

Bir cüt ayaqqabı...

Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...


Son gecədir bu gün yenə...

Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk...

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur...


Yusif Səmədoğluna

Yorğunluq axşamıdır,
Böyüyüb saat səsi.
Evdə təkcə özüməm,
Gözləmirəm heç kəsi.

İçimdə baş qaldırıb
Yenə də ölüm eşqi.
Ümid dərsləri bitib
Qurtarıb arzu məşqi.

Qızarılmış mal əti,
Bir az gürcü çaxırı.
Ya günün əvvəlidir.
Ya da ömrün axırı.

Bərq vuran tülkü gözü
Sönməz həyat şamıdır.
Böyüyüb saat səsi
Yorğunluq axşamıdır...


Günaha batmağım gəlib, ay Allah...

Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.

Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.

Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.

Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.

Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.

Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!


Salam, ata...

Salam, ata, salam.
Bilirəm,
arxamdasan.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
trolleybus gözləyirəm.
Trolleybusa minib,
sənin yanına
gələnə qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi...
Salam trolleybus,
əlvida ata...


Gözəl qızlardan, qadınlardan...

Gözəl qızlardan, qadınlardan
iz qalmır torpaqda.
Torpaq da
həsrətdir gözəl izinə.
Bulud kimi keçib gedir
torpağın üstündən gözəllər.
Kəndli izi.
çoban izi qalır torpaqda,
çox qalır
Qalır yağışa qədər,
qalır yağışdan sonra da...


Doğuldum 1939-da...

Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar...
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm.


Sən mənim doğma anamsan, Azadlıq...

Sən mənim
doğma anamsan, Azadlıq,
mən sənin
yad qapısında böyümüş balan...
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
mən səni
yellədən külək...


Mən ölən gün...

Mən ölən gün
bir külək əsəcək küçələrdə.
Və yellədəcək
ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı
mən ölən gün...


Biz yox, Allah inanmır bizə...

Biz yox,
Allah inanmır bizə...
İnanmır əlimiz qana batanda,
insan insana daş atanda.
Ancaq göy üzü
uşaq təbəssümü kimi görünəndə gözə,
insan "Dünya gözəldir" deyəndə
üzünü tutub dənizə.
biz yox,
Allah inanır bizə.


O bayrağın kölgəsində...

O bayrağın kölgəsində
Bax həmən o yalqız tində,
Xam dünyanın yedəyində,
tamam sərxoş, it günündə,
Adamsızlıq sifətində,
Adam nədir, bir itin də
İt canında bir bitin də
Xoşuna gəlmədim onda
Azadlıqdan dəm vuranda...
Bax həmin o yalqız tində,
O bayrağın kölgəsində...


Mənə vətən yolu dar gəlir yenə...

Mənə vətən yolu
dar gəlir yenə,
Üzümə bahar yox,
qar gəlir yenə...
Yenə qar üstündə iz qoyub getmək,
qar üstə yıxılıb, üz qoyub getmək.
Getmək, dağlar aşıb.
aranlar keçib
və bilmək və bilmək, bilmək ki, gecdir,
karvan çoxdan keçib,
köç çoxdan köçüb,
Sən bel bağladığın,
ümid sandığın
bulağın suyunu özgələr içib...
Bulaqlar qupquru,
səma dupduru,
bu yurda çox gördü Tanrı uğuru...
İndi hansı səmtə, haraya doğru
üz tutub gedəsən qar yağa-yağa?
Tale görə-görə, baxt baxa-baxa
üzümə bahar yox,
qar gəlir yenə,
mənə vətən yolu
dar gəlir yenə...