adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

BEYKER-STRİTDƏKİ ƏFSANƏ

VƏSİLƏ USUBOVA
304323 | 2015-01-31 08:38
Dünyada məşhur şəhərlər, məhəllələr, hətta küçələr və binalar belə çoxdu. Bu məkanların bəzisi tarixi hadisələrin şahidi olduğuna, bəzisi möcüzəli yaranışına, bəzisi də bənzərsiz memarlıq üslubuna görə insanlığın diqqətini zaman-zaman özünə çəkir.
Bəziləri də həmin ünvanlarda yaşayan şəxslərə görə tarixin yaddaşında iz qoyur...
Beyker-stritdəki ev kimi...
Bəs o küçə ilə təngənəfəs qaçan oğlan necə, yadınızda qalıbmı?! Ona acımısınız, yoxsa, qibtə eləmisiniz?! Kimdən qaçır, kimin üstünə gedir o cavan oğlan? Müşkül bir işin içindədi yəqin. Haqsızlıqla üzləşib... İndi bu cavana bircə şey lazımdı: Vaxt itirmədən özünü Ona çatdırmaq...
Ona görə də var gücüynən qaçır. Bilir ki, çətini əli onun qapısına dəyincədi...

***
Bildiklərimin deyil, bilmədiklərimin eşqiynən yaşamaq ayrıca bir zövq verir mənə. Görəsən, adam bir gün hiss eləsə ki, daha bu dünyada oxumadığı kitablar qalmayıb, onda nə edər?! Sevinər, qürurlanar, yoxsa, məyus olar?! Mən əməlli-başlı dərd edərəm bunu özümə. Bundan sonra yazılmayacaq əsərlərə görə üzülmürəm. Dünyamızın mənəvi durumunu ki, belə görürəm, daha elə bir gözləntim də yoxdu.
Bu bədbinlik deyil, dərindən də dərin bir boşluqdu...

***
Rayonda işə başladığım ilk illərdi. Bir gün mərkəzi kitabxanada işləyən tanış qızla söhbət edirdim. Mövzumuz macəra ədəbiyyatı idi. Həmişə olduğu kimi, yenə də canım üzülə-üzülə "Başsız atlı"dan, Kuperin qırmızı dərililər haqqında romanlarından, o kitabları oxuyarkən keçirdiyim şirin və həyəcanlı qorxularımdan danışırdım. Kitabda təsvir olunan adamların arasında, vəhşi təbiətin qoynunda məmnuniyyətlə yaşamaq istədiyimi dilə gətirirdim. Arada qız soruşdu:
-Deyəsən, "Baskervillərin iti"ni oxumamısan...
-Yox...
-Hiss elədim. Bax, onu oxusaydın, daha çox həyəcanlanardın. Əsl qorxunun nə demək olduğunu onda görərdin. Adam elə bilir ki, indicə həmin it qaranlıqdan çıxıb üstünə atılacaq...
Məni maraq bürüdü. İş elə gətirmişdi ki, indiyəcən həmin əsər əlimə düşməmişdi...
İki-üç il keçməmiş roman təzədən çap olundu, satılmaq üçün rayonumuzun kitab mağazalarına da göndərildi...

***
Oğlum bələk də idi onda. Dörd-beş aylıq körpəmi qıçlarımın üstündə yırğalaya-yırğalaya romanı oxuyurdum...
Bu əsərdə gözlədiyim həyəcanlı qorxunu, vahiməni deyil, həmişə həsrətində olduğum Ağılı tapdım...
"Xəfiyyə" sözü adamda elə də rəğbət doğurmur. Bəlkə də vətəndaşı olduğum ölkənin prizmasından belə görünürdü. Sovet dövrüydü. Bizdə yalnız "şanlı prokurorlar", "vicdanlı müstəntiqlər", "bizi canından artıq sevən milislər" vardı... Mənim nəslim Süleyman Rəhimovun "Mehman" povesti ilə yaşıddı. Əsəri orta məktəbdə sevə-sevə oxuyub öyrənmişdim. Filmdəki obrazına vurulmuşdum da... Amma kimsə mənə deyə bilməzdi ki, həyatda Mehman kimi prokurora, ya müstəntiqə rast gəlib. Deyənlər də ya üzgörənlik edir, ya da özlərini aldadırdılar...
Kitaba çox aludə olmuşdum... Arada gözlərimin qaldırıb yuxuda gah gülümsəyən, gah da dodağını büzüb ağlamsınan körpəmə baxırdım. Böyüklər deyirlər ki, yuxuda uşaqları bu hallara Şeytan salır. Onlara gah ağlamalı, gah da gülməli sözlər deyir. Adamın canını buz kəsir. Şeytanın süd qoxulu körpələrlə bu rəftarı onlar böyüyəndə hansı həddə çatacaqdı, görəsən?! Hələ dördbir yanımızdakı insan cildində şeytanları da bura əlavə eləsən, gələcəyə nikbin baxmaq üçün qurd ürəyi yemək gərəkirdi...
Oğlumun böyüyəndə Şerlok Holms olacağını ağlımın ucundan da keçirə bilməzdim. Yaşadığım dönəmdə buna imkan da verməzdilər. Çünki... Kral Lirin təlxəyi demişkən, bizdə həqiqəti quduz it kimi hər yandan qovurdular...
Gözlərim təzədən enib vərəqlərə dikilir, xəyalım Beyker-stritə uçurdu...

***
Bu yazıdan məqsədim Artur Konan Doylun yazıçılıq məharətindən bəhs eləmək deyil. Onun buna ehtiyacı da yoxdu. Əgər dünya bu gün də əsəri oxuyursa, heyran olursa, deməli, müəllif əbədiyaşarlıq deyilən iddianın dizini çoxdan yerə vurub...
Roman əsasında "Mosfilm"in çəkdiyi seriala bu gün də dönə-dönə baxıram. Baxdıqca qəribə rahatlıq, təkrarsız zövq duyuram. Rus aktyoru Vasili Livanovun xarizması filmə bir ayrı ovqat qatır. Yaraşıqlı alnı, dərin, mənalı baxışları, hər küncündə min cür məna gizlənən ağzı... Nə qədər dərin zəka, qabiliyyət var bu obrazda. İzlədikcə özünün də insan olduğuna qürurlanırsan...
Şerlok Holmsu başqa cür təsəvvür etmək də mümkün deyil.
O, cinayətkar deyil, həqiqət axtarır. Səbəb, məzmun axtarır. Bizimkilərin aylarla uzadıb, cild-cild kitab bağladıqlarını "bir qəlyanlıq iş" adlandırır...
Özü də necə tamahsızdı... Ölümdən xilas etdiyi qız "mənim sizə nə qədər borcum var" deyə soruşanda: "1 funt, 16 şillinq. Bu bizim Londondan sizin qəsəbəyədək yol xərcimizdi" cavabını verir. Bilmirəm, 1 funt, 16 şillinq bizim pulla nə qədərdi, bildiyim odur ki, bu cavabda pulla ölçülməyəcək çox mətləblər var...
Doktor Vatson bu qədər gözütox olmasına etiraz edəndə isə deyir: "Mən elə də varlı deyiləm, ancaq operaya iki bilet mənə bəs edər".
Kimin hünəri var etiraz eləsin ki, dünya belə kişilərin çiynində dayanmır!
Belələri bundan sonra da doğulacaqmı?!.
Şübhəm var...

***
Mən onu heç vaxt təkcə ədəbi obraz kimi düşünmürəm. O, ömrümün bütün çətin məqamlarında qarşımda görmək istəyim səbrli, ağıllı, duyumlu və həssas Kişinin özüdü...
Beyker-stritdə təngənəfəs o evə tərəf qaçan cavana da həmişə qibtə eləmişəm...
Hansımızın belə ümidlə, qaranəfəs qaçacağı bir ünvan var?!.

TƏQVİM / ARXİV