adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Muğanın Sabirabadı

3366 | 2015-01-31 12:32
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


(əvvəli ötən sayımızda)

"... Burada çox böyük işlər görülür. Bu gün bir neçə obyektin açılışında iştirak etmişəm. O cümlədən kənd yolları tikilir. Artıq bu gün açılan yol bir neçə kəndi birləşdirir. Minlərlə insan o yoldan istifadə edəcək. Gündəlikdə yenə də yol layihələri var. Biz onları da tədricən həll edəcəyik. Çünki kənd yolları indi bizim üçün içməli su kimi vacib olan məsələlərdəndir. İnsanların rahatlığı, eyni zamanda, hər bir rayonun inkişafı üçün kənd yolları böyük əhəmiyyət daşıyır. Kənd yolları yaxşı olanda inkişaf da gedir, biznes imkanları da artır. Biz bunu insanların rahatlığı üçün edirik və edəcəyik. Artıq bir çox məsələlər həllini tapıb. Ancaq hələ yaxşı vəziyyətdə olmayan kənd yolları var ki, biz gələcək illərdə onları da həll edəcəyik".

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev


Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabadda inşa olunan uşaq bağçasının açılışında da iştirak edib. Burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 100 uşaq 4 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb.
Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb, su anbarı və transformator yarımstansiyası quraşdırılıb.
Son dövrlərdə prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasət nəticəsində bölgələrimizdə mühüm infrastruktur layihələri də reallaşdırılır. Bu layihələr arasında yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının, qovşaqların tikilməsi, magistral yolların salınması mühüm əhəmiyyət daşıyır. Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolu da ən müasir texnoloji üsullardan istifadə edilməklə salınıb, burada işlərin keyfiyyətlə, həm də qısa zamanda həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, 22 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 46 kilometr olan yolun inşası zamanı 36 su keçidi tikilib, yol kənarlarında 900-ə yaxın yol nişanı və siqnal dirəyi, 12 dayanacaq quraşdırılıb. Texniki göstəricilərinə görə 4-cü dərəcəli yol sakinlərin rahatlığı ilə yanaşı, həm də hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Bu cür kəndarası yolların inşası sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər sübut edir ki, ölkədə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın hər bir bölgəsini, rayonunu və kəndini əhatə edir, həmçinin regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanıb.
İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin "smart-kart" tipli sayğacla təmin edilməsi nəzərdə tutulur. Hazırda paylayıcı su şəbəkəsinin və hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının inşası davam etdirilir. Layihənin davamı olaraq Sabirabad şəhərində 135 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa olunacaq. Tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə Sabirabad şəhərinin kənarında məhsuldarlığı sutkada 80 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Gələcəkdə Saatlı şəhərinin tullantı suları da burada təmizlənib zərərsizləşdiriləcək. Layihənin icrası 2017-ci ildə başa çatdırılacaq.
Son illər dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərinə qoşulan dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Əvvəlcə pilot layihə olaraq Bakıda 1 saylı "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı. Sonra paytaxtın bir neçə rayonunda "ASAN xidmət" mərkəzləri istifadəyə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Artıq Sabirabad rayonunda da "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.
Dövlət başçısının Sabirabad regional "ASAN xidmət" mərkəzinin açılışında iştirakı zamanı bildirilib ki, Sabirabad regional "ASAN xidmət" mərkəzinin dördmərtəbəli binasının tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. "ASAN xidmət" mərkəzinin fəaliyyətindən Sabirabadla yanaşı, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarının və Şirvan şəhərinin 900 minə yaxın sakini yararlanacaq.
Mərkəzdə çalışan əməkdaşların ümumi sayı 179 nəfərdir və onların 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, "uşaq əyləncə mərkəzi" də yaradılıb.
"ASAN xidmət"in səyyar avtobusları da fəaliyyət göstərir. Avtobusdakı bütün texniki avadanlıq günəş enerjisi ilə işləyir. Bu avtobuslarda vətəndaşlara xidmət göstərmək üçün ofis şəraitinə uyğun ən müasir server və şəbəkə avadanlığı quraşdırılıb.
Eyni zamanda rayon mərkəzi ilə yanaşı, kəndlər də unudulmayıb. Yəni bu gün kəndlərin təbii qazla təchiz olunmasında da böyük işlər görülüb. Ötən ilin dekabrında Suqovuşan kəndinə təbii qaz verilib. Suqovuşan kənd tam orta məktəbinin həyətində bu münasibətlə təşkil edilmiş mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov kəndə qaz verilməsi ilə bağlı çıxışında kənd sakinlərini təbrik edib, "Azəriqaz" İstehsalat Birliyi Tikinti Departamentinin rəisi Ramil İsgəndərov isə çıxışı zamanı Suqovuşan kəndində 496 abonentin qazla təmin olunacağını, rayonun digər kəndlərinə də qazın verilməsi istiqamətində işlərin uğurla aparıldığını qeyd edib.

TƏQVİM / ARXİV