adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BAŞ TUTMAYAN KiRVƏLiK

VAHİD ƏLİFOĞLU
22639 | 2009-04-11 00:28
...Əvəz tibb bacısını səbrlə, təmkinlə axıra qədər dinlədi. Sir-sifətində elə bir ifadə var idi ki, guya tibb bacısı ona şad xəbər deyil, baş sağlığı verirdi. Kövrəldi. Əlini ağzına qoyub yalandan bir-iki dəfə öskürdü... səsi titrəyə-titrəyə dedi:
   
   - Sağ ol, qızım. Əlbəttə, qız, ya oğlan...
   
   Sözünün davamını gətirə bilmədi. Gecə səhərə qədər öz-özünə təkrar etdiyi, hər kəlməsini, hər cümləsini dəfələrlə dəyişdirdiyi "təşəkkür nitqi" yadından çıxdı. Nəzərə alaq ki, o "nitq" doğulacaq oğlan uşağı üçün hazırlanmışdı. Tələsə-tələsə ciblərini eşələyib siqaret çıxardı, yandırıb tüstünü acgözlüklə sinəsinə çəkdi, sağollaşmadan dönüb oradan uzaqlaşdı...
   
   ... Demək olmazdı ki, Əvəz tamamı ilə dilxor olmuşdu və məyusluq içərisindəydi. Xeyr. Əvvəla Əvəz oxumuş adam olmasa da, təbiətin qanunlarından kifayət qədər başı çıxmırdı. İkincisi də bu onun ailə həyatında birinci qız deyildi. Beşinciydi... Onu əsas bir məsələ bərk narahat edirdi. "Çadır şəhərcikləri bu xəbəri necə qarşılayacaqlar? Bir də Mürsəlin kirvəliyi və eşşəyinin balası necə olacaqdı?"
   
   Qəribə idi ki, özünə dönə-dönə toxtaqlıq versə də, bu uğursuzluqda yalnız özünü və yenə də özünü günahkar hesab edirdi. Amma günahının nədən ibarət olduğunu heç cür aydınlaşdıra bilmirdi... Hiss etdi ki, dayanacağa çatıb. Çadıra işləyən "xalturşiklər" hardasa yolun o tərəfində olmalıdı. Bu yolu o qədər gedib gəlmişdi ki... Əyləcin tükürpədici əsəsinə diksindi. Xəstəxanadan bura qədər ilk dəfə başını yuxarı qaldırdı. "Kamaz"ın burnu dirənmişdi böyrünə. Maşının pəncərəsindən ətli, pörtmüş sifət "uzandı" bayıra:
   
   - Əşi, korsan? Bu boyda maşını görmürsən?
   
   Əvəz düşdüyü vəziyyəti qiymətləndirmək halında deyildi. Qeyri-ixtiyari iki iri addım atıb çatdı səkiyə... Bir siqaret də yandırıb yavaş-yavaş fikrini cəmlədi...
   
   - Baay, baay Əvəz, xoş gördük səni. Çadıra gedirsən? Əyləş...
   
   Əvəz bir addımlıqda dayanmış "cındır" "Jiqulinin" arxa oturacağına boylandı. Gülverdiydi. Çadırın mollası. Həmişəki kimi başında buxara papaq, əlində təsbeh. Əvəzinə bineyi-qədimdən bu kişidən zəhləsi gedirdi. Çünki onu görəndə dərhal qəbristanlıq gəlirdi gözünün önünə, bütün ölənləri cəmlənirdi qarşısında... Yayınmaq mümkün deyildi. Könülsüz-könülsüz arxa qapını açıb mindi maşina... Gülverdi cəld Əvəzin sağ əlini qamarlayıb sıxdı və gülə-gülə dedi:
   
   - Sən yolu keçəndən sənə baxırdım. Yaxşı qurtardın. Az qalmışdın düşəsən Əzrayılın qucağına...
   
   Əvəz əlini yarı zor, yarı xoş Gülverdinin əlindən azad edib, özünü gülümsəmiş kimi göstərdi:
   
   - Hə, yaxşı qurtardım - dedi və ona elə gəldi ki, bu hadisədən salamat çıxmağı heç mollanın xoşuna gəlməyib... Özünü ortalıqda, gəbənin üstündə uzanıqlı, Gülverdini də başının üstə təsəvvür edib çimçəşdi və üzünü pəncərəyə çevirdi... Molla fasilə vermədən "üyüdüb tökdü". Hərdən sürücü də qoşulurdu söhbətə. Əvəzin qulaqları maşının içində olsa da fikri, xəyalı uzaqlardaydı...
   
   ... Əyləşmişdi çadırın qabağında, üstü qarğı-qamışla örtülmüş çardağa oxşar tikilinin altında. Çardaq günün qarşısını az-çox kəssə də istidən və bürküdən nəfəs almaq olmurdu... Azca kənarda arvad samovar qaynadırdı və Əvəzin də nəzərləri elə həmin istiqamətdə idi. Arvadın qarnı dirənmişdi burnuna. Yəilib çox çətinliklə götürdüyü "talaşa"ları atırdı samavarın "odduğuna"... "Şükür məsləhətinə, ilahi. Mən tək canımla bu istinin əlində Əsir-yesirəm. Bu arvad"... Arvadına yazığı gəldi... Tez üzünü yana döndərdi...
   
   - Əvəz, çayı dəmləyim?
   
   Əvəz əlini tər damcıları toplanmış peysərinə çəkib dedi:
   
   - Hə, dəmlə...
   
   - Əvəz, hər vaxtın xeyir. Necəsən?
   
   Əvəz çaydan ləzzətinən bir qurtum alıb qəddini düzəltdi. Mürsəl boz, nataraz eşşəyin belində dayanmışdı yolun ortasında.
   
   Kənddə qonşu olmuşdular. Yaşları da eyni idi. Gəliş-gedişləri, mehriban əlaqələri var idi. Çadırda da təsadüfdənmi, nədənmi qonşuydular... Mürsəl çadırın yaxınlığındakı fermada işləyirdi. İşləyirdi deyəndə fermanın qoyununu otarırdı. Əvəzin diqqətini eşşəyin böyründə-başında atılıb düşən qoduq cəlb etdi... Hətta doqquzda bir anlığa dayanıb iri, qara gözlərini zillədi Əvəzin üzünə...
   
   - Ağbətin xeyir, ay Mürsəl. Belə də yaxşıyam... Sonra ağızucu əlavə etdi:
   
   - Düş gəl, bir stəkan çay iç...
   
   ... Mürsəl sanki bayaqdan bu dəvəti gözləyirdi. Ustufca eşşəyin belindən sürüşüb düşdü və eşşəyin
   
   Noxtasını keçirtdi çardağın dirəyinə...
   
   ... Mürsəl elə bil "əhəng söndürdü". Dalbadal düz beş stəkan "boşaltdı". Çəkən olmasa da arada bir siqaret də yandırdı... Söhbət uzanırdı... Əvəz tay Mürsəli dinləmirdi. Fikri-zikri eşşəkədə, eşşəyin yanında oynaqlayan qoduqda idi... Arvad da bezdi. Durub girdi çadıra...
   
   ... Gün artıq günortadan xeyli əyilmişdi... nəhayət mürsəl söhbəti yekunlaşdırıb qalxdı. Eşşəyin noxtasını biləyinə dolayıb çəkdi arxasınca. İki-üç addım getmişdi ki, dayandı və geri çevrilib dedi:
   
   - Əvəz, mənim bir niyyətim var. Lap çoxdan istəyirdim onu sənə deyim. Görürəm ki, elə indii yeridi. Oğlun olsa kirvəsi mənəm. Bax, bu qoduğu da bağışlayacam ona...
   
   Əvəz, çatdıq. Düş... Əvəz yüngülcə böyrünə dəyən "dürtmədən" səksənib xəyalların qanadından yendi maşının içinə...
   
   Key-key baxdı Gülverdinin üzünə. Gülverdi qımışa-qımışa dedi:
   
   - Ə, yuxlamışdın, elə bil. Çatmışıq ey...
   
   ... Gecə yarısı Əvəz yuxudan ayıldı. Bayırda bərk səs-küy var idi. Şalvarını əyninə çəkib çıxdı çadırın qapısına. Yol doluydu adamınan. Öyrəndi ki, bir saat əvvəl canavar Mürsəlin eşşəyinin qoduğunu yeyib...
   
   

TƏQVİM / ARXİV