DƏRMAN, YOXSA ZƏHƏR?

FAİQ QİSMƏTOĞLU
40578 | 2009-05-18 23:42
Birinin başı ağrıyanda, özünü pis hiss edəndə o dəqiqə həkimlər o adama deyirlər ki, filan dərmanı al at, tezliklə hər şey yaxşı olacaq. Başın ağrıyanda həmin dərmanı gedib aptekdən alırdın və atırdın. Görürdün ki, həqiqətən də ağrı-acısı kəsilib. Bu qabaqlar belə idi. Yəni sovet hökumətinin yaxşı vaxtlarında.
   
   Amma indi aptekə gedib dərman alanda əlini ürəyinin üstündə olur ki, görəsən, mənim vəziyyətim necə olacaq? Dəfələrlə bir şeyin şahidi olmuşuq ki, hər hansı xəstəliklə bağlı həkim xəstəni müayinə edib resept yazıb ki, müalicə olunsun. Xəstə də gedib aptekdən o dərmanları alanda sağalmaq əvəzinə zəhərlənib. Özü də bu zəhərlənmələr tək bir-iki faktla bitmir. Çünki biz şəxsən onlarla adam tanıyırıq ki, əyalətlərdən yox, Bakının apteklərindən dərman alab qəbul edib. O, şəfa tapmaq əvəzinə, ölümcül vəziyyyətə düşüb. Bir dəfə istedadlı şair Çingiz Əlioğlu deyirdi ki, apteklərdən birindən hansısa dərmanı xəstəliklə bağlı alıb qəbul edəndə zəhərlənib. Hətta bir həftədən çox şair dostumuz o zəhərli dərmanın təsirindən yataq xəstəsi olub. O vaxtdan Çingiz müəllimin gözü dərmandan bərk qorxur. Hətta həkimlər deyəndə ki, filan xəstəliklə bağlı yazdığım bu dərmanları qəbul edərsən, Çingiz müəllim bundan yan keçir. Deyir ki, indiki dərmanlara etibar yoxdur. Elə ondansa Allahın verdiyi şəfaverici otlardan dəmləyib içmək hamısından yaxşıdır.
   
   Bir dəfə də bu sətirlərin müəllifi Bakıda apteklərin birindən "biseptol" adlı atma dərman almışdı. Dərmanı qəbul edəndən bir gün sonra orqanlarında yaralar baş qaldırdı. Həkimə gedib soruşanda dedi ki, qəbul etdiyim dərman keyfiyyətli deyilmiş. Ona görə də bədənimdə yara yaranıb. Hələ get Allahına şükür elə ki, yaxşı qurtarmısan. Nə yaxşı ki, şoka düşməmisən.
   
   Dəfələrlə apteklərdən gemodez alıb özünə köçürmək istəyən xəstələr çox pis vəziyyətə düşüblər. Camaat gemodez alıb orqanizminə köçürür ki, onun müqavimət qüvvəsi atrsın, bədənin xəstəliklərə qarşı mübarizəsi güclənsin. Bizim məmləkətdə də hər şey əksinə baş verir. Yəni xəstə bu gemodezdən şəfa tapmaq əvəzinə, bəla tapır. Belə olan halda artıq insanlar məmləkətimizdəki apteklərdə satılan dərmanların keyfiyyətinə bel bağlamır, xaricdən - Türkiyədən baha da olsa dərmanlar gətirtdirirlər. Bizdə satılan hər hansı dərmandan həkimlərin dili ilə demiş olsaq, bir kurs müalicə olunursan ağrın-acın azalmır. Əksinə daha da çoxalır. Amma xaricdən gətirilən dərmanın üç-dördünü atan kimi o dəqiqə özünü yaxşı hiss eləyirsən. Deməli, bizim apteklərdə satılan dərmanların böyük əksəriyyətinin ya vaxtı keçib, ya keyfiyyətsizdir, ya da bilinmir ki, onu hansı ölkədə necə hazırlayıb. Müxtəlif yollarla apteklərə doldurulan bu dərmanları isə səhiyyə işçiləri şıdırğı əhaliyə satır.
   
   Bir dəfə Aqil Abbas televiziya çıxışlarının birində dedi ki, millətin təhlükəsizliyi həm də ölkəyə daxil olan keyfiyyətsiz qida məhsullarından asılıdır. Təkcə milli təhlükəsizlik o demək deyil ki, hansısa xarici ölkənin cəsusları və terror şəbəkələri dövlətçiliyimizə zərbə vurmaq istəyir. Elə ən böyük zərbələrdən biri ölkəyə gətirilən keyfiyyətsiz qida məhsulları və dərman preparatlarıdır. Əgər keyfiyyətsiz dərmanlar apteklərə ayaq açırsa və bunu da insanlar alıb şəfa tapmaq üçün qəbul edirlərsə, bu zamanda onlar ölümcül vəziyyətə düşürlərsə, bizcə bundan böyük təhlükə ola bilməz. Kimlərsə milyonlar qazanacaq deyə məgər bu xalq onlar üçün qurbanlıq qoyuna çevrilməlidir?
   
   Biz dəfələrlə məmləkətimizin apteklərində və Bakı şəhərində satılan keyfiyyətsiz dərmanlarla bağlı öz iradlarımızı bildirmişik. Çox sağ olsun ki, Səhiyyə Nazirliyi də bu məsələlərə operativ münasibət bildirib. Aydındır ki, tək Səhiyyə Nazirliyinin gücü ilə saxta dərmanlara qarşı mübarizə aparmaq çox çətindir. Amma buna baxmayaraq, yenə Səhiyyə Nazirliyi bütün hallarda bacardığı addımı atıb, üzərinə düşən işin öhdəsindən gəlib. Təsadüfi deyil ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrin Analitik Ekspertiza Mərkəzi ölkənin şimal-qərb və qərb regionlarındakı apteklərində yenidən yoxlamalar aparıb. Mərkəzin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib ki, yoxlamalar zamanı Qazax, Ağstafa, Tovuz, Balakən, Zaqatala və Qax rayonlarındakı 105 aptekin fəaliyyəti araşdırılıb. Onlardan doqquzunun qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşib. Həmin apteklərin fəaliyyəti dayandırılıb və onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi əsasında protokol tərtib olunub. Apteklərdən yaralılıq sertifikatı olmayan 701 seriya, müddəti bitmiş 229 seriya dərman preparatı götürülərək müsadirə edilib.
   
   Səhiyyə Nazirliyinin aşkar etdiyi bu nöqsanlar tək şimal-qərb rayonlarında deyil, başqa rayonlarda da var. "Ədalət" qəzeti olaraq biz bir çox rayonların adlarını çəkə bilərik. Məsələn, Bərdədə, Sabirabadda, Kürdəmirdə, Beyləqanda, Saatlıda, Biləsuvarda, Masallıda da fəaliyyət göstərən apteklərdə çoxlu qanun pozuntusu mövcuddur. Həmin rayonların apteklərində bir çox hallarda sanitar qaydalara əməl edilmir, dərman və preparatlar normal temperaturda saxlanılmır. Hətta elə apteklər var ki, heç orda soyuducu belə yoxdur. Çünki kim bilməsə də, səhiyyə işçiləri yaxşı bilirlər ki, bəzi dərmanlar soyuducularda saxlanılmalıdır. Bu cür hallar yuxarıda adlarını çəkdiyimiz rayonların kənd apteklərində daha çoxdur. Hətta həmin rayonların bazarlarında belə günün istisində dərman preparatları tozun-torpağın içərisinə qoyulub satılır. Təbii ki, bu cür satılan dərmanlar bir tərəfdən sanitar qaydalara uyğun saxlanılmadığına görə keyfiyyətini itirir, digər tərəfdən də müddəti keçdiyinə görə böyük təhlükə törədir. Amma bütün bunları əyalətdə fəaliyyət göstərən əksər dövlət təşkilatları və o cümlədən icra orqanları, hüqüq-mühafizə orqanları görsə də, elə bir ciddi tədbir həyata keçirilmir. Son nəticədə isə elə keyfiyyətsiz dərmanların altını və ağrı-acısını minlərlə insanlar çəkir.
   
   İndi bilmirik, biz apteklərdən dərman alanda başımıza haranın daşını qoyaq. Belə çıxır ki, hardan dərman alsaq, onun bir qəmbərqulusu çıxacaq. Qəmbərqulusu çıxmamaq üçün isə gərək papağımızı qabağımıza qoyub yaxşı-yaxşı fikirləşək. Yaxşı-yaxşı fikirləşək ki, bəlkə biz heç dərman almayaq. Bəs onda necə olacaq? Bax, bu işi bir Allahdan başqa heç kəs bilmir. Bir də keyfiyyətsiz və vaxtı ötmüş dərmanı alana qədər almasan ondan yaxşıdır.
   
   

TƏQVİM / ARXİV