ÖMRüN SOLAN çiçƏKLƏRi

ƏBÜLFƏT MƏDƏTOĞLU
33397 | 2009-04-11 00:43
Yəqin ki, Cəfər Cabbarlını unutmamısınız. Ona görə "yəqin" deyirəm ki, indi sovet dönəminin, o cümlədən də klassiklərin unudulması adi hala çevrilib. Fakt kimi uzağa getməyə ehtiyac yoxdur. Son illərdə Cəfər Cabbarlının hansı əsərlərinə teatrlarımızın səhnələrində baxmısınız? Biz yaşlı nəsil də yerimizi yavaş-yavaş bizdən sonra gələnlərə verdikcə həmin o sovet dönəminin yazarları da, klassiklərimiz də bizimlə bərabər bir az da çox unudulacaqlar.
   
   Mən Cəfər Cabbarlını elə-belə xatırlamadım. Bütün əsərlərini oxumuşam. Hər birinin də öz dadı, öz duzu var. Tamaşalarının da bir çoxunu səhnələrimizdə izləmək imkanım olub. Amma indi nədənsə son vaxtlar "Solğun çiçəklər" daha tez-tez yadıma düşür. Bilmirəm bu da yaşın diqtəsidi, ya zamanın sözüdü, amma hər nədisə indiki ovqatıma, indiki əhvalıma tamam uyğun gəlir. Qınaya bilərsiniz ki, indi yazın nəfəsinin qapı-pəncərəni döydüyü, tumurcuqların burnunun çərtildiyi bir vaxtda açmamış çiçəklərin solmasından danışmaq düzgün deyil. Bu hardasa yazın da xətrinə dəyə bilər, onun ovqatında köklənənlərin də.
   
   Qəbul edirəm, irad haqlıdır, amma bir şey var ki, xatırlayırsınızsa bir uzun müddətli bayram tətilimiz oldu. Həmin günlərdə redaksiyamızın otağını bəzəyən dibçək güllərini bir araya yığmışdıq və 6-7 gün bizlərin nəfəsindən, nəzərindən uzaq qalan o güllərə baş çəkəndə həqiqətən kövrəldim. Yarpaqlar elə büzüşmüşdü, çiçəklərin yarpaqlarından elə bil ağırlıq, tənhalıq, yazıqlıq tökülürdü ki, onu sözlə ifadə etmək mümkün deyil. Sadəcə onu görmək və duymaq lazım idi. Bax, həmin o anda hiss etdim ki, rəhmətlik Cəfər Cabbarlı "Solğun çiçəklər"in nələr çəkdiyini həm insanların, həm sevənlərin, həm də həqiqi mənada təbiətin bir parçası olan bizə xoş ovqat bəxş edən güllərin də timsalında necə böyük məharətlə qələmə alıbdır. Söhbət təkcə bu uğursuz sevgidən, atılmaqdan, unudulmaqdan getmir. İnsan hər şeyə hər zaman hazır olmalıdır. Lakin billə-bilə zərbələrdən qaçmamaq, ona sinə gəlmək və yaxud da billə-bilə tapdalamaq, əzmək nə dərəcədə əzmkarlıqdı, qəhrəmanlıqdı? Bax, bunun özü də bir sualdı. Çünki başa düşülmədiyin, qəbul olunmadığın, artıq göründüyün hər yerdə sən elə yumşaq ifadə etsəm, həmin o solğun çiçəklərin taleyini yaşayırsan. O çiçəklərin onların solmağı heç kimin tükünü də tərpətmir.
   
   Həyat deyilənə görə, bir dəfə yaşanır. Bunu bir az ironiya ilə deyirəm. Çünki aqillərimizin, müdriklərin dediyi hər söz nə qədər böyük hikmət ehtiva etsə də, amma biz hər birimiz öz üzərimizdə onu tətbiq edəndə, onu öz köynəyimizdən keçirəndə həyatın və yaxud da digər hər hansı bir məqamın deyilənlə gerçəklik arasında tərəddüd etdiyini görürük. Şəxsən mən həyatın mənə sürprizlərini çox görmüşəm və hər sürprizdən sonra da hiss etmişəm ki, həyat mənə yenidən bağışlanılıbdır. İstər ağır avtomobil qəzasından sonra, istər digər məqamlarda. Ona görə də hər dəfə bu həyatla baş-başa qalanda şükürlər etməklə yanaşı çiçəklərin solduğunu da müşahidə etmişəm. Deməli, hər həyatın öz gözəlliyi və özəlliyi olduğu kimi öz çiçəkləri də var. Və nə yaxşı da ki var.
   
   Mən bu mücərrəd fikirlərin arasında həmin o solğun çiçəkləri görürəm. Amma o çiçəklərə həyat vermək hələ ki, mənim gücüm daxilindədir. Çünki mən o çiçəkləri sevirəm. Və sevdiyim üçün də hər şeyə qatlaşmaq elə yaşamaq uğrunda mübarizənin bir yoludur. Bu yoldan dönməyək.
   
   

TƏQVİM / ARXİV