adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Yanvar 2015 17:03
1740
MƏMLƏKƏT
A- A+

FHN-nin İdman-sağlamlıq klubu şahmat çempionatı keçirib

 Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu tərəfindən 26-30 yanvar 2015-ci il tarixlərində nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 26 komandadan 80-ə yaxın idmançı iştirak edib. Yarış həm şəxsi, həm komanda hesabında İsveçrə sistemi üzrə keçirilib. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıb.

Beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmovun hakimi olduğu çempionatda yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunub. Komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 2-ci yeri FHN-in Akademiyası, 3-cü yer isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası tutub. Şəxsi hesabda 1-ci yeri Ayaz Hüseynov ("İzotop” xüsusi kombinatı), 2-ci yeri Elçin Əsədov (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi), 3-cü yeri Zəfər Teymurov (Maddi-Texniki Təchizat İdarəsi) tutub.

Qalib gələn şahmatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif ediliblər.