adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

OBAMANIN QOHUMUNUN TOYU...

BABƏK YUSİFOĞLU
31265 | 2009-05-18 23:42
Deyirlər ki, dünyada cövlan edən iqtisadi böhran çox "obyektlər"i çörəksiz qoyub. Xüsusilə də şadlıq evlərini. Deyilənə görə, daha toy-zad eləmirlər. Evlənmək istəyənlər yığışırlar bir evə, yüngülvari yeyib-içirlər, vəssəlam. Dostlarımdan biri deyirdi ki, kimin şadlıq sarayı var, hamısı onu satmaq istəyir. Yazıqlar nə eləsinlər.
   
   Amma mən əvvəllər elə bilirdim ki, yalnız bizdəki şadlıq evləri "prostoy yazır", yəni toysuz qalıb. Sən demə, bu bütün dünyanın şadlıq saraylarına aid imiş. Elə Amerika kimi bir super dövlətdə də şadlıq evlərinin vəziyyəti ürəkaçan deyil. Maykl Cekson kimi müğənni də "toy tuta bilmir". Tutanda da elə ucuz qiymətə oxumağa gedir ki, bizdəki oxuyançılar yarışmasında təzə-təzə mızıldananların "taksısı" ondan sanballı olur.
   
   Amma Maykl Cekson da az aşın duzu deyilmiş ha. Toylardan əli üzüləndən sonra bəyanat verib ki, daha sənətdən gedir, bir daha oxumayacaq. Adama deyərlər, yalançının atasına lənət. Ayə, sən döyülsən, Las-Veqasdan tutmuş, Çikaqoyadək bütün şəhərlərin şadlıq evlərini qapı-qapı gəzib toy axtaran? İndi nə oldu, bəhanə axtarırsan? Elə mərdi-mərdanə de ki, toyum yoxdu, vəssəlam.
   
   O gün "Yeni Müsavat" qəzetində oxuduğum bir xəbər bu fikirləri bir daha təsdiqlədi. Qəzet yazmışdı ki, bu yaxınlarda Amerikanın qəttəzə prezidenti Barak Hüseyn Obama arvadının qohumlarından birinin toyunu eləməyə hazırlaşır. Əslində bu sərhəd-zad məsələsi boş şeymiş, elə onun Türkiyəyə gəlməkdə də əsas məqsədi o imiş ki, babat türk sənətçilərindən ucuz qiymətə bir ilə razılaşıb onunla behləşsin. Amma maşında gedərkən bizim tanınmış müğənnimiz Nadir Qafarzadənin oxumağını eşdib, fikrini dəyişib. Yanındakılara deyib ki, Nadir müəllmi tapın, onu razı salın ki, gəlib qohumun toyunda bir-iki ağız oxusun. Elə arvadı Mişel xanım da Nadir Qafarzadənin ifasını bəyənib.
   
   Sonrası nə olub, onu deyə bilmərəm, amma qəzetin yazdığına görə, tərəflər razılaşıb. Çünki Nadir Qafarzadə İradə İbrahimovanın oğlan toyunda iştirak edə bilməyəcəyini dilə gətirib və deyib: "Təəssüf ki, İradənin toyu günü ABŞ-ın birinci ledisi Mişel Obamanın qohumunun toyunu aparacam. Həmin gün Amerikada toyda olmasam, bəlkə də İstanbulda İradənin toyuna gedərdim".
   
   Vallah, məncə, İradə xanım da gərək Nadir Qafarzadədən inciməsin. Çünki Obamanı da pis vəziyyətdə qoymaq düzgün iş deyil. Razılaşma olub axı. Özü də mən öyrənmişəm ki, Obamanın subay, evlənməli qohumları çoxdur. Yeri gəlmişkən, Obamanın böyük bibisi var, deyilənə görə, üç qızı var, üç oğlu, özü də hamısı nişanlı. Hələ dayılarından, xalalarından, xalası uşaqlarından və s. danışmıram. Bəri başdan bizim müğənnimiz onları "padvodit" eləsə, tay sabah bizimkilərdən heç kimi toya çağırmayacaqlar. Özü də əvvəlki dövrdə, ilin-günün yaxşı vaxtında, toyların bel-belə mindiyi vaxtda bu olsaydı, yenə dərd yarı idi. İndi hamı toy deyib dad döyür. "Kriz"di ey, qardaş.
   
   Hər şey bir yana qalsın, Obama hər müğənnini toya aparmaz. Dünya doludu cürbəcür oxuyanlarla, elə hansına bir işarə versəydilər, qaça-qaça gedərdi. Özü də nə gizlədim, burada hər şeydən önəmli bir məsələ də var. Mənə elə gəlir ki, Nadir Qafarzadənin Obamanın arvadının qohumunun toyunda oxuması torpaqlarımızın işğaldan azad olunmasına da güclü təsir eləyəcək. Elə toyxanada "Qudalar" mahnısı səslənən vaxt Nadir müəllim Obama ilə oynayanda ondan torpaqlarımızın xahişini eləsə, mən ölüm, hər şey öz həllini tapar. Elə Nadir Qafarzadənin Obamanın arvadının qohumunun toyunu aparması ermənilərin ürəyini infarkt eləyəcək.
   
   Ümumiyyətlə, digər müğənnilərimizə də bir şad xəbər vermək istəyirəm. Amerikanın prezidentinin bu addımı yeni situasiya yaradıb. Məndə olan məlumata görə, indi Amerikada uşaqlarını evləndirmək istəyən yüksək vəzifəli adamlarından bir neçəsi Azərbaycana gəlib toyda oxumaq üçün müğənni axtarışındadır. Ona görə gözdə-qulaqda olmaq lazımdır ki, bu toylar əldən çıxmasın. Elə ki bu iş düzəldi, mən inanıram ki, bizim beynəlxalq problemlərimiz bir yana dursun, elə Fransada da, Böyük Britaniyada da, İspaniyada da... bütün toylarda bizimkilər oxuyacaq. Qoy bundan sonra "krizis" də nə oyun çıxarırsa çıxarsın. Heç vecimizə də olmayacaq...

TƏQVİM / ARXİV