adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

TüRKSüZ VƏ MƏSƏLSiZ

OQTAY SALAMOV
19630 | 2009-04-11 00:28
Əgər mənim bir-iki daimi oxucum varsa, mənim də bu türk qardaşlarımızın rəhbərlərinin ermənilərlə sərhədi açacaqları ilə bağlı yazacağımı gözləməsinlər. Ona görə yox ki, maraqsız mövzudur. Əksinə, cox ciddi, taleyüklü, adamın qarşılaşmaq istəmədiyi problemdir. Amma qorxuram ki, bu problemi çox qabartmaqla bir çox başqa məsələləri gölgəyə salsınlar, yaddan çıxarmaq üçün həmin problemdən istifadə eləsinlər. Bir də qorxuram ki, çox deyib məsələni adiləşdirsinlər, gözdən salsınlar. O gün bir radiostansiyamız deyir ki, "əgər türklər ermənilərlə sərhədi açsalar, bizim radioda türk müğənnilərin mahnılarını verməyəcəyik". Elə yazığım gəldi ki, türk müğənnilərinə...
   
   Gərək adam hər zərbəni mərdliklə, dözümlə qarşılaya bilə ki, qıraqdan baxanların gözündə sınmış, əzilmiş görünməyə. Bakıda zibilxanalara od vurmaq dəbdədi. Cərimələrlə qorxudurlar, hətta bəzən cərimə edirlər də, amma yandırırlar ki, yandırırlar. Deyirlər ki, cərimə ödəmək cibindən maşın tutub, benzin töküb zibili daşıtdırmaqdan sərfəlidi. Heç kimin də vecinə deyil ki, bu zibilin tüstüsünü udanlar nə zillətlər çəkir, dərmana-iynəyə nə qədər pul verməli olurlar. Bir də maqazin vitrini kimi, balkonların qabağına dəmir qaynaqlayıb irəli çıxarılan yerlərdən asılmış şalvar-köynəklər, tumanlar, uşaq və böyük əskiləri... qurumaq əvəzinə təzədən yuyulmalı günə necə düşürlər. Belə çıxır ki, JEK-lər həkimlər, aptek işçiləri və paltar "paraşok"u satanlarla əlbirdilər - həm bunların alveri gedir, həm də onların işi düzəlir.
   
   Amma bu günlərdə bir ideoloq çox maraqlı bir məqamı incələdi: Dedi ki, antisanitariya cəhənnəm, ekologiya cəhənnəm, qeyri-estetiklik, barbarlıq cəhənnəm, indiki vaxtda həyətlərdə zibillərin yandırılmasının çox siyasi bir əngəli, zibili var. Deyir, bu, erməninin qarşısında zəifliyimizin sübutu kimi sayıla bilər. Hələ bizi istəməyən bəzi adı türk, özü türk olmayanlara da sevinc, mutluluq vermiş oluruq. Deyir təyyarədən baxanda, kosmosdan şəhərimizin şəklini çəkəndə elə bilirlər ki, AKP-nin bizə xəyanəti, satqınlığı azərbaycanlıları elə yandırıb ki, tüstüləri ərşə çıxır. Daha ağıllarına gəlmir ki, "tüstüm təpəmdən çıxdı" ifadəsi məcazi mənadadı, bu çıxan zibilin tüstüsüdü. Bu sözlərdən sonra ağlım kəsmir ki, hansısa JEK həyət zibilxanalarında zibilə od vursun...
   
   Həm də üçcə il dözə bilsək, daha ağızlarına gücü çatmayanlar sarsaq-sarsaq danışmayacaqlar, tüstümüz də ancaq bir yerdən çıxacaq. Başqa yerə yozmayın, Bakıda çox nəhəng bir zibilyandırma zavodu tikiləcək. Düzdü, geridəqalmış Yaponiyada, Danimarkada zibili emal eləyən zavodlar tikirlər, zibildən utilizasiya və təkrar istehsal yolu ilə ərzaq mallarından başqa nə istəsən alırlar. Amma biz zibildən alınan şeyə qalmamışıq, varlığa nə darlıq. Biz zibilimizi sivil surətdə, hamısını bir yerə yığıb yandıracağıq. Bizim "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti Fransanın adı xarici dildə olan, qısaldılanda "CNİM S.A" şirkəti ilə müqavilə bağlayıb və onların tikdiyi zavod vasitəsilə düz 20 il, özü də ildə 500 min ton zibilimizi yandıracaqlar. Ay dad, bu qədər zibili haradan alacağıq? Zavod planı doldurmasa biabır olacağıq. Gərək türkmənlərlə, qazaxlarla müqavilə bağlayaq, dənizin dibi ilə zibil kəməri çəkək. Onlarda zibil çox olar. Qısası, zavodu 3 ilə tikib başa çatdırmaq istəyirlər, özü də 400 nəfərə yeni iş yeri açılmış olacaq. Allah sizi saxlasın, kimə nə dəxli var ki, işinin adına nə yazırlar...
   
   İş dedim, yadıma fiziki yüklənmə məsələsi düşdü. Sən demə, alimlər çoxdan bu fiziki yüklənmə məsələsi üzərində işləyirlərmiş. Və sübut eləyiblər ki, normal fiziki yüklənən adamlar daha sağlam. daha dözümlü olurlar. Deyir, Kolumbiya Universitetinin alimləri 4156 nəfərin üzərində, daha doğrusu, iştirakı ilə tədqiqat keçirib belə nəticəyə gəliblər ki, müntəzəm olaraq metrodan istifadə edən insanlar rul arxasında oturanlara nisbətən 3 dəfə daha çox fiziki iş yerinə yetirirlər və bu da Kanadanın "Ürək və insult" fondunun təyin etdiyi gündəlik fiziki yüklənmə normasına uyğundur. Mən başa düşmədim ki, Kolumbiya Universitetinin Kanadaya nə dəxli var, amma fakt belədir ki, metrodan istifadə etmək sağlamlıq üçün faydalıdır. Metropolitenin rəisi Tağı müəllimin qulağına yaxın, müştərilərin sayı artacaq deyəsən. Özü də şərait də yaradılıb, 4 nəfər əli təmiz olmayan kassiri işdən çıxarıblar. Qalanar söz veriblər ki, işə əllərini yuyub gəlsinlər...
   
   Oxuduğum bir məlumatda deyilir ki, Gəncədə bədbəxt hadisə baş verib, adı məlum olan bir nəfər 5-ci mərtəbədən yıxılıb və yerindəcə keçinib. Allah rəhmət eləsin. Əslində belə xəbəri hallandırmaq düzgün deyil. Amma oxuduğum başqa bir xəbər məcbur eləyir ki, müqayisə, paralel aparım. Deyir, Rusiyada, elə paytaxt Moskvada Aleksey adlı 22 yaşlı alkaş evində tanışları ilə filan qədər araq içəndən sonra qonaqları yola salıb və özünü 5-ci mərtəbədən aşağı atıb. Arvadı baxıb ki, sağdır, təcili yardım çağırıb. Lyoşa yıxıldığı yerdən qalxıb, pilləkənlə adam balası kimi çıxıb evinə və ikinci dəfə özünü atıb pəncərədən aşağı. Bu dəfə ancaq onun bədəninin bir neçə yeri cızılıb. Alkaşı xəstəxanaya aparıblar, ilk yardım göstərib sonra da buraxıblar evə. Deyirəm o urusun alkaşı, bu da bizim cavanımız...
   
   Gərək gündə təzə bir xəbər eşidəsən ki, qulağının həkimə ehtiyacı olmasın. Deyəsən, Səyyarə Heydərova mənim yazılarımın daimi qəhrəmanına çevriləcək axı. Yadınızdadırsa 4 kişini döyən və iş alan qadın haqda yazmışdım. 2005-ci ildə yaşadığı binanın həyətində təzə bina tikilməsinə etiraz edən Səyyarə xanım aralarında biri polis zabiti də olmaqla 4 kişini döyməkdə günahlandırılaraq iş almışdı. Sonra deyəsən, ağ elədiklərini başa düşüb qadını həbsdən buraxırlar, amma cinayət işi bu günə qədər açıq qalıb. Səyyarə xanım məcbur olub Prezident Administrasiyasının qəbul otağında aclıq elan eləyib. Axşam iş qurtaranda həmin otağı tərk eləyib, çıxıb yaxınlıqdakı bağda işini, yəni aclığını davam elətdirmək istəyib. Polis də gəlib xanımı aparıb əvvəl şöbəyə, sonra da gətirib evinə ki, aclığı elə burada da davam elətdirə bilərsən.
   
   Bütün telekanalları, bir çox qəzetləri başlarına götürsələr də, mənim bu ekstrasenslərlə tanışlığım yoxdu. Olsaydı onlardan soruşacaqdım ki, türklər ermənilərlə sərhədi həqiqətən açacaqlar, yoxsa belə erkək zarafat eləyirlər? Açacaqlarsa bunun bizə ziyanı nə qədər olacaq, açmayacaqlarsa ermənilər nə vaxt çezəcək? Düzdü, mən fala, falçıya inanmıram, amma deyir fala inanma, faldan da qalma. Görüşərik, inşallah... (bizi satmasaydılar, türklər kimi, görüşürüz yazacaqdım...)
   
   Neynəyim, yenə dolayısı ilə də olsa türkdən danışmalı oldum. Vallah, mən zatıqırıq döyüləm, əsil özü nala-mıxa vurur. Yoxsa adamdan soruşarlar ki, zibil yandırmağın həftəsonu yazısına nə dəxli var?..
   
   

TƏQVİM / ARXİV