GƏL SƏNi "DÖYüM"

ƏBÜLFƏT MƏDƏTOĞLU
35757 | 2009-04-04 02:17
Mərhum şair dostum bu dünyaya vaxtından çox-çox qabaq tüpürüb gedən Vaqif Cəfərli özünün "Öd daşı" şerində yazırdı ki, bu dünyada hər cür ağrı-acının sərtliyi ilə qarşılaşmışam və həmişə də sinəmi irəli verib Tanrının köməkliyi ilə çalışmışam ki, yıxılmayım, təslim olmayım. Amma bu öd daşı mənim əməlli-başlı "anamı ağladır". Təkcə öz ağrıları ilə yox, həm də qiymətiylə də. Belə ki, hansı həkimə üz tutdum, əməliyyat üçün 500 manat istədi. Şairin cibində 500 manat hardandı ki, alan olsa öd daşımı 150 manata satıb 100-ünü uşaqlara xərcləyərəm, 50-sini də özümə. Dost-tanışla bir balaca boğazımızı isladarıq.
   
   Təqribən məzmununu xatırlatdığım Vaqifin bu "Öd daşı" şeri bu gün elə-belə yadıma düşmədi.
   
   Çünki bir neçə gündü böyrəklərimin ağrısından rahatlığımı itirmişəm, nə otura bilirəm, nə dura bilirəm. Ağrılar bir yandan, əsəb bir yandan . Belə bir halda Vaqifin şeri o "meymunu yadına salma" misalı kimi hardansa gəldi düşdü yadıma. Və məni gic bir gülmək tutdu. Çünki...
   
   Yaşadığım Motodrom ərazisində məskunlaşanların böyük əksəriyyəti qaçqın və köçkün ailələridi. Və burda tikilən evlərin də demək olar ki, heç birinin barmaq boyda olsa da kağızı yoxdu, yəni gecəqondudu. Elə o cümlədən də mənim tikdiyim ev, özülsüz və gecəqondu. Amma bu evləri də tikmək elə-belə asan iş deyil. O qədər nəzarət eləyən, diqqət edən "əmilər, dayılar" var ki, onların gözündən oğurlanıb daşı daş üstə qoymaq böyük hünər istəyir. Motodrom ərazisinə hər hansı bir yük maşını daxil olanda dərhal polis qardaşlarımız özlərini yetirirlər. Məsələnin mahiyyətinə varırlar, kimdi, nəçidi, daşı, qumu, sementi kim üçün gətirib, niyə gətirib, nə tikiləcək, necə tikiləcək və sair və ilaxır.
   
   İndi mən həmin o daş məsələsini, yəni öd daşı məsələsini xatırlayanda öz günümə ağlamağım tutdu, ona görə də gic gülmək mənə üstün gəldi. Və düşündüm ki, əgər ətrafda kimsə duyuq düşsə o "uzi" deyilən aparat mənim böyrəklərimdə əməlli-başlı daş karxanası tapıb. Və bu hesabla mən hər dəfə yaşadığım əraziyə gedib-gələndə başım nələr çəkəcək bir Allah bilir. Çünki bu daşlardan qopan səs-küy təbii ki, mən ağrıları deyirəm mütləq ətrafın diqqətini çəkəcək. Və kimlərsə də düşünəcək ki, yəqin Motodromda daş karxanası açıram, ya da tikinti işlərinə başlayacam. Bax, ona görə də çox çətin bir sual qarşısında qalmışam. Düşünürəm ki, nəyi necə edim ki, bu səs-küy çox böyüməsin. O ki qaldı məsələnin başqa bir tərəfinə...
   
   Deməli, rəhmətlik Vaqif Cəfərliyə həkimlərimizin dediyi sözü mən də eşidəsi oldum. Məsləhət gördülər ki, daşların bir qismi böyük olduğundan onları mütləq "döymək", əzmək lazımdı. Qiymətini soruşdum, 300 manat oxudular. Təsəvvür edin, həm döyüləsən, həm də 300 manat verəsən. Sizcə, mən dəliyəm?
   
   Həkim hələ də gözləyir ki, gələcəm onun qəbuluna. Hay gəldim ha...
   
   ... Bəli, bir karxana daş gəzdirərəm böyrəklərimdə. Nəyə yararlı olduğunu deyə bilmərəm, amma əməlli-başlı problemdi. Həm yaşadığım ərazidə, həm də canımda.
   
   

TƏQVİM / ARXİV