ÇAPDAN ÖNCƏ VƏ SONRA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
53628 | 2015-01-30 08:19
Bu günlərdə mənə tanış olmaq üçün bir əlyazması verdilər. Kifayət qədər həcmli bir kitab idi. Mən öncə onun mündəricatına diqqət yetirdim və gördüm ki, burada bəzi hekayələri müəllifin digər kitablarında və yaxud da dövrü mətbuatda oxumuşam. Ona görə də kitab barəsində artıq ilk rəy, ilk cizgilər gözümün önündə canlanmağa başladı. Birmənalı şəkildə anladım ki, kitab Böyük Dərdimizə, yəni itirdiyimiz torpaqlara, şəhidlərimizə, narahat ruhlarımıza, faciəmizə və həsrətimizə ünvanlanıb. Yəni bu kitabda mövzuların demək olar ki, ana xətti zorla qatıldığımız müharibə, göz yaşı və qandır.
Bəri başdan deyim ki, bütün hekayələrdə dil, üslub, təhkiyə demək olar ki, eyniyyət təşkil edir. İstənilən hekayəni oxuyub ümumi təəssürat yaratmaq mümkündü. Təbii ki, bu da əvvəldə dediyim həmin o bu gün üçün əbədi və əzəli mövzumla bağlıdır. Digər tərəfdən, bu hekayələrin ümumi qəhrəmanları təbii ki, düşməni çıxmaq şərti ilə, hamımızın tanıdığımız adamlardı. İstər o, Xocalıda doğulub orda şəhid olsun, istər Kəlbəcərdə, istər Şuşada...
Ümumiyyətlə, bunların hamısının uğrunda döyüşdüyü torpaq Vətəndir. Və onlar da Vətəni öz şəhidlikləri ilə şərəfləndirməyi bacarırlar.
Maraqlı cəhət burasıdır ki, kitabın müəllifi qəhrəmanları ilə yanaşı dayanır. Onlar nəfəs alanda, bir anlıq dincələndə müəllif danışır və bu da oxucunu darıxmağa qoymur. Hiss olunur ki, hadisələrin şərhini verən müəllif həm də onun iştirakçısıdır. Ona görə də onun hekayə dili həm də folklordan gələn nağıl dilini xatırladır.
Mən mətbəə qoxusu canına hopmamış, bu kitabın demək olar ki, hər bir hekayəsi barədə fərdi münasibət bildirmək fikrindən ona görə yan keçirəm ki, bütün hekayələr bir zəncirin həlqələri kimi təsir bağışlayır. Ona görə də şah damar olan Vətən bütün hekayələrə bir bucaqdan baxmaq imkanı verir.
Mən Salatın xanımın bu yeni kitabının bir cəhətini diqqətə çatdırmaq istəyirəm. O da yeni mövzuya müxtəlif ovqat və istəklə baxmaqdır. Yəni, istər düşmənin gülləni sinəsinə çaxdığı Xocalı sakini, istər anasının evdən baş götürüb Bakıya getməsinə gözünün içində sevinən oğul, istər ilk dəfə gördüyü və tələbə yoldaşı Laçınla birlikdə ziyarət etdiyi kəndi, onun adamlarını, eləcə də ürəyində ocaq çatmış Laləni unutmayan bir gənci... Bir sözlə, bütün hekayələrdə insan ləyaqəti, insan xarakteri, insan dözümü üstünlük təşkil edir. Qısaca desəm, bu hekayələrdə xarakterlər məcmuəsi silsilə təşkil edir. Hekayədən hekayəyə keçdikcə oxucu tanış simaları ya özü daşıyır, ya da onunla qarşılaşır. Məncə, bu müəllifin uğurudur. Deməli, bu uğur həm də oxucuya hesablanır. Yəqin ki, kitab araya-ərsəyə gələndə oxucular mənim fikirlərimlə az-çox şərik olacaqlar.

Bu da həmin kitab

Cavan bir oğlan redaksiyadakı iş otağımın qapısını döyüb mənə bir kitab verdi. Nəfis şəkildə tərtib olunmuş, elə üz qabağından da oxucunu özünə çəkən bu kitab Salatın Əhmədlinin oxucularla yeni görüşüdü. Bu, barəsində yazımın birinci hissəsində bəhs etdiyim həmin o mətbəə qapısında qarşılaşdığım kitadı. Və mən artıq dünyaya gəlmiş, oxucuların qapısını döyümüş həmin kitabı indi daha maraqla gözdən keçirirəm. Çünki qarşımdakı əlyazması deyil, konkret bir kitabdı.
Bu kitab öz yaradıcılıq ənənəsinə sadiq qalan Salatın xanımın torpaqlarımızla, işğalla, şəhidliklə, qəhrəmanlıqla bağlı əsərlərinin bir növü həm davamıdı, həm də daha püxtələşmiş nümunəsidi. Yəni bir az da geniş şəkildə ifadə etsəm, artıq bu kitabda oxucu Salatın Əhmədlinin yaradıcılıq mətbəxini daha dadlı-tamlı bir nümunəsi ilə üz-üzə qalmış olur. Deməli, onun qəhrəmanları ilə təması, münasibəti bir az da genişlənir. Həmin qəhrəmanların təkcə fəaliyyətləri yox, onların iç dünyası da oxucu qarşısında açılır. Çünki ümumiləşdirilmiş obrazları olan həmin qəhrəmanlar müəllifin həm də vətən sevgisini, torpaq sevgisini oxucuya çatdırır.
Bax, bu mənada kitabın üz qabığındakı şəkillərdən tutmuş onun nəfis tərtibatının digər çalarları da həm nəşriyyat işi kimi, həm də bədii əsər kimi maraq doğurur. Təbii ki, mən kitabda oxuculara təqdim olunan bütün hekayələri oxuduğumdan onlar barəsində ayrı-ayrılıqda fikir söyləyib oxucuları çaşdırmaq istəmirəm. Çünki hər bir oxucunun hər bir əsərə öz münasibəti var. Deməli, "Zirzəmidə qazılan məzar" adlı bu yeni kitab oxucularla Salatın Əhmədli arasında mükəmməl bir körpünün həm ömrünü, həm də onun möhkəmliyini daha da artırır. Düşünürəm ki, xanım yazarımız bundan sonra da oxucularını öz yeni əsərləriylə baş-başa saxlaya biləcək.


TƏQVİM / ARXİV