adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Sevgilisi Lev Trotskinin qətlində şübhəli bilinən rəssam Frida Kalo

SAMİRƏ ƏŞRƏF
5113 | 2015-01-30 08:26

Əsl adı Maqdalina Karmen Kalderon olan Frida Kalo 6 iyul 1907-ci ildə Meksikada anadan olmuşdur. Onun atası Almaniyadan Meksikaya köç etmiş macar yəhudisi idi. Anası isə əslən meksikalı olan qaradərili qadın. Frida fotoqrafçılıq sənəti ilə məşğul olan atanın dörd qıızından biri idi.
Onun doğulduğu ildə Meksikada Panco Villa və Emiliano Zapata üsyanları başlandı. Bu mübarizə düz on il davam etdi. Elə bu səbəbdən də Frida sonralar öz ad gününü iyulun altısı yox, yeddisində qeyd edirdi. Uşaq yaşında iflic keçirən Frida bu xəstəlikdən salamat çıxsa da, sağ ayağı inkişafdan qalır. Ayağının biri digərindən incə görsəndiyi üçün o, hər zaman uzun donlar geyinməyə məcbur olur. Bir çox yaşıdları onu Frida yox, "taxta ayaqlı Frida" çağırmağa başlayırlar. Bu da onu çox qəzəbləndirir. Gənc yaşlarından həkim olmaq istədiyi üçün bir çox elmlərə dərindən maraq duyan gələcəyin rəssamı dövrünün ən yaxşı tibb təhsilini verən Beylənmiləl Hazırlıq məktəbində təhsil alır. Oxuduğu müddətdə o, ədəbiyyat və fəlsəfəylə də dərindən maralanır. Ailəsinin maddi sıxıntısı ucbatından məktəbi yarımçıq qoymaq məcburiyyətində qalan Frida nəşriyyatların birində işə düzəlir. İşlədiyi mətbəədə imkan düşdükcə rəsm çəkmə qabiliyyətinə də yiyələnir.
1925-ci il sentyabr ayının 17-də ilk sevgilisi Aleksandro ilə məktəbdən evə qayıdan zaman onlar olan avtobusla qarşıdan gələn tramvay toqquşur. Bu toqquşma zamanı avtobusdakı sərnişinlərin bir çoxu həyatlarını itirir. Frida isə sağ qalır. Lakin hadisə vaxtı dəmir uclu dirəklərdən biri onun sol ombasına batır. Sonralar o, həmin anları belə xatılayır. "Hər hansısa dəhşətli, ağrılı hadisə baş verən an insanın onun fərqinə varması və yaxud da ağlaması doğru deyil. Avtobusda qəzaya düşəndə mənim gözümdən bircə damla da olsun yaş çıxmadı. Dəmir çubuq qılıncın öküzü dəldiyi kimi məni dəlib keçdi".

Fil və göyərçinin böyük
məhəbbəti..

Fridanın bədəni dəhşətli zədələr almışdı. Onurğası zədələnmiş, ayaq sümüklərində on bir qırıq, cinsiyyət orqanında isə dərin yaralar əmələ gəlmişdi. Hadisədən sonra 32 dəfə əməliyyat masasına uzanan Fridanın sonrakı həyatı korsetlər geyinməklə, ağrıkəsicilər atmaqla, dəhşətli ağrılar içərisində keçir. Xəstəxanada olduğu müddətdə çox darıxan və əzab çəkən Frida ailəsinin təkidi ilə rəsm çəkib başını qarışdırmağa başlayır. Anası onun başı üzərindən iri bir ayna asdırır, atası isə hədiyyə olaraq ona rəngbərəng boyalar və fırça alır. Beləliklə o, öz sifətinə baxaraq cürbəcür rəsmlər çəkir, rəngləri bir-birinə qarışdırıb ortalığa maraqlı tablolar çıxardırdı. Aynada yalnız özünü gördüyü üçün ən çox çəkdiyi rəsmlər də öz portretləri olurdu. Gündəliyinə isə bu sözləri yazırdı: "Həmişə öz protretlərimi çəkirəm. Yalnızlıq məni özümü tanımağa məcbur edir".
Bir müddət sonra isə heç kəsin ağlına gəlməyən möcüzə baş verdi. Frida rəsm çəkməklə kifayətlənməyib korsetlərin və dərmanların köməkliyi ilə ayağa qalxdı. Əslində isə onu ayağa qaldıran həyata və yaşamağa olan inanılmaz yanğısı, istəyi idi. Görünüşü ilə də çox fərqli tərz yaradan rəssam uzun saçlarının yığımı, bərbəzəyi, yerlə sürünən qəribə libasları ilə həmişə diqqət mərkəzində olmağı bacarır.
"Mən həyatda üç şeydən heç bir zaman ayrıla bilmərəm. Birincisi, məhəbbətim Dieqodan, ikincisi, sənətimdən, son olaraq isə kommunist partiyasından" deyən Frida Meksikanın incəsənət mühitinə girməyə nail oldu. Elə həmin mühitdə məşhur divar rəssamı Dieqo Rivera ilə tanış olur. Və onun dəstəyi ilə partiyaya üzv yazılır.
Onunla tanış olduğu zaman gündəliyinə bu sözləri yazır. "Dieqoya aşiq oldum. Ailəm buna heç sevinmədi. Çünki Dieqo həm kommunist, həm də mənimlə müqayisədə həddindən artıq dolu bədənli biridi".
1929-cu ilin avqust ayında isə sevgililər ailə həyatı qururlar. Dieqo həddindən artıq kök, Frida isə arıq, incə qadın olduğundan bir çoxları bu cütlüyü fil və göyərçin adlandırırdı. Onların toyuna Fridanın ailə üzvlərindən təkcə atası təşrif buyurur. Ailə qurduqdan sonra ər və arvadın qəribəlikləri üzə çıxmağa başlayır. Onlar bir-birilərini sevir, aldadır, hətta nifrət belə edirdilər. Evləndikdən bir neçə ay sonra Frida Dieqodan hamilə qalır. Lakin orqanizmindəki problemlər ucbatından uşağı aldırmalı olur. Bir müddət sonra Frida daha pis bir həqiqətlə üz-üzə qalır. Bir çox qadınlarla onu aldadan Dieqonun Fridanın kiçik bacısıyla sevgi müanasibəti olduğunu öyrənir. Bu əhvalat onu bərk sarsıdır. Və cütlük 1939-cu ildə boşanır. Lakin 1940-cı ildə onlar yenidən evlənirlər.
"Həyatda başıma iki qorxunc qəza gəldi. Biri keçirtdiyim avtobus qəzası, digəri isə Dieqo".
Çəkdiyi fiziki əzablara və heç bir zaman ana ola bilməməsinə baxmayaraq o, həyatı sevən, ondan zövq almağı bacaran qadın idi. O, tez-tez gecə məclisləri təşkil edər, bol-bol içki içər, çılğınca rəqs edib, mahnılar oxuyardı. Açıq-saçıq lətifələr danışıb məclisə toplaşan hər kəsi o ki, var güldürərdi. Gözəlliyi və qəribə geyimləri ilə Nyu-Yorkda, Parisdə küçələri gəzməyə çıxarkən insanlar onu çaşqınlıqla seyr edərdilər. Bir çox qadın və kişi heyranları olduğu halda əri onu bir çox qadınlarla aldatmaqla məşğul idi.
Frida Kalo Dieqonun xəyanətlərinə cavab olaraq dayanmadan ona ehtiraslı sözlərlə dolu olan səmimi məktublar yazır: "Səni sevməyə başlayanda balaca bir qız idim. İndi isə bədəni çürüməyə başlayan yaşlı bir qadınam. Əslində bütün bədənlər çürüyür Dieqo. Köhnəlir bütün bədənlər... Lakin əgər o bədəndə acı çəkməyə məhkum olunmuş bir ürək varsa, o zaman həmin bədən daha sürətlə köhnəlməyə başlayır. Səni sevdiyim gündən bəri acı çəkən bir ürəyim var. Məni anlamadın, başa düşmədin deməyəcəm. Çünki sən məni anlaya-anlaya mənə əzab verdin. Mən də səni anlamaq istədim. Bütün həyatımı, həyatımın hər zərrəsini səni anlamağa həsr etdim. Hara getdinsə, mən də arxanca ora gəldim. Nələrə güldünsə, onlara gülməyə çalışdım. Sən kimi sevdinsə, mən də onu sevdim. Hansı qadınla sevişdinsə, onunla sevişdim Dieqo... Məndə tapmayıb başqa qadınlarda axtardığın şeyləri kəşf etmək üçün sənin öpdüyün hər qadını öpdüm. Toxunduğun qadınlara toxundum. Mən sənin sevmədiklərini də sevdim Dieqo. Hər dəfəsində də yenidən dəlicəsinə sənə aşiq olub geri qayıtdım. Əslində isə səndən heç bir zaman ayrılmamışdım".
Sonralar isə o Dieqo haqqında deyirdi: "Həyatda başıma iki qorxunc qəza gəldi. Biri keçirtdiyim avtobus qəzası, digəri isə Dieqo".

Lev Trotski ilə məhəbbət və qətl

Zaman-zaman Frida Dieqodan mənən qopub öz həyatını yaşamağa başladı. Kişi məşhurlarla yanaşı qadınlarla da isti münasibətləri olan Fridanın adı ən çox aktrisa Mariya Feliks və Dolaris del Rio hallanır.
Onun sevgililəri arasında ən məşhur şəxs şübhəsiz ki, Lev Trotski olmuşdu. Sovetlər ittifaqını tərk etdikdən sonra Dieqo Riveranın Meksikanın prezidentindən xüsusi olaraq icazə alıb evinə dəvət etdiyi Trotski və onun həyat yoldaşı bir müddət onlarla yaşayırlar. Lakin bu zaman Trotski ilə Fridanın arasında qarşısıalınmaz münasibət yaranmağa başlayır. Onların əlaqəsindən xəbər tutan Trotskinin arvadı bu məsələyə çox kədərlənir. Belə olan halda onlar qonşuluqdakı mənzilə köçüb bir müddət də orda yaşayırlar. Son dəfə görüşdükləri zaman Frida öz portretlərindən birini Trotskiyə hədiyyə edərək ondan ayrılır. 1940-cı ildə isə Trotski öz evində qətlə yetirilir. Frida ilə əlaqəsi bilindiyi üçün şübhəli şəxs kimi Fridanı və bacısını polis idarəsinə aparırlar. Dieqo isə xəlvətcə Amerikaya qaçmaq məcburiyyətində qalır. İllər keçdikdən sonra Frida və Dieqo "Trotskini öldürmək üçün onu Meksikaya biz dəvət etmişdik" kimi zarafatlar edəcəklərdi.

Təcili yardımla öz
sərgisinə son gəliş...

Frida Kalo ölümünə yaxın Meksikada rəsmlərindən ibarət sərgi açdı. Sağlamlığı o qədər pis vəziyyətdə idi ki, həkimlər onu sərgidə iştirak etməməsi üçün xeyli tənbeh edirlər. Sərgiyə dəvət olunmuş insanlar salona yığışdıqdan sonra küçədən təcili yardım maşının səsi gəlir. Frida xəstəxana çarpayısına uzadılmış vəziyyətdə avtomobildən düşürülür. Çarpayı qaleriyanın düz ortasına qoyulur. O, elə uzanıqlı vəziyyətdə içki içərək insanlarla zarafatlaşır, mahnı oxuyub onları öz ətrafına toplayır.
Bu, onun son xoş günü idi. Bir müddət sonra Fridanın sağ ayağı amputasiya olundu. 13 iyul 1954-cü ildə məşhur rəssam ağciyər soyuqlaması diqanozu ilə həyatını itirir. Gündəliyinə yazmış olduğu "çıxış yolunun gözəl olacağını və əsla geri dönməyəcəyimi arzulayıram" sözləri onun intihar etməsi xəbərlərini daha da gücləndirsə də bir müddət sonra bu söz-söhbətlər unuduldu.
Vəsiyyətinə uyğun olaraq onun nəşi yandırıldı. Hal-hazırda "mavi ev" adlandırılan və muzey kimi istifadəyə verildiyi yaşadığı evdə onun əsərləri ilə yanaşı külü də qorunub saxlanılmaqdadır.
Rəssamın "Tutuquşular və mən", "Ümidsizlik", "Asılqanda qalan paltarlarım" kimi əsərləri ölümündən sonra bir çox muzeyləri bəzədi. Onun xeyli tablosu Madonna tərəfindən baha qiymətə satın alındı. 2002-ci ildə rejissor Culi Teymor "Frida" bədii filmini ekranlaşdırdı. Frida obrazını Madonna, Cenifer Lopez kimi məşhurlar canlandırmaq istəsələr də rejissor seçimi Salma Xayek olur.

TƏQVİM / ARXİV