adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ÜRƏKLƏRDƏ YAŞAYAN İNSAN...

FAİQ QİSMƏTOĞLU
92777 | 2015-01-30 08:16
Dünya heç də elə-belə yaranmayıb. Dünyanı yaradan Allah-Təala Yer üzünə öz bəndəsini göndərib. O bəndədən də insanlar törənib. Təbii ki, Allah sevgisi və Allah istəyi olan yerdə insan daha kamil, daha müdrik və daha ağıllı olur. Özü də o insanlar ki, onların qəlbində və ürəyində həmişə vətən sevgisi, xalq məhəbbəti çox güclüdür. İlk baxışdan adama elə gəlir ki, bu həyat bir axar sudur, axıb gedir. Amma həyatı axar su bilməyənlər də var, ən azından ona görə ki, onlar dünyaya gələndən sonra insanların qəlbində və ürəyində əbədi bir iz qoyublar.
Böyük şair Mikayıl Müşfiqin belə bir şeiri var:

Bu vəfasız ömür, bu coşğun dərə
Gərək boş-boşuna axığ keçməsin.
Bu gözəl cahanı sanıb pəncərə
Hər gələn sadəcə baxıb keçməsin.

...1936-cı ildə Füzuli rayonunun Alxanlı kəndində dünyaya göz açan Cəlal Həsən oğlu Həsənov da dünyaya pəncərə kimi baxmadı. Yaşadı və bu dünyada öz izini qoydu. 2007-ci ildə isə Allahın dərgahına qovuşdu. Cəlal Həsənov heç də adi insan olmayıb. O, son dərəcə ağıllı, zəhmətkeş və özünə inanan, məqsədi uğrunda mübarizə aparan əzmkar bir insan olub. O, Qarabağın məşhur Bayandurlar nəslindəndir. Bu nəsil barəsində müxtəlif tarixi kitablarda istənilən qədər məlumatlar da var. Cəlal kişi də öz əməli, savadı və əxlaqı ilə nəslin adına şərəf gətirib. O, Füzuli rayonunun Alxanlı kəndindəki orta məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirir və Tibb Texnikumuna daxil olur. Tibb Texnikumunda da təhsil alarkən öz bacarığı və istedadı, zəhməti ilə tələbə yoldaşlarından seçilir. Həmin məktəbi də Cəlal Həsənov əla qiymətlərlə bitirir və Tibb İnstitutuna imtahansız qəbul olur.
Ali təhsil alandan sonra doğma yurduna - Alxanlı kəndinə qayıdır və burda həkimlik fəaliyyətinə başlayır. Elə ilk gündən xəstələrin və ona müraciət edənlərin böyük hörmətini qazanır. Ən ağır xəstələri Cəlal həkimin yanına gətirirlər, o da müayinə edərək xəstəyə düzgün diaqnoz qoyur və onu sağalanadək müalicə edir. Məhz bu keyfiyyətləri Cəlal Həsənovu kənd camaatının gözündə və nəzərində daha da yüksəldir. Xeyir-şərdə camaat onu görəndə qabağına yeriyib görüşər və xəstələrini sağaltdığına görə minnətdarlıq eləyərdilər. Cəlal həkim də "bu, bizim borcumuzdur", - deyərdi.
Bu gün ölkədə Cəlal həkim kimi savadlı, istedadlı, təmiz və dünya malında gözü olmayan həkimlər çox deyil. Elə bu həkimi də el-obanın, Alxanlı camaatının ürəyində yaşadan onun təmizliyi və dünya malında gözü olmaması olub. Təbii ki, insanda bir çox xüsusiyyətlər və xasiyyətlər irsən, qanla keçir. Həmin kişinin də qanında Bayandurlar nəslinin qanı olub. Məhz bu cür kişilər həmişə mərd, mübariz və insanlara qarşı səmimidirlər.
Cəlal Həsənov nə az, nə çox, düz 40 il Alxanlı kənd xəstəxanasında baş həkim işləyib. Bayaq dediyimiz kimi, bu 40 ildə onun el-oba qarşısında üzü həmişə ağ, alnıaçıq olub. Ən azından ona görə ki, kiməsə yaxşılıq edəndə həmin adamların boynuna minnət qoymayıb. Vaxtilə onunla bir yerdə işləyən, indi sə respublikanın tanınmış həkimlərindən olan Tapdıq həkim, Miryaqub həkim və Rafiq həkim bu gözəl insan haqqında xoş sözlər və xatirələr söyləyirlər. Tibb elmləri namizədi, kardioloq-həkim Rafiq Yusifli deyir ki, biz həkimliyi də, insanlığı da Cəlal həkimdən öyrənmişik. O özü bir həyat məktəbi idi. Kim onunla ünsiyyətdə olurdusa, söhbət edirdisə, Cəlal həkimdən müsbət enerji alırdı. Heç vaxt özünü baş həkim kimi aparmaz, sadə və səmimi görünüşü ilə hamıya hörmət bəsləyərdi. Belə insanlar heç vaxt nə bizim, nə də o camaatın yadından çıxan deyil...
Cəlal Həsənovun 4 övladı var. onlardan 1-i oğlan, 3-ü qızdır. Oğlu Müşfiq Həsənov atasının yolunu davam etdirir.
Azərbaycan Dövlət Tibb İnstitutunun "Ümumi cərrahiyyə" kafedrasının doktorantı, tibb elmləri üzrə fəlsəfə doktorudur. Çox qəribə də olsa deməliyik ki, oğullar atalarının yolunu davam etdirəndə o ataların ruhu da şad olur...
Müşfiq Həsənov respublikanın tanınmış cərrahlarından biridir. Elə bu sətirlərin müəllifini də ötən ilin aprelində ölümün pəncəsindən Müşfiq Həsənov alıb. Əməliyyatdan sonra onun çöhrəsini tər basmışdı. Dedim ki, həkim, məni sən xilas elədin və ölümdən qurtardın. O isə təmkinlə bildirdi: "Səni mən yox, Allah qurtardı. Az qala açıq əməliyyata keçmişdim. Görünür, sən də Allahın sevdiyi bəndələrdən birisən".
Yaxşı insanlar həmişə qəlblərdə, ürəklərdə yaşayırlar. Onlar dünyasını dəyişsə də, haqq dünyasına qovuşsa da heç vaxt yaxşılıq etdiyi adamların yadından çıxmırlar. Onların ürəyində və qəlbində həmişə yaşayırlar. Ruhun şad olsun, Cəlal həkim!..
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV