adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Yanvar 2015 09:15
1907
GÜNDƏM
A- A+

HƏFTƏNİN SORĞUSU

İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə, dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...

VERDİYİMİZ SUALLAR:

- 1-ci sual: Son zamanlar paytaxt sakinlərinin ən çox istifadə etdiyi metroda müxtəlif problemlər yaşanır. Və bunlar da əhalinin ciddi narazılığına səbəb olur. Sizcə səlahiyyətli qurumlar niyə bu məsələləri yoluna qoymur?
- 2-ci sual: Facebookda dostlarınız varmı? Varsa onlarla müntəzəm yazışırsınızmı?
- 3-cü sual: Siz ulduz falına, ümumiyyətlə, fallara inanırsınızmı?

1. - Qabil: (ev, torpaq alqı-satqısı ofisində işləyir) Şəxsən özüm gündəlik metrodan istifadə etməsəm də uşaqlarım gedib-gəlir. Son vaxtlar doğrudan da metrodakı problemlər məni də çox narahat eləyir. Hər gün bir xəbər eşidirik. Belə olmaz axı. Gah xəbər gəlir ki, qatar tuneldə qaldı, gah deyirlər, qatarda nasazlıq varmış, gah nə bilim nələr...
Hər dəfə də adam belə şeyləri eşidəndə bağrı çatlayır. Vallah, hər dəfə də fikirləşirəm ki, yəqin bundan sonra işləri qaydasına qoyarlar. Amma hanı? Yenə həmin tas, həmin hamam. Bunun da səbəbini bizdən yox, yuxarıda oturanlardan soruşmaq lazımdır...g
2. - Mənim feysbukda-zadda nə işim var? İşim gücüm qurtarmışdı... Səhər tezdən çıxıb ofisə gəlirik, axşamacan buralarda otururuq ki, bir müştəri tutaq, beş-on manat da pul biz qazanaq. Elə işlərlə indi cavanlar çox məşğul olur.
3. - Mən ömrümdə heç bir fala-filana inanmamışam, yəqin bundan sonra da inanmayacağam.
1. - Sabir: (topdansatış şirkətində fəhlə) Həqiqətən də metronun xarabı çıxıb. Əvvəllər heç belə şeylər olmurdu. İndi heç olmasa həftədə bir dəfə bir hadisə çıxır ortalığa. Görün nə vəziyyət yaranıb ki, çox vaxtlar metroda qatarı da avtobus qədər gözləyirik. Belə metro olar? Tay bunun da "probkası"-zadı yoxdu ki?
2. - Belə götürəndə hamı kimi mən də feysbukda varam. Amma demək olmaz ki, həmişə girib kimlərləsə yazışıram. Mən aradabir, vaxt olanda girirəm. Bir də onun nə xeyri var ey, boş-boşuna onu yaz, bunu yaz. Noolsun ki...
3. - Düzünə qalsa indi ulduz falını deyə bilmərəm, amma fala inananlar çoxdu. Elə falçılar da az döyül. Şəxsən mən o cür şeylərə çox da inanmıram. Nəyin necə olacağını Allahdan başqa kim bilər ki? Heç kim. Ona görə də belə şeylərdən uzağam.

1. - Gülzar: (iş yerini söyləmədi) Doğru deyirsiz. Son vaxtlar o qədər problemlər ortaya çıxıb ki, adam metroya düşməyə də qorxur. Amma metrosuz da olmur. Hər gün işə-gedib gəlirik. Avtobusların ümidinə qalsaq işimiz çox çətin olar. Çünki bu qədər yolu avtobusla getmək üçün gərək evdən iki saat qabaq çıxasan. Hələ indiki tıxacları da götürsən gərək hər gün işə yubanasan. Bu da olmaz. Mənə elə gəlir ki, hökumət nümayəndələri işi qaydasına qoymaq üçün mütləq bir tədbir görməlidirlər. Yoxsa bu havaxtacan davam edəcək ki...
2. - Əlbəttə, mən də feysbukda tanıdıqlarımla yazışıram. Çoxdan görmədiyim yaxın adamlarla hal-əhval tuturam. Beləcə bir-birimizin iş-gücündən xəbərləşirik. Məncə feesbuk yaxşı şeydi. Onu düzgün istifadə edən üçüng
3. - (gülür) Yüzdə-yüz inanıram demək düz deyil, amma maraqlanıram. Falçıyasa getməmişəm. Amma bir dəfə xalam gildəydim, ora bir nəfər gəlmişdi. Falçıydı. Həmin qadın elə şeylər dedi ki, bir çoxu düz çıxdı. Belə də, həm inanıram, həm də yox.

1. - Malik: (bərbər) Allaha çox şükür ki, mən hər gün metroya minmək məcburiyyətində deyiləm. Evimiz işlədiyim yerə çox yaxındı. Piyada cəmi on dəqiqəlik yoldu. Metodakı problemlər isə məncə müvəqqəti şeylərdi. Yəqin ki, tezliklə qaydasına salarlar. Buna məcburdurlar. Çünki görün hər gün nə qədər insan metrodan istifadə eləyir. O da olmasa camaat neyləyər?
2. - Yox, müəllim, mənim belə şeylərlə heç aram olmaz. Ümumiyyətlə, kompüteri çox nadir hallarda əlimə alıram. O da uşaqlar nəyisə mənə göstərmək istəyəndə özləri gətirir. Mənimki, işdi, bir də evdə xırda-para işlərlə məşğul olmaqdı. Vəssəlam.
3. - (gülür) Mənim fala-mala inanam vaxtım çoxdan keçib. Hansı növü olursa-olsun.
1. - Adını söyləmədi: (özəl şirkətdə işləyir) Hə, son vaxtlar metronun da zayı çıxıb. Adamların işə tez gedib gəldiyi bir metro qalmışdı, o da avtobuslar kimi işləməyə başlayıb. Problemlər bir yana qalsın, qatarı durub neçə dəqiqə gözləyirsən ki, gəlib çıxsın. Əvvəllər vallah, belə deyildi.
2. - Belə də. Demək olmaz ki, istifadə eləmirəm. Amma bəziləri kimi xəstəsi də deyiləm. Qaydasında.
3. - Əslində tam demək olmaz ki, inanıram. Tam demək də olmaz ki, qəti maraqlanmıram. Məşhur bir söz var ey: deyir, fala inanma, faldan da qalma. Baxın mən də elə...g

1. - Süleyman: (iş yerini söyləmədi) Düzü, mən metrodan istifadə eləmirəm. Öz maşınım var, hara lazımdısa gedirəm. Ona görə də dediyiniz problemlərdən heç xəbərim yoxdu. Tədbir barədə soruşursunuzsa, məncə o dediyiniz səlahiyyətli qurumların başında oturanların da olanlardan yəqin xəbəri yoxdu. Çünki onlar da metroya minmirlər axı. Haradan biləcəklər ki?..
2. - Lap əvvəlki dövrlərdə istifadə eləmişəm. Amma neçə illərdi ki, belə şeyləri buraxmışam. Həm marağım qalmayıb, həm də vallah, o qədər iş-güc olur ki, başqa işlərə macal belə tapa bilməm.
3. - Yox, nüəllim, fal-filan mənlik deyil. Necə deyərlər mən reallığın adamıyam...