adalet.az header logo
  • Bakı 19°C
29 Yanvar 2015 22:00
1833
MƏMLƏKƏT
A- A+

50 tona yaxın ərzaq satışdan çıxarılıb

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti regionlarda istehlakçıların maarifləndirilməsi tədbirlərini 2015-ci ildə də davam etdirir. 


Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bu ilin ilk belə tədbiri yanvarın 29-da 250-dən çox istehlakçının, aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə Şəmkirdə keçirilib.

Tədbirdə istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə geniş məlumat verilib. Bildirilib ki, 2014-cü ildə həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 49,3 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Qeyd olunub ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri də mühüm əhəmiyyət daşıyır. Əvvəlki illərdə olduğu kimi, ötən il ərzində də Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilib, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatlar yayılıb, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanıb. Təkcə 2014-cü ildə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 88 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb.

Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam edib. Çıxışlarda maarifləndirmə işlərinin əhəmiyyəti bir daha vurğulanıb, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olması, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub. Tədbir iştirakçılarına məlumat verilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

Tədbirin sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.