adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

GÖY üZüNƏ UçAN RUHLAR

FAİQ QİSMƏTOĞLU
36645 | 2009-05-18 23:43
Deyirlər ki, insan rəhmətə gedəndən sonra onun ruhu göylərə uçur. Bunun nə dərəcədə həqiqət olduğunu deyə bilməsək də, amma bir şeyi yaxşı bilirik ki, nə vaxtsa bizim üçün əziz olan və dünyasını dəyişən insanlar yuxumuza girəndə deyirlər ki, onun ruhu ölməyib. Elə yuxuya girən də və bizi silkələyib narahat eləyən də həmin insanların göylərə çəkilən ruhlarıdır. Bu ruhlar yer üzünə gələndə kimlərinsə yuxusuna girir və ona sanki yeni nə isə danışır.
   
   Bir neçə gün bundan əvvəl vaxtilə "Ədalət"in bünövrəsini qoyan yazarlardan biri olan, gözəl insan, hüquqşünas, dostumuz Əliyusif Məmmədov yuxuma girmişdi. Bu, o Əliyusif idi ki, heç vaxt həqiqəti üzə deməkdən çəkinməz idi. Hətta ən yaxın adamlarına bu həqiqəti deyəndə o, heç vaxt utanmazdı. Deyərdi ki, ona görə sizin səhv cəhətinizi xatırladıram ki, gələcəkdə onu təkrar eləməyəsiniz. Əliyusif müəllim bir müddət bizdə işlədikdən sonra prokurorluq orqanlarına keçdi, Astara rayonunda prokurorun köməkçisi və digər vəzifələrdə çalışdı. Uzun müddət onu görmədik. Bir dəfə özü durub redaksiyamıza gəlmişdi ki, bizə qonaqlıq versin. Onda da bərk xəstə idi. Bizə qonaqlıq verdi, bir də eşitdik ki, Əliyusif Məmmədov dünyasını dəyişib. Deyirəm bəlkə ona görə Əliyusif müəllim redaksiyamıza gəlmişdi ki, bizdən halallıq alsın. Halallığını aldı və haqq dünyasına qovuşdu.
   
   Qəzetin 20 ilə yaxın bir zaman kəsiyində neçə-neçə kollektivimizdə işləyən yazarlar dünyasını dəyişib. Fikirləşdim ki, bu yaz günündə onları yada salaq ki, heç olmasa qəbirlərini ziyarət eləyə bilməsək də, qoy ruhları şad olsun. Rəhmətlik Mayıl Cəbrayılov, Ərşad Mirzə, Elcan Məmmədov, Yusif İsmayıl, Pərviz Əliyev, Nəriman Səttaroğlu tez-tez mənim yuxuma girirlər. Mən də hərdən onların ruhuna yasin oxutdururam. Əlimizdən başqa nə gəlir . Amma nədənsə bir dəfə biz onların məzarlarını ziyarət eləməyə belə tənbəllik eləyirik. Bilmirik ki, sabah bizim başımıza nə gələcək və bizim başımıza bir hadisə də gələndə elə başqaları da bizi nə axtaracaq, nə də tapmağa və baş çəkməyə tələsəcək.
   
   Rəhmətlik Mayıl müəllimlə uzun müddət yoldaşlıq eləmişik. Hətta biz tələbə olanda jurnalistika fakultəsinin tələbəsi kimi "Bakı" qəzetində şöbə müdiri işləyən Mayıl müəllimin yanında təcrübədə də olmuşuq. Onda "Bakı" qəzetinin redaktoru rəhmətlik Nəsir İmanquliyev Mayıl müəllimi yanına çağırıb dedi ki, bu tələbələrə şərait yaradın ki, qəzetdə məqalələri çıxsın. Mayıl müəllim də o şəraiti bizə yaratdı. Son dərəcə səliqəli, zəhmətkeş və peşəkar bir jurnalist olan Mayıl Cəbrayılovdan o vaxtlar çox şey öyrəndik. "Ədalət"də bir yerdə işləyəndə isə Mayıl müəllim bizimlə yaş fərqinə baxmayaraq, dostluq eləyir, ezamiyyətdə olanda kimsə bizə bir tikə çörək verirdisə, o deyərdi ki, qardaş, bunun halallığını ver. Bizdən yaşca böyük olmağına baxmayaraq, çox gözəl yoldaşlığı və bizim hər cür şıltaqlığımıza dözməyi bacaran adam idi.
   
   On il bundan qabaq Məhəmmədəli Mustafa Kürdəmirdə avtomobil qəzasına düşəndə və onun yanındakı sərnişinlərdən biri dünyasını dəyişəndə elə birinci Məzahir Əhmədoğlu özünü ona çatdırmışdı. Bu günlərdə isə eşitdik ki, Məzahir müəllim özü də Mərkəzi Neftçilər xəstəxanasında ürəyindən yatır. Amma sən demə, onun ürəyinin iki damarı tutulubmuş. Bunu eşidib təcili bir neçə dostla, daha doğrusu, vaxtilə bizim qəzetdə işləyən, indi isə "Azərbaycan" qəzetində məsul katibin müavini vəzifəsində çalışan Daşdəmir Əjdəroğlu ilə ona baş çəkdik. Yarım saat ona təsəlli verdik. Gördüm ki, Məzahir müəllim əməliyyatdan bərk qorxur. Amma dedim ki, ay Məzahir, Allahın köməkliyi ilə bu əməliyyatdan sağ-salamat çıxacaqsan. Çünki sən həmişə yaxşı işlər görmüsən və Allah da bu yaxşı işlərə görə sənə kömək olar. Allah qoysa, əməliyyatdan çıx və sağ-salamat ailənin yanına qayıt, bilirsən ki, mən içki içən adam deyiləm, amma sənin əməliyyatdan sağ-salamat çıxmağının şərəfinə əlli qram "Göyçay" konyakı içərəm. Bu sözlərdən sonra Məzahirin çöhrəsində işıq bir az da artdı. Ancaq biz ondan ayrılanda yenidən kövrəldi və ağladı. Bəlkə də bizim gəlişimiz onu kövrəltmişdi. Bəlkə də Məzahir elə bilirdi ki, bu bizim onunla son görüşümüzdü. Şükür ilahinin dərgahına ki, Məzahir Əhmədoğlu ürək əməliyyatından çox yaxşı çıxdı. İndii özünü yaxşı hiss eləyir. Tez-tez özü ilə danışa bilməsək də, anam-bacım olsun, həyat yoldaşı ilə danışırıq. Bu günə də şükür ki, bir dostumuzu Allah-Təala yenidən həyata qaytardı.
   
   Tələbə dostum Rəhman Salmanoğlu ilə işlədiyimiz yerdə aramızda iki mərtəbə fərq olsa da, gec-gec görüşürük. Ya təsadüfən dəhlizdə, ya da yeməkxanada bir-birimizlə üzləşirik. Bu yaxınlarda görüşəndə dedi ki, bəs xəbərin oldu tələbə yoldaşımız, gözəl şair Əli Səfəroğlu rəhmətə gedib. Bu sözü eşidəndə donub yerimdə qaldım. Çünki Əli Səfəroğlu çox istedadlı və şirin bir adam idi. Həm də yaxşı tamada idi. Biz tələbə olanda çoxlarımızın ad gününü, hətta toyunu o aparardı. O qədər şirin və o qədər gözəl danışırdı ki, hətta müəllimlərimizin də onun tamadalığından xoşu gəlirdi. Aşıq Əhliman tez-tez televiziya çıxışlarında aşıq mahnılarını oxuyarkən Əli Səfəroğlunun şeirlərindən istifadə edir. Bu günlərdə o, televiziyada çıxış edəndə dedi ki, bu sözlər rəhmətlik Əli Səfəroğlunundur. İndi Allah-Təala Əli Səfəroğlunu da öz dərgahına aparıb. Tələbə yoldaşlarımızın da artıq yarpaq tökümü başlayıb. On il bundan əvvəl gözəl yazıçı və səmimi insan Qismət Babayev dünyasını dəyişdi. Sonra bu yaxınlarda Ağalar Mirzə Allahın dərgahına qovuşdu. Bir vaxtlar bizim qəzetdə işləyən imişlili Vaqif Əliyev rəhmətə getdi. Tələbə yoldaşımız Azər də dünyasını dəyişib. Təbii ki, insan nə vaxtsa dünyaya gəlirsə və bir vaxtlar da köçünü yığıb getməlidir. Amma başqalarından fərqli olaraq yazıçını, şairi və jurnalisti bu dünyada yaşadan onun ölməz sözləri, yaratdığı əsərlərdir. Bizim də qələm yoldaşlarımızın bəziləri dünyasını dəyişsələr də, amma onlar Azərbaycan ədəbiyyatında və mətbuatında öz izlərini qoyub gediblər.
   
   Heç özüm də bilmədim ki, niyə bu mövzuda bir nisgilli yazını qələmə aldım. Bəlkə də ona görə ki, rəhmətə gedən iş və qələm yoldaşlarımızdan bir neçəsi yuxuma girmişdi. Elə bu yazını yazmaq özü də hardasa dünyasını dəyişən o dostlarımızın ruhunu bəlkə də sakitləşdirər.
   
   Ancaq bir həqiqət var ki, gəlin etiraf edək biz əksər vaxtlar dünyasını dəyişən, xəstə olan, işdən çıxan dostlarımızı uzun müddət unudub yaddan çıxarırıq. Hətta bəzən onların yas məclislərində belə iştirak etmirik. Axı bunu Allah bizə bağışlamaz. Uzun illər bir adamla dostluq eləyirsən, çörək kəsirsən və sonra da onun ən ağır günündə - dünyasını dəyişəndə yas məclisində iştirak eləmirsən. Bəs onda görəsən, biz həmin adamların ruhları qarşısında demirik, övladları qarşısında özümüzü necə hiss edirik? Onların gözünün içinə baxa bilirikmi? Bax, elə əsas məsələ də budur. Gəlin, biz dostlarımızın ağır günlərini, onların övladalarının atasız anlarını heç vaxt unutmayaq. Övladlarının toy məclislərində iştirak edək, onların məzarlarını ziyarət eləyək. Heç olmasa, hərdən-bir bayram günlərində belə dostların evlərinə telefon açıb onların ailəsini və balasını sevindirək və bayramlarını təbrik edək. Bax, onda biz hardasa öz günahımızı yumuş oluruq, rəhmətə gedən dostlarımızın ruhunu şad eləyirik.
   
   

TƏQVİM / ARXİV