adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Yanvar 2015 20:56
1692
GÜNDƏM
A- A+

Bələdiyyələrə əlavə səlahiyyət verildi

Nazirlər Kabineti"Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nda dəyişikliklər edib.


Adalet.az-ın məlumatına görə, qaydalara əsasən indiyə qədər dövlət orqanları tərəfindən xüsusi icazə sahiblərinin fəaliyyətinin əşyaların dövriyyəsinin şərtlərinə uyğunluğunun yoxlanılması, bir qayda olaraq, ildə bir dəfə növbəti yoxlamalar əsasında keçirilib.

 

Dəyişikliyə əsasən bundan sonra sahibkarlar istisna olmaqla xüsusi icazə sahiblərinin fəaliyyətinin əşyaların dövriyyəsi şərtlərinə uyğunluğunun yoxlanılması məqsədilə ildə bir dəfə növbəti yoxlamalar aparılacaq. Digər dəyişiklik də sahibkarlarla bağlı məqamla əlaqədardır. İndiyə qədər mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə müvafiq səlahiyyətli dövlət orqanlarına dövlət orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin müraciətləri daxil olduqda, xüsusi icazənin sahibi olan fiziki şəxs vəfat etdikdə, hüquqi şəxs ləğv olunduqda və xüsusi icazənin sahibi olan hüquqi şəxsin yenidən təşkili olduqda yeni xüsusi icazənin verilməsi üçün növbədənkənar yoxlamalar keçirilib. Bundan sonra bu hallarda sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar yoxlamalar keçiriləcək.

 

Üçüncü dəyişiklik isə bələdiyyələrə yeni səlahiyyət verilməsi ilə əlaqədardır. Bundan sonra yerli özünüidarəetmə orqanlarının da mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə müraciəti daxil olduqda müvafiq dövlət orqanı növbədənkənar yoxlamalar apara biləcək.