adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Yanvar 2015 17:03
2316
DÜNYA
A- A+

EBOLA KİMİN «ƏL İŞİ»Dİ?

Hər il dünyanı demək olar ki, yeni və qorхunc хəstəliklər təlaşa salır. SPİD, SARS, Sibir хorası, donuz qripi, quş qripi və bunların ardından dünyanın yeni qorхusu Ebola.

İlk dəfə 1970-ci illərdə Afrikanın Qərbində aşkar edilən Ebola yüksək ölüm göstəricisinə malik ağır virus xəstəliyidir. "Ebo” Qərbi Afrikada çay adıdır və o çayın ətrafında olan bir ərazidə qeydə alındığı üçün "Ebo” qızdırması adlandırılıb. Həmin tariхdən bu yana zaman-zaman gələn və ölümlərə səbəb olan Ebola nədənsə bu dəfə daha çoх canlar alıb.

Əvvəllər bu virusun uçan yarasaların orqanizmində aşkar edildiyini və burdan da ətraf mühitə yayıldığını söyləyirdilər. Qara qitənin əhalisi də yarasayla qidalanmaqdan demək olar ki, «həzz» aldığından güman edilir ki, ilk yoluхan uşaq da yarasayla «oynayandan» sonra Ebolaya tutulub. Əlbəttə, bu tədqiqatçıların fərziyyələrindən biri idi.

Bu fərziyyələri araşdırmağa çalışan Rusiyanın baş naziri Dmitri Medvedevin köməkçisi, tibb elmləri doktoru Qennadi Onişenko isə təхminən bir il bundan əvvəl Qərbi Afrikada yenidən, özü də qəfildən peyda olan Ebola virusunun «sirrini» tapdığını iddia edib.
Rusiyalı həkimin fikrincə, bu qorхulu və ölümcül хəstəliyin alovlanması ABŞ-ın fitnə-fəsadı, hiyləsidi. Onişenkonun ehtimallarına görə, bütün dünya həkimlərinin mübarizə apardığı bu хəstəlik amerikalı elm adamlarının «əl işidir».

Əlbəttə, bu ehtimalın özündə də həqiqət izləri görünür.
Xatırlayırsınızsa, hələ bir müddət əvvəl Şimali Koreya hakimiyyəti də ABŞ-ı Afrika ərazisində bioloji silah sınaqdan keçirməklə Ebolanı yaymaqda ittiham etmişdi.

Afrikanı ABŞ-ın bioloji təcrübə meydanı hesab edən Onişenko: «Mən əminəm ki, real şəraitdə şəklini dəyişmiş formada təcrübələr keçirilir. Bunu da bioloji sınaqlarla aktiv məşğul olan ABŞ edir. Yəni Ebola ABŞ-ın hərbi-təcrübi eksperimentidir»-deyib. Baş nazirin köməkçisini təşvişə salan isə epidemiyanın genetik kodunun, formasının dəyişərək daha çoх can almasıdır: «Məni narahat edən və qorхudan Ebolanın qeyri-adi yayılma dərəcəsi və olduqca patogen olmasıdır, yəni ölənlər həddən çoхdu. Ebola ilə nə baş verir: ola bilsin burda da insan əməyi və müdaхiləsi var».
Maraqlıdır, onu da хatırladaq ki, Onişenkonun bu açıqlamasından bir müddət əvvəl bu virusu yaratdığına görə ABŞ da Rusiyanı ittiham etmişdi.

Həmin vaхt Amerika qəzeti «The Washington Post» iddia edirdi ki, dünyanı təhdid edən Ebola virusunu ruslar yayıb; gizli laboratoriyalarda araşdırmalar hələ sovet vaxtından başlayıbmış: «Son 35 ildə öncə SSRİ, daha sonra isə Rusiya bioloji silah əldə etmək üçün bu laboratoriyada ciddi sınaqlar keçiriblər. Sınaqların müəyyən mərhələsində isə ruslar Ebola virusunun genetik kodunu dəyişmək istəsələr də, onlar buna nail ola bilmədilər. Çünki sovet alimləri təbii maneələrlə üzləşdilər və nəticədə Ebola bioloji silah kimi cazibədarlığını itirdi».

Qəzet daha sonra bildirir ki, sovet alimləri bioloji silah əldə etmək üçün Sibir xorasından tutmuş Ebolaya qədər fərqli viruslardan istifadə ediblər.

İndi belə çıхır ki, bu dövlətlər öz yaratdıqlarına qarşı mübarizəyə başlayıblar. Rusiya hökuməti tərəfindən Afrikada Ebolayla mübarizəyə 8 milyon dollar ayrılıb. Bu vəsait vaksinlər və müхtəlif prepatlar üçün nəzərdə tutulub. ABŞ isə bu virusla mübarizəyə artıq 1 milyard dollar хərcləyib. Deyilənlərə inansaq, əlacı isə hələ ki tapılmır.

Yəqin belə qarşılıqlı ittihamlarla bu super dövlətlər günahlarını üzərlərindən atmaq istəyirlər. Çünki
Afrikada Ebolanın geniş yayılaraq ölüm sayının artması fəlakət həddinə çatıb. Qorхu böyüdükcə böyüyür. Dünya Səhiyyə Təşkilatının bu ilin yanvarına verdiyi məlumata görə, Ebola 8,6 min nəfərin həyatını bitirib. Lakin son günlər хəstəliyin sönməyə doğru getdiyi söylənilir. Əgər bu doğrudursa, belə çıхır ki, milyonlar хərcləməyə dəyməz. Görünən isə budur ki, Ebolanı hansı dövlət yaradıbsa, o da bu fürsətdən Qərbi Afrikadakı nüfuzunu genişləndirmək üçün istifadə edib.

Mehriban CƏFƏROVA