çOBANLAR TüTƏK çALMAQDAN iMTiNA EDiB

ETİBAR CƏBRAYILOĞLU
34060 | 2009-04-04 02:17
Azərbaycanın daşı ağırdı. O qədər düşmənimiz var ki, saymaqla qurtarmaq olmur. Yağı düşmən yatmaq bilmir, gecə-gündüz hər addımımızı izləyir. Bir yandan da statistika ermənilərə göz dağı olub. Rəsmi rəqəmlərdən də görünür ki, Amerika Birləşmiş Ştatlarına çatmışıq, bir-iki ilə vurub ABŞ-ı keçəcəyik. Yaxın vaxtlarda kosmosa asfalt yol çəkəcəyik. Göyə gedib-gəlmək də havayı olacaq. Uğurlarımızı həzm edə bilməyən düşmən ayağımızı qazmaqla məşğuldu. Bədbəxtlər elə bilirlər ki, hər yer qazan neft quyusu tapır.
   
   Rəqibi həmişə qiymətləndirmək lazımdı. Yoxsa məğlubiyyət bir gün gəlib sənin qapını döyəcək. İş-işdən keçəndən sonra isə gec olacaq. Ötən il Lixtenşteyn yığmasını lazımınca qiymətləndirmədik. Sonu da hamıya məlumdu. Kisəylə maaş alan futbolçularımız həvəskarlardan ibarət rəqibin qapısına yol tapa bilmədilər. Belə misallar çoxdu. Düşmən hər işimizdə nöqsan axtardığından, buraxdığımız ən kiçik "quşu" fil yekəlikdə təqdim etdiyindən gərək addım atanda diqqət yetirək. Başqa sahələr öz yerində, bu dəqiqə şair və yazıçılarımızdan, bəstəkar və müğənnilərimizdən böyük məsuliyyət tələb olunur. Yazı-pozumuza, oxuyub-oynamağımıza gərək ciddi fikir verək. Heç kim bizi qınamaq üçün fürsət tapmasın. Nəzərə almaq lazımdı ki, sənətçilərimizə dünyanın hər yerində qulaq asır, onların oxuduğu restorana düşmək üçün qapı-pəncərə sındırırlar. Buralardakı şadlıq evlərini fəth edən müğənnilər Amerikada, Rusiyada, Çində və digər ölkələrdə toy tuturlar. Bu üzdən diqqətli olmaq gərək. İndi səhv eləmək vaxtımız deyil.
   
   Elə götürək "Qaragilə" mahnısını. Bu gün həmin mahnı əksər müğənnilərimizin repertuarındadı:
   
   
   
   Sil gözün yaşın
   
   Qaragilə, ağlama bəsdi.
   
   
   
   Necə yəni sil gözün yaşın? Belə çıxır ki, burda hər gün Qaragiləni döyür, incidir, onunla kobud davranır, insan kimi hüquqlarını pozurlar.
   
   Yaz fəsli öz nəfəsi ilə bizi sevindirdiyindən bu mahnını hər gün bir neçə dəfə eşidirik:
   
   
   
   Çobanların tütək səsi
   
   Deyir yaz gəldi, yaz gəldi.
   
   
   
   Bu nə deməkdi? Guya bizim çobanlar o qədər geri qalıblar ki, hələ də qoyun-quzunu tütək səsiylə oyadırlar? Axı reallıq tamam başqa şey deyir. İndi çobanlarımızın hər birinin cibində mobil telefon var. Özü də ən yeni model, zəngimsel də öz yerində. Mobil telefonunda gül kimi mahnılar ola-ola hansı çoban tütək çalar? Biz çobanlarımızı geridəqalmış kimi təqdim edib düşmənlərimizi sevindirməklə nə qazanırıq?
   
   Başqa bir mahnıya diqqət edək:
   
   
   
   Bağa girdim üzümə,
   
   Tikan batdı dizimə.
   
   
   
   Bunu oxuyan müğənnini efirə kim buraxıb? Üzüm bağlarını çoxdandı bələdiyyələr camaatımıza "paylayıb". İnsanlar da üzüm bağlarının yerində villa tikib xan-bəy kimi dolanır. Özü də həmin villaları qoruyan mühafizəçilər harda ölüb ki, sən bağa girə bilmisən, hələ ayağına tikan da batıb? Erməni Aşot haranın itidi ki, belə şeylərə görə bizə gülsün?
   
   Nə qədər ki, bəzi oxuyanlarımız var , bizə düşmən lazım deyil. Partiya və hökumətimizdən fəxri ad, mükafat, ev almaqlarına baxmayaraq, hər gün efirdə, səhnədə ağlaşma qururlar:
   
   
   
   Bir xoş gün görmədim,
   
   mən bu dünyada.
   
   Gör nə dərdə düşdüm
   
   cavanlıqda mən.
   
   
   
   Elə ermənilərə də bu lazımdı. Bütün dünyaya car çəkəcək, hər yerdə əleyhimizə təbliğat aparacaqlar. Guya bizdə cavanlar xoş gün görmür. Halbuki Gənclər və İdman Nazirliyi cavanlarımız üçün kompleks tədbirlər həyata keçirir. Gənclər şəhərciyində tikilən yeni göydələnlərdə cavanlarımız şad-xürrəm yaşayırlar. Yeni körpələr dünyaya gətirir, bu barədə qarşıya qoyulan beşillik planı üç il on iki ayda yerinə yetirirlər. Xoş gün daha necə olur ki? Bu yerdə bir neçə il öncə böyük şairimiz Vaqif Bayatılı Odərlə yazdığım müsahibə yadıma düşdü. Müsahibədə Vaqif bəy söylədi ki, bəziləri bir milyon qaçqınımız var deyib, haray salmaqla ermənilərə oxşamaq istəyir. Biz ağlamaqla ermənilərin bazarına girə bilmərik. Onlar bu bazarı çoxdan tutublar. Biz hər yerdə deməliyik ki, bir milyon əsgərimiz var.
   
   Yazıçı və şairlərimiz, bəstəkar və müğənnilərimiz hərdən səhv buraxmaqla bizi çətin vəziyyətə qoyurlar. Belə mahnılardan çox sitat gətirmək istəmirəm. Düşmənlərimiz də elə bunu gözləyir. Gəlin, bu fürsəti onlara verməyək. Qoy yana-yana qalsınlar...
   
   

TƏQVİM / ARXİV