adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Yanvar 2015 13:25
8142
MƏDƏNİYYƏT
A- A+

Bakıda Beynəlxalq Kollokvium başlayır

30-31 yanvar tarixlərində Bakıda növbəti beynəlxalq tədbir keçiriləcək.

Adalet.az xəbər verir ki,"Kitabi - Dədə Qorqud və Fridrix fon Dits – 200" Beynəlxalq Kollokviumu adlanan tədbir Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz türk dastanı "Kitabi - Dədə Qorqud”un alman diplomatı, şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunur.

Beynəlxalq Kollokvium "Kitabi- Dədə Qorqud” dastanının təbliğatı məqsədi ilə 2015-ci il boyu keçirilicəyi nəzərdə tutulan geniş tədbirlər planı hazırlayıb.

Kollokviumda Azərbaycanla yanaşı, Avropa ölkələrindən, Türkiyədən məşhur qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar iştirak edəcəklər.Müzakirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetində keçiriləcək.

50-dən çox yerli və xarici elm adamlarının, mətbuat nümayəndələrinin iştirakı ilə keçiriləcək Beynəlxalq Kollokviumda "Kitabi - Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, Kollokvium üzvlərinin yekdil rəyi əsasında qərar qəbul olunacaq.

Beynəlxalq Kollokviumun üzvləri əsasən xarici, iştirakçıları isə yerli elm adamlarıdır. Tədbirdə Azərbaycanın milli və dini icmalarının nümayəndələri - xristian, katolik, udin, alman, yəhudu və başqa icmaların rəhbər şəxsləri iştirak edəcəklər.
Kollokviumun fərqli cəhətlərindən biri ondan ibarətdir ki, müzakirələrə filoloqlarla yanaşı, riyaziyyatçılar, fiziklər, geoloqlar, türkoloqlar, bir sözlə, müxtəlif sahələrin elm adamları qatılacaqlar.