AYRILIQ HƏSRƏT YOL DÜNYA SEVGİ...

VAQİF YUSİFLİ
45602 | 2015-01-29 01:55

O, Bakıdan-qaynar ədəbi mühitdən iki yüz kilometr uzaqda - Cəlilabadda yaşayır. Bu rayon təkcə maddi sərvətləri ilə deyil, Səs və Söz mühiti kimi də məşhurdur. Azərbaycan musiqi mədəniyyətinə və milyonlarla dinləyicilərə yaxşı tanış olan Sabir Mirzəyev, Teymur Mustafayev, Ağadadaş Ağayev, Qədir Məmmədov kimi məşhur SƏS KORİFEYLƏRİ bu torpağın yetirmələridir. Cəlilabad son iyirmi ildə az qala Azərbaycanın şair yetirən bir məkanına çevrilib: Abbasağa Azərtürk (Allah rəhmət eləsin!), Böyükxan Bağırlı, Saday Şəkərli, Bilal Alarlı, Misir Alarlı, Salam Sarvan, Əlizadə Nuri, Əlirza Həsrət, Meyxoş Abdullah, Reyhan Kənan, Ədalət Salman, Faiq Hüseynbəyli, Mirkamil Mirxəliloğlu kimi söz adamları Cəlilabadda doğulmuşlar.
Əlirza Həsrət bu sırada özünəməxsus yer tutur və əyalətdə yaşamasına baxmayaraq Azərbaycan ədəbi mühitində də tanınır.
Əlirza doxsanıncı illərin şairidir, hərçənd ki, ilk şeirlərini orta məktəb illərində (yetmişinci illərdə) yazıb. Özünü dolğun şəkildə ifadə etmək, fərdi üslubunu müəyyənləşdirmək və bir şair kimi etiraf olunmaq ona doxsanıncı illərin əvvəllərində nəsib olur. Doxsanıncı illərin ədəbi gedişatında poeziyanın aparıcı rol oynaması məlum bir həqiqətdir və indi, XXI əsrdə diqqəti cəlb edən istedadlı şairlərin (onların yaşı qırxı keçib, əlliyə yaxınlaşırlar, bəziləri isə artıq ilk əlliliyi "xırdalayıblar") bir çoxu məhz doxsanıncı illərdə parlamışlar.
Doxsanıncı illər poeziyada müxtəlif üslubi meyllərin mövcudluğu ilə diqqəti cəlb edirdi. "Doxsanıncılar" XX əsr Azərbaycan ədəbiyyatının sonuncu, bəlkə də əvvəlki ədəbi nəsillərin heç birinə bənzəməyən, amma eyni zamanda, onların yaratdığı ənənələrlə bağlı bir nəsil kimi xatirimizdədir. Bu ədəbi nəsil içərisində Salam Sarvan, Əlizadə Nuri, Əlirza Həsrət, Bilal Alarlı, Rəsmiyyə Sabir, Tərlan Əbilov, Böyükxan Pərviz, İslam Rzayev kimi cavan şairlər xüsusilə ayrılıb seçilirdilər. Onlar uğurlu poetik deyimlərə, tapıntılara, yaxşı mənada "söz oyununa" meyl edir, metaforik düşüncə tərzinin yeni çalarlarını ortaya çıxarırdılar. Başda Salam Sarvan olmaqla bu meyl və təmayül bir müddət poeziyada öncüllük də qazandı. Sonralar ən çox Salamın şeirlərində parlaqlığı ilə diqqəti cəlb edən bu meyl ikimininci illərin əvvəllərindən başlayaraq zəifləməyə başladı. Salam miniatür şeir yaradıcılığına keçdi, Böyükxan Pərviz qəflətən vəfat etdi, Bilal Alarlı, Tərlan, Rəsmiyyə həmin təmayüldən uzaqlaşdılar. Yalnız Əlizadə Nurinin və Əlirza Həsrətin şeirlərində bu təmayülün sönmədiyini görürük (təbii ki, əvvəlki şiddət olmasa da!).
Elə yaxşı olar ki, Əlirza Həsrətin şeirləri haqqında söhbətə onun "Ayrılıq sevginin dar ağacıdır" (2001) kitabına Əlizadə Nurinin yazdığı xıpxırda bir müqəddimədən başlayaq: "Əlirza Həsrətin şeirləri də ənənəvi şeir formasıdır. Ancaq bu ənənəvilikdə qeyri-ənənəvi, gözlənilməz deyim tərzi şeir boyu səni izləyəcək, sənə rahatlıq verməyəcək.

Könlünə qar topu oynamaq düşüb,
Yoxsa, qayıtmazdın bu qış ömrümə.

Fikrin poetik ifadəsi necə də səmimi və gözəldir, deyilmi?
Və ya

Gözlərim o qədər yol çəkib deyə, -
Gözümdən yolların tozu tökülür.

Yol çəkmək haqqında yazılmış yüzlərlə şeirləri yarı yolda qoyan bu sətirlərin müəllifi Əlirza Həsrətdir".
Əsasən doğru mülahizələrdir, ancaq bir şairi tanıtmaq üçün bu sözlər çox cüzi təsəvvür yaradır. Əlirza Həsrətin öz şeirlərində "qeyri-ənənəvi, gözlənilməz deyim tərzi" ilə diqqəti cəlb etməsi yaxşıdır, amma şeir təkcə bunun üstündə qurulmur. İlk növbədə, müəyyənləşdirək görək Əlirza Həsrətin şeir aləmini hansı düşüncə meyarı hərəkətə gətirir?
Əlirza Həsrətin şeir kitablarında ən çox AYRILIQ, ÖLÜM, HƏSRƏT, YOL, DÜNYA, SEVGİ obrazları ilə qarşılaşırıq və bu obrazların hər biri onun dünyaya baxışının müəyyən cizgilərini təşkil edir. Amma o, təkcə bu obrazların gətirdiyi, meydana çıxardığı mövzularla məhdudlaşmır, gerçəkliyin müxtəlif tərəflərinə müraciət edir, vətənpərvərlik, ana məhəbbəti, ilin fəsilləri və onların gözəlliyi və hətta unudulmaz Abbasağa Azərtürk haqqında xatirələr də onun şeirlərinin tematikasına daxil olur.
Əlirza Həsrət istedadlı şairdir (mən bunu qətiyyətlə söyləyirəm!) və hər bir istedadlı şair kimi o da şeirlərində poetik ifadə vasitələri ilə işləməyi çox sevir. Xüsusilə metafora, təşbih, mübaliğə kimi bədii təsvir vasitələrinə onun şeirlərində bol-bol rast gəlirik. Deyə bilmərik ki, o, şeirlərində gözəl və parlaq metaforalar yaradır, yaxud orijinal təşbehlər işlədir. Yox! Bu yolda qazancı ilə bərabər itkisi də olur.

AYRILIQ və SEVGİ HAQQINDA:

Ömür də əynimdə köhnəlib daha,
Qanımın suyuna salıb yu ömrü.
Qadın sığalımdır izin yolunda,
Hər adnan sürməyə dəyər bu ömrü.
Eşqin qəfəsinə saldın könlümü,
Dedilər, bəxtəvər ahu saxlayır.
Bədənim dartınır ruhuma sarı,
Qanadsız quşların ahı saxlayır.

Şeir ayrılıq və sevgi haqqında məlum təsəvvürlərdən uzaqdır və ona görə uzaqdır ki, burada metaforik düşüncə tərzi aparıcıdır. Ömrün əyində köhnəlməsi, könlün eşq qəfəsinə salınması, bədənin ruha sarı dartınması, ayrılığın sevginin dar ağacı olması və sevən insanın öz ayrılığından asılması... bütün bunlar orijinal təsir bağışlayır. Sonralar (bu şeir doxsanıncı illərin əvvəllərində yazılıb) bu şeirdə ayrılığın dar ağacına bənzədilməsinə neçə şairdə rast gəldim. Əlirza Həsrətin əksər şeirləri məhz bu tipli metaforalar, bənzətmələr üzərində qurulur.

YOL haqqında:

Hey çıxır qarşıma köhnə tanış tək,
Sürünüb arxamca mənə çatan yol.
Ayaq izlərimdən ocaq qalayır,
Ən gözəl kəlməyə, sözə yatan yol.

Əl verim, çək çıxart məni bu tərdən,
Saçların üzümdə qoy olsun pərdən.
Unudub gedirəm özümü hərdən,
Ayaqlar altında solur butam yol.

Yenə də təzə, təravətli metaforalar, təşbihlər. Yol canlı bir varlıq kimi cisimləşdirilir. Daha doğrusu, insana məxsus xasiyyət və əlamətlər Yol obrazında maddiləşir. Belə şeiri anlamaq və dərk etmək üçün bu tipli şeirləri dönə-dönə oxumaq lazımdır ki, öyrəşəsən. O zaman Yolun insanın arxasınca köhnə tanış kimi sürünməsi, ayaq izlərindən ocaq qalanması, kirpiklərin gözə uzanması və s. metaforalar Yol obrazını yeni aspektdə təqdim edir. Başqa bir şeirində Ə.Həsrət yazır: "Hər yol axan quru sudu, Quru su eşq yuxusudu. Dünya Əsli yaxasıdı, Hər səhər odnan açılır". Şairin "Hər yol axan quru sudu" bənzətməsi göydən düşmür, şeirin ilk bəndlərində bu bənzətmə üçün "hazırlıq" görülür: "Gül şehə düşmüş pəridi, Hər şeh bir ahın təridi. Hər gül bir eşq səhəridi, Hər gül bir adnan açılır". Əlirza Həsrət bu tipli orijinal bənzətmələri ilə maraqlıdır. "Dünya Əsli yaxasıdı, Hər səhər odnan açılır" - bu bənzətmənin yaratdığı poetik görünüşü təsəvvür edin. Yaxud, elə həmin şeirdə: "Dodağın lalə kimidi, Görən deyir, qan açılıb". Gözəldir!

ŞƏHİDLƏR haqqında:

Bir ruhsuz bədəndi şəhidsiz torpaq,
Şəhidsiz torpaqdan olarmı vətən?
Hər şəhid bir ovuc vətən torpağı,
Düşmənin gözünə səpilir dən-dən.

Bu şeir də məlum stereotiplərdən uzaqdır. Şəhidlər və şəhidlik haqqında yeni söz deyilir.
Əlirza Həsrət mərhum şair Abbasağa Azərtürk haqqında "Sükut nəğməsi" adlı lirik bir poema da qələmə almışdır və bu yazıda Abbasağanı yad etməmək və həmin poemadan söz açmamaq günah olardı.
Abbasağa Cəlilabadda yaşayırdı, gözəl şair idi. Amma həyatda, gerçəklikdə üzləşdiyi nöqsanları açıq şəkildə üzə dediyi, bəyan etdiyi üçün çoxları onu sevmirdi. Xüsusilə, rayonun rəhbərliyinin (söhbət sovet dövründən gedir) onu görməyə gözü yox idi. Belə münaqişələrin birində Abbasağa raykomun birinci katibini "söydüyü üçün" həbs edildi. Amma Azərbaycan Yazıçılar Birliyinin köməyilə o, çox keçmədən həbsdən azad edildi. O, hələ bir dəfə də məhbus ömrü yaşamışdı. Əlirza Həsrət "Sükut nəğməsi" poemasında Abbasağanın həyatından bir neçə fraqment təqdim edir və ən çox da onun həbsi, nahaq tutulmasıyla bağlı səhnələri təsirli və emosional verir. Ən çox da Abbasağa itkisi ...Poemanın nikbin çaları budur ki, əsl şairlər heç vaxt ölmürlər, onların fiziki ölümü baş verir, mənən həmişə diri və canlıdırlar.

Ölüm karvanına qoşulduğun gün,
Kim deyər köhnəlib, boyatdır ustad?
Arxanca göz yaşı atdığımızdan, -
Bir şair qəbri də boy atdı, ustad.
Şairlər anadan şair doğulur,
Tutur ürəyində şeir yükünü.
Elə ilk şeirini yazdığı gündən, -
Başlanır şairin yarpaq tökümü.

Hər şeirin yol gedən karvandır sənsiz,
Göylər sarvanını çəkir özünə.
Bilirəm, nə vaxtsa qayıdacaqsan,
Yolunu gözləyən bu Yer üzünə.

İstəməzdim ki, belə xarakteristikadan sonra Əlirza Həsrətin şeirlərində nəzərə çarpan bəzi köntöylüyü, dil çarpaşıqlığını, tutumsuz bənzətmə və metaforaları misal gətirim. Məsələ burasındadır ki, "Həsrət ruzgarı" və "Bundan belə ayrılıqdır" son iki kitabında Əlirza Həsrət artıq yetkin bir şair kimi nəzərə çarpır və bu, belə də olmalıydı. Amma ilk kitablarında olan bəzi qüsurlu şeirlərin sonrakı kitablara da daxil olunması yolverilməzdir. "Dünyanı adam basıb" şeirində, son bənddə oxuyuruq:

Bir sevda duasıdır,
Ürəyimdə bu sancı.
Şair əti yeməkdir,
Dünyanın son qazancı.

Yavan-yalxı misralardır. Patoloji çalarlıdır. "Şair ətinin yeyilməsi" - bu ifadə yolverilməzdir. Nə münasibətlə işlədilirsə-işlədilsin, bəzən bir şeirdə uğurlu bənzətmə və metaforalarla yanaşı, onun əksinə, uğursuzu da olur və bəndlər arasında poetik kommunikasiya pozulur.

Gecikmiş bu qara isindim yaman,
Bu qarı saçından anam göndərib.
Bəlkə də qar deyil, bu yağan elə,
Anam saçlarını ənam göndərib.

Uğurludur. Amma bundan sonra gələn bənddə: "Sandım, bu yağan qar toy plovudur, Çəkdim qabağıma Yer kürəsini. Ömrümün tozunu yatırsın deyə Arxamca atırsan qar şirəsini". Uğurlu hesab etdiyimiz bənddə Əlirza Həsrət şairdir, amma sonrakı bənddə sözlə oyun qurandır. Amma bu "oyun" baş tutmur. Yaxud, başqa bir şeirdə: "Ömrü icarəyə götürüb hamı, Ölüm-sürdüyümüz ömrün kirəsi. Qapıya vurulmuş futbol topu tək, Keçir aramızdan bu yer kürəsi". Bənzətmə və metafora sıyıqdır, kaldır, poetik ifadə baxımından zəifdir və təəssüf ki, belə hallara Əlirzanın şeirlərində rast gəlirdik. İndi, son kitablarında bunların sayı azalsa da, şairi hər misranın poetik yükü, hər bənzətmə və metaforanın bədii sanbalı barədə fikirləşməyə çağırırıq Əlirza Həsrəti.
Əlirzanın bir misrası ilə sözümə xitam verirəm: "Hər məkanda diridi söz". Mən də onun şeirlərinə "dirilik suyu" kimi baxdım.

TƏQVİM / ARXİV