adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Yanvar 2015 10:53
3386
GÜNDƏM
A- A+

Yaşayış məntəqələri ilə bağlı qaydalar təsdiqləndi

Nazirlər Kabineti Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nı təsdiq edib. Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır.

Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir. Müfəssəl plan yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi ilə hazırlanır. Müfəssəl planda tikinti məqsədləri üçün ərazidən istifadənin növü və miqyası,  tikinti qaydası (üsulu), üzərində tikinti aparılması mümkün olan və olmayan torpaq sahələri, eləcə də tikinti obyektlərinin yeri, tikinti aparılan torpaq sahələri üçün həcm, en və uzunluq baxımından minimal ölçülər, yerin təkindən və torpaqdan qənaətlə və səmərəli rəftar olunması ilə əlaqədar yaşayış məqsədləri ilə istifadə edilməsi nəzərdə tutulan ərazilər üçün maksimal ölçülər, torpaq sahələrindən istifadə ilə bağlı zəruri digər obyektlər üçün ərazilər (asudə vaxt və istirahət üçün ərazilər), eləcə də dayanacaq yerləri və qarajlar üçün ərazilər, ictimai ehtiyaclar, eləcə də idman və oyun qurğuları üçün ərazilər, yaşayış binalarında mənzillərin yol verilən maksimal sayı, şəhərsalma məqsədləri üçün xüsusi şərtlərlə istifadə olunan ərazilər,  tikinti aparılmayacaq ərazilər və onlardan istifadə, hərəkət üçün ərazilər, o cümlədən piyadaların və velosipedlərin hərəkəti, maşınların saxlanılması üçün ərazilər, müəyyən ərazilərin hərəkət üçün nəzərdə tutulmuş ərazilərə birləşdirilməsi üçün ərazilər və bu kimi xüsusi təyinatlı ərazilər,  təchizat (təminat) məqsədlərinə xidmət edən obyekt və müəssisələr üçün ərazilər, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin   çəkilməsi, habelə tullantılar və anbarlar üçün ərazilər nəzərdə tutulur.

Eyni zamanda müfəssəl planda parklar və başqa yaşıllıq əraziləri, qısamüddətli istirahət məqsədi ilə çadır qurmaq üçün yerlər, çimərlik yerləri, qəbiristanlıqlar, su əraziləri, eləcə də su təsərrüfatı, daşqından qorunmaq üçün qurğuların yerləşdirilməsi və suyun axınını tənzimləmək üçün ərazilər (əgər bu məsələlər digər qanunvericilik aktları ilə həll olunmamışdırsa),  mühəndis hazırlığının, o cümlədən relyefin layihə təşkilinin aparılmalı olduğu ərazilər (doldurulmalı, qazılmalı olan ərazilər) və ya daş, torpaq, yaxud digər qazıntıların çıxarılması üçün ərazilər, heyvandarlıqla bağlı obyektlərin tikintisi (tövlələr, heyvan sərgilərinin keçirilməsi üçün qurğular və s.), habelə otlaqlar və örüşlər üçün ərazilər, təbii mühitin və landşaftın qorunması və inkişafı məqsədi ilə tədbirlər (əgər bu məsələlər digər qanunvericilik aktları ilə həll olunmamışdırsa), eləcə də bu tədbirlərin görülməsi üçün ərazilər, piyada və ya nəqliyyat vasitəsilə hərəkət üçün ictimaiyyətin və ya maraqlı şəxslər dairəsinin xeyrinə, habelə infrastrukturun yaradılması üçün yüklənməli olan ərazilər,  ətraf mühitin zərərli təsirlərdən mühafizəsi məqsədi ilə havanı çirkləndirən müəyyən materiallardan istifadənin qadağan edildiyi və yaxud məhdudlaşdırıldığı ərazilər, təmizlənməli və abadlaşdırılmalı ərazilər, "Ətraf mühitin mühafizəsi haqqında” qanunda nəzərdə tutulmuş mənada ətraf mühitin zərərli təsirlərdən mühafizəsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün ərazilər, eləcə də belə təsirlərdən qorunmaq və ya belə təsirlərin qarşısını almaq üçün tikinti və digər texniki xarakterli tədbirlər, kənd və ya meşə təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş ərazilər istisna olmaqla, tikinti obyektlərinin hissələri üçün ağacların, kolların və digər bitkilərin əkilməsi, eləcə də onların və su hövzələrinin qorunub saxlanılması üçün dayaqlar da nəzərdə tutulmalıdır. Müfəssəl planda  tikinti zamanı xüsusi tikinti tədbirlərinin və ya təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri olan  ərazilər, mədən sənayesi altında olan və ya mineralların emalı üçün nəzərdə tutulmuş ərazilər,   ətraf mühit üçün təhlükə yaradan materiallarla yüklənmiş ərazilər xüsusi qeyd olunmalıdır. Müfəssəl plan ümumi və baş planlara uyğun olaraq yaşayış evlərinin, ictimai təyinatlı obyektlərin, rekreasiya obyektlərinin və ümumi istifadədə olan obyektlərin, sənaye, anbar, kommersiya və ticarət obyektlərinin, mühəndis-kommunikasiya şəbəkələrinin və digər obyektlərin tikintisi məqsədi ilə ərazilər nəzərdə tutulduqda,  yeni tikinti üçün, yaxud kənd və ya meşə təsərrüfatı ilə bağlı olmayan digər fəaliyyət növlərinin inkişafı üçün torpaq sahələri formalaşdırıldıqda,  tikinti və digər fəaliyyət növlərinin inkişafı məqsədi ilə torpaqdan istifadənin əsas təyinatı dəyişdirildikdə, ərazidən istifadə növü, binaların yol verilən hündürlük həddi, ərazinin tikinti və tikinti sıxlığı əmsalları ilə bağlı tələblərdən hər hansı biri dəyişdikdə, sənaye zonaları üçün ərazilər formalaşdırıldıqda, ümumi və baş planlarda mühəndis-kommunikasiya təminatı qurğularının tikintisi nəzərdə tutulmadıqda hazırlanır və ya dəyişdirilir.

Ətraf mühitin mühafizəsi ilə bağlı  tədbirlərdə ətraf mühitin mövcud və proqnozlaşdırılan vəziyyətinin xüsusiyyətləri və həmçinin onun optimallaşdırılmasına yönəldilmiş kompleks şəhərsalma tədbirləri əks olunmalıdır. Ərazisində tarixi - mədəni dəyərlər yerləşən yaşayış məntəqələri üçün müfəssəl planın tərkibində "Tarixi-memarlıq istinad planı” cizgisi hazırlanmalıdır.  Müfəssəl  planların  razılaşdırıldığı orqanların siyahısına Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət  Torpaq və Xəritəçəkmə Komitəsi, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi və layihə tapşırığında qeyd olunan orqan və qurumlar daxildir.