adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Bu yolun tən yarısı sizindi...

2424 | 2015-01-29 01:50
Təbiət etibarilə üşüyən adam olduğum üçün soyuq havalarda büzüşüb bir tərəfdə oturmağı xoşlayıram. Ehtiyac olmadıqda bayıra çıxmamağa üstünlük verirəm. Amma həmin bu ehtiyaclar o qədər çoxdur ki, evdən çıxmamaq da mümkün olmur. Bunun uşaqları məktəbə aparmağı, məktəbdən gətirməyi, marketə getməyi, bazarlıq etməyi var axı.
Hər nəsil öz keçmişini, öz zamanını tərifləyib, hər şeyin məhz onun keçmişində daha yaxşı və gözəl olduğunu qeyd edir. Problemlər isə həmişə olub. Sadəcə keçmişə bağlılıq, nostalgiya hissləri insanlara onun keçmişinin bütün keçmişlərdən yaxşı olması fikrini aşılayıb. Məsələn, mən 80-ci illəri ən gözəl keçmiş hesab edirəm. Elə bilirəm ki, rayonumuzda hər qış dizə qədər olan qarlı yolları məndən başqa heç bir insan bəndəsi keçib getməyib. Əslində isə həmin yollardan hər yerdə, hər ölkədə, hər kənddə var. Sadəcə o yollar mənim uşaqlığımın bir parçası olduğu üçün mən həmin yolları ən gözəl yollar, həmin illəri də ən gözəl illər hesab edirəm. Hətta bir dəfə "Eybəcər" adlı hekayəmdə rayonumuzun qarlı yolları haqqında o qədər təfərrüata varmışdım ki, hekayəni oxuyan yazıçı Fəxri Uğurlu məni görəndə gülümsəyib demişdi: "Samirə, ağ eləmə, Cəbrayılda dizə qədər qar olmaz, uzağı topuğa qədər yağar vəssalam".
Lakin mən bu gün qar barədə də, yol barədə də öz inadımı yerinə yetirmək istəyirəm. O illərdən yox idi. Həqiqətən də bizim keçmişimizdə heç olmasa, səliqəli, abad yollar vardı. Nədən əziyyət çəksək də yollar sarıdan əziyyət çəkməzdik.
Bəli, bu gün uşaqlarımın əlindən tutub getdiyim yol da allah qoymasa, məktəb yoludu. Palçığa suvanmış, gölməçəli məktəb yolları. İlahi pərvərdigara, mən gözümün şahidiyəm ki, neçə illərdi bu yollar nə qədər qazılıb, xıncım-xıncım edilib. Hara baxırsan eninə, uzununa didilib-tökülmüş yollar çox vaxtı mənə filmlərdə gördüyüm müharibə səngərlərini xatırladır. Bir beş ilə qədər bu yolları birtəhər ötüb keçmək olurdu. Birdən necə oldusa, kanalizasiya boruları sıradan çıxdı. Boruları təmir etmək üçün bir dəsgah başladı ki, dillə deyiləsi, əllə yazılası deyil. Daha sonra istilik sistemləri yeniləndi, bir dəsgah da həmin ərəfədə qazma-uçurma işləri getdi. Təzəlikcə də xeyli yaşayış binaları tikilib. Həmin binalara su xətlərinin çəkilməsi üçün də yollar yenidən çək-çevir olundu. Daha yollarda yolluq qalmayıb. Dönüb olub elə o şeirdə deyildiyi kimi, bostan yolu, dağ yolu.
Vallah qeyri-sabit hava şəraiti olanda mən zığa, palçığa batmamaq üçün səkilərin kənarına düzülmüş hündür və nazik daşların üstü ilə getməyə məcbur oluram. Kənardan baxan bəlkə də elə bilər ki, mən folklorun bir hissəsi olan kəndirbazlıq sənətinin sirlərinə yiyələnirəm. Belə də ki, qadın peşəsi olsaydı, kəndirbazlıq etməkdə heç bir qəbahət görməzdim. Nə bilmək olar bir də gördün ki, oxucunun nəzərindən yazılarınla birlikdə kəlləmayalaq olub düşdün quyunun dibinə. İlin, günün bu vaxtında acından ölməkdənsə, gedib kəndirbazlıq edib pul qazanmağın nəyi pisdir axı?!. Lakin bayaq dediyim kimi təəssüf ki, sənətin özü qadın sənəti deyil. Və mən biçarənin əldə etdiyi bu fövqəladə qabiliyyət elə kələ-kötür yollarda nümayiş oluna-oluna itib gedəcək. Çox heyf... Amma əlimə girəvə keçmişkən burdan qələmi sürətlə kökdən düşən kişi yazarlarımıza səslənib bildirmək istərdim ki, kim dar macalda acından ölmək istəmirsə, qələmi yerə qoyub bizim yollara təşrif buyura bilər. Onlar kişi daşdan da pul çıxarar sözünü əldə şüar edərək on günün içərisində kəndirdən də pul çıxarmağın yollarını öyrənə bilərlər. Yoxsa, bir-iki ildən sonra qardaş bacısının başını kəsdi, sevişməyin sirləri kimi başlıqlı yazılar da işə yaramayacaq. Tədbiri bəri başdan görmək lazımdı.
Mövzunun ana xəttinə qayıdıb bildirmək istəyirəm ki, kanalizasiya xətti də bərba olunmalıdı, istilik sistemləri də quraşdırılmalıdı. Hələ lap yeni binlar da tikilməlidi. Bunun nəyi pisdi ki? Heç nəyi. Lakin bu işlə məşğul olan insanlar yolları bərbad edəndən sonra oranı qaydasına salmağı da fikirləşməlidilər. Yoxsa elə hərə əlinə bir bel alıb yolları qazıb tökəcək. Mən boyda adam da gedib yollarda kəndirbazlıqla məşğul olacaq. Olmur vallah. Hansı tərəfdən baxsaq yaxşı alınmır. Bir ara isə qazılmaqdan saqqız kimi sarı palçığı dizə çıxan yolların üz qabığının asfaltlandığını gördüm. Açığı bir xeyli sevindim. Fikirləşdim ki, daha hər dəfə məktəbə gedib gələndə analı-balalı bir dəst paltardan çıxmarıq. Asfaltlama, qırlama işləri bitdikdən sonra ortalığa gözlənilməz və eybəcər bir mənzərə çıxdı. Yolun tən yarısı ala başına, kül başına asfaltlanmış, o biri yarısı isə elə palçıqlı qalmışdı. Bir neçə gündən sonra işi görən fəhlələrdən biri elə həmin yoldaca rastıma çıxdı. Xəbər aldım ki, qardaş, bu nə işdi tutursunuz? Yadınızdan çıxıb yolun yarısını qırlamamısınız! Qardaş key-key mənə baxıb dedi: "Nə danışırsınız xanım, heç elə unutqanlıq olar?! Biz hara, siz dediyiniz məsuliyyətsizlik hara! Ancaq xətrinizə dəyməsin, sizin elə görüb-görəcəyiniz o yarımçıq asfaltlı yol olacaq". Dedim ay qardaş, bu nə söhbətdi edirsən? Harda görünüb ki, yolun yarısı təmir oluna, yarısı yox. Dedi vallah daha orasını bilmirəm. Bizə tapşırıblar yolun yarısını təmir edin, biz də yarısını etmişik. Sonra fəhlə yavaşcadan bir mənə, bir də yola baxıb dedi: "Ay xanım, sizə asfaltlanmış, təmiz yol lazım deyil? Buyurun, bu yolun tən yarısı sizindi. Axı kim sizə deyir ki, yağışda, qarda düz yolu qoyub, palçıqlı yolla gedəsiniz. Bir addım zəhmət çəkib keçin yolun təmir olunmuş hissəsinə, vəssalam".
Fəhlə məndən uzaqlaşıb getsə də, mən elə yerimdəcə quruyub qalmışdım. Onun belə sərrast, hərtərəfli cavabı məni çaşdırmışdı. Qızım əlimdən tutub məni silkələyəndə özümə gəlib ayıldım. Onunla birgə fəhlənin dediyi kimi palçıqlı yoldan asfaltlı yola keçib yolumuza davam etdik.

TƏQVİM / ARXİV