adalet.az header logo
  • Bakı 12°C

SiRRiN AçILDIğI GüN

VAHİD ƏLİFOĞLU
24487 | 2009-03-20 00:13
...Yazın sərin və adamın əzalarına rahatlıq gətirən gecəsi başa çatmaqdaydı. Bəndalı kişi yuxudan ayılıb arxası üstə çevrildi və gözlərini çadırın artıq bozartmaqda olan tavanına zillədi. Arxada qalan gecənin xoş təəssüratlarını və açılmaqda olan səhərin bürkülü istisini düşünüb yataqda bir az da mürgüləməyə təzəcə qərar vermişdi ki, bayırdan şux, cingiltili qadın səsi gəldi:
   
   - Bəndalı dur, tay. Çay-çörək hazırdı...
   
   Bu səsin sahibi çadır termini ilə desək Bəndalı kişinin arvadıydı.
   
   Bəndalı kişi zərrə qədər də incimədən, narazılıq bildirmədən yaşına uyğun olmayan cəld və qəti hərəkətlə qalxıb geyindi, sifətində gümrah əhval-ruhiyyə çıxdı qapıya. Bu gün başqa günlərə nisbətən kefi əlaydı. Bəlkə də əladan da o tərəfəydi...
   
   ... Səbəb o idi ki, bütün çadır əhlinə aylıq ərzaq yardımı paylanmışdı və şübhəsiz ki, bu paydan Bəndalı kişiyə da çatmışdı.
   
   Amma... Amması da belədi ki, altı aydı ki, xaricilər hər ay hamilə qadınlara əlavə ərzaq norması verirdilər və deyilənə görə hələ üç aydı davam edəcəkdi. Bəndalı kişinin arvadının da adı həmin siyahıdaydı...
   
   
   
   ALTI AY ƏVVƏL
   
   
   
   ... Bəndalı kişi adəti üzrə binanın dörd bir tərəfinə fırlanıb yenidən qayıtdı qapının önünə. Kilidi açıb keçdi içəri... Biz hələlik qabaq bayırda və bu binanın təyinatını, Bəndalı kişinin bura nə səbəbə gəldiyini müəyyən etməyə çalışaq... Bina çiy kərpicdən tikilmiş, damı qarğı-qamışla örtülmüş alçaq bir otaqdı. Yalnız qabaq tərəfi (fasadı- V.Ə) suvanıb, əhənglə boz-bulanıq ağardılıb. Qapının üst tərəfində, divara qırmızı rənglə, səliqəsiz xəttlə yazılıb:
   
   - Dəlləkxana...
   
   Daha bayırda diqqət çəkən, maraqlı "nəsə" olmadığına görə biz də təşrif buyuraq otağın, yaxud da binanın daxilinə... Divarın dibində ensiz, uzun oturacaq, paslı mismarlardan asılmış rəngli və rəngsiz dəsmallar. Pəncərəni yarı örtmüş böyük güzgü. Güzgünün qənşərində qayçılar, daraqlar, dəmir çaynik, müxtəlif ölçülü ətir şüşələri və geniş, hündür kreslo. Divara müxtəlif məzmunlu şəkillər yapışdırılıb. Taxta kətilin üstündə qapağı açıq, yığcam, yaraşıqlı, amma çox uzaq illərin yadigarı olduğu hiss olunan "çamadan".
   
   Məlumat üçün bildirək ki, bu "çamadan"ı Bəndalı kişi artıq qırx ildi ki, gəzdirir...
   
   ... Oxuculara, yaxud tamaşaçılara tam dolğunluğu ilə aydın oldu ki, Bəndalı kişi kənd termini ilə desək dəlləkdi və bu bina da dəlləkxanadı...
   
   ... Bəndalı kişinin özünün dediklərinə inansaq o hələ altmışıncı illərdə Moskvada hərbi xidmətdə olanda bu sadə və şərəfli peşəyə sahib imiş. Qısa müddətdə hətta o qədər məşhurlaşmışımış ki, iki il şəxsən general özü də ona üzünü, başını qırxdırıb. Və elə həmin generalın qızı ilə də bir müddət sevgi məcaraları olub... Babalı öz boynuna. Arada bəzi adının çəkilməsini istəməyənlər belə bir xəbər yaydılar ki, bəs Bəndalının generalın qızı ilə çəkilmiş şəklini də görüblər və şəklin arxasında da guya yazılmışımış ki, "na pamyat Boryu, ot Nataşu"... Sözsüz ki, bu söz-söhbətdə bircə damcı həqiqət olmasa da, çoxu uydurmadan, nağıldan başqa bir şey deyildi...
   
   ... Elə bu vaxt qapı açıldı səliqəli geyinmiş, boylu-buxunlu, həddindən artıq kök bir kişi girdi içəri. Bəndalı kişi qabağa bir addım atıb həmin şəxslə iki əlli görüşdü və azca aşağı əyilib kreslonu göstərdi:
   
   - Xoş gəlmisən, Bayram müəllim. Buyur, əyləş...
   
   Səsindəki mütilik, xırda yaltaqlıq dərhal hiss olundu... Oxucuların, yaxud tamaşaçılarn sonsuz marağını nəzərə alıb bildirək ki, Bayram müəllim çadır şəhərciyinin komendantı, yəni böyüyüdü...
   
   ... Bəndalı kişi "işini" yekunlaşdırıb çəkildi kənara, əlini cibinə salmış Bayram müəllimin çiyninə yüngülcə, ərkyana toxunub dedi:
   
   - And olsun Allaha, inciyərəm...
   
   Bayram müəllim razılığını Bəndalı kişiyə bəxş etdiyi təbəssümü ilə bildirdi. Sonra güzgüdə saçlarını arxaya sığallayıb qalxdı və qapıya tərəf getdi. Qapını çölə itələyib dayandı, nə fikirləşdisə geriyə çevrilib dedi:
   
   - Bəndalı, xaricilər hamilə qadınlara əlavə ərzaq verəcəklər. Sən bizə münasib adamsan. İstəyirəm ki, sənin arvadın da alsın...
   
   Bəndalı kişi təəccübləndi, çiyinlərini qısıb dedi:
   
   - Mən neyniyə billəm ki, ay Bayram müəllim? Bütün çadır bilir ki, mənim arvadımın uşaq doğmaq vaxtı çoxdan keçib...
   
   Bayram müəllim əlini-əlinə vurub bərkdən güldü, çox böyük və məxfi bir sirr açırmış kimi az qala pıçıltı ilə dedi:
   
   - Rəhmətliyin oğlu, uşaq doğmaq nədi? Kimdi ona baxan. Özünü ver həkimin yanına, sənin də arvadını yazsın siyahıya. Özüm də tapşıracam...
   
   ... Axşam üstü Bəndalı kişi həkimin hüzurundaydı. Həkimin də başı, üzü qırxılıb ətirlənəndən sonra Bəndalı kişinin də arvadının adı düşdü siyahıya... Altı ay Bəndalı kişi arvadının adına əlavə ərzaq yardımı almaqda, həkimin, Bayram müəllimin başı, üzü pulsuz qırxılmaqda...
   
   
   
   Altı ay sonra
   
   
   
   Bəndalı kişi səhər naharını nuş edib qalxdı. Öz məşhur "çamadan"ını götürüb tərpənmək istəyirdi ki, həkimin arvadı elə bil yerdən çıxdı:
   
   - Bəndalı kişi, həkim dedi ki, Sabirabaddan həkimlər gəlib. Hamilə qadınları yoxlayacaqlar. Arvadı göndərsin qərargaha...
   
   
   
   Hadisədən iki saat sonra
   
   
   
   ... Arvad qayıdıb gəldi. Məlum oldu ki, nə həkim, nə də Bayram müəllim kömək edə bilməyiblər. Bəndalı kişinin arvadının əlavə ərzaq yardımı siyahısından çıxarılmağı bir yana, tapşırıq veriblər ki, altı aylıq ərzaq geri qaytarılsın...
   
   Bəndalı kişi arvadını həyəcanla, səbirsizliklə dinləyib əllərini şappıltı ilə çırpdı dizlərinə və boğula-boğula dedi:
   
   - Ərzaq cəhənnəm ey. Həkimin, Bayram müəllimin altı ay pulsuz qırxdığım başı, üzü məni yandırdı...
   
   

TƏQVİM / ARXİV