Hərdən elə istəyirəm ki...

ƏBÜLFƏT MƏDƏTOĞLU
27436 | 2009-03-20 00:18
Doğrudan da inanclı-inamlı olmaq böyük şeydi. Özü də bu inam, bu inanc insanı sabaha bağlayır, yaşamaq üçün ona stimul verir, onun sönən şamına əlavə şölə qatır, qorunu üfürüb köz edir, közünü tonqal. Və beləcə həmin o inamın, inancın işığında insan bir ömür yaşayır...
   
   Hamı kimi mən də Tanrının yazdığı, verdiyi bir ömrü yaşayıram. Başqalarını deyə bilmərəm, mənim üçün verilən bu ömür, bu Tanrı yazısı qaçılmaz bir qismətdi. Onun istər tünd rəng, istər açıq-saçıq, istərsə də heç nəyi oxunmayan, sezilməyən yazı-pozusu məni bu günə gətirib çıxarıb və bu gündən sonra da hara qədər, necə aparacaq onu yalnız Yazını yazan bilir. Mən bu Yazının durğu işarəsiyəm, özü də boynu bükük işarəsi. Bütün məqamlarda cavab axtarıram. Yazıqlar olsun ki, o cavabı da mənim yazımda elə durğu işarələriylə öz əksini tapıb. Hünər istəyir ki, o işarələrin Ezop dilini öyrənsin. Oxusun görsün nə var, nələr olub, nələr olacaq. Nə isə...
   
   Bütün bunları elə-belə xatırlamıram. Xalqın bir inamı var, ona inanc da deyə bilərik. Mifologiyamıza görə, ilin son çərşənbəsini evində keçirməyən, tonqal başında, süfrə ətrafında olmayan ev sahibi yeddi il evinə-eşiyinə tamarzı qalır. Və bir az da açıqlasam təkcə tamarzı yox, həm də sinəsi dağlı, gözləri həsrətli olur. O qədər yollara baxırsan, o qədər dağa-arana çəkirsən ki, vaxt gəlib tamam olsun, evinə-eşiyinə qayıdasan, amma alınmır ki, alınmır. Elə bil ki, daş divara tuş gəlib...
   
   Mən düz 18 ildir ki, ocağıma, evimə-eşiyimə gedə bilmirəm. Və düz 18 bayramdır ki, ilin son çərşənbəsini, Novruz bayramı axşamını məmləkətin başqa-başqa güşələrində qarşılayıram. Nə qulaq falına çıxıram, nə papaq atıram, nə yumurta döyüşdürürəm, nə də tonqal çatıram. Müvəqqəti yaşadığım ünvanlarda da hamıya qoşulub uşaqlarımın yandırdığı tonqallar mənə heç yapışmır, sümüyümü isitmir. Yamaq kimi görünür. Elə bil ağ şalvara qara yamaq vurmusan və yaxud da əksinə. Yüz ağacdan adamın diqqətini çəkir və bu diqqəti çəkmək də bir qəriblik, bir nisgil, bir kövrəklik, bir utanc və bir də özünün öz ocağında olmamağının xəcalətini sənə yaşadır. Baxıb görürsən ki, əlin-ayağın, qulağın-gözün, bir sözlə, bütün əzaların sağ-salamat yerindədi, amma özün evində deyilsən, ocağının başında deyilsən. Və...
   
   Düz 18 ildir ki, ilin son çərşənbə tonqalını Azərbaycanın müxtəlif ünvanlarında yandırıram. Və deməli, 18 ildir ki, qayıda bilmirəm o yerlərə. Belə olan halda yadıma həmin o xalqdan gələn inanc düşür. Öz-özümə götür-qoy edirəm, deməli, bu hesabla gör hələ mən nə qədər həsrət qalacam o yerlərə. Adam az qalır dəli olsun, rəqəmlər şişir, vurub çıxır kəllə-çarxa. Dözməyib dünyadan az-çox baş çıxaran insanlara üz tuturam, onlar da yarızarafat, yarıciddi deyirlər ki, sən üçüncü yeddini yaşayırsan. Və mən də dərhal barmağımı dişləyirəm ki, deməli, hələ bundan sonra üç son çərşənbəni də başqa-başqa ünvanlarda yandıracam. Allah-Allah, deməli, qarşıda məni hələ gör daha nələr gözləyir, buna dözmək olar? Ümumiyyətlə, insanın səbri nə boydaymış? Evin-eşiyin, yurdun-yuvan ola-ola əli uzanıqlı qalasan, ancaq xatirəsiylə, xəyalıyla yaşayasan. Bax bu məqamda yadıma nə vaxtsa yazdığım misralar düşür:
   
   
   
   Hərdən
   
   elə istəyirəm ki,
   
   qanad çıxaram
   
   məni yerdən qopara biləcək
   
   qanad...
   
   belə olsa
   
   hərdən cismimdən də çıxaram
   
   və məni apara biləcək qanad
   
   səni də üstünə alıb
   
   ayıra bizi buralardan...
   
   çəkilib gedərik -
   
   ən dəqiq,
   
   ən qərəzsiz
   
   xəbərlər gətirərik -
   
   oralardan...
   
   hə, indi özün de
   
   necədi yurda bağlı
   
   sərçə olmaq?
   
   Lap elə
   
   Düşmən gülləsinə tuş gəlib
   
   cəbhə xəttinin
   
   o üzündə qalmaq...
   
   qorxutmur ki, səni?..
   
   
   
   Hə, mən inamdan-inancdan danışdım. Sizi bilmirəm, məni də hələlik yaşadan budur. Və düşünürəm ki, təkcə məni yox, məni duyanları da, məni sevənləri də, mənim duyduqlarımı da, mənim sevdiklərimi də yaşadan elə inamdı-inancdı. Biz onun ətəyindən yapışıb dilimizdə Tanrı duası son çərşənbənin şölələri altında Allahın qismət etdiyi bayram süfrəsinin ətrafında əlimizi göyə açmışıq:
   
   - Ey böyük Tanrı, ey böyük Allah, hər şey sənin ixtiyarındadı. Yaradan da Sənsən, öldürən də! Yaratdıqlarını öldürməzdən əvvəl ürəklərindəki diləklərin səməni kimi göyərməsinə kömək ol! Amin!
   
   

TƏQVİM / ARXİV