adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Yanvar 2015 13:45
5711
ƏDƏBİYYAT
A- A+

Xatirələrdə əbədi qalacaq şair

Heç vaxt təsadüflərə inanmamışam. Hər təsadüfdə bir zərurət, əlamət olduğuna inanmışam ki, bu inancda da tək deyiləm. Bu gün Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatı ilə bağlı tədbir keçirilirdi. Uşaq ədəbiyyatını Səməd Vurğunsuz təsəvvür etmək olarmı? Nəinki özümüz, hətta valideynlərimizin belə uşaqkən əzbərlədiyi ilk şeirlərindən biri Səməd Vurğunun Azərbaycan şeiri olub. Onunla Azərbaycanı tanımışıq, havalanan Xanın səsini, Qarabağın şikəstəsini sətirlərdən dinləmişik, güllü xalıları, görüşqabağı telini sayan nişanlı qızları, analarımızın yaydığı fəsəliləri, qan-tərə batmış köhlən atı gözümüzün önündə canlandırmışıq. Səməd Vurğun ədəbiyyatımıza təkcə qanımıza işləyən, mənəviyyatımızda həkk olunan şeirlər bəxş etməyib. O, Azərbaycan ədəbiyyatına iki böyük şair də vermişdi. Və bu gün onun yadigarı, xalq şairi Vaqif Səmədoğlunu da itirdik. Bu xəbəri xalq yazıçısı Anar tədbirin ortasında məruzəçinin çıxışı zamanı çatdırdı. Adətən asta yerişli yazıçı bu dəfə üzünün ifadəsində kədər, iti addımlarla tədbir salonunu tərk etdi. Həm də az öncə Səməd Vurğunun uşaq ədəbiyyatındakı rolundan danışılarkən, xatırlanarkən oğul da xatirələrə qovuşdu. Ata və oğulun üst-üstə düşən xəbərlərini kim TƏSADÜF sayırsa saysın, mən inandığımda qalacam. Ədəbiyyatımızın önəmli iki şəxsi haqqında, məhz ədəbi muhitdə, ədəbiyyatımızı daha da inkişaf etdirmək, püxtələşdirmək istiqamətində aparılan müzakirələrdə... Bəlkə də bu gün ədəbiyyatımızdakı çatışmazlıqlardan danışarkən  itirdiklərimizə bir daha nəzər salmaq üçün idi. Amma ölümü təsadüfi, qəfil deyildi, uzun müddətdi ki, amansız xəstəlikdən əziyyət çəkirdi. Ömrünün müdrik yaşlarında, bəlkə də bu dünyaya qoyacağı zəngin yaradıcılığa bir-birindən gözəl yeni şeirlər bəxş edəcəyi halda, ölüm soraqçısı olan bu qara xəstəlik əlindən yollara düşdü. Amma heç yenilmədi, ağrılara baş əymədi. Əlbəttə, ağrı-sızıları oldu, amma bunu yenə də ən yaxın dostu – vərəqdən başqa kimsəyə bildirmədi. Şikayətini də ilk dinləyən, onun hər halına şahid olan bu vərəqlər, ordan boylanan sətirlər oldu:

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...

Ölümə qucaq açan qara mərəzin düz gözünün içinə baxıb onunla hətta zarafat edən adam çətin tapılar. O bunu bacardı. İnsanların gözündə yaradıcı adamlar, xüsusilə də şairlər həmişə uca zirvədə olublar, həyatı, yaradıcılığı, sözü-söhbəti ilə örnək olublar. Hər şair bunu qoruya bilməyib, hansısa yanlışı, həyat tərzi ilə zirvdəki yerini laxladıb. Amma ölümü ilə də örnək ola biləcək gerçək şair, mərd kişiyə ən azından mən rastlaşmamışdım.  Xəstəliyinə görə ona acımalarını istəmədi, güldü, danışdı, zarafatlaşdı. Yadımdadı, ötən il Yazıçılar Birliyinin Qurultayında ona çıxış üçün söz verməyə ehtiyat etmişdilər, danışarkən əziyyət çəkə bilər deyə. O isə tribunaya gəlib heç nə olmamış kimi üzündə təbəssüm sözə başladı: "Xərçəng mədəmdədi, boğazımda deyil. Danışa bilərəm”, - deməklə ölümə, elə həyatın özünə, hətta bir balaca xəstəlikdən oturub-durub şikayət edən kişilərə meydan oxudu. Hətta ölümü belə gülərüzlə qarşıladı:  

Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?

Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?

Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?

Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

Onunla öncə qiyabi tanış olmuşdum. Daha doğrusu, sosial şəbəkədə iki şeirimi yollamışdım, həm də qorxa-qorxa. Zarafat deyildi - böyük şairin oğlu böyük şair şeirimi oxuyub qiymət verəcəkdi. Şeirin aşağısında qeyd olaraq yazmışdım "Lütfən xətrimə dəyəcəyini düşünməyin, sizin tənqidiniz də yoluma işıq tutar”. Bir az gec oxumuşdu, hətta buna görə incidiyimi də yazıb yollamışdım. Bir neçə gün sonra "Göndərdiyin şeirləri oxudum.Yaxşı yazırsan, uğur olsun, Şəfiqə”, - deməklə mənə yerə-göyə sığmayan fərəhlə yanaşı, elə qucaq dolusu uğur da yolladı, düşərli oldu. Bunu niyə yazıram?! Adətən, bizim insanlarımız zirvəyə qalxdıqca ətəkləri unudurlar. Xüsusən də ilk işləri gənc qələmləri sındırmaq olur. Vaqif Səmədoğlu (onun uğur payı verdiyi gənc ədiblər çoxdur) isə hələ təzə-təzə sahibinin əlinə öyrəşən bu titrək qələmi düz tutmaq üçün yol göstərən mayak idi. Səmimiyyəti, xoş niyyəti, sadəliyi ilə. İndi sosial şəbəkədə mənə ünvanladığı hələ də o canlı sətirləri oxuyuram, təzəcə yazılmış kimi... Çox üzüldüm çox... Özü ölümlə barışsa da, onu sevənlər barışa bilmirlər. Bilməyəcəyik də... Xatirələrimizdə, ədəbiyyatımızda həmişə yaşayacaq! 


Şəfiqə Şəfa