MƏHƏBBƏTSİZ ÖTƏN BİR İL

ƏBÜLFƏT MƏDƏTOĞLU
64513 | 2015-01-28 09:27
Ötən həftənin şənbə günü köhnə dostum İlhamla (İlham Alışanov Ə.M.) üzbəüz oturmuşdum, ordan-burdan danışırdıq... Dağı arana çəkirdik, aranı da dağa. Birdən İlham dedi ki, yəqin unutmamısan, 28-də Məhəbbət Kazımovun il mərasimidi...
Doğrusu, bir anlıq İlhamın dedikləri mənə yuxu kimi gəldi. İnana bilmədim ki, zaman bu sürətlə ötüb keçir... İnana bilmədim ki, bir il artıq tarixə çevrilib... Və inana bilmədim ki, biz bir il Məhəbbətsiz yaşaya bilmişik!..
Bəli, düz bir il bundan öncə elə-belə yağışlı, çiskinli bir gündə döydü qapımızı qara bir xəbər. Dostların, onun sənətinin pərəstişkarlarının üstünə od ələndi, su ələndi, qar yağdı, şaxta düşdü. Hamımız don vurmuş kimi bir anda qıc olduq, keyləndik, haldan, heydən düşdük. İnana bilmədik bu xəbərə. Çünki inanılması mümkün deyildi. Ürəyi Laçın boyda olan, dili Laçın söyləməkdən yorulmayan bir səsin sahibi bizi tərk edib gedə bilməzdi. Çünki bizim arzularımız var idi, niyyətlərimiz var idi. Biz o arzuları, niyyətləri Laçında gerçəkləşdirəcəkdik. Şuşaya qələbə bayrağı sancılan günü Məhəbbət o bayrağın altında üzü Laçına dayanıb "Laçınım" mahnısını oxuyacaqdı. Və sonra da biz o "Laçınım" mahnısının sədaları altında üzü Laçına gedəcəkdik... Ona görə də mən həmişə sözündə, vədində dəqiq olan, dilinə yanlış bir fikir gətirməyən Məhəbbətin arzumuza, niyyətimizə belə biganəlik, etinasızlıq göstərəcəyini qəbul edə bilmədim. Üstəlik də, öncələr onun barəsində bir neçə dəfə şayiələr yayıldığından düşündüm ki, bu dəfə də onun bədxahları belə bir qara xəbəri dillərinə gətiriblər. Amma sən demə...
Onda da oturmuşduq İlhamla birlikdə Məhbbətin özünə çəkildiyi "Məhəbbət" restoranında. Yenə özümüzdən, ailəmizdən, Laçından, Tuğdan danışırdıq. Təzəcə başlamışdıq qismət kəsməyə. Qapı açıldı. Həmişəki təbəssümüylə, həmişəki ərkiylə od-alov kimi daxil oldu içəri. Öpüşdük, görüşdük. Üzünü İlhama tutdu:
- Bəs gəlmisiniz niyə xəbər vermirsiniz?
Hər ikimiz bir az günahkar kimi gülümsədik. Və İlham dedi ki:
- Uşaqlardan soruşdum, dedilər dincəlirsən. Ona görə narahat etmədik.
Yenə Məhəbbət həmin o səmimiyyətiylə, həmin o doğmalığıyla:
- Mənim dincəlməyim dostlarla, sizlərlə, doğmalarla, camaatımla bir yerdə olanda ürəyimə yatır. Ayrı cür dincəlməyi mən bacarmıram - söylədi.
Bəli, üçümüz də bu görüşdən məmnun halda yedik, içdik, söhbət etdik və hətta Məhəbbət İrana gedib gələndən sonra özünü necə gümrah hiss etdiyini elə bir şövqlə dedi ki, içimizdəki sızıltı sanki bir anda qeybə çəkildi. Tamam unutduq onun hansısa bir ağrı-acı yaşadığını. Başladıq yenə zarafatlaşmağa, yenə dostlara zəng vurmağa. Öncə xalq artisti Yasin Qarayevin telefonunu yığdı, onunla zarafatlaşdı. Sonra Afiq Vəlimətovun telefonunu, onun ardınca Etibar Hübətovu, Nəsib Qosayevi axtardı... Təsadüf elə gətirdi ki, bu dostlar şəhərdən kənarda olduqlarından bizimlə bir masa ətrafında toplaşa bilmədilər. Amma ürəkləri, xeyir-duaları, arzuları bizimlə birlikdə oldu. Hətta biz məclisdən durub ayrılanda Məhəbbət imkan vermədi ki, hansısa bir taksini saxladaq. Əlini çiynimə qoyub İlhamı da özünə tərəf çəkib gülə-gülə dedi:
- Bəs bu maşını nədən ötəri almışam?
Sualına da özü cavab verdi:
- Özümüz üçün. Əyləşin, uşaqlar sizi harda desəniz düşürüb qayıdıb gələrlər.
Ona etiraz etməyin yeri yox idi. Çünki o, dediyinin həyata keçiməsini elə səmimiyyətlə istəyirdi ki, bunu nəyəsə görə edilmədiyi aydın olurdu. Bilirdin ki, el arasında deyildiyi kimi, bu, xalaxətir təklif deyil, içdən gəlir. Biz də onun iç dünyasına özü qədər bələd idik. Ona görə də onunla sağollaşıb ayrıldıq...
İndi də o məqamı, o günü xatırlayanda içimdə bir qəribə hiss baş qaldırır. Öncə Allahıma minnətdar oluram, sonra dostum İlhama. Çünki həmin yerdə əyləşib qismət kəsməyi, bir az qayğılardan uzaqlaşmağı məhz İlham təklif etdi. Və bu təklifi də mənə Məhəbbət Kazımovla ölümündən 10-15 gün öncə üzbəüz oturmaq, onun səsini, onun özünü gözlərimə, ürəyimə, yaddaşıma köçürmək imkanı verdi. Və həmin vaxt vədələşdik ki, yaxın vaxtlarda bayaq adını çəkdiyim dostlarla birlikdə bir gen-bol oturarıq. Təəssüf... Biz bu arzuya da qovuşa bilmədik.
Söhbət əyləşib hansısa nemətləri dadmaqdan getmir. Söhbət Məhəbbəti dinləməkdən, onun dostların xatirinə etdiyi zümzümələrin qanadında Qarabağı dolaşmaqdan, Laçına getməkdəndi... Nə isə...
İki gün öncə nəşriyyatın birinci mərtəbəsində Etibar mənə bir kitab verdi - "O səsin sehri". Bu kitab Məhəbbət Kazımov haqqında xatirələr toplusudu. Həmçinin bu kitabda Məhəbbətin ömrünün müxtəlif anlarını tarixiləşdirən fotolar, ona ithaf edilmiş şeirlər də yer alıbdı. Mən kitabın üz qabığında Elnur Baxış imzasını görüb maraqla vərəqlədim. Öncədən deyim ki, Elnur bəy çox savab bir iş görüb. Məhəbbətin ruhu qarşısında onun bu kitabı yaxşı bir xatirədi, abidədi.
Və düşünürəm ki, bu kitabda söylənilən bütün fikirləri toplum halında Məhəbbət sevənlərə hədiyyə olunması Məhəbbət Kazımovun ölməz ruhunun və səsinin əbədiyaşarlığına həm də sübutdu, təsdiqdi. Çünki bu kitabda Azərbaycanın çox böyük ziyalılarının, sənət adamlarının, o cümlədən Zeynəb Xanlarovanın, Şəfiqə Axundovanın, Sara Qədimovanın, Əlibala Məmmədovun, Habil Kamanın, Kamil Cəlilovun, Ağaxan Abdullayevin, Arif Babayevin, Ramiz Zöhrabovun, Qədir Rüstəmovun, Niyaməddin Musayevin, Rasim Balayevin, İslam Rzayevin, Süleyman Abdullayevin, Mənsum İbrahimovun, Alim Qasımovun və daha neçə-neçə ünlü simaların, həmçinin dəyərli şairlərimiz Ramiz Rövşənin, Ramiz Qusarçaylının, Zöhrab Tahirin, Zəlimxan Yaqubun, Paşa Qəlbinurun, Məmməd Aslanın, Rəşad Məcidin, Əli Mahmudun, Fərqanə Mehdiyevanın və digərlərinin fikirləri, poeziya çələngləri toplanıbdı. Ümumiyyətlə, bu kitabda Məhəbbət Kazımova ehtiram, sevgi dolu bir söz abidəsi ucaldılıb,
Bəli, mən bir ilin necə keçdiyini düşünə-düşünə onun barəsində dəfələrlə yazdığım məqalələri, onunla olan müsahibələrimi, söhbətlərimi bir daha vərəqlədim.
Həmin köhnə yazıların arasında Məhəbbət haqq dərgahına qovuşandan sonra onun adına bağışladığım şeirə rast gəldim. Mən o şeiri bu gün Məhəbbətin cismən bizdən ayrıldığı günün bir illik həsrəti fonunda sizlərə təqdim edirəm.
Demə, nə çal-çağır, ya nə mağardı -
Özünə tutduğun toydu, Məhəbbət!
Bir az yubansaydı, durub baxardı -
Hoydu söyləyərdi, hoydu, Məhəbbət...

Gördü kim əl gəzdi, kimlərsə ətək
Kimlər baş oynatdı, kimlər də göbək...
Arı nə daşıyır, göstərir pətək -
Səsini ortaya qoydu Məhəbbət...

Çox duydum, çox gördüm hayandan baxsam
Yanırdı ürəyi - sanki bir ağ şam!
"Laçınım" söyləyən hər səhər, axşam -
Laçınsız qalmaqdan doydu Məhəbbət...

Tanrıdan pay idi istedad ona
İlk sevgi... söyləyib od salmaq cana.
Səsin bağışlayıb Azərbaycana -
Fələyin köksünü oydu Məhəbbət!

... Hə, biz bir ildi sənsizik. Amma mən bizsiz deyilsən. Çünki sənin ruhun həmişə bizimlədi, bizim yanımızdadı. Biz onu görmürük, amma duyuruq, eşidirik. Ona görə də sən əlçatmaz və əbədisən. Sadəcə, cismini aparmısan. Biz insanlar cismləri görməyə öyrəşmişik, ruhları yox. Ona görə də bizlər günahkarlarıq. Haqq dünyası ruhların oylağıdı. Sənin bir oylağın da Laçındı, Azərbaycandı. Ruhun şad olsun, qardaş! Görüşənədək!

TƏQVİM / ARXİV