"BƏXTƏVƏRLiK"

ƏBÜLFƏT MƏDƏTOĞLU
34005 | 2009-03-14 02:16
İndiki vaxtda göz önündə olmaq əməlli-başlı zülüm bir işdi. Lap belə müsibətdi, çünki hamının diqqəti səndə olur. Ötən də, keçən də, tanıyan da, tanımayan da hamının nəzərləri üstündə, hamının baxışları səni izləməkdə və hamının da söz-söhbətinin, qeybətinin mövzusu sən. İndi hünərin var, döz görüm necə dözürsən. Biri elə lap bizim iş yerimiz. Bizim deyəndə ki, yəni "Ədalət" qəzeti.
   
   Oxucularımız artıq bilir ki, içərisində olduğumuz bu həftədən qəzetimiz yenə həmişəki kimi gündəlik onların görüşünə gəlir. Lakin bir balaca bu gəlişimizdə fərq var. Bu fərq də ondan ibarətdir ki, indi qəzetimizin səhifələrinin sayı artıb. Bununla biz oxuculara daha çox informasiya vermək, onları daha çox məlumatlandırmaq məqsədini ortaya qoymuşuq. Çalışmışıq ki, məmləkətimizdə, dünyada baş verən məqamlar barəsində oxucularımızı daha çox bilgiləndirək. Amma...
   
   Məsələnin əmması ondadır ki, bizi tanıyanlar, tanımayanlar buna ayrı bir nəzərlərlə baxırlar. Elə dünən də çoxdan tanıdığım bir həmkarım nəşriyyatın dördüncü mərtəbəsində qarşılaşanda mənə dedi ki, deyəsən, özünüzü tutmusunuz, səhifələrin sayını artırmısınız. Düzü, bu yanaşma məni içimdə ağrıtdı. Yadıma bir köhnə atalar sözü düşdü. Atalar deyib ki, kasıb əyninə təzə don geyinəndə deyirlər hardan aldın, varlı geyinəndə deyirlər mübarəkdi. İndi həmin köhnə tanışım da bizə "xeyirli, uğurlu olsun" demək əvəzinə, hardan nə tapdığımızla maraqlandı. Doğrusu, belə bir məqamda ilk ağlıma gələn ikinci bir atalar sözümüz də oldu. Atalar deyib ki: "İçim özümü yandırır, çölüm özgəni". Hə, nə isə. Deməli, bu tanışımdan təzəcə aralanmışdım ki, başqa bir qəzetçi kənardan söz atdı ki, ""Ədalət"çilərin əli qalınlayıb. Biz qəzetimizi buraxa bilmirik, onlar səhifələrinin sayını artırırlar". Yenə şeytana lənət oxudum. Yenə burda deyiləsi, amma yazılası mümkün olmayan bir senzuradan uzaq atalar sözü yadıma düşdü. Onu yaza bilmirəm, özünüz bildiyiniz kimi təsəvvür edərsiniz. Lap hara istəyirsiniz yozun...
   
   Bəli, çox elementar bir hadisəni dilə gətirdim. Qəzetin səhifəsi artıb. Bu artım artıq bizim üçün bəxtəvərçiliyə çevrilib. Yetən dərhal onun maliyyəsi ilə və o cümlədən də əməkdaşların əmək haqqının artması ilə maraqlanır. Qırmızıca adamın üzünə deyirlər ki, "aha, bayram payınız bəri başdan gəlib. Təsisçiniz sizi öncədən təbrik edib. İmkan olsaydı biz də sizinlə gəlib işləyərdik. Görəsən, Aqil müəllim bizi qəzetinə işə götürməz ki?" Bu sonuncu deyim qanımı bir az qaraltdı. Bilirsiniz niyə? Ona görə ki, həmin o maliyyə ilə maraqlananlar qəzetin necə çıxmasını bilmədikləri halda kabab iyinə gəlmək istəyirlər. Xəbərləri yoxdur ki, burda kababdan çox tonqal olmaq, şam olmaq gərəkdi. Yanıb-yaxılmasan, zəhmət çəkməsən heç nə araya-ərsəyə gələn deyil. Aqil Abbasın sözü olmasın, iş o deyil ki, gəlib iki-üç qranka nə isə yazıb aradan çıxasan. İş ondadı ki, qəzetlə, onun kollektiviylə nəfəs alasan, onun odunda yanıb-yaxılasan. Onda görərsən ki, bəxtəvərlik düşür, yoxsa yox.
   
   Bəli, onsuz da bizim lap bünövrədən əskimiz tüstülüdü. Həmişə çalışıb-vuruşub ortalığa gətirdiklərimiz təşəkkür əvəzinə, ancaq "bəxtəvərçilik" qazanıb. Bunun nəticəsində də əməkdaşlarımızın, işçilərimizin günü-güzəranı elə xalqın günü-güzəranıyla bir sırada addımlayıb və biz bazara işləmədən xalqa yaxın olmağa, xalqa işləməyə çalışmışıq. Qazancımız, əvvəldə dediyim kimi, bircə o "bəxtəvərçilik" olub. Hamı elə bilib ki, "Ədalət"də işləyənlərin kefləri kök, damaqları çağ, əhvalları Tanrıya bəndəlik etməyən, gözü ayağının altını seçməyən insanların əhvalı kimidi. Yox, əzizlərim, siz bizə nə qədər bəxtəvərçilik versəniz də biz nəyi necə çəkdiyimizi özümüz daha yaxşı bilirik. İllah da ki, qəzetə sahiblik edənlərin, yönəldənlərin... Axı, bu insanlar təkcə qəzeti yox, həm də onun kollektivinin durumunu da düşünürlər. Deməli, onların yükü bizimkindən ikiqat ağırdır.
   
   ... Kim nə deyir-desin, bəd nəzər, bəd niyyət və ən vacibi isə ətrafındakılara acgöz, həris nəzərlərlə baxmaq, diqqət yetirmək yaxşı hal deyil. Bu, qarşı tərəfin təkcə durumuna yox, həm də onun fiziki və mənəvi varlığına, yumşaq desək, təcavüzdü. Siz ayrı-ayrılıqda özünüzü necə görüb-necə duyursunuzsa hamını, o cümlədən bizi də o cür görüb-duyun. Bilin ki, bizim bəxtəvərlik halımız yoxdu. Bizim sizdən üstünlüyümüz, bir az sizdən daha çox əziyyət çəkməyimiz və ən vacibi yönəldənlərimizin bizlərlə həmfikir olmasıdır.

TƏQVİM / ARXİV