adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Türk ədəbiyyatının ledisi

CƏLİL CAVANŞİR
26370 | 2012-11-20 11:46
1971-ci ildə Starsburqda doğulan, Müasir Türkiyə ədəbiyyatının Orxan Pamukdan sonra ən ünlü nasiri Əlif Şəfəqin uşaqlığı və gəncliyi Ankara, Madrid, Əmman, Köln, İstanbul, Miçiqan və Arizonada keçib. Özünün də dediyi kimi uşaqlığını çox hüznlü və tənha yaşayıb. Strasburqda fəlsəfə doktorluğu müdafiə etməyə hazırlaşan atası, Əlifin doğulmasından qısa müddət sonra anasından ayrılır. Gələcəyin böyük yazıçısı atasız böyüyür. Ata və qız bir-birlərini tanıyacaq qədər bir yerdə yaşamırlar və bu kiçik Əlifə çox pis təsir edir. Əlif üçün həyata daha böyük ümidlə sarılan anası feminist və romantik bir qadındı. Dindar bir ailədə böyüyən gənc Şəfəq 70-ci illərdə Ankarada təhsil aldığı universiteti atır və Əlifin atasıyla bərabər Avropaya getməyə qərar verir. Evlilikləri qısamüddətli olduğu üçün anası yenidən Ankaraya qayıdır. Yaşadığı çətinliklərə baxmayaraq toparlanmağı bacaran Şəfəq xanım, təhsilini davam etdirməyə qərar verir. Anasının təhsilə dönməsi ilə nəzarətsiz qalan kiçik Əlifə nənəsinin himayəsində qalır. Gələcəyin yazıçısı 11 yaşına qədər dindar qadın mühitində böyüyür. Onun dünya görüşünə nənəsinin danışdığı sirli-sehirli əhvalatlar çox ciddi təsir edir. Uzun müddət anasından ayrı qalan Əlif, anasına "abla" deyirmiş. Çünki anası bütün günü işləmək və karyerasını qurmaq məcburiyyətində idi. Onun üçün ana yemək bişirən, mətbəxdən çıxmayan qadın obrazı idi və təəssüf ki, o bu xoşbəxt ailə ortamından məhrum idi. Əlifin gələcəyini qurmaq üçün inadkar anası Türkiyə cümhuriyyətinin Xarici İşlər Nazirliyində attaşe vəzifəsində çalışırdı. Mətbəx, övlad qayğısı, övladla birlikdə vaxt keçirmək ona tamamilə yad idi. Rəsmi, zəhmli bir dövlət adamı, çalışqan bir diplomat onun üçün ancaq "abla" ola bilərdi...

Ona "turka" deyirdilər

Anasının üzünü az-az görsə də, anası Əlifin gələcək həyatına çox ciddi təsir edir. 80-ci illərdə Xarici İşlər Nazirliyində çalışan Şəfəq xanım qızı Əliflə bərabər Madridə köçür. Bu arada çox maraqlı və zəruri bir qeyd: Əlif doğulanda atası ona öz soyadını vermir. Sənədlərdə Əlifin soyadının yerinə anasının adı - Şəfəq yazılır. 30 yaşında dul qalan bir qadının himayəsində böyüyən Əlif o illəri hər zaman kədərlə xatırlayır. Gəzdiyi şəhərlər onda yalnız bir hiss yaradır: köçkünlük hissi. Anasının cəmiyyətə qarşı apardığı mücadilə, çəkdiyi əziyyətlər ona böyük bir həyat dərsi verir. Həyatı boyu atasını cəmi 3-4 dəfə görən yazıçının bəlkə də ən böyük travması məhz atasızlıqdır. İlk təhsilini Madriddə, bir ingilis məktəbində alıb. Yazıçı bu günləri çox kədərlə xatırlayır: "Oxuduğum ingilis məktəbində yeganə türk şagird mən idim. Məni ya "turk", ya da "turka" deyə çağırırdılar." Müxtəlif şəhərlərdə müxtəlif məktəblərə gedən Əlif, nəhayət ki, Ankarada litsey təhsilini başa vurur və Orta Doğu Texnik Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə daxil olur. Daha sonra həmin Universitetin Qadın Çalışmaları bölümündə magistr təhsili alan yazıçı, doktorluq təhsilini siyasət sahəsində tamamlayıb.

Türkiyədə kitabları ən çox satılan yazar

Universitetdə təhsil aldığı 1994-cü ildə gənc Əlif ilk kitabını, "Kem gözlerle Anadolu" kitabını qələmə alır. 1997-ci ildə çap olunan "Pinhan" adlı ilk romanı 1998-ci ildə "Mövlane Büyük Ödülü"nü qazanır və bu mükafat yazıçının həyatında növbəti dönüş nöqtəsi olur. "Pinhan" romanından sonra Əlif Şəfəq "Şehrin aynaları" və Türkiyə Yazıçılar Birliyinin mükafatını qazanan "Mahrem" romanını yazır. Bir-birinin ardınca qazandığı uğurlardan stimul alan yazıçı, böyük bir coşğunluqla həyatını yaradıcılığa həsr edir və yaradıcılıq ona çox böyük uğur gətirir. 2002-ci ildə böyük tirajla satış rekordu təzələyən "Bit Palas" və ingilis dilində "Araf" romanlarını yazır.

2004-cü ildə beş yazarın: Muradxan Mungan, Faruq Ulay, Əlif Şəfəq, Cəlil Oker, Pınar Kürün ortaq layihəsi olan, "Beşpeşe" romanı çap olunur. Publisistikada da qələmini sınayan xanım yazar, 2005-ci ildə qadın, mədəniyyət, sənət və ədəbiyyat mövzulu publisistikadan ibarət "Med-Cezir" kitabını nəşr etdirir. 2006-cı ildə ilin ən çox satılan kitabı olan "Baba ve Piç" yayımlanır. Uğurlar, oxucu sevgisi, ədəbiyyatın gətirdiyi şöhrət xanım yazıçını həvəsləndirir və o avtobioqrafik "Siyah süt" əsərini qələmə alır. Bu kitab da çap olunan kimi, Türkiyədə böyük ilgiylə qarşılanır. Nəhayət ki, 2009-cu ildə Əlif Şəfəqə dünya şöhrəti gətirən "Aşk" romanı "Doğan" nəşriyyatında işıq üzü görür. Kitab Türkiyə ədəbiyyatı tarixində önəmli bir rekorda imza atır; qısa müddətə ən çox satılan kitaba çevrilir. Həmin il "Doğan" nəşriyyatı Əlif Şəfəqin bütün əsərlərindən seçmələrin toplandığı "Kağıt helva" kitabını nəşr edir və bu kitab da oxucu diqqətindən kənarda qalmır. 2010-cu ildə növbəti kitabı "Firarperest" kitab bazarına çıxır və hələlik sonuncu kitabı olan "İskender" 2011-ci ildə işıq üzü görür və kitab bazarına çıxarılmadan, 260 min tiraj satılır.

Əlif Şəfəq 2009-cu ildən "Habretürk" qəzetinin köşə yazarıdır və bu qəzetdə yazdığı köşələr bu il, yəni 2012-ci ildə "Şemspare" adı ilə yayımlanıb. Xanım yazıçı eyni zamanda dünyanın ən tanınmış mətbuat orqanlarından biri olan "The Guardian" qəzetində köşələr yazır. Əlif Şəfəqin iki kitabı; "Aşk" və "İskender" Azərbaycanda da nəşr olunub və böyük maraqla qarşılanıb. Əlif Şəfəq hal-hazırda Türkiyə sərhədləri daxilində kitabları ən çox satılan müəllifdir və o 2010-cu ildə kitab satışından təxminən 1 milyon avro qazanıb. Ünlü yazıçı köşə yazıları yazdığı "Habertürk" qəzetindən ayda təxminən 10 min dollar maaş alır.

Jurnalist Eyyub Canla evliliyindən iki övladı var: Şəhrzad Zelda və Əmir Zahir.

Əlif Şəfəqin "ən"ləri...

Ən çox istifadə etdiyi söz: eyvallah;

Ən çox həyəcanlandığı hadisə: Oğlunun danışmağa başlaması və minlərcə başqa hadisə;

Ən sevdiyi iş iş: hekayələr danışmaq;

Bir daha dünyaya gələrsə ən çox etmək istədiyi iş: kitab yazmaq;

Ən çox yerində olmaq istədiyi adam: Yoxdur;

Ən sevdiyi şəhər: İstanbul, Madrid və London;

Ən sevdiyi yemək; zeytun yağı istifadə olunan bütün yeməklər

Qəhrəmanı: Asteriks

Ən sevdiyi xüsusiyyəti: təxəyyül qurma bacarığı;

Özünü ən uğurlu hiss etdiyi vəziyyət: Yazı anı;

Peşəyə ilk başladığındakı xəyalı: yazmaq, dayanmadan yazmaq;

Dünya görüşü: könülünü, zehinini, qələmini qurutmamaq.



Cəlil Cavanşir

TƏQVİM / ARXİV