adalet.az header logo
  • Bakı 19°C

HƏR ŞEYƏ RƏ

VƏSİLƏ USUBOVA
31406 | 2009-03-14 02:13
Mövcud olan hər şey öz sirriynən gözəldi. Aydın olanlar, açıq-aşkar görünənlər cazibəsizdi, bəsitlər maraqsız. İnsan qəlbi həmişə müəmmalar peşində, sehrli aləmlər sorağındadı. Elə özünün də gözəl və ya çirkinliyi deyil, maraqlı və maraqsızlığı, adiliyi və qeyri-adiliyi diqqətdədi. Yüksək erudisiyalılar və saya təfəkkürlülər bizi həmişə seçim qarşısında qoyduğu kimi, müxtəlif xasiyyətlilər də münasibətlərimizin ölçüsünü, dəyərini təyin edirlər. Sirli-sehrli baxışlar var, müəmmalı təbəssümlər var... Və... sirr yükünü qaldıra bilmədiyimiz sözlər, cümlələr var...
   
   Lap elə Qadınlar bayramında aldığım mesaj kimi: "Dünya hər şeyə rəğmən gözəldi..." Üzünüzün nə şəklə düşdüyünü təsəvvür edirəm. O dəqiqə fikrinizdən keçdi ki, nə böyük şeymiş, adi bir cümlədi, harasındadı bunun sirri-sehri?!. Razıyam. Amma tamam yox. Xatirimdədi, bir tələbə yoldaşımın xatirə dəftərinə yazdığım "hətta hönkür-hönkür ağlayanda da düşünürəm ki, həyat gözəldi və mən həyatda olmağıma görə xoşbəxtəm" cümləsini oxuyan oğlanlarımızdan biri istehza eləmişdi: "Çox təəssüf ki, bunu səndən çox-çox əvvəl deyiblər". O da haqlıdı. Nədə haqlı olduğunu demək əvəzinə, özümün o zamankı düşüncəmin bəsitliyinə bu gün həm qibtə, həm də təəssüf etdiyimi yazmağım daha sərfəli olar...
   
   Xanım dostumun cümləsində işığa bələnmiş bir sirr vardı. Ona və mənə bəlli olan bir sirr. Söz sahibinə görə qiymətlidi. O, bəsit birisi deyil, yaşadığı və işlədiyi şəhərdən tutmuş dünyanın bütün qlobal problemlərini öz qələminin ucuna yığıb fikirlərinin işığına tutmağı, ağ vərəqlərə dağıtmağı bacaran söz adamıdı. Həyat və iş təcrübəsi qazanmış, ağrı-acılar yaşamış və bu çəkdiklərindən yana gözünün yaşı ovcunda olan bir insandı. Acizlikdən deyil, yanğıdan dünyanı düzəldə bilməsə də, heç olmasa, öz duyğularına sərin su çiləmək, yığıntılardan sovunmaq niyyətiynən arabir göz yaşlarına dəm verən bir xanımdı. Xüsusən son aylar sağlıq durumuynan bağlı çəkdiklərini (bunu saydıqlarımın heç biriynən müqayisə eləmək olmaz) nəzərə alsaq, çox sevindirici və ürəkaçan bir mesajdı...
   
   Həm də ümidverici ...
   
   Və bu ikinci mənə tuşlanan bir təsəllidi...
   
   Hələ görüşməmişik, üz-üzə oturub dərdləşməmişik. Deyəcəksiniz ki, bəs, bu necə dostluqdu?! Duyğuların, istəklərin, lap elə maraqların oxşarlığı, yaxınlığı zaman, məkan tanımır. Bir damın altında yaşayıb əks qütblərə can atmaq da mümkündü...
   
   
   
   ***
   
   
   
   Bir bayramı da yola saldıq. Bilmirəm, başqalarından ötrü necə bir işdi, mənimçin ömrü çərçivəyə salan, gözləntilərlə yaşamağa yönləndirən bir şeydi. Keçmiş iş yoldaşlarımdan birinin dediklərini heç cür unuda bilmirəm: "Hər ayın başını gözləmək ömrümüzü-günümüzü puç edir, rahat yaşamağa qoymur". O, maaşı nəzərdə tuturdu və gəlin etiraf edək ki, günümüzü, güzəranımızı çox dəqiq ifadə edirdi. Ancaq bayramlara, əlamətdar günlərə, daha doğrusu, nəyisə gözləməyə köklənmək bu günün yaşantılarından kifayət qədər zövq almağa, anları, günləri canına, qanına hopdurmağa əngəl olan bir ovqatdı. Həmişə sabahların ümidiynən yaşayırsan, elə bilirsən ki, ən yaxşı günün qabaqdadı. Halbuki, ən gözəl çağların bu günümüzün qoynunda olduğunu anlamaq daha çox xeyirimizə olardı... Bayramların çoxluq təşkil etdiyi aylar daha gərgin keçir. Bəlkə də bunlar çoxlarıyçın bir baş qatqısı, yaşam əyləncələridi, ancaq yaradıcı kəslərin həmin günlərdə, aylarda səmərəli işləməsinə şübhəm var. Amma...
   
   Hər şeyə rəğmən dünya gözəldi...
   
   
   
   ***
   
   
   
   Və nədənsə, mənə elə gəlir ki, bu gözəl dünyanın ağrılı-acılı tərəfləri daha çoxdu və bu tərəflərin sakinləri ən çox qadınlardı. Oxusa da, işləsə də, cəmiyyət nə qədər inkişaf eləsə də, məişətimiz başdan-ayağa mexanikləşsə də, qadının qayğıları azalana oxşamır. Bəlkə bizi qane eləmir, bəlkə bu saydıqlarım sirli, müəmmalı qadın qəlbinin bütün umacaqlarını təmin etməyə qadir deyil?! Əlbəttə, qadir deyil! Bütün ağırlıqlar onun çiynindədi. Bayramların da, öz bayramının da, lap elə ad gününün də dükan-bazarından tutmuş biş-düşünəcən hamısını özü yola verir. Quru və rəsmi deyirəm: gəlin, görək bizim ərzaq sənayemiz qadın əməyini yüngülləşdirməkçin nə edir?! Eşitmişəm ki, başqa şəhərlərin, ölkələrin mağazalarında xüsusi paketlərdə soyulub doğranmış kartof, bükülmüş dolma və s.satılır. Vaxtımız çatmayanda biz hazır (həm də təzə) nə tapırıq? Uzaqbaşı, kolbasa-sosiska, bişintidən başqa heç nə. Mən demirəm ki, mətbəximizin qapısına qıfıl vurub hər şeyi hazır alaq, deyirəm ki, heç olmasa, lazım gələndə bizlər də bir şeylər tapa bilək...
   
   Üstəlik, qadınlardan baxımlılıq, incəlik, durna boğazlı, ceyran yerişli olmağı tələb edirlər. Tanınmış rəqqasələrimizdən biri televiziyadakı çıxışında deyirdi ki, qadınlarımız asta danışmağı, süzə-süzə yeriməyi tərgidiblər. Elə hamısını iti addımlarla harasa tələsən görərsən. Bir az evdən tez çıxsınlar və naz sata-sata yerisinlər. Belə olsa, nə gözəl. Amma bu Allah bəndələri yatağından qalxan kimi mətbəxə, evdən bağçaya, bağçadan işə, işdən də macal tapıb dükan-bazara, aptekə, poçta qaçırlarsa, sona kimi səkməyə necə vaxt ayırsınlar?!
   
   Sovet dövründə respublikamızın cənub rayonlarının birində yaşayan çaybecərən qadın haqqında oçerk oxumuşdum. Bu qadın həm Qəhrəman ana, həm də əmək qabaqcılıydı. Gündüz çay plantasiyalarında, axşamlar da evdə başını qaşımağa macalı yoxmuş. Guya gecə yarısınacan biş-düşlə, yuyub-yamamaqla məşğulmuş, hətta tikiş maşınında uşaqlarına paltar da tikirmiş. Əvvəla, inandırıcı deyil. Ona görə ki, bu məmləkətdə heç zaman - nə onda, nə də indi adamlara əməyinə, bacarığına görə qiymət verilməyib. İkincisi, belə olsaydı da bu, istismardan başqa bir şey deyildi. Sadəcə, insanı insanlıqdan çıxartmaqdı...
   
   Belə qadınlarımız olub, indi də var. Ancaq onların əməyi heç yanda görünmür... Sabahın necə açıldığını, axşamın necə düşdüyünü bilməyən qadının gözlərində dünya necə gözəl ola bilər, görəsən?!.
   
   
   
   ***
   
   Dünya həm də bir adamlıqdı - yəni, həm sənlikdi, həm də mənlikdi. Müdriklərdən biri deyib ki, mən varam, dünya da var, mən yoxamsa, dünya da yoxdu!
   
   Dünya həm də mənim gözümlə gördüyümdü. Toya, şənliyə gedəndə elə bilirsən, dünyanın hər yerində çal-çağırdı, bolluqdu, şadyanalıqdı... Yas yerinə çatmamış damarlarında qanın donur: dünya göz yaşıynan doluymuş ki... Xəstəxanaya yolun düşəndə hamının xəstə, zəlil olduğunu güman edirsən... Dustaqxanaları xəyalında canlandıranda bəşər övladının bir yığın oğru, quldur, manyak olduğu qənaətinə gəlirsən... Dünya həm də mənim ovqatımdan asılıdı - mən güləndə daşı-torpağı da gülür, ağlayanda gülündən-çiçəyindən qan-yaş tökülür...
   
   
   
   ***
   
   
   
   Xanım dostum! İxtiyarım olmasa da hər abzasda dünya haqqında bir "hökm" oxudum! Təzə heç nə demədim... Bunlar hamıya məlum. Bir də var mənim ürəyim... Ürəyimi sən bilirsən, axı... Ən əziz, ən doğma adamının yeri boş qalanda ovuda bilməzsən o ürəyi... Qürur, arxa, dayaq, sevgi, nəvaziş adına güvəndiyin yeganə varlıq bu dünyada yoxdusa, xörəyinə duz qatmaya bilərsən. Göz yaşların udduğun tikələrə hopub dad verəcək yediyinə...
   
   Beləsə, gözəl ola bilərmi, dünya?! Lap elə hər şeyə rəğmən...
   
   

TƏQVİM / ARXİV