SEYMUR BAYCANI HƏBS ETMƏLi!

ETİBAR CƏBRAYILOĞLU
40422 | 2009-03-14 02:13
Xalqımızın adından danışmaqdan və yazmaqdan xoşum gəlmir. Lap düzünə qalsa, buna heç səlahiyyətim də çatmır. Bildiyimə görə, xalqın adından bizdə yalnız millət vəkilləri danışa bilər. Xalqın adından yazmaq üçün də bir xeyli xalq yazıçımız var. Mənə növbə çatınca... Amma yazmamaq da olmur.
   
   Bir Seymur Baycanla da bacara bilməyəcəyik? Ağlına və ağzına gələni yazıb ildə bir kitab çap etdirir. "18,6" kitabını oxuyub qurtarınca birini də bütün şəhərə yayıb. Bu dəfə kitaba "Körpüsalanlar" adını verib. Bütün bu cızmaqaraları ilə xalqımızın mənəvi dəyərlərinə böyük zərbə vurur. Torpaqlarımızı düşmən qoşunlarından azad etməyə köklənən məktəblilərimizin tərbiyəsinə mənfi təsir göstərir. Özünə "Seymur XXX" təxəllüsü götürüb. Baycan kimi qədim sözdən imtina edib mücərrəd XXX rəqəmindən yararlanmaqla iz azdırmaq istəyir. Guya biz heç nə bilmirik...
   
   Yəni bir şey maraqlandırır. Bütün bu işlərə yuxarılar niyə lazımınca diqqət yetirmir? Yazıçılar Birliyi də daxil olmaqla demək olar ki, bütün nazirlik və komitələrin binaları yeni təmir olunub. Özü də yüksək səviyyədə. Bəs həmin binalarda oturanlar hara baxır? Onların bu mövqeyindən ruhlanan Seymur Baycan öz kitabında həqiqətə uyğun olmayan şeylər yazır. Özünü elə aparır ki, guya heç Azərbaycanda yaşamır.
   
   Götürək elə onun "Körpüsalanlar"ını. Əsərin qəhrəmanı Ruslan İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olmaq üçün beş dəfə sənəd verib və beşində də imtahandan kəsilib. Ağ yalandı. Axı, reallıqda belə şey yoxdu. Bizim məmləkətdə imtahandan ən azı dörd dəfə "kəsilirlər". Əsərin qəhrəmanı indi də körpü tikintisində fəhləlik edir. Digər bir obraza baxaq. Rasim İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Hətta bir neçə məşhur filmdə kütləvi səhnələrdə də çəkilib. Müəllifin uğursuz aktyor saydığı Rasim indi gecələr konservatoriyada gözətçi işləyir. Belə də yalan olar? Əvvəllər "davalı kinolarda" kütləvi səhnələrə çəkilən Rasim sonra gözətçi işləyəcəkdisə, elə gedib kinostudiyanı qoruyardı da, onun konservatoriyada nə işi vardı?
   
   Hələ bu harasıdı? Guya köhnə bakılı Rasimin evini söküb yerində göydələn tikiblər, ona da pul verməyiblər. Axı, tam yalandı. Əsərin bu yeri həyatdakı reallığı tam əks etdirmir. Bu gün hansı bakılının evini sökürlər ki, Rasimin də evi buldozerin altında qala? Adam burda demək istəyir ki, yalançının... Sözü özüm qəsdən yarımçıq saxladım. Mən Seymur Baycanın tayı deyiləm ki, hər on-on beş cümlədən bir söyüş yazım.
   
   "Körpüsalanlar"da Səriyyə obrazını oxumusunuz? Dəhşətdi, yalan dizə çıxıb. Körpü tikintisində çalışan fəhlələrə yemək bişirən Səriyyə xəstələnəndə onu xəstəxanaya aparan fəhlələr qadının əməliyyat olunması üçün pul yığırlar. Həkimlər Səriyyənin ödünü çıxarırlar. Tibb bacısı çıxarılmış ödü məcməyidə gətirib Səriyyəyə göstərir. Səriyyə də ödü götürüb məcməyiyə pul qoyur. Şəxsən mən bu cümlələri yazan müəllifi öz əllərimlə boğmağa hazıram. Bakıdakı bütün dövlət və özəl xəstəxanaların qarşısından keçmişəm, amma heç birində əməliyyat üçün xəstənin yaxınlarından pul alınmasını görməmişəm. Ay məcməyidə öd belə gəldi, pul elə getdi, tibb bacısı belə baxdı...
   
   Seymur XXX körpüsalanların gərgin əməyini hər cümlədən bir yerə vurur. Guya tikinti zamanı fəhlə mühəndisi döyür, tikilən körpülər çat verir. Axı, nə vaxt, harda? Düzdü, istifadəyə verilən körpülərin bəzilərində açılış mərasimindən sonra yüngülvari təmir işləri aparılıb. Amma çat vermək söhbəti olmayıb axı. Yalan yazmaq nəyə lazım?
   
   Hələ siz "Körpüsalanlar"ın finalını oxuyun. Oxuyun ki, müəllifin nələr uydurduğunu öz gözlərinizlə görəsiniz. Baş qəhrəman Ruslan guya hər şeydən bezəndən sonra bulvara gəlir. Mağazadan aldığı ülgüclə damarlarını kəsib həyatına qəsd edir. Sən yazdın, biz də inandıq... Axı, belə gözəl zamanda hansı fəhlə həyatına qıyar? Düzdü, bəziləri yeni tikilən göydələnlərin yuxarı mərtəbələrindən yıxılıb ölürlər. Amma onların körpüsalanlara nə dəxli? Körpü salmaq ayrı, göydələn tikmək ayrı. Bir də ki, ülgüclə səni kimdi bulvara buraxan?
   
   Xalqımızın adından danışmaq və yazmaqdan xoşum gəlməsə də, yəqin ki, tələb irəli sürə bilərəm. Tələb edirəm ki, Seymur XXX təcili həbs olunsun! Yuxarıdakılar, nə olar bir dəfə də biz deyəni edin. Seymurun əl-qolunu qandallayıb Bayıla aparın. Qarşıdan Novruz bayramı gəlir. Bayram günlərini nəzərə alıb həbsdə yatan Seymur Baycanı əfv etmək də olar...

TƏQVİM / ARXİV