adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

QARAVƏLLi

OQTAY SALAMOV
23377 | 2009-03-14 02:13
Bu mənim "Qaravəlli" başlığı ilə Allah bilir neçənci yazımdı. Hətta bir ara sözdən sonra 1,2,3... rəqəmləri də qoyurdum. Bugünkü sitat qeydlərimə baxanda gözümü tutan üç-dörd sürüşkən məsələ məcbur elədi ki, nömrəsiz, rəqəmsiz-zadsız bir "Qaravəlli" də yazım. Bildiyim yerəcən "Qaravəlli" ötür-ötür oyunu, mənasız söz və hərəkətlər yığnağı, ağzına sahib ola bilməyənin söz ishalı, axmağın özünü ağıllı göstərmək istəyi və daha nələri özündə birləşdirən folklor janrıdır. İlk baxışda mənasız görünən, amma kimlər üçünsə divident qazandıran sözlərdən danışmaq fikrim var...
   
   Ötən il dekabrın 14-nün tarixə nə ilə düşdüyünü bəlkə də ilk deyimdə xatırlayanlar az olar. Amma İraqda o vaxtkı ABŞ prezidenti Corc Buşun başına ayaqqabı atılması məsələsini tarixindən asılı olmayaraq hamı xatırlayır. Yadınızdadırsa, o vaxt həmin ayaqqabının hər tayına bilmirəm bir milyondu, ya ondu, bəlkə də yüz milyon dollardı qiymət də qoymuşdular. Hələ türklər də bir iddia qaldırdılar ki, ayaqqabı onların firmasının məhsuludu. Bir sözlə, hamı bu insidentdən öz qazancı üçün istifadə eləməyə çalışırdı. Elə ayaqqabını atan jurnalist Müntəzər əl-Zeydi də, zərbədən akrobatcasına yayınan Buş da, jurnalisti tutan təhlükəsizlik xidməti də, bir sözlə, hamı. Ən maraqlısı və inandırıcısı da o idi ki, sanki hadisə təsadüf nəticəsində baş vermişdi və jurnalist əsəblərini cilovlaya bilməyərək ayaqqabılarını Buşun başına atmışdı. Gördüyünüz kimi, buraya qədər "Qaravəlli"lik heç nə yoxdur. Məzəsi bundan sonradı...
   
   Bu günlərdə Bağdadda keçirilən məhkəmədə insidentin yaradıcısı, iraqlı jurnalist Müntəzər əl-Zeydi 3 il müddətində azadlıqdan məhrum edildi. Əslində elə bu da gözlənilən idi, nə olar ki, indi Buş prezident deyil, bəs onda o qədər qan töküb İraqa demokratiyanı niyə vermişdilər ki. Amma məhkəmədə əsl "Qaravəlli" baş verib. Özünü günahkar saymayan Müntəzər əl-Zeydi son sözündə açıb sandığı, töküb ürəyindəkilərin hamısını ortaya. Hələ məhkəmə prosesində jurnalist verdiyi ifadədə hadisəni belə təsvir eləmişdi: "Mətbuat konfransında Buşu gördükdə gözlərim döndü (deyəsən, ifadəni tərcümə eləyən adam dilimizi zəif bilirmiş, bizdə adətən "başım, beynim çöndü" deyirlər, gözü dönmək öküzə, bir də epilepsiyalılara aiddir). Həmin an Buşun ayaqlarının altında iraqlıların qanından başqa bir şey təsəvvür etmədim. Buna dözə bilmədim və ayaqqabılarımı çıxarıb Buşa atdım. Peşiman deyiləm. Buş İraqın qonağı deyil. Bizdə qonaq üç gündən sonra qonaq sayılmır (sürüşkən ifadədir, yəni ev sahibi sayılır?). Buş isə 6 ildir İraqdadır. O, qonaq yox, işğalçıdır". Əl-Zeydi o vaxt daha bir neçə patriotik cümlələr də işlətmişdi. Amma məhkəmədə şok bir açıqlama verdi: "Bu aksiyanı 2 il əvvəl, Buş Əmmana gəldikdə həyata keçirəcəkdim, amma olmadı. Ayaqqabı atmaq üçün 2006-cı ildən bəri məşq edirdim".
   
   Əl-Zeydi qardaş, bax, bu olmadı. Çox pis məşq eləmisən və bir neçə vacib məsələyə diqqət yetirməmisən. Zalım oğlu, bu boyda zırıltıya girişmisən, məsələyə bir az elmi yanaş daa. Çox güman ki, sən məşqi hərəkətsiz hədəfə ayaqqabı atmaqla eləmisən. Əsl snayper isə obyektin hərəkət etməsini, onun reaksiyasını da qiymətləndirməli idi. Ola bilsin ki, ya Buşun şəklini qoyub məşq eləmisən, ya da arvad-uşaqdan hansınısa hədəf seçmisən. Onların da reaksiyası zəif olub. Bəlkə də elə Buş özü də zərbədən yayınmağı uzun müddət məşq eləyib. Bir sözlə, gül kimi iş görürdün, axırında zibilləmisən. Bəlkə elə qəsdən düz vurmamısan. Nə isə, ziyan yoxdur, 3 il həbsxanada kalanca vaxtın olacaq, hələ ABŞ da durur, işğalçılıq da qalır. Gələn dəfə də düz vura bilməsən, heç nə...
   
   Həbsxana demişkən, Bayıl türməsinin bir aydan sonra köçürüləcəyi ilə bağlı məlumatı mən oxuyanda başqa heç nə düşünmədim, amma bir ağzıgöyçək söz atdı ki, məhbuslara qayğı, beynəlxalq öhdəliklər boş söhbətdi, əsas odur ki, Bayılda yerin qiyməti bahadır, orada qəşəng çoxmərtəbə tikəcəklər. Nə deyəsən, çuvalın ağzını bağlamaq olar, elin ağzını bağlamayacaqsan ki. Onsuz da kasıbın işi oturub varlının gəlirini hesablamaq olur... Amma bizim Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Nazim Ələkbərovun jurnalistlərə verdiyi açıqlamadakı bir məqamın nə olduğunu məndən soruşan oxucuya dəqiq cavab verə bilmədim. Nazim müəllim deyib ki, "Yetkinlik yaşına çatmayan məhkumların natamam və ali təhsil alması prosesi davam etdirilir". İzahında deyir ki, cəza çəkən məhkumların ali təhsil alması Azərbaycan qanunvericiliyində nəzərdə tutulmur. Buna baxmayaraq, Azərbaycan hökuməti yetkinlik yaşına çatmayan məhkumların natamam ali və ya ali təhsil alması üçün layihə həyata keçirib. Hətta "artıq tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan cəzaçəkən məhkumlar bu layihə çərçivəsində ölkənin təhsil müəssisələrinə qəbul olunub" da. Oxucu soruşur ki, "buna baxmayaraq" nə deməkdir, yəni bizim hökumət öz qanunlarını saymır? Bir də lap türmədə də olsa, axı, yetkinlik yaşına çatmayan necə ali təhsil ala bilər? Həm də belə reklamdan sonra çoxları türməyə düşmək istəyər ki, çıxanda ali təhsilli olsun. Etiraf elədim ki, mən də başa düşmədim, amma mənasını öyrənə bilsəm mütləq sorğusunu cavablandıracam.
   
   Deyir aləm aləmlədi, mən də xalamla. Əvvəllər özünün sürüşkən sözləri olurdu, ona reaksiya verirdim, indi haqqında qaravəllilik sözlər yazırlar, susa bilmirəm. Müğənni Rəqsanə haqda danışıram. Xəbəriniz olduğu kimi, Rəqsanə bizim üçün babat görünən qiymətə, yəni 117 min dollara bir "Range Rover" maşını almışdı. Almışdı deyəndə, kreditə götürmüşdü, əvvəl başdan 25 min dollar ödəmişdi də. Bir müddət sonra pul ödənilmədiyinə görə şirkət maşını geri alıb. Rəqsanə də deyir ki, maşını hərraca çıxarsınlar, o, öz qoyduğu pulu götürsün, qalanı olsun şirkətin. Razılaşmırlar, iş məhkəməlikdir. Bu işin bu tərəfidi. Amma o biri tərəfi daha maraqlıdı. İqtisadçı Akif Nəsirli deyir: "Bu böhranın yaranma səbəbi birbaşa israfçılıqla bağlıdır".
   
   Pah atonnan, dünyanın alimləri oturub baş sındırırlar ki, bu nə zibildi düşmüşük, sən demə, günahkar birbaşa Rəqsanə imiş. Bajı, millət bir yana, dünyaynan nə düşmənçiliyin var, sən israfçılıq eləyəcəksən deyən, bu qədər bank müflisləşəcək, bu qədər adam işsiz qalacaq, bu boyda müsibətlərə tuş gələcəyik? Özü də sən heç tək də döyülsən, bizim şou-biznesçilərin israfçılığına görə dünya xaraba dağılsa, başımıza haranın külünü tökəcəyik, hə? Özünüzü hazırcavab göstərib söyləməyin ki, öz payına xaraba de, həm də dünya dağılanda kül axtarmağa ehtiyac olmayacaq. Bunu mən də bilirəm, amma qaravəlli janrı belə sarsaq şeyləri tələb eləyir...
   
   P.S. Nə qədər elədimsə, hətta qaravəllinin içərisinə də tanınmış bir adamın sözünü pərçimləyə bilmədim. Adamın dediklərindən olduğu kimi sitat: "Qanun sözünün əvvəlinə və sonuna müəyyən sözlər artırmaqla qəzet adları seçirlər. Həmin qəzetlərin ön səhifəsində Azərbaycan Respublikasının gerbinin, bayrağının olması, çoxlu sayda anonsların verilməsi elə "reket"çiliyin işartılarıdır".
   
   

TƏQVİM / ARXİV