adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Zibilin çıxarmızıq

CEYHUN MUSAOĞLU
31881 | 2009-03-14 02:13
Dünyada vəhşiliyin təbliğatı gedir. Ölkələr kriminal hadisələri jurnalistlərin vasitəsi ilə cəmiyyətlərinə yedizdirir. Bizim məmləkətin KİV-i də başqalarından geri qalmamaq üçün dəridən-qabıqdan çıxır. Ölümlü xəbərlər kənd-kənd, küçə-küçə, ev-ev gəzdirilir. Nənəsini öldürən nəvəni, oğlunun başını kəsən atanı, qardaşını doğrayan qardaşı məşhur adamlara çevirməklə məşğuluq. Azərbaycanlıların bir-birinə verdiyi ən populyar sual belədi: "Dünən kriminal verilişinə baxdın?"
   
   Bizlərdə "qaqaş" müraciəti şirinlik etmək üçün işlədilir, bu, ifadənin ünvanlandığı şəxsə yönəlik xoş münasibəti göstərirdi. Ölüm faktlarını əks etdirən informasiyalar çoxalandan sonra isə "qaqaş"ın ünvanını səhv salmışıq. "Qaqaşı gördün neyləyib? Qayınanasını güllələyərək öldürüb, qayınatasını yaralayıb, hamilə arvadını qanına qəltan edib...".
   
   Özümüz də qanmadan vəhşiyə vurğunluq nümayiş etdiririk.
   
   Vəhşilik saçan xəbərləri kütləvi şəkildə yaymaqla nə qədər ziyanlı iş gördüyümüzün fərqində deyilik? Sualın cavabı "bəli"dirsə, insanlıqdan xəbərimiz yoxmuş ki. Əgər fərqindəyiksə, cəlladlıq eləmirikmi?
   
   Hər şey məntiqə söykənməlidir - dünyanın doğulmağı da, boğulmağı da, dağılmağı da. 5-ci sinif şagirdi yaşıdını vəhşicəsinə, amansızlıqla öldürüb xəbərinə adamın başına güllə dirəsələr belə, inanmaq mümkün deyil. Bu xəbəri yayan mənbənin mötəbərliyinə Allahın varlığına şübhə etmədiyimiz qədər inansaq da, "ola bilməz, heç vaxt ola bilməz" deməliyik. Bu xəbər insanda o qədər anlaşılmazlıq yaratmalıdır ki, beynə yerləşməsin, dərk olunmasın.
   
   Yox dostlar, 12 yaşlı uşaq 12 yaşlı uşağı qarın nahiyəsindən çoxsaylı təpik zərbələri ilə xüsusi amansızlıqla döyərək qətlə yetirə bilməz. 12 yaşlı uşağı qatil kimi təqdim etmək olmaz. Bu təqdimat heç bir qanuna sığmır.
   
   Mən Mehdiabadda yaşayıram. Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumatda əksini tapan hadisə qızımın oxuduğu 3 saylı məktəbdə baş verib. Martın 6-sı saat 14 radələrində yaşanan faciədən axşam xəbər tutdum. İlk reaksiyam belə oldu: "Kaş bu barədə mətbuat xəbər tutmaya". Həm zərərverən, həm də zərərçəkənin ailəsi qəsəbəyə yeni köçüb. Onları tanımasam da, yanlarında olmaq, başsağlığı vermək, hər hansı formada kömək etmək istəyi keçdi ürəyimdən. Tərəddüd içərisindəydim. Fikirləşirdim ki, ora gedərəm və dəhşətli xəbər mətbuatda yayılar, elə bilərlər informasiya məndən çıxıb. Hər halda qəsəbədə 5-6 nəfər jurnalist olduğumu bilir.
   
   Təəssüf: martın 12-si Abşeron rayon Prokurorluğu kimin kimi necə öldürməsi olayını özünün informasiya bülletenində yaydı. Bu xəbərə qədər daha dəhşətli, adamı adam olduğuna peşman edən çox xəbər eşitmişdik. Eşidirik, eşidəcəyik də. Amma 5-ci sinif şagirdinin "vəhşi"yə çevrilməsinə "Çevrilmə"si ilə ədəbiyyatda bir daha çeviriliş edən Kafkanı da inandırmaq olmazdı. Həmin xəbərin birtərəfli qaydada yayılması, ümumiyyətlə, bütün kriteriyalara ziddir. Hələ mən "həmin xəbəri eşitmək olar, eşitdirmək yox" demirəm. Cavab bəllidir, ona görə. Deyəcəklər ki, peşəkarlıq baxımından jurnalist rəsmi xəbəri yaymağa borcludur və belə informasiyalar oxucuların diqqətini mətbu orqana yönəltməyə xidmət edir. Mübahisə etməkdən bezdiyim üçün diskussiya açmıram. Məsələn, yazmıram ki, informasiyanı dəqiqləşdirmədən dərc etmək olmaz; zorakılıq və cinayət qurbanlarının şəxsiyyətini dəqiqləşdirməyə imkan verən fotoşəklin, adın və başqa detalların göstərilməsi jurnalistin peşə etikasına ziddir.
   
   "Yeni Müsavat"a minnətdaram. Abşeron rayon Prokurorluğunun məlumatını hadisənin baş verdiyi qəsəbədə və məkanda dəqiqləşdirməyə səy göstərib. Həmkarlarımızın səyi pis nəticə verməyib. S.Kazımlının hazırladığı yazıdan oxuyuruq: "Məktəbdə təhsil alan şagirdlərin dediyinə görə, hadisə martın 6-da olub. Belə ki, hadisə baş verən gün (qəzet şagirdlərin adını çəkib, mənsə eləcə "şagirdlər" yazıram - C.M) şagirdlər sonuncu dərsdən çıxdıqdan sonra təxminən məktəbdən 150 metr aralıda yolda onların arasında mübahisə baş verib. Mübahisə zamanı hər iki şagird bir-birilərini vurublar.
   
   Faciə davadan sonra baş verib. Başında şiş (kista) olduğu deyilən (bu dəfə də müxbir ad çəkib - C.M) zərərçəkənin vəziyyəti evə gələndən sonra pisləşib. Ətrafda olan şəxslər onu xəstəxanaya aparıblar. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər. O, gecə saatlarında xəstəxanada keçinib".
   
   Gördünüz, həmkarımız nə vəhşilik, nə amansızlıq, nə də qan barəsində heç nə yazmayıb.
   
   Bilirsinizmi bu məmləkətdə pis olan nədi? "Hər kəsin öz həyatı var" fəlsəfəsi düşüncələrimizə hakim kəsilib. Yox dostlar, bütün cəmiyyətlərdə hamının bir həyatı olur. Fikrimi əsaslandırmağa ehtiyac görmürəm.
   
   ... Ötən əsr 80-ci illərin sonlarında xaricdən SSRİ məkanına videomaqnitofonların gətirilməsi prosesi sürətlənməyə başladı. Sovet adamı üçün möcüzə baş vermişdi. Qadağan olunmuş filmlərin gizlin şəkildə kütləvi nümayişləri həmin dövrə təsadüf edir. "Ujas" filmlər manyakların çoxalmasına səbəb oldu. Sovet adamının isə dəhşətli qətllərdən xəbəri yox idi. Xəbərlər yalnız xoş işlərdən danışırdı. İndilərdə Rusiya televiziyaları 15 adamı doğrayan cinayətkarlar barəsində verilişlər hazırlayır.
   
   ... Almaniyada çıxan qəzetlərdən birinin fotoreportyoru meşənin kənarı ilə gedərkən yolun kənarında oynayan uşağa quzğunun hücum etməsinin şahidi olur. Quzğun uşağın köynəyindən yapışıb aparmaq istəyir . Fotoreportyor isə kənardan ətürpədici mənzərəni lentə köçürür. Onun üçün quzğunun aşağı şığıması göydəndüşmədi. Quzğun uşağı bir neçə dəfə yuxarı qaldırır və caynaqlarını köynəyə yaxşı keçirmədiyi üçün yerə buraxmalı olur. Qurban qan içindədir. Onu xilas etmək lazımdır. Amma fotoreportyor peşəkarlığın ofsunundadır. Hadisənin şəkillərini çəkməklə məşğuldur.
   
   Təbii ki, uşaq ölür. Alman həmkarımız həmin şəkilləri sərgiyə çıxarır və ən yaxşı mükafata layiq görülür. 6-7 aydan sonra isə fotoreportyorun intihar xəbəri yayılır. Ekspertiza hadisə yerindən məktub tapır. Məktubda yazılıb: "Mən o uşağı xilas etməli idim".
   
   ... Rusiyanın NTV kanalı Almaniyadan reportaj hazırlayıb. Srağagün efirə verilən reportajda Almaniya hökumətinin qətllərin, intiharların dünyada durmadan artmasından keçirdiyi narahatçılıqdan söhbət gedir. Almanlar düşünürlər ki, kriminal hadisələrin KİV-də geniş yayılmasının qarşısını alan qanun qəbul etsinlər.
   
   Bəli dostlar, başqa yolu yox artıq.
   
   
   
   P.S. Bu hadisənin yanlış təqdimatından sonra 5-ci sinifdə oxuyan uşaqlardan qorxmağa başlamışam.
   
   
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV