adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ANAMA MƏKTUB...

ƏBÜLFƏT MƏDƏTOĞLU
46633 | 2009-03-07 03:39
Çox fikirləşdim, çox götür-qoy etdim. Və neçə gündən bəri məni narahat edən bu qərarı qəbul edənə kimi, necə deyərlər, dağı arana daşıdım, aranı dağa. 50 ildən artıqdır ki, gözümün önündə əriyib gedən ömür-gününü axan çaylara bənzətdim... Yanıb öləziyən şama bənzətdim... Dən düşmüş saçlarının çiçəyi vaxtsız solmuş yasamən saxxımlarına, bənövşə topasına, qızılgül dəstinə, daha nə bilim dünyanın ən zərif nələri varsa hamısı ilə eyniləşdirmək istədim, amma alınmadı. Çünki nə qızılgülün, nə yasəmənin, nə bənövşənin ətri ayrı-ayrılıqda, nə də birlikdə sənin saçlarının cənnət qoxusunu əvəz etmədi. Evimdə bişən ən dadlı-duzlu yeməklərin hamısını gözümün önünə gətirdim. Heç biri sənin istər doğma yurdumuzda, istər qaçqın ünvanında çör-çöplə ocaq çatıb, bişirib ərsəyə gətirdiyin nə çörəyin, nə yeməklərin dadında-tamında olmadı...
   
   Elə bil bu dünyanın bütün şirini-şəkəri, bütün dadı-duzu, bütün təravəti, bütün cənnət ətri hamısı sənin saçlarında, əllərində, laylalarında, qolunun üstündədir. Dünyanın heç bir qızında, qadınında olmayan o ana sevgisi dolu baxışlar bəlkə də yeganə sənə aitdi. Çünki o sevgini mən hərdən-bir ancaq övladına hamıdan xəlvət nəzər yetirən, onunla fəxr eləyən analarda görmüşəm. Sanki o baxışlar övladı əzizləyir, onu bəd-nəzərdən qoruyur, onun yoluna işıq saçır, onun ömrünü nura calayır. Burda pafoslu görünsə də məşhu ifadəni yazmağa məcburam: CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADI!
   
   Çox müdrik və çox dəqiq bir kəlamdır. Kaş ayaqlarının altı cənnət olan anaların övladları üçün açdığı bələkdən tutmuş həyat yollarına qədər hər bir yerdə qədrini bilib, zəhmətini dəyərləndirmə imkanımız olaydı. Təəssüv ki...
   
   Elə bir oturmuşam güzcü qarşısında. Yox, sadəcə təsəvvürsüz-zatsız əyləşmişəm şəkilinlə üzbəüz. Özümə bəraət üçün yox, haqq naminə hesabat vermək bir oğul kimi etdiklərinin iynə ucu boydasını qaytara bildiyimə özümü inandırmaq üçün səninlə həmsöhbət oluram. Bilmirəm hardan başlayım. Və sadəcə ağlıma ilk sual gəlir:
   
   - Mən anam üçün nə etmişəm?
   
   Düşünmədən, dağa-daşa düşmədən, söz axtarmadan, qısaca demək olar - HEÇ NƏ! Amma bilirəm sən bununla razılaşmayacaqsan. Çünki sən anasan və ana da övladlarının sınmasını heç vaxt istəmirlər. Ağrımalarına dözmürlər, əzablarına tab gətirmirlər. Ona görə də səsin qulaqlarımda səslənir... şəklinə baxıram... sanki şəklindi danışan:
   
   - Elə demə, gücün çatanı, bacardığını eləmisən. Heç olmasa adımıza ləkə salmamısan, qara-qura işlərdə adın çəkilməyib, el-oba yanında bizi utandırmamısan, xeyirdə-şərdə ara-bir xoş sözünü eşitmişəm, imkanın olanda baş çəkmisən, halımı soruşmusan...
   
   Eyni ilə buna bənzər sözləri, bir az artığı ilə, yəqin ki, kim soruşsa ürəyindən keçirərsən, ən azı oğlunu başqaları yanında hörmətli göstərmək üçün, urvata mindirmək üçün. Amma bilirəm ki, mən bu deyilənləri birincisi eləməyə bilməzdim, çünki südün haram olardı mənə. İkincisi də, bunlar hamının görəcəyi, hamının görməli olduğu işlərdən milyonlardan biridir. Mən də o milyonların içərisində getmişəm.
   
   Bu məktubu yazdıqca, öz-özümə sual verirəm. Ümümiyyətlə yeridimi? Və ümumiyyətlə anam bu məktubu oxuyacaqmı? Daha doğrusu ona bu qaçqın məhləsində kimsə məktubu tapıb aparıb oxuyacaqmı? Qəti əminəm ki, yox. çünki hamının qayğısı başından aşır. Bəs, onda niyə yazdım bu məktubu. Doğrusu, onu da bilmirəm. Bu heç etiraf da deyil. çünki övlad ana qarşısında hansısa bir işi görə bilməyibsə, hansısa bir borcu qaytarıb onun qocalığında əlinin əsasına çevrilməyibsə onda nəyi etiraf edəcək ki? Nə isə. Mən sadəcə, bu sözləri yazdıqca bir fikrimdə qət əminəm. Keçirtdiyim bu narahatçılığı anam mütləq duyacaq, mütqəl yuxusunu qatacaq. Durub yanındakı nəvələrinə tez tələsik - əminizə zəng vurun, görün ağrımır ki? - deyəcək. Yəqin ki, bax onda mən də içimdə azacıq da olsa rahatçılıq tapacam. Anamla baş-başa qaldığım üçün... ruhən onla həmsöhbət olduğum üçün... bax onda o ruhu qovuşmadan istifadə edib, deyəcəm ki, bağışla ana, əlləri ciblərinə yük olan, özü qələmdən asılı oğlunun keç günahlarından. Bayramın mübarək!
   
   
   
   P.S. Bu məktub mənim adımdan mənim ürəyimin hökmü ilə yazıldı və düşünürəm ki, bu həm də mən ağılda, mən düşüncədə olan hər bir övladın məktubu sayıla bilər. Odur ki, bütün anaların, bütün xanımların, sevdiklərimizin və bizi sevənlərin hamısının bayramı mübarək olsun!

TƏQVİM / ARXİV