adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Yanvar 2015 15:16
3797
ƏDƏBİYYAT
A- A+

Rusiyalı ədibləri Azərbaycanın nadir kitabları heyrətləndirdi

Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin rəhbəri, kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Seslavinski, Moskva Şəhər Jurnalistlər İttifaqının sədri, "Moskovskiy komsomoles” qəzetinin baş redaktoru Pavel Qusev və "Kommersant” nəşriyyat evinin strateji məsələlər üzrə direktoru Viktor Loşak M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.

Kitabxanadan verilən məlumata görə, görüşün əsas məqsədi Milli Kitabxananın nadir kitablar fondunda mühafizə olunan qiymətli kitablarla və nadir kolleksiyalarla tanışlıq olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara kitabxananın tarixi, orada mühafizə olunan nadir kolleksiyalar və onların mühafizə vəziyyəti haqqında ətraflı məlumat verib. Kitabxananın ayrı-ayrı şöbələri ilə əyani tanış olan qonaqları Milli Kitabxanada təşkil olunan sərgilər, nadir kitablar və kitabxana muzeyi xüsusilə maraqlandırıb. On beş il əvvəl bu fondun zirzəmidə kiçik bir otaqda yerləşdiyini öz gözləri ilə gördüklərini deyən qonaqlar, hazırda həmin qiymətli kolleksiyaların 2 mərtəbədə çox gözəl şəraiti olan işıqlı otaqlarda yüksək zövqlə hazırlanmış rəflərdə mühafizə edilməsindən çox məmnun olduqlarını söyləyiblər. XIX əsrdə və XX əsrin əvvəllərində çap olunmuş bir sıra nadir kitablarda müəlliflərin avtoqraflarının olması qonaqları xüsusilə heyrətləndirib. Onlar bu kitabların titul vərəqlərindəki avtoqrafların Moskvada nəşr olunan "Pro kniqi” və "Bibliofil” jurnallarında çap olunacağını bildiriblər.

Sonra qonaqlara ilk Azərbaycan çap kitabı, habelə kitabxanada saxlanılan XVI əsrə aid ən qədim çap kitabı, miniatür kitab kolleksiyası da nümayiş olunub.

Görüşün sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara "Azərbaycan Milli Kitabxanası. Fotoalbom”,"Old Baku”, "Azərbaycan keçmiş əsrlərdə və bu gün. Xəritə.”, "Teppishe culture erbe” kitablarını, "Milli mənəviyyat xəzinəmiz.”, "Klassika”, "Cazz” disklərini hədiyyə edib.