adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

çiT DONLU KƏND QIZLARI

VƏSİLƏ USUBOVA
32082 | 2009-03-07 03:39
Bu şirin kəlməni ilk dəfə millət vəkili Sabir Rüstəmxanlının dilindən eşitdim. " El içində" ( ATV) proqramında şou əhlinin açıq-saçıq geyimindən, müxtəlif jürnallarda çıxan çılpaq şəkillərindən danışılırdı. Ulduzlardan biri " məndən yoxdu" demişdi. Bu sözün üstündən şair də elə beləcə dedi: " Niyə yoxdu? Elə kəndlərimizdə o qədər sadə, çit donlu gözəllər var ki,g" "Var kig" Və üç nöqtə. Yəni, bu üç nöqtədən sonra o qədər söz demək olar ki,g Məsələn: Ay parçası kimi, su sonası kimi, ceyrən kimi, bir dəstə çiçək kimig Allah bilir, şairin də ürəyində deyilməmiş nə qədər söz qaldı o gecəg Söz qulağıma o qədər şirin gəldi ki,g Səhər mehi kimi ekrandan üzümə vurdu, qulaqlarımı oxşayıb, oradan da ürəyimə, vücuduma axdı. Bax, belə! Şairlər, yəqin ki, elə bu qəfil, haqdan və içlərindən gələn sözlərlə ucadılar, Tanrıya yaxındılar. Əsl gözəlliyin, təbiiliyin haqqında elə belə danışmaq gərəkdi. Və o dəqiqələrdə özümə söz verdim ki, bu sözün təsirindən mütləq bir yazı işləyəcəyəmg
   
   İndi o yazının vaxtıdı...
   
   Biz uşaq olanda kəndimizdə balaca qızlardan tutmuş qarılaracan hamı uzun, büzməli tuman, ya da don geyinirdi. Bu paltarlar fəsillərə uyarı çitdən, cürbəcür ipəklərdən, şaldan tikilərdi. Cavanlar ağ, qırmızı, mavi, çəhrayı, yaşlılarsa abı, yaşıl, sürmeyi, qara rəngdə geyinərdilər. Uzun, büzməli tumanlar həm rahat olurdu, həm də qız-gəlinin boy-buxununa yaraşır, qədd-qamətli göstərirdi. Küləkli havada bir də görürdün uzaqdan əlvan geyimli birisi gəlir. Yel vurduqca uzun ətəklərini, kürəyində qoşa hörüklərini kəlağayısının uclarına dolaşdırıb oynadır. Bu yerdə Vaqifin, Aşıq Ələsgərin təbinə qibtə etməyə bilmirdin: " Keşkə, məndə də o qüdrət olaydı, sallana-sallana gələn bu gözələ heç olmasa, bir bənd deyib ürəyimi boşaldaydım..." deyirdin.
   
   Bağ-bostanda işləyəndə, su qırağında paltar-palaz, yun yuyanda balaqlarını ya qabaqda düyünləyir, ya da bürmələyib tumanlarının lifəsinə sancırdılar. " Dəli Kür" filmində Mələyin başında paltar ləyəni, balaqlarını çırmayıb suya girdiyi səhnəni göz önünə gətirin. Nə qədər təbii, bakirə bir mənzərədi... ( Rəssamlarımız hara baxır, görəsən?)
   
   ***
   
   ... Qırçınlı donumun qabaq ətəklərini torba kimi düyünləyib gah arxların döşündən yemlik, quşəppəyi, gah bağımızdan alma, heyva, şaftalı, gah da bostanımızdan xiyar, pomidor, göy lobya yığıb doldurardım. Ağırlığından güclə yeridiyim bu "yük"ün təmasını indi də dizlərimdə hiss edirəm. Tarlada böyüklərə kömək eliyəndə də pambığı balağımıza yığardıq. Yaz, payız fəslində şehdən islanan ətəklərimizə, corablarımıza otların yaşılı çıxardı...
   
   Səhər işə gedən kolxozçu qızların işıq saçan qarayanız çöhrələri hələ də gözümün qabağındadı. Əllərində bağlama deyə-gülə yük maşının kuzovuna doluşurdular... Yarım saatdan sonra sahəyə çatıb maşından tökülüşəcəklər. Yenə də deyb-gülməklərindən, zarafatlaşmaqlarından qalmayacaqlar. Bütün günü bu bomboz çöllükdə olmaları, bir də qaş qaralanda naxırdan da sonra kəndə dönmələri, gün ərzində kənddə baş verənlərdən bir də axşamlar xəbər tutmaları, bütün bunların əvəzində qəpik-quruş əməkgünü almaları eyinlərinə də deyil. Çünki hələ cavandılar, sağlamdılar, gözəl-göyçəkdilər. Hələ ki,.. Qarşıda isə bütöv bir ömür var. Kim bilir, nələr olacaq... Hələ ki, canları bərkdi. Pambıq kollarından nəfəslərinə dolan dərmanın, başlarının üstündən təyyarələrin tökdüyü zəhərin on beş-iyirmi il sonra necə "bəhrə" verəcəyindən xəbərsizdilər. Amma maşınlarla yoldan keçənlərə qibtə edirdilər: " İndi gedib sərin yerdə, kölgəlikdə oturacaqlar, sudan, çaydan içib dincələcəklər..." Bircə qışın qarında, sazağında evdə qalırdılar. Yazın, yayın, payızın özüynən gətirdikləri gözəlliyi, əlvanlığı da göz dolusu seyr edə bilmirdilər. Başlarını qaldırıb yaylıqlarını göz üstündən geri çəkəndə gördükləri kol-kos, göz işlədikcə uzanan üfüq, eşitdikləri cırcırama cırıltısı, qurbağa qurultusu olurdu. Bomboz üfüqdən o yana onlarçın heç nə mövcud deyildi...
   
   Toylara, şənliklərə də utana-utana gedərdilər. Gündən yanıb ləkələnmiş sifətlərini, kətmən vurub, pambıq yığmaqdan kobudlaşıb cadar-cadar olmuş əllərini kimsənin görməsini istəmirdilər...
   
   Ancaq onlar təbiiydilər, səmimiydilər...
   
   Öynədə tarlanın qırağında onlardan ötrü tikilmiş bir göz qamış daldalanacağa yığışardılar. Yeyib-içəndən sonra bir hovur uzanıb dincələr, ordan-burdan danışıb baş qatar, ya da... mahnı oxuyardılar. Neçəsinin ürəyəyatımlı səsi vardı. İndi də gözlərimi yumanda o səslər qulağıma gəlir, özümü yelləncəkdəki kimi həzin, kövrək duyğuların qoynunda yırğalanan görürəm. İlahi, o məhnılarda nələr yoxdu?! Kəndimizin üfüqlərindən o yana nələr baş verdiyinin fərqinə varmayan, heç varmaq da istəməyən bu qızların həyat, sevgi, ailə, analıq duyğuları haqqında düşüncələri necə də bakirəydi, qibtə ejdiləcək dərəcədə saf və qutsaldı. Bu elə çağlar idi ki, qızlar da, oğlanlar da sevdiklərini bircə kəz uzaqdan görməklə dünyaya sığmazdılar. Bircə yol üz-üzə, göz-gözə gəlmək günlərlə, həftələrlə ayağı yerə dəyməmk, quş lələyi kimi süzə-süzə yaşamaq deməkdi. Kəlmə kəsmək, əl-ələ tutmaq fürsəti xoşbəxtlik deyilən o ecazkar duyğunun özündən də yüksəkdi...
   
   Bu, onda idi. O zamanlarda. Ancaq bu bəsitlik, geridəqalmışlıq deyil. İnsanın anadangəlmə, doğal xislətidi ki, heç bir yamaq götürmür. Həm də bu xislət heç də hamıya nəsib olmayan Tanrı payıdı. Onlara baxıb düşünürdüm ki, dünya dediyimiz Yer kürəsinin ölçüsü heç də mütləq deyilmiş. Kim nə boyda görürmüşsə, görə bilirmişsə, elə o boydaymış bizim dünyamız. Və mən onların arasında darıxırdım. Bu yerlərin havası nə qədər saf, təmitz olsa da, boğulurdum. Elə bil ki, buralardan uzaqlaşıb öz ciyərlərimi nəynənsə "çirkləndirməyliydim" ki, hər şey adiliyindən, darısqallığından çıxıb gözlərimdə böyüsün.
   
   Uzaqlaşdım da. Və çox-çox illər sonra dönüb geriyə baxanda anladım ki, düz eləmişəm. Ancaq hara getdimsə, " o təmiz, ilahi dünya"nı da özümlə apardım, olduğu kimi qoruyub saxladım. O "dünya" da məni qorudu; başqalaşmağa, özümü unutmağa, özgələrə qoşulmağa qoymadı. Ən boğucu mühitdə də içimdəki "dünya"nın saf havası dadıma çatdı, qanımı çirklənməyə, beynimi zəhərlənməyə qoymadı...
   
   
   
   İndi daha belə deyil...
   
   İndi çox şey dəyişib...
   
   
   
   Nə qızlar, nə oğlanlar əvvəlki kimidi... Geyimlər də dəyişib, tövrlər də... Qızlar kiçik yaşlardan bəzənib-düzənirlər, ehtiyac olmadan saçlarını boyayırlar. Deməli, hələ öz gəncliklərinin, təbiiliklərinin qədrini bilmirlər. " Mini" də geyirlər, şalvar da. Cib telefonu gəzdirirlər, kompüter öyrənirlər. Maşın sürənləri də var... Bunlar həmısı çox gözəldi. Başqa gür mümkün də deyil. Onları daha uzaqlara səsləmək istəyirəm. Daha gözüaçıq, zəngin dünyagörüşlü və səviyyəli, ağı qaradan seçən, dostu düşməndən ayıran görmək istəyirəm. Bizə belə qızlar lazımdı. Kiməsə oxşayan, kimisə yamsılayan yox, özümüz olan qızlar. Dünənimizi bu günümüzlə birləşdirib özümüzə məxsus sabahımızı yaradan qızlar...
   
   ***
   
   Bu yazını çit donlu kənd qızlarının adına qələmə aldım. Ona görə yox ki, sabah Qadınlar bayramıdı. Ona görə ki, Qadının varlığı dünyanın bayramıdı...

TƏQVİM / ARXİV