adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SÖZ ƏMƏLƏ çEVRiLƏNDƏ

18280 | 2009-03-07 03:39
Torpağın, dövlətin sərhədi olar, millətin yox. Nisbətən az və ya çox, amma hər məmləkətdə başqa xalqların nümayəndələrinə yaşayır. Hər birinin ürəyində, dilində, süfrəsində öz el-obasının ətri qalar, adətənənəsi qorunar. Bu rəngarənglik millətləri birbirinə daha da tanıdar, mehriban edər, dövlətləri yaxınlaşdırar. Bu gün dünya azərbaycanlılarının sayı 50 milyon nümayəndəsi ötür. Diaspor təşkilatları artır və güclənir. Dünya Azərbaycanlılarının I Qurultayının nəticələri diaspor işinə Azərbaycan dövlətinin diqqətini daha da artırdı. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının II Qurultaydakı çıxışında söylədiyi bir fikir tarixi vətən və milli mənəvi ideallar ətrafında hamını birləşməyə səfərbər etdi:
   
   "Bizim hamımızın bir vətəni var Azərbaycan! Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək,qüdrətli dövlətə çevirək!"
   
   Tarixən belə olub ki, Gürcüstanla sərhəd bölgələrdə azərbaycanlılar məskunlaşıb. Azərbaycan xalqının Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Bəhruz Kəngərli, Ömər Faiq, Fətəli xan Xoyski, Həsənbəy Ağayev, Rəşid Behbudov, Niyazı kimi görkəmli simalarının həyat və yaradıcılığının müəyyən dövrü Kür çayının sahilində yerləşən qədim Tiflislə bağlı olub. Bu gün də Qırmızı körpünün o tayındakı torpaqlarda xeyli saydı soydaşımız yaşayır. Azərbaycanla Gürcüstan arasında olan dostluq və qardaşlıq münasibətləri imkan verir ki, həmin ərazilərdə birgəyaşayış prinsipləri, insan hüquqları pozulmasın. Bununla bərabər problemlər də yox deyil. Bəzən su qıtlığından, bəzən qazın yoxluğundan şikayətlənirlər. Yolların bərbad vəziyyətindən, iş yerlərinin azlığından gileylənirlər. Məktəblərin təmiri ilə qonşu respublikada məşğul olan tapılmadığından kənd sakinləri Azərbaycandan kömək umurlar. Ali təhsil almaq üçün gənclər Bakıya üz tutur. Gürcü dilinin öyrənilməsində süni maneələr yaranır. Təhsilin, səhiyyə xidmətlərinin aşığı səviyyədə olması ciddi narahatlıq doğurur. Vəziyyətlə tanışlıq göstərir ki, on il öncə orta məktəblərdə 40 min şagird təhsil alırdısa indi bu rəqəm getdikcə azalır. Hazırda məktəblərdə müəllim qıtlığı var. Azərbaycan məktəblərində 800 müəllimə ehtiyac olduğu müəyyən edilib. Amma, etiraf edilməlidir ki, işləyənlərin səviyyəsi də hər yerdə qənaətbəxş deyildir. Deyilənlərə sübut olaraq bir rəqəmi açıqlayım: ötən dərs ilində orta məktəbi bitirən 4650 azərbaycanlı şagirddən yalnız 17 nəfəri ali məktəbə daxil ola bilmişdir. Onların əksəriyyəti ödənişli əsasla təhsil alacaq. Alacaqmı? Bu da şübhə altındadır. Kəndlər var ki, son iyirmi ildə bir nəfər də olsun ali təhsil ocağına daxil ola bilməyib. Bütün bunlar ciddi narahatlıq doğuran məqamlardır. Yaxşı, bəs nə etməli? Bunları kim, necə və nə vaxt həll edəcək? Çox qüvvələr var ki, azərbaycanlıların dədəbaba torpaqlarını tərk etməsində maraqlıdır. Soydaşlarımıza yer tapılar, bəs dədəbabalarımızın sahib olduğu torpaqlar necə olsun? Əsas məsələ də budur: torpaqdan pay olmaz! Onun əsil sahibi nə mən, nə sən, nə də odur. Sahib xalqdır! Xalq da öz malına sahib çıxmalıdır.
   
   ***
   
   Bu həftə Gürcüstanın Diasporla İş üzrə Dövlət naziri Yulon Qaqoşidze Azərbaycana səfər etmişdi. Məqsəd Azərbaycanlı həmkarları ilə işgüzar əlaqələr qurmaq, qərb bölgələrində məskunlaşan milli mənsubiyyətinə əslən gürcü vətəndaşlarımızın yaşam tərzi, məişəti, mövcud problemləri ilə tanış olmaq idi. Gürcüstanda bu qurum bir ildir ki, yaradılıb. Nazirin dediyinə görə, təşkilatlanma məsələləri də xeyli vaxt aparıb. Ötən ilin avqust ayından normal fəaliyyətə başlayıblar. Dünyanın 52 ölkəsində soydaşlarının yaşadığı dəqiqləşdirilib. Rusiyada, Amerika Birləşmiş Ştatlarında, Türkiyədə, İranda vaxtilə müxtəlif səbəblər üzündən Gürcüstandan köç edənlər yaşayır. Soydaş deyəndə nazir yalnız gürcüləri nəzərdə tutmur. Onun fikrincə Gürcüstan vətəndaşı olub xaricə daşınan istər azərbaycanlı olsun, istər gürcü, istər yəhudi və ya qeyri millət, fərq etməz . Bu insanların hamısı bizim üçün soydaşdır, eyni dərəcədə əzizdir, doğmadır, deyir. Diaspor üzvü deyəndə onları bütövlükdə nəzərdə tuturlar. Bu minvalla yanaşanda gürcülərin rəsmi məlumatlara görə iki milyondan artıqdır diaspor üzvü var. Nazir əslində həmin rəqəmin daha böyük olduğunu zənn edir. Cənab Qaqoşidze özü çox maraqlı insandır. İlk tanışlıqdan görkəmli tədqiqatçı alimin insani səmimiliyi də gözdən yayınmır. Söhbət əsnasında xatırladı ki, 2006cı ildə Azərbaycanın Şəmkir rayonunda arxeoloji qazıntıların aparılmasında yaxından iştirak edib. Bizim alimlər arasında kifayət qədər yaxın münasibətdə olduğu adamlar var. Odur ki, ölkəmizin keçmişinə, bu gününə, xalqın milli xüsusiyyətlərinə yaxından bələddir. Nazir kimi səfər etdiyi ilk ölkənin məhz Azərbaycan olmasını da təsadüf saymır. O deyir ki, qədim zamanlardan biz Qafqazın ətəyində mehriban qonşuluq şəraitində yaşamışıq. Heç vaxt aramızda nifaq olmayıb. Əslinə baxanda bizə sadəcə qonşu demək düz olmazdı. Bizim münasibətləri ifadə edəcək kəlmənin məna yükü daha dərindir. Odur ki, Gürcüstan hər zaman Azərbaycanın güclənməsini, inkişaf etməsini arzulayır və bunu özü üçün hər baxımdan əhəmiyyətli bilir. Eyni düşüncəni Azərbaycanlıların paylaşdığına da inanır.
   
   İlk rəsmi görüş Mədəniyyət və turizm nazirliyində keçirildi. Nazir Əbülfəz Qarayev söhbət əsnasında maraqlı fikir səsləndirdi. Dedi ki, coğrafi mənada bizdən uzaq ölkələrdə mədəniyyətimizi təbliğ edərkən daha geniş miqyaslı tədbirlər planlaşdırırıq. Ona görə ki, qədim və zəngin mədəniyyətimizi, bugünkü inkişafımızı həmin xalqlara daha yaxından tanıtmaq, Azərbaycanın dostlarının sayını dünyanın hər yerində artırmaq istəyirik. Gürcüstanı isə tarixən yaxın qonşu, səmimi dost bildiyimizdən elə düşünürük ki, onlara özümüzü xüsusi tanıtmağa ehtiyac yoxdur. Bu fikrin bir qədər düz olmadığını nazir etiraf etdi. Ə.Qarayev düşünür ki, qardaş Gürcüstanda iri miqyaslı mədəniyyət tədbirlərinin keçirilməsinə ehtiyac yaranıb. Belə tədbirlərin qarşılıqlı olması daha yüksək nəticələrə gətirər. Görüşdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrının, Tbilisidə Mirzə Fətəli Axundovun, Nəriman Nərimanovun muzeyinin vəziyyəti, paytaxtın mərkəzində soydaşlarımız yaşayan ənənəvi məhəllədə nəzərdə tutulan təmirbərpa işlərinin aqibəti barədə də fikir mübadiləsi aparıldı. Ə. Qarayev Azərbaycandakı gürcü teatrına dövlət sifarişi verildiyini bildirdi. Tariximədəni abidələrin bərpasının daim diqqət mərkəzində olduğunu təsdiq edən faktları misal gətirdi. Onun sözçülükdən uzaq söhbəti görüləcək konkret işlər və nəzərdə tutulan real planlar barədə aydın təsəvvür ifadə edən məqamları ilə diqqətimi çəkdi. Eşitdiklərimdən məndə belə fikir yarandı ki, indiki mərhələdə iki xalq arasında yaranan yeni mədəni körpü iki dövlətin torpaqlarını birləşdirən qədim Qırmızı körpüdən də möhkəm olacaq.
   
   Qonağın ziyarət etdiyi ikinci rəsmi ünvan ona daha yaxın və doğma idi. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla Yulon Qaqoşidze ilk dəfə görüşürdü. Komitə sədri dəvəti qəbul edib gəldiyi üçün gürcü həmkarına minnətdarlığını bildirdi. "Əlaqələrimiz nə qədər möhkəm olsa, soydaşlarımızın mövcud problemlərinin həlli bir o qədər asanlaşar", dedi. Görüşdə Nazim İbrahimov xüsusi vurğuladı ki, əsas məsələlərdə hər iki dövlətin milli maraqlarımı üstüstə düşür. Amma diaspor təşkilatlarımız arasında işgüzar əlaqələrin olmadığı təəssüf hissi doğurur. Bu mənada Azərbaycanın Türk diaspor təşkilatları ilə birgə fəaliyyət təcrübəsini misal gətirən Nazim İbrahimov həmkarına müştərək fəaliyyətin perspektivindən söz açdı. Əldə olunan təcrübədən yararlanaraq, gələcəkdə Gürcüstan diaspor üzvləri ilə də müəyyən məsələlərdə xarici ölkələrdə birgə addım atmağın məqsədə uyğun olduğunu hər iki qurumun rəhbəri təsdiqlədi. Nazir Qaqoşidze fikir mübadiləsi zamanı meydana çıxan bu fikri vaxtında gündəmə gələn təklif kimi qiymətləndirdi. Nazim İbrahimov rəhbərlik etdiyi Komitə tərəfindən Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli üçün görülən işlərdən daha çox mövcud çətinliklərdən, həllini tapmayan məsələlərdən danışdı. Yüz minlərlə soydaşlarımızın güdəlik həyatında qarşılaşdığı sıxıntının aradan qalxması üçün həmkarının əlaqədar dövlət qurumları qarşısında məsələ qaldıracağına, birgə səylər nəticəsində bu məsələləri daim diqqət mərkəzində saxlayacaqlarına əmin olduğunu ifadə etdi. Bu görüşdə Diaspor təşkilatları sahəsində dövlət siyasətinə cavabdeh iki qurum arasında sağlam işgüzar əlaqələrin yaranması ilə bağlı digər məsələlər də müzakirə edildi.
   
   Mövcud problemlərdən biri də Azərbyacan məktəblərində təhsilin səviyyəsi ilə bağlıdır. Xüsusən gürcü dilinin öyrənilməsi yarıtmaz vəziyyətdədir. Rəsmi dövlət dilini bilməyən gənclər Çürcüstan alı məktəblərinə daxil ola bilmir, ölkənin ictimaisiyasi həyatında fəal iştirakdan kənarda qalır, işsizlik problemləri ilə daha çox üzləşirlər. Bu və təhsillə bağlı digər aktual məsələlərlə əlaqədar fikir mübadiləsi Təhsil nazirliyindəki görüşdə aparıldı. Nazir Misir Mərdanov azərbaycanlıların orta təhsil aldığı məktəblərin çətinlikləri, onların bir qisminin aradan qaldırılması üçün Azərbaycanın dövlət rəhbərinin tapşırığı ilə nazirlik tərəfindən görülən işlərin səmərə verdiyindən danışdı. Heydər Əliyev Fondunun ümumiyyətlə respublikada təsilin inkişafına, eləcə də Gürcüstandakı soydaşlarımızın müasir tələblərə uyğun savad və bilik almalarına xüsusi diqqət ayırdığını yüksək qiymətləndirdi. Bu məsələlərə Gürcü həmkarlarının daha həssas yanaşmasının labüdlüyü barədə danışdı . Xüsusən ibtidai məktəblərdə gürcü dilinin öyrənilməsinin yarıtmaz vəziyyətinin bir an öncə aradan qaldırılmasına çalışmalıyıq, dedi. Azərbaycan məktəblərinə Azərbaycan dilini bilməyən gürcülərin direktor təyin edilməsi praktikasının özünü qətiyyən doğrultmadığını bir daha vurğuladı. Nazir Qaqoşidze bu məsələdə onunla bu eyni fikirdə olduğunu söylədi. Misir Mərdanov soydaşlarımız oxuyan məktəblərdə Gürcü dilinin öyrədən müəllimlərin Azərbaycan dilini bilməsinin zəruri şərt olduğunu nəzərdən qaçırmamağı da tövsiyə etdi . Nazirin sözlərindən belə məlum oldu ki, Azərbaycanlılar yaşayan rayonlarda təhsil problemləri ilə bağlı vəziyyət ətraflı öyrənilir, imkan daxilində hər cür kömək göstərilir. Qaqoşidzenin xahişi ilə təhsil proseslərindəki real vəziyyətlə bağlı hazırlanan arayışın bir nüsxəsi ona təqdim edildi.
   
   Bir gündə Yolon Qaqoşidze üç nazirlə görüşdü. Bu görüşlərdə faydalı fikir mübadiləsi, işgüzar danışıqlar aparıldığının şahidi oldum. Gürcüstanlı qonaq Bakıdan Qax, Zaqatala, Balakən rayonlarına yollanacaq, o bölgədə yaşayan gürcülərlə görüşlər keçirəcəkdi. Heç şübhəsiz ki, onların da həll olmayan problemləri var. Bizim planetdə problemsiz nə ölkə, nə xalq, nə ailə, nə də adam var. Odur ki, indiki halda problem problemin olmağında deyil, ona münasibətdədir.Kimsəyə sirr deyil ki, Gürcüstanda yaşayan soydaşlarımızın ən böyük problemi torpaqla bağlıdır. Azərbaycanlıların öz dədəbaba torpaqlarında yaşadıqlarını nazirlərin görüşündə cənab Qaqoşidzə bir daha təsdiq etsə də Borçalıdan başlayan məlum addəyişmə prosesi nəticəsində Qoçulu Xıdısqari, Cəfərli Samtredo,Mığırlı Vanatı, İmirhəsən Savaneti, Şahbuzlu Muxiani, Aşağı Qoşakilsə Kvemo Beaviani, Əsmələr Tabuiti oldu. Bütün bunlar hələ ki, yaddaşlardadır. Amma, belə getsə bir gün unudula da bilər. Sadaladıqlarım dəyişilən adların tam siyahısı deyil. Bu barədə hər dəfələrlə məsələ qaldırılıb və proses dayandırılıb. Məndə olan məlumata görə, Azərbaycan kəndlərinin qədim adlarının tarixi həqiqətin, bərpasına da bəzi rəsmi dairələrdə söz verilib. Fəqət söz əmələ çevriləndə qiymətli olur.
   
   Bakıda nazirlər səviyyəsində keçən görüşlərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli elçisi Nikolaz Natbiladze də iştirak edirdi. Müzakirələrdə hər iki səfirin fəallığı, yerin üzündə baş verən ictimaisiyasi hadisələrdən məlumatı olan nazir Qaqoşidzenin ixtisasca peşəkar arxeoloq kimi yerin altından da xəbərdar olması, tarixilik baxımından problemlərə dəqiq yanaşma tərzi kənardan ümidverici təsir bağışlayırdı. Mənim fikrimcə, nazirlərin Bakı görüşləri sözü əmələ çevrimək istiqamətində atılan növbəti uğurlu addım oldu.

TƏQVİM / ARXİV