adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

XINA RƏNGi

VAHİD ƏLİFOĞLU
35953 | 2009-02-28 15:38
... Dayanmışdı boyaboy güzgünün qabağında. Bayaqdan nə qədər cəhd edirdisə başını qaldırıb güzgüyə baxmağa qorxurdu. Ona elə gəlirdi ki, çox uzun bir vaxt keçib. Qulağında səslənən divar saatının çıqqıltısına gözucu sağa boylandı. Üçə beş dəqiqə işləyirdi. Nədənsə hər dəfə güzgüyə yaxınlaşanda mütləq saata baxırdı. Deməli, cəmisi on dəqiqə keçib...
   
   ... Düz qarnının, həndəvərindən xına rəngində bir hörümçək öz nazik ağ sapından sallaşıb yellənirdi. Sap getdikcə uzanırdı. Hörümçək yerə, rəngi solmuş palaza yaxınlaşırdı... Yavaş-yavaş başını qaldırdı. Kirpiklərinin arasından sifəti, tor-gözənək güzgü getdikcə böyüyürdü. Dəfələrlə belə baxmışdı. Ona görə də təəccüblənmədi. Bilirdi ki, bu tor güzgünün üzündə deyil, kirpikləridi. Nə qədər ki, gözlərini tam açmayıb, deməli, belə görünəcək... Elə həmin, beş-üç gün qabaqkı qız idi. Ona elə gəldi ki, bu tərəfdəki güzgünün qabağındakı qız tamam ayrı şey fikirləşir, güzgüdən baxan qız ayrı şey...
   
   Son həftə saçlarını rəngləmədiyindən tüklərin dibi ağarırdı. Rəngində azacıq solğunluq, gözlərinin altında xırda bənövşəyi rənglər əmələ gəlmişdi. Ayrı dəyişiklik yox idi. Əslində belə deyildi. Ağlasığmaz sürətlə qocalırdı. Di gəl ki, gündəlik güzgü qabağında olduğundan bu dəhşətli həqiqəti hiss etmirdi...
   
   ... Ətli baldırlar, qızdan çox ərli qadınların əndamına oxşayan enli yançaqlar... Yerində fırlanıb tumanının ətəyini xeyli yuxarı çirmələdi. Bədəninin ən gizli, sehrli yerlərinə diqqətlə, müştəri gözləri ilə baxdı. Yarıçılpaq bədəninə indiyə kimi bəlkə min dəfə baxmışdı. Amma yenə də hər dəfə baxanda olduğu kimi oğurluq üstündə tutulmuş adam kimi pörtürdü, utanırdı. Çılpaq olanda özünü heç cür inandıra bilmirdi ki, güzgüdən baxan yad deyil, elə özüdü. Geriyə çevrildi. Yupyumru dizlər, ağappaq, amma qarışqaayağı tükləri hiss olunan budlar...
   
   Neçə gün idi ki, qırxmırdı ayaqlarını. Maya budlar bir neçə yerdən qırışmışdı. Dərini elə bil qat kəsmişdi. Dərisinin rəngindən də ağ, dairəvi xətt əmələ gəlmişdi. Pis deyildi. Bəlkə də əlaydı. Əlləri boşaldı, tuman sürüşüb düşdü aşağı... Hər iki əliylə çənəsinin altını boynuna tərəf dartdı. Boğazının dərisi gərilib hamarlaşdı, selə kimi torbalanmış buxağı yoxa çıxdı...
   
   ... Üzünü bir az da güzgüyə yaxınlaşdırıb qara, çatma qaşlarını əks tərəfə sığalladı. Tək-tük ağ tüklər bomboz, soyuq-soyuq işıldayırdı...
   
   Dəyirmançı yadına düşdü. Xırıltılı, siqaret iyi hopmuş elə bil boynunun dalında idi. Hətta dəyirmançının arxadan ona sığılmış bədənini, sinəsində gəzən kobud, hövsələsiz əllərini də hiss etdi. Başqa günlər bu duyğuları yaşayanda başında qəribə fikirlər, anlaşılmaz, maraqlı istəklər baş qaldırardı. Tez dəyirmana çatmağa, bu həzz və ləzzət dünyasına qovuşmağa can atardı... Çimçəşdi, qarnının, belinin dərisi səyridi... Daha güzgüyə baxmağa həvəsi qalmadı. İndi birdən-birə özündən iyrəndi...
   
   ... Güzgünün yanındakı karton yeşiyin böyrünə çökdü. Yeşiyi bir az kənara çəkib arxasını güzgüyə çevirdi. Ona elə gəlirdi ki, hələ də dəyirmançı güzgünün içindədi. Hələ də ona baxır...
   
   ... Yeşiyin içindəki sürtülüb didilmiş köhnə şagird dəftərini götürdü. Dəftərin arasında nazik rezin qaytana keçirilmiş bir dəstə şəkil var idi. Qaytanı kənara sivirib şəkilləri dəstələdi...
   
   ... Sağda, solda qardaşları dayanmışdı, ortadakı özüydü. Qucağındakı uşaq qardaşının uşağı idi. Qardaşları tam ciddi, görüb-götürmüş kişi sanballığı ilə baxırdılar. Qardaşlarının gözlərinə gözləri sataşdıqca elə bil içində nəsə qırılırdı, nəsə yumrulanıb sinəsindən boğazına tərəf gəlmək istəyirdi...
   
   "Bu şəkil nə vaxt çəkilib? Qucağında tutduğu ağzı əmzikli bu uşaq indii yekə oğlandı. Bu il yəqin ki, çağırılacaq əsgərliyə. Ay Allah, gör neçə il keçib. Elə özü də şəkildə uşağa oxşayır"...
   
   On səkkiz, on doqquz il qabağa hesabladı. Yaşı özünə də xoş gəldi. Onda ərə getmək üçün bu qədər narahat deyildi. Şəkli bir xeyli tumarladı. İyirmi beş yaş... Şux, tökmə, təravətli...
   
   Şəkilləri yerə qoyub yeşiyi eşələdi. On-on beş bükülü çıxdı. Parça qırıqlarına bükülmüş bükülüləri demək olar ki, eyni ölçülərdə idi. Bükülüləri diqqətlə sayıb yığdı üst-üstə. "Bu filan qızın nişanındandı, bu filan qızın xınayaxdısındandı. Bu filan qızın"... Qızları yada saldıqca qanı qaralırdı...
   
   ... Hər nişanlanan, hər ərə gedən qızın xeyir işində o qədər sevinirdi, o qədər xoşbəxt olurdu ki, elə bil hər dəfə özü nişanlanırdı, özü ərə gedirdi...
   
   Bu sevinc, bu xoşbəxtlik uzağı üç gün çəkirdi. Üç gündən sonra anlayırdı ki, nə nişanlanan özüdü, nə də ərə gedən... Belə-belə illər gəlib keçdi. Nişanlar, xınayaxdılar tay-tuşlarını çəkib apardı. Bir də baxıb gördü ki, toylarda onunla yanaşı əyləşən qızların çoxu qucağında, kürəyində böyütdüyü, gəzdirdiyi körpələrdi...
   
   ... Bükülülərin birini açdı. Parçanın arasındakı bir ovuc xına adamın üzünə gülürdü. Xına rənginin işığında elə bil otaq işıqlandı, sifəti də, gözləri də canlandı. Qulağına toy səsi, çağa qığıltısı gəldi. Bir ovuc xına bütün varlığını, bütün xəyallarını alt-üst etdi...
   
   ... Tələsik bütün bükülüləri yaxasından qoynuna doldurdu...
   
   Bir xeyli yeşiyin içinə tamaşa etdi. Tay heç nə fikirləşə bilmirdi. Gözləri xına rəngi pasporta sataşdı. Vərəqləmək istəyirdi, amma əli gəlmirdi. Pasportdakı şəklinə baxmaq istəmirdi. Çünki o şəkil çox-çox uzaqdaydı. Və o uzaqlığa boylanmağa cəsarəti çatmırdı, bəlkə də boylansaydı da çatmazdı...
   
   ... Ehtiyatla birinci vərəqi qaldırdı. Adını, familiyasını, atasının adını, doğulduğu yeri 1969-cu il. Bir də, doqquzlar da qalın, qara rənglə yazılmışdı, sanki heç bir qüvvənin gücü çatmayacaq, tərpədə bilməyəcək vəziyyətdə idi. Altı rəqəminin duruşu, rəngi, tutumu tamam ayrı cür idi. Yanındakı rəqəmlərə uyğun gəlmirdi. Elə bil altını zorla, ağlada-ağlada gətirib salmışdılar iki doqquzun arasına. Altının başı aşağıydı, doqquzların üzünə baxmağa utanırdı... Deməli, rəqəmlərin gərək bir-birinə ünsiyyəti, məhəbbəti olmalıdı. Bu tapıntısı ilə öz taleyi arasında bir əlaqə gördü. Amma bu əlaqənin bütün xırdalıqlarını bir yerə yığa bilmədi...
   
   Altı sonradan yazılmışdı. Baxdıqca beşə oxşayırdı. Tiftiklənmiş, miləmil xətləri pozulmuş vərəqin "sifətindəki qırışlar" aydınca seçilirdi... Bezikmiş halda yeşiyin içindən qələmi tapdı. Mürəkkəbin rəngini, uyğunluğunu yoxlamadan birdən, doqquzdan bir az da iri beşi yazdı altının üstünə. Beşin üstündən bir-neçə dəfə getdikdən sonra dərindən nəfəs aldı, rahatlandı. Sanki rəqəmlərdə xeyli sakitləşdilər...
   
   ... Beş-altı il əvvəl əlli doqquzu eləmişdi altmış doqquz. Bu dəyişiklikdən sonra bir-neçə gün cavanlaşdı da. On il yaşının azalması ilk əvvəl onu toxtatdı, öz-özünə yaşını təzə rəqəmlə hesablayıb ərə getmək ümidinin vaxtını xeyli uzatdı...
   
   ... Yalnız bir-neçə gün...
   
   Toylarda böyür-başındakı qızların doğulduqları günləri xatırlayıb, güzgü önündə saatlarla rəngdən yayınmış ağ tükləri axtardıqca anladı ki, bu on il söhbəti sadəcə yalandı, özünü aldatmaqdı...
   
   ... Yerdəki şeylərin hamısını yığdı yeşiyə. Əllərini dizlərinə dayayıb qalxdı. Gedə-gedə qanrılıb güzgüyə baxdı. Güzgüdə təkcə özüydü. Dəyirmançı nə gəzirdi...
   
   ... Yaz günəşi günorta yerindəydi. Sərin, sulu havanı çiyinlərinə çəkib gümrahlaşdı. Ağacın dibindəki toyuq-cücələri görüb ağzı örtüklü vedrəyə yaxınlaşdı. Örtüyü qaldırıb dəni ovucladı, səpdi həyətə. Toyuqlar bir-birini ayaqlaya-ayaqlaya dənin səpildiyi yerə cumsalar da bir-iki dimdik vurub qayıtdılar. Yemədilər...
   
   ... Sınıq-salxaq kətili sürüyüb tən yarısından kəndirlə bağlanmış kisənin yanına qoydu və əyləşdi. Asfalt yolun o üzünə boylandı. Anası iki saat olardı ki, getmişdi. Gedəndə də tapşırmışdı ki, kisədəki dəni aparıb dəyirmanda ya üyütsün, ya da una dəyişib gətirsin... Artıq iki ilə yaxın idi ki, "un məsələsi" düşmüşdü boynuna. Qardaşları gedəndən... Birdən ona elə gədi ki, anası elə qəsdən onu dəyirmana göndərir və dəyirmançının hərəkətlərindən də müfəssəl xəbərdardı. Hətta qəlbində anasına nifrətə oxşar nəyinsə əmələ gəldiyini də hiss etdi. Lakin bu bir anlıq oldu və elə bir anda da keçib getdi. Bu günahın və qəbahətin səbəbkarı yalnız özü olduğu qənaətini bir daha təsdiqləyib sakitləşdi...
   
   ... Əvvəl qardaşları evləndi. Qardaşlarının toyunda mağara sığmadığı, toydan çıxmadığı yadına düşdü. Könülsüz-könülsüz gülümsədi. Gəlinlər yaşca ondan çox kiçik idilər. Körpələr gəldilər dünyaya. Körpələri özü saxladı, özü böyütdü... Elə bil öz uşaqları idi... Sən demə, belə deyilmiş. Öz uşağı ilə qardaşı uşaqları arasında fərq nə boydaymış. Körpələr böyüyəndən sonra anladı bunu... Və anladı ki, o, bu körpələrin anası deyil, olsa-olsa bibiləridi, vəssəlam...
   
   Elə körpələr də danışmağa başlayanda ona ana demədilər, bibi dedilər... Uşaqların ayağı yer tutan kimi hər iki qardaş bir gündə köçdülər Bakıya...
   
   Bir qoca ana, bir qarımış qız qaldı bir evin altında. Anası elə hey deyirdi ki, "Ay bala, baxt yazanın baxtı bağlansın. Bir köpəyoğlu səni almadı ki, öləndə də səndən arxayın öləm. Mən öləndən sonra sən necə olacaqsan? Kimin qapısını açacaqsan, kimə sığınacaqsan?"...
   
   ... Qonşularında bir oğlan var idi. Deyəsən, sevirdi onu. Rusiyadan qaçıb gəlmişdi. Deyirdilər ki, orda arvadı, uşaqları var... Qızın heç eyninə də deyildi. Əgər oğlan ağzını açıb bircə kəlmə desəydi dərhal razılıq verəcəkdi. Amma heç nə demədi. Elə kənardan-kənara qıza göz qoyurdu, nəzərləri ilə onu qapıda, həyətdə izləyirdi... Oğlan gəldiyi kimi də bir gün yox oldu... Özünü inandırırdı ki, qayıdacaq, gözlədiyi o bir kəlmə sözü ona deyəcək...
   
   ... Oğlan yox olandan qəribə yuxular görürdü. Qırmızı, xına rəngli yuxular. Gecə səhərə kimi oğlanın əllərini bədənində, nəfəsini boyun-boğazında hiss edirdi. Bircə yerinə girdiyi andan səhər açılana kimi xoşbəxt bir ömür yaşayırdı. Gecələr daddığı tam, çəkdiyi ləzzət o qədər şirin idi ki, səhərin açılmasını istəmirdi...
   
   Xına rəngli bir dünya var idi. Çiçəkləri də, gülləri də xına rəngində...
   
   "Yox, daha belə yaşamaq olmaz. Tay məni kimdi alan? Kim görür ki məni burda. İndi toylar da kənddə olmur.
   
   ... Şadlıq sarayları qırdı sonuncu ümidlərimi də"...
   
   ... Axşamdan, gecə yarısı vermişdi bu qərarı. Və bu keçən gecə birinci dəfə idi ki, səhər açılmamış oyanmışdı...
   
   ... Bədənində gəzən, onu əzizləyən, sığallayan əllər dörd idi. İkisi də artmışdı. Əvvəlki incəlik, mehribançılıq, utancaqlıq itib getmişdi. Əllər onu əslində sığallamırdı, tumarlamırdı, sadəcə əzişdirirdi, sıxırdı, incidirdi... Bu sehrli, əsrarəngiz dünyanın xına rəngi də öləziməkdə, sönməkdəydi...
   
   Qırmızı buludlardan soyuq, ağappaq qar dənələri ələnirdi. Qəribə idi ki, qar dənələri qırmızı çiçəklərin, güllərin, torpağın üstünə düşürdü, amma qırmızı rəngə qovuşmurdu. Elə topa-topa donub qalırdı. Əllərini irəli uzatdı. Bu, ələnən qar deyildi. Un idi. Dəyirman unu... "İlahi, göydən də un yağar?"... Qırmızı rəngin üstünə səpələnən ağ rənglər bu gözəl dünyanı xaşıla, xaşılın xamırının ara-bərəsində qızaran doşaba çevirirdi...
   
   ... Dəyirmançının seyrək, qaralmış dişlərinin arasından tünd siqaret iyi gəlirdi. Üstündən, başından un tökülürdü. Qız köhnə, dəmir çarpayının üstündə əyləşmişdi... O qədər laqeyd və etinasız idi ki, elə bil nə dəyirmanın, nə də neçə illər onu özü də anlamadığı sehrli qüvvə ilə özünə təslim edən dəyirmançının ona dəxli var...
   
   Dəyirmançı yarısına qədər un yığdığı kisəni sürüyüb dəyirmanın qapısına tərəf apardı. Kisəni dikəldib divara söykədi və bir siqaret yandırdı. Diqqətlə çölə baxdı. İns-cins gözə dəymirdi... Dərindən bir-iki qullab vurub siqareti tulladı, qıza sarı gəldi...
   
   ... Yarımçıq un kisəsini çiyninə qaldırıb tərpəndi. İlk günlər xüsusi bir maraqla, həvəslə gəldiyi bu dəyirman da, lap elə bu sırtıq, həyasız dəyirmançı da yormuşdu onu, bezdirmişdi... Doşaba oxşayan, xaşıl kimi yuxulardan bir yolluq üzülüşmək, ayrılmaq istəyirdi...
   
   "Su təmizə çıxarır hər murdarı". Anası tez-tez işlədərdi bu sözləri...
   
   ... Çatdı kanalın qırağına. Kanal yuxarı, kanal aşağı baxdı. Sakitlik idi...
   
   Ayaqqabılarını çıxarıb cütlədi. Kimdənsə eşitmişdi bunu... Əlini salıb qoynundan bükülüləri çıxardı. Bir-bir açıb xınanı koftasının yaxasından boşaltdı sinəsinə...
   
   ... Boğuq şappıltı və ümidsiz qışqırtı gəldi:
   
   - Ay ana!
   
   Suyun elə bil əlləri var idi. Dərhal qızı çəkdi ağuşuna. Qız su aşağı axdıqca boz-bulanıq suda xına rəngi zolaq qalırdı və zolaq qızdan uzaqlaşdıqca əriyib suya qarışırdı...
   
   

TƏQVİM / ARXİV