YAŞ O YAŞ OLMASA DA...

VAQİF YUSİFLİ
43756 | 2015-01-27 01:34

("Bölgələrdə ədəbiyyat” silsiləsindən - Binnət Eloğlu)


Tovuz Azərbaycanın sazlı-sözlü sənət ocaqlarından biridir. O, təkcə gözəl təbiəti, bərəkətli torpaqları ilə deyil, həm də yetirdiyi görkəmli sənətkarları ilə fəxr edə bilər. Bu torpaqda təkcə gözəl nemətlər yetişmir, onun bağrından Aşıq Hüseyn Bozalqanlının, Mikayıl Azaflının saz möcüzələri fəvvarə vurub. Ozan-Aşıq mədəniyyətinin ən qədim ocaqlarından biridir Tovuz. Ünlü şairlərimiz-Məstan Günər, Məmməd İsmayıl, Zirəddin Qafarlı Tovuzun Azərbaycana bəxş etdiyi qüdrətli qələm sahibləridir. Ədəbi-elmi fəaliyyətləri ilə daim diqqət mərkəzində olan professorlar-Qəzənfər Paşayev, Məhərrəm Qasımlı Tovuzun yetirmələridir. Tovuz torpağı - Tovuz eli hələ bundan sonra da neçə belə istedadlı sənətçilər yetirəcək.
Bu yaxınlarda Binnət Eloğlu adlı yaşlı bir şairlə tanış oldum. Yetmiş yaşlı şair "Elin dərdi, həsrəti" adlı qalın bir şeir kitabını mənə hədiyyə etdi. Doğrusu, elə bildim, bu da şeir yazmaq, şairlik adı ilə qürrələnmək istəyən şəxslərdən biridir. Oxumaq istəmədim, amma ağsaqqal bir kişinin, üz-gözündən nuranilik yağan bir insanın işıqlı çöhrəsini görəndə fikirləşdim ki, o işıqdan mütləq bu kitabda nəsə olacaq. Şeirlərin bir neçəsini oxudum və doğrudan, sevindim. Ədəbi aləmdə demək olar ki, heç tanınmayan, yalnız bəzi qəzetlərdə şeirləri dərc edilən Binnət Eloğlunun ŞAİR olduğuna şübhəm qalmadı. Hiss elədim ki, Binnət Eloğlu, lap uşaqlıqdan şeir yazırmış. Çünki onun şeirlərində illərin təcrübəsi, şeir yaza-yaza gəlib mənzil başına çatıb formalaşması özünü göstərirdi. Həm də ona inandım ki, o, Tovuzda yaşayıb, sazlı-sözlü bir diyarda, əgər bir azca istedadın varsa, şair ola bilərsən. Bu şərtlə ki, poeziyaya, onun sirlərinə bələd olasan, özgəsinin yazdıqlarını təkrar etməyəsən, öz sözünü deməyi bacarasan.
Binnət Eloğlunun şeir və poemalarını oxuyanda onu da hiss elədim ki, o, geniş mütaliə qabiliyyətinə malikdir. Azərbaycan poeziyasının vurğunudur (ona ən yaxşı oxucu da demək olar), oxumadığı şair yoxdur. Təkcə bumu? Başqa bir cəhəti də var-o da bundan ibarətdir ki, Binnət Eloğlu Azərbaycan şeirinin bütün formalarına, şəkillərinə yaxşı bələddir. Hecada olduğu kimi, əruzda da qələmini sınayır. Amma ən çox heca şeiri yazır, bu da səbəbsiz deyil. O, xalq şeirinin, aşıq poeziyasının fanatıdır. Şeirlərinin mövzusuna gəldikdə isə rəngarəngdir. Vətənpərvərlik, Azərbaycanın tərənnümü, Qarabağda baş verən və bir şair kimi onu həyəcanlandıran hadisələr, müharibənin doğurduğu ağrı-acılar, cəmiyyətdə, yaşadı?ı mühitdə baş verən mənfi hallar, gözəl təbiətimiz-çaylarımız, dağlarımız, meşələrimiz, bulaqlarımız, çəmənlərimiz, qədim məskənlərimiz, sevgi, məhəbbət duyğuları onun şeirlərində əks olunur. Binnət Eloğlunun Azərbaycan Demokratik Respublikasının 80 illiyinə ithaf etdiyi "Qoymadılar bilək tariximizi", şəhidlərdən söz açdığı "Şəhidlərimiz-igidlərimiz", "Qarabağın qanlı, qəmli günləri", Şəhriyarın "Heydərbabaya salam" poemasından təsirlənib yazdığı "Həsrət", Füzuliyə həsr etdiyi "Müqəddəsim", Q.B.Zakirə xitab və nəzirə kimi qələmə aldığı "Belədir halımız, ay baba indi" adlı poemaları da var. Bu da sübut edir ki, Binnət Eloğlu təkcə lirik, satirik şeirlərlə kifayətlənmir, şəm də epik poeziyaya meyl edir.
Binnət Eloğlunun şeirləri çox təbiidir, xəlqidir, elə bil bu şeirləri bir kənd ağsaqqalı yazıb. Doğrudan elədir. Bəli, o, sadə yazır, amma çalışır ki, şeirlərində qırıqlıq olmasın, fikrini sərrast ifadə etsin:

Məni gəzmə Bakıda, nə də Tovuzda, qardaş,
Ürəyimdə qəm-kədər, gözlərimdə qanlı yaş,
Huşum özümdən uzaq, halım pərişan, çaş-baş
Sərsəritək gəzirəm, fikrim düzdə, dağdadır,
Sübh hələ açılmayıb, danım Qarabağdadır.

Cıdır düzü yas tutur, Şuşa yağılardadır,
Vaqifin şair ruhu nigarandı, dardadır,
Qədir yanır, qovrulur, haqq-ədalət hardadır?
Bakıda can verirəm, canım Qarabağdadır.

Elin dərdi, məmləkətimizin başı üstündə oynayan qara buludlar, həyatın ağrı-acıları Binnət Eloğlunu düşündürən, həyəcana gətirən əsas məsələlərdir. Xüsusən, onun doxsanıncı illərdə yazdığı şeirlərdə Vətən dərdi çəkən bir kənd ziyalısının, bir ağsaqqalın ürək harayını eşidirik:

Qanlı göz yaşını mürəkkəb edib
Bir ildir yazıram elin dərdini.
Min-min şəhid olmuş igidlərimin,
Min-min ər gözləyən gəlin dərdini.

Onun "Çadır şəhərində", "Qarabağ getdi bada", "On iki ildir", "Bölünmüş xalq", "Şəhidlər xiyabanında" və s. şeirləri də məhz elin dərdini ifadə edir. Bir sıra şeirlərində isə qələbəyə inam hissini görürük.
Binnət Eloğlunun qoşmaları məni daha çox sevindirdi. Ona görə ki, Binnət müəllim qoşmanı məhz qoşma kimi yazır. Onun klassik ölçülərinə tam riayət edir və çalışır ki, bu qoşmalarda özünəməxsus izi olsun. Xüsusən, onun sevgi mövzusunda qələmə aldığı qoşmaları bu canrın bədii imkanlarını bir daha aşkara çıxarır:

Əzizim, hər dəfə səni ananda,
Dil dodağa, dodaq dilə yalvarır.
Könlümdən keçəni sənə yazanda,
Əl varağa, varaq ələ yalvarır.

Bağa yayılanda ətrin, nəfəsin,
Binnətə ruh verir gülüşün, səsin,
İstəyirlər səni xoşhal eləsin,
Bülbül bağa, bağ bülbülə yaraşır.

Binnət Eloğlunun qəzəlləri də, dördlükləri də, bayatıları da, gəraylıları da, təmsilləri də, rübailəri də onun bu formalara yaxşı bələd olduğundan xəbər verir. Xüsusilə, gəraylılarda o, xalq şeirinin bu qədim formasında öz sözünü deyə bilir:

Qüzey yeli çox bəd əsdi,
Bağ-bağçam saraldı, getdi.
Bülbül öldü, çiçək soldu,
Gülümü xar aldı, getdi.

Yağı üstümə od tökdü,
Sinəmə çarpaz dağ çəkdi,
Torpağımı tankla əkdi,
Eli dərdə saldı, getdi.

Zəmimi bombalar biçdi,
Tarlam su yerinə qan içdi,
Evim yox, çırağım keçdi,
Ocağım qaraldı, getdi.

Binnətəm, ədalət hanı?
Qurulmur haqqın divanı,
Cəllad tökdü nahaq qanı,
Canımdan can aldı, getdi.

Binnət Eloğlunun şeir və poemalarında onun özünün obrazı-bir azərbaycanlı kimi keçirdiyi hisslər, duyğular əks olunur və deyərdim ki, o, bu şeirlərin qəhrəmanıdır. Düşünən, əzab çəkən, sevinən, kövrələn bir xalq adamı-bir ağsaqqal və ziyalı özünü ifadə edir, ürəyini açır insanlara.
Onun poemaları da ilhamla yazılıb. Ən çox diqqəti cəlb edən "Həsrət" poemasıdır ki, Binnət Eloğlu bu əsəri Şəhriyarın "Heydərbabaya salam" poemasına nəzirə yazıb. Şəhriyarın poemasındakı şeir ölçüsünü yaxşı mənimsəyib. Əgər bir oxucu maraqlansa ki, Tovuzun Düz Cırdaxan kəndi hansı adət-ənənələri, etnoqrafiyası, insan çeşidləri ilə seçilir, o zaman "Həsrət" poemasına müraciət edə bilər. Deyə bilərəm ki, bu poema Düz Cırdaxan kəndinin tarixidir, coğrafiyasıdır, keçmişi və bu günüdür.

Cırdaxan, sönməsin odun, ocağın,
Günəştək əbədi yansın çırağın,
Yayılsın aləmə səsin, sorağın,
Mənim şöhrətimdir şöhrətin, adın,
Mən nədən yazardım, sən olmasaydın?

Binnət Süleymanın şeirləri içərisində zəif və ortabab nümunələr də diqqətdən yayınmır. Amma yetmiş beş yaşlı bu qoca şairi incitmək istəmirəm. Kitabdan xoş təəssüratla ayrılıram. Və müəllifin bu misraları ilə sözümü bitirirəm:

Bir gözələ saldı meylini hərə,
Kimi nakam oldu, kimi bəxtiyar.
Mən də bir Məcnunam özümə görə,
Mənim Vətən adlı bir sevgilim var.


TƏQVİM / ARXİV