adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ALLAHIN QONŞULUğUNDA

3381 | 2015-01-27 02:30
Qəşəm
İsabəyli

(əvvəli ötən saylarımızda)

5.Ağasəfanın ilk kitabı
-Qorki adına Moskva Ali Ədəbiyyat Kursunu başa vurub, qayıtmışdım Bakıya. Rəhmətlik Seyfəddin Dağlı məni "Kirpi"yə işə götürdü. Rəhmətlik yazıçı Hacağa Cümşüdlüylə bir otaqda otururdum. Kitabım da, ağız dolusu "kitab" deməyimə baxma, 16 səhifəlik bir şeydi, özü də "Azərnəşr"in planında. Bir gün eşitdim ki, məndən başqa hamını yollayıblar çapa. Qanı qara qayıtdım işə.
-Nə olub ə... bu nə sir-sifətdi? - Hacağa müəllim macal vermədi keçim oturum yerimdə.
-Kitabımı plandan çıxarıblar.
-Hardaydığ
-"Azərnəşr"də.
-Niyə mənə deməmisən?! - Tez ayağa durdu, - dalımca gəl.
Hacağa müəllim birbaşa məni apardı rəhmətlik Qılman İlkinin - nəşriyyatın direktorunun yanına. Qılman müəllim redaktoru çağırdı:
-Ağasəfanın əlyazması hardadı?
-Redaktədə.
-Gətir bura.
Qılman müəllim əlyazmasına baxan kimi acıqlandı:
-Mən əlyazmasına qol çəkib razılıq verəndən sonra bu nə redaktədi? Haçandan qırmızı qə-ləmlə redaktə olur!? Demək istəyirsiniz ki, cavan müəllifin yolunda qırmızı işıq yandırırsınız?
-Baş redaktor işləyib.
-Baş redaktor da qələt eləyir, sən də. Çıx burdan.
Zəngi basıb istehsalatçını çağırdı:
-Bunu təcili ver yığıma!

***
-Yoldaşı rəhmətə gedəndən sonra - Müşfiq Cabiroğlu danışırdı - Ağasəfa əminin çətin günləri başladı. Bir yerdə sakin ola bilmirdi; Qarabulaq - Səngəçal - Bakı - Qarabulaq... Axırda gedib Qarabulaqdan onu Əmirhüseyn əmi (mərhum telejurnalist Ə.Məcidov) gətirdi Bakıya, öz şirkətində işə düzəltdi...
Belə künlərin birində, onda Mədəniyyət Nazirliyinin "Şur" nəşriyyatında direktor işləyirdim, Əmirhüseyn müəllimlə onun otağında bizə sifariş verdiyi kitabın müzakirəsini aparırdıq. Birdən əlində korrektura Ağasəfanı içəri girən gördüm. Elə bildim dünyanı mənə bağışladılar. Yerimdən sıçradım. Görüşdük. Amma "Yazıçı" nəşriyyatında gördüyüm Ağasəfadan onda elə də bir nəm-nişan qalmamışdı. Bərk qocalmışdı, zəifləmişdi, bir az da bikef dəyirdi gözümə.
-Qəşəm, 100 səhifəlik bir əlyazmam var, hesabla görək 500 nüsxəsi neçəyə başa gələr?
Gərək ki, hesabladım da, qiymətini də dedim, ancaq həmin kitabı, bəlkə mən baha demişəmmiş, ya onun imkanı çatmayıbmış, nəşr eləmədik. İndiyəcən bu ürəyimdə dolanırdı...
Sonralar bir də Müşfiq ocağında rastlaşdıq. Üstü şiferli daldalanacağa yaxınlaşanda, adımı eşitdim: "Qəşəm, bura gəl!". Baxdım ki, tələbə yoldaşım Arif İslamzadədi. Yaxınlaşıb, görüşdük, oturanda bir əl də uzandı mənə...
-Bıy! Ağa?! - Əl tutduq. Bikef idi. - Allah rəhmət eləsin, Ağa! - Dedim! - Dodağının altında mızıldayıb, nəsə dedi. Oğlu təzəcə rəhmətə getmişdi.
Tədbir qurtarandan sonra görüşüb ayrıldıq, gedib oturdum maşında. Bir də gördüm şairə Ofelya Babayeva maşına tərəf gəlir. Düşüb görüşdüm:
-"Ədalət" qəzetində "Bizi ağ günə çıxartmayan şeir" xatirənizi oxudum, çox sağ olun! Müzəffər Şükürü yaxşı yad eləmisiniz. Mənə "bacı" deyərdi rəhmətlik...
Ağasəfa da gəldi:
-Hökmən bizə getməliyik!
- Ağa, əlimiz boşdu! - Dedim, - gedəmmərəm, qalsın gələn səfərə.
-Özünü əlində apararsan! Min maşına!
Ofelya xanım, sürücüsü Firdovsi, Ağasəfa və Müşfiq Cabiroğlu mindik mənim maşınıma. Qarabulağa çatmağımız xeyli çəkdi; yoxuşu qalxıb, enişə düşüb, dayandıq. Dəmir darvazanın (əslində dəmir çərçivənin) bir qanadından Ağasəfa yapışdı, bir qanadından da Firdovsi, həyətə girdik. Ağanın Allahdan gizlin olmayan komasının qapısı açıldı. Dalbadal düzüldük.
-Xoş gəlmisiniz! - Bu evin xanımıydı.
-Xoş gördük! - Bu da biz.
Bir dəhlizdən, bir otaqdan keçib, Ağasəfanın otağına girdik. Buna heç Ağanın otağı da demək olmazdı. İlk baxışdan hiss olunurdu ki, otağın yarısı Ağasəfanındı - şairin az qala yarı yaşıyca yaşı olan kitab dolabı, dostlarının və özünün səliqəsi pozulmuş kitabları. Kitab bu otaqda rübbədəydi. Hətta üstündə kitab olan dəmir çarpayının bir ayağının altına da kitab qoymuşdular ki, ləngəri pozulmasın.
-Buna mənim kitaba hörmətsizliyim kimi baxmayın. Bu şair mənim ustadımdı. Gecənin bir aləmi yadıma düşsə, day onu gəzmirəm, bilirəm hardadı...
Söhbətdə fasilə yaranan kimi sükut basırdı bizi. Çöldən onsuz da səs-səmir gəlmirdi, televizor da yatmışdı, telefon da lal idi. Bunlara işıq lazım idi, o da yox.
-Ağa, Süleyman peyğəmbərlə qohumluğundan danış!
Hamı heyrətlə çevrilib əvvəlcə mənə, sonra da Ağasəfaya baxdı. Ağasəfa özünü sındırmadı:
-Faydasız qohumluqdu! Lap şirvanlı qohumluğu kimi!
Kimsə elə bil özünə gəldi:
-O çağdan bu çağacan qohumluq qalar.
-Əqidə qohumluğumuz var. O da bir koma tikib, başını içinə soxurmuş, yarıbədəni çöldə qalırmış. 1000 il yaşayıb, öləndə deyib, bilsəydim, bunu da tikməzdim. Mənim də komam... xoş gəlmisiniz!..
Ağanın xanımı biş-düş eləyincə şair qardaşım bir qovluq qoydu qabağıma. Bir topa foto-şəkli də uzatdı Ofelya xanıma:
-Bacı, seç, görüm hansını versəm yaxşıdı!
-Qəşəm bəy, görürsünüz, necə poetik şəkillərdi!? Bilirsiniz kim çəkib!? Şair Məmməd Aslan. Mənim də özümdən xəbərsiz elə şəkillərimi çəkib, baxıb az qala tanımamışam! - Ofelya xanım bir fotonu qaldırıb tutdu bizə sarı, - necədi?
-Bacı, vallah, ürəyimi oxumusan! - Ağasəfa fotonu alıb qoydu qovluğun içinə.
Fikrimdən "bir selafon torpa olsaydı..." keçirtməyimi gördüm, Ağasəfanın həyat yoldaşı əlində torba içəri girdi. Ürəyimdə dedim, əhsən, uğruna çıxan qadın ki, başladığın işi tamamlayır, deməli, qardaşım, xoşbəxtsən!
-300 nüsxə nəşr edərsən. Beh də verə bilərəm, ha! - Bu dəfə Ağa daha ürəkli danışdı.
-Öz hesabıma nəşr edəcəm!
Ağadan əvvəl şairə Ofelya xanım dilləndi:
-Yox, Ağasəfa müəllim artıq Yazıçılar Birliyinin 1 illik təqaüdünü alır. Kitabını nəşr etdirməyə imkanı çatır, maşallah!
Ağanın üzünə baxdım, gülümsünürdü. Onu da deyim ki, bu gün görüşünə gəldiyim Ağasəfayla 14-15 il əvvəl gördüyüm Ağasəfa arasında yerlə-göy qədər fərq vardı. Maşallah, qardaşım cavanlaşmışdı; tale yenidən onun üzünə gülmüşdü; özünə məhrəm bir insanla baş-başaydı.
(ardı var)

TƏQVİM / ARXİV