adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bir saat yol getdim, bir ömür yaşadım...

2919 | 2015-01-27 01:30

Nemət Veysəlli,
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyası,
redaktor

İkinci yazı

RİTM

Deyəsən, istəyimlə arzularım üst-üstə düşmüşdü: sıx və yaşıl ağacların dibinə mizlər düzülmüşdü. Kafel və metlax döşənmiş sahə təzəcə sulanmışdı. Sərin meh əsirdi. Xidmətçi oğlan quş cəldliyiylə sifariş verdiyim soyuq yeməkləri gətirdi. Mineral su, qatıq, ağ və dənəsiz zeytun, iç-içalat, üstəgəl badımcan və pomidor kababları. Maraqlı burasındadır ki, Abşerondan fərqli olaraq Naxçıvanda badımcan və pomidor kabablarını qabıqları soyulmuş halda süfrəyə düzürlər.
Bayaq dediyim kimi, "Söyüdlü" ailə restoranının geniş həyət-bacası yaşıllıqdı. Göydən ələnən qızmar isti sıx yarpaqlar arasından keçə bilmirdi. Xidmətçilərsə uzun və qara su şlanqı ilə ətrafı tez-tez sulayırdılar. Bu cür qulluqdan sonra döşəmələr, stolların ətrafı nisbətən soyuyurdu.

Cəmi bir küçəsi olan şəhər

Naxçıvandan respublikanın müxtəlif bölgələrinə gəlib-getmək çox da çətin məsələ deyil. Şəhər vağzalından bütün istiqamətlərə marşrut avtobusları işləyir. Özü də qayda-qanunla, nizam-intizamla. Sərnişinlər də, sürücülər də cədvələ əməl edirlər. Yox, əgər mənzil başına tez çatmaq istəyirsənsə, buyur sarı, oturacaqları, salonları tər-təmiz, sürücüləri isə intizamlı taksilərə əyləş. Respublikanın nəqliyyat rəhbərləri tərəfindən, yoxsa elə sürücülərin özləri bu qərara gəliblər, deyə bilmərəm, şəhər əhalisinə rayonlara gedən taksilərin daima dayandıqları yerlər də məlumdu. Əgər cibində pulun çoxdursa, maddi imkanın yaxşıdırsa, buyur əyləş taksiyə, denən, sürücü qardaş, sür Şahbuza, buyur bu da sənin səkkiz manatın. Çünki Naxçıvan şəhərindən Şahbuza adambaşı iki manatdır. Ya səkkiz manat ver, tək yollan, ya da bir az gözlə, qoy dörd nəfər də düzəlsin. Həm sərnişinlər, həm də sürücülər yaşlı adamlara, qonaqlara qarşı diqqətlidilər. Qabaqda, qabaq oturacaqda əyləşməyi təklif edirlər. Əlahəzrət jurnalistika, sənətimlə əlaqədar Beyləqan-Bakı marşrutunda mən bunun tərs üzünü, ikrahedici üzünü də görmüşəm. Cavan, üz-gözündən harınlıq və kütlük yağanın birisi iki ayağını bir başmağa dirəyib ki, mən mütləq avtomobilin qabaq oturacağında əyləşəcəm, o yeri qabaqcadan "zanit" etmişəm. Ahıl kişi heç nə demədən, mübahisə etmədən qabaq oturacaqdan qalxıb arxaya keçib. Üzü-üzlər görmüş sürücü isə heç nə olmamış kimi, çiyinlərini çəkib, "mən neyləyim, o, qabaqcadan gəlib" - deyib.
Fikirlərim və düşüncələrim keçəlləşmiş şin kimi yerində fırlanır. Nə isəg İyirmi yeddi kilometrlik yolu on beş dəqiqəyə qət etdik. Hə, bu da dağların qoynundakı Şahbuz.
Adamlarına, adət-ənənəsinə yaxşı bələd olmadığın bölgədə nə etməlisən? Yolumu rayon tarix-diyarşünaslıq muzeyinə salıram. Muzeyin binası, görünür, təzə tikilib. Birmərtəbəli, səliqəli, sahmana salınmış həyəti. Muzeyin zəngin eksponatları var. Yaxın və uzaq keçmişimizi xatırladan əşyalar - cəhrə, nehrə, xış və vəl, daş ləyənlər, qılınc, qəmə - bir sözlə, dədə-babalarımızın müxtəlif silah növləri. Kömürlə qızdırılan ütülər, bəzək əşyaları, kişi və qadın geyimləri. Görünür, bu yerlər qədim yaşayış məskəni olub. Ətrafa boylanıram - silsilə dağlar, dərin dərələrdi. Dərələrdən isti külək əsir.
Cəmi bir küçədən ibarət olan şəhərin inzibati və iaşə obyektləri də elə bu küçənin hər iki tərəfinə səpələnib. Dükanlar, apteklər, işləyib-işləmədiyi bilinməyən mehmanxana, kolxoz bazarı.
Şahbuzun kolxoz bazarını Gəncənin, Lənkəranın zəngin bazarları ilə müqayisə etmək yersizdi. Meyvə-tərəvəz, bir sözlə, kənd təsərrüfatı məhsullarının çeşidləri də zəifdi. Mənim bu fikrim şahbuzluların xətrinə dəyməsin, bu bölgədə mal və qoyun ətini, ət məhsullarını Gəncə və Qarabağdakı kimi doğramırlar. O cür dağların, düzlərin göm-göy otundan doyunca otlayan, kökələn heyvanların çiçək kimi məhsulu naşı qəssabların əlində yararsız vəziyyətə düşür.
Amma, şahbuzluların bəhməzinin tayı-bərabəri yoxdur. Şüşələrdəki yarı qaraya, qızıla, nə bilim min çalara, min rəngə düşən bəhməzin görünüşü, dadı-tamı adamın ağlını başından çıxarır. Şüşə qablardakı bu bir litrmi, iki litrmi maye özündə möcüzə məqamları birləşdirib. Gözümün önündə iri-iri bedana, şax tut ağacları canlanır. Budaqlarda saralıb-saralıb, axırda bala dönmüş, o yerlərin qızmar günəşi altında şəkəri, şirinliyi, bir az da artan tut dənələrini görürəm. Qulaqlarımda toxmaq səsi eşidilir. Şahbuz gözəlləri iri karxananı dövrəyə alıblar. Yetişmiş, suyu, şirəsi axan tut dənələri ağacın dibinə düşüb əzilməsin deyə, gözəllər karxananın ətəklərindən bərk-bərk yapışıblar. Deyirlər, gülürlər. Azərbaycan qadınlarının, Şahbuz gözəllərinin şaqraq, məlahət və həyat dolu nəğmələri dağları, dərələri başına götürüb. Çırpılmış nemət karxanadan elə birbaşa qazanlara, testlərə doldurulur. Elə iri gövdəli tut ağaclarının dibindəcə ocaqlar çatılır, meşə odunlarının harayı eşidilir, qızlar-gəlinlər çömçələri fırladır, qabaqca qaynanmış tutun üst qatını, kifini təmizləyirlər, sonra da sarı köynək mərhələsinə çatırlar. Bəhməz hazırlamaq mərasimi ümumxalq bayramına, şadyanalığına çevrilir.
Naxçıvan şəhərində gördüyüm səhnələr eyniylə də Şahbuzda təkrarlanırdı. MKİ-nin işçiləri parkdakı ağacları, qurumaq, məhv olmaq təhlükəsi başının üstünü alan kolları, qızıl gülləri sulayırdılar. Şahbuzun mərkəzi parkı təmizdi, səliqəlidi. İH-nin, bu tərəflərdəki yeganə yeməkxananın ətrafında ərik və badam, şaftalı ağacları əkilib. Elə bil vaxtilə bu çubuqları bir-bir tapıblar, yüzlərlə ağac calağının içindən seçiblər. Səliqə ilə, cərgə ilə əkiblər. İndi də böyüyüb, yaraşıqlı, kölgələri ətrafa yayılan meyvə bağlarına çevriliblər.
Mən istilərin tüğyan etdiyi bir ayda - avqustun əvvəllərində Şahbuza gəlmişdim. Parkın yuxarı başındakı çayxanada xeyli adam vardı. Adamlar iki bir, üç bir əyləşib çay içirdilər. Maraqlı burasındadır ki, ölkənin başqa səmtləriylə müqayisədə burada çayın qiyməti çox ucuzdu - kiçik çayniklər əlli qəpik, ondan bir az böyükləri isə bir manatdı. Şahbuzda olduğum gün ərzində vaxtımın böyük bir hissəsini - dörd-beş saatını, bax, bu çayxanada keçirdim. Hərdən ürəyimdən keçirdi ki, yuxarılara - Batabata tərəf qalxım - qızmar günəş qabağımı kəsirdi. "Hə, yuxarılara qalxdım, bəs sonrağ Axı, bunun geri qayıtmağı, nəqliyyat məsələsi necə? Sərnişinləri seyrək olan sarı rəngli taksiləri tapa biləcəyəmmi? Sözün həqiqi və dəqiq mənasında istilər ətraf mühiti, nəqliyyatı, alış-verişi iflic etmişdi. İstilər adamları o qədər çaşdırmışdı ki, başqa mətləblər haqda düşünmək mümkün deyildi. Yenə yaxşı ki, Şahbuzun mərkəzində bu sakit, nisbətən sərin çayxana vardı. İstinin əlindən adamlar buraya qaçırdılar. Oturanların söhbətlərində, münasibətlərində bir doğmalıq, səmimiyyət hiss edilir. Başqa bölgələrdən fərqli olaraq burada əl oyunlarının - nərdtaxtanın, dominonun adamı əsəbiləşdirən səsi eşidilmir. Ümumiyyətlə, mən heç Naxçıvan şəhərində də çayxanada stolüstü oyunlara - nərdə, dominoya rast gəlmədim. Şahbuzun bu sakit, haysız-küysüz bağında bütün bədəninilə dincəlirsən, əsəblərin sakitləşir.
Dükanlardakı sənaye mallarının əksəriyyəti Türkiyədən gəlmədi. Bakı və Azərbaycanın digər şəhərləriylə müqayisədə Muxtar Respublikada Türkiyədə istehsal olunan mallar gözəçarpacaq dərəcədə ucuzdu. Yəqin bunun da səbəbləri var.

***
Allah bilir, bir də yolum bu tərəflərə nə vaxt düşəcək? Uzun dərələr, silsilə dağlar, belə mehriban, koloritli insanları bir də görəcəyəmmi? Bu tərəflərə gəlməyimi, görüşlərimi, yerli camaatla etdiyim söhbətləri bir növ əbədiləşdirmək üçün şəkil çəkdirmək qərarına gəldim. Adı, soyadı yadımdan çıxan, otuz beş-qırx yaşlı fotoqrafla tanış oldum. O, mənim məqsədimi bilən kimi dedi ki, gəl emalatxanadan kənara çıxaq. Nə isə, o, mənim arxa planda dağlar silsiləsi təsvir edilən fotoşəklimi çəkdi və beş-on dəqiqədən sonra hazır şəkildə mənə təqdim etdi. Və heç əmək haqqı da almadı. Sonralar, söhbət zamanı o, biləndəki mən Bakıda, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında redaktor vəzifəsində çalışıram, necə deyərlər, yaradıcı fotoqrafın ürəyi açıldı.
- Cavan adamın, nə isə yaratmaq istəyən adamın burada özünü ifadə etməsi üçün mühit yoxdur, - dedi. Əhalisinin sayı az, gəlib-gedənlər də seyrəkdi. Ayrı-ayrı məmurların şablon sifarişlərini yerinə yetirmək, foto lövhələr hazırlamaqla hara gedə bilərsən? Heç hara? Əməlli-başlı qazanc yox, fərqli dolanışıq yox. Bir də baxıb görəcəm ki, ömrüm-günüm ötüb keçib, ortalıqda da heç nəyim yoxdur. Odur ki, qəti qərara gəlmişəm, buralardan çıxıb gedəcəm Türkiyəyə, orada bu sənətə, bədii fotoya yüksək qiymət verirlər.
Hə, bu ki, Məmməd Arazın büstüdür. Nə əcəb bayaqdan bəri gəzib-dolaşdığım bağda istedadlı, ölkəmizdə hamının yaxşı tanıdığı, sevildiyi şairin mərmər büstünü görməmişəm.
Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində,
sən kimining
Şöhrətini yaşadan az yaşayır.

***

Şər qarışan kimi, bütün şəhər mərkəzə axışırdı...

Tez-tez təkrar edirəm. Həqiqətən, avqust ayı Naxçıvanda çox isti olur. Neçə illərin badam, ərik və şaftalı bağları qəfil xəstələnmiş uşaq kimi adamın gözləri qarşısında quruyurdu: meyvə ağaclarının qol-budaqları quru çırpıya dönmüşdü, yarpaqlarındanqurudulmuş tütün iyi gəlirdi.
Şəhər əhalisi, demək olar ki, kütləvi şəkildə hava limanı tərəfdə, bu günlərdə istifadəyə verilmiş əyləncə mərkəzinə doğru axışırdılar. "Xəyal" mehmanxanasının, Fövqəladə Hallar Nazirliyinin, Koroğlu abidəsinin ətrafında yaşayan binalarının sakinlərinin əksəriyyəti pay-piyada Mərkəzə doğru axışırdılar. Sərnişin daşımaqdan yorulmuş sarı rəngli taksilərin ardı-arası kəsilmirdi. Uşaqlı, böyüklü hamı bu tərəfə gedirdi. Əyləncə mərkəzi - bir növ şəhər əhalisinin əsəbini, stressini aradan qaldırmaq vəzifəsini daşıyırdı. İri, nəhəng, çil-çırağa qərq olmuş karusel, yelləncəklər, divarları mozaik formal, alışıb-yanan su hovuzları, müxtəlif kompozisiyalı, formalı göllər, asma körpülər - amansız istinin əlindən başını götürüb bu səmtə gəlmiş insanları bir növ sakitləşdirir, sərinlədirdi. Memarlıq və dizayn baxımından kiçik formalı obyektlər - qəlyanaltılar, dondurma köşkləri də bu məqsədə qulluq edirdi. Uşaqlara, körpələrə elə bil dünyanı bağışlamışdın - atılıb-düşənlərin səs-küyləri, gülüşləri ətrafa yayılmışdı. Əyləncə mərkəzində hər şey nəzərə alınmışdı: kütləvi, ailə ilə, qohum-əqrəba ilə birgə dincələnlərlə yanaşı, sakit bir küncə çəkilib xəyala dalanlar da vardı.
Əyləncə mərkəzinin cənubundan sərin meh əsirdi. Bu yerlərə əyləncə şəhərciyimi deyim, mərkəzimi deyim - bu lazımlı kompleksi fikirləşib ərsəyə yetirənlər başqa məqamları da nəzərə alıblar. Böyük bir ərazini alış-veriş şəbəkəsi tutur. Çoxmərtəbəli ticarət mərkəzinə hansı səmtdən baxırsan-bax - çil-çıraq, işıq çələngi idi. Doğrudan da insan özünü burada nağıllar aləmində hiss edir.
Mərkəzin Şimal hissəsində müasir, açıq havada yay kinoteatrı tikilib. Tamaşaçıların gur olduğu bu yerdə səhnədə geniş ekran quraşdırılıb. Sahəcə çox da böyük olmayan sənət ocağına, ekran qarşısına yüzlərlə tamaşaçı toplaşıb. İşıq zolaqları, işıq qammaları ətrafa əsrarəngiz effekt verir. Rəngbərəng işıq effektləri, "rəqsi" fonunda nəğmə, mahnı oxuyan müğənnilərin müasir, tamaşaçıları cazibə dairəsinə salmış pozaları, hərəkət və rəqsləri tez-tez dəyişilir. Amma bu axşam naxçıvanlıların, buraya toplaşan musiqi həvəskarlarının ən çox qulaq asdığı, dinlədikləri ifaçı - Röyadır. Röyanın lent yazıları, video görüntüləri ətrafa hakim kəsilib. Sanki bu aylı-ulduzlu gecə də, bu alışıb-yanan, çil-çıraqlı səhnə də, ekran qarşısında saatlarla dayanıb ona qulaq asan yüzlərcə sənətsevərlər də - elə bil ətrafda heç nəyi görmürlər - onların gördükləri, pərəstiş etdikləri bir ifaçı varsa - o da Röyadır. Müğənninin ifasında "Dənizçilər", "Ey həyat" - bunları isə "Ürəyim"i əvəz edir. Yenidən ifaçının video yazıları, əzilən, bükülən, danışan və pıçıldaşan səsi onu sevənlərin qəlbinə axır, onları həyacanlandırır, qəmli notlara yönəldir. İstəsən də, istəməsən də gərək bu faktla, reallıqlarla hesablaşasan. Bu son dərəcə istedadlı, çox da şaqraq, necə deyərlər, göylərin yeddi qatı ilə əlləşməyən səsə malik ifaçı necə olub ki, qısa bir müddət ərzində, gecə-gündüz ekran qarşısında özlərini yeyib-tökən, əvəzolunmazlıqlarını dəqiqədə bir səsləndirən müğənniləri çox asanlıqla arxada qoyub, belə geniş populyarlıq, tamaşaçı məhəbbəti qazanıb. Röyanın ifasında, ifa etdiyi mahnılar - "Söylə", "Sarı gəlin", "Unutmaq istədim", "Qayıt ömrümə", "İrəvanda xal qalmadı" - ürəyəyatımdı, tamaşaçılar çox asanlıqla bu ifaları ürəklərinə, beyinlərinə buraxırlar. O, ifa etdiyi musiqi parçalarını, onların hiss və emosiya ilə dolu mətnlərini beynində dəfələrlə saf-çürük edir, onları ürəyinin süzgəcindən keçirir - nəticədə mahnılar, musiqi cümlələri özümləşdirilir, tam və bütöv şəkildə dinləyicilərə çatdırılır.

(ardı var)

TƏQVİM / ARXİV