ONLARIN QƏLBİNİ ƏLƏ ALMAQ O QƏDƏR DƏ ASAN DEYİL

FAİQ QİSMƏTOĞLU
126978 | 2015-01-27 01:38

Kim nə deyir desin, hər şey insanın qəlbindən və ürəyindən başlayır. Yəni kiminsə qəlbini və ürəyini duya bilirsənsə, istər-istəməz həmin insana daha çox yaxınlaşırsan. Məşhur pedaqoqlardan biri deyib ki, pis şagird yoxdur, pis müəllim var. Belə baxanda bu sözdə müəyyən mənada həqiqət daha çoxdur.
Deyirlər ki, istedad Allah tərəfindən hər adama verilmir. Amma biz qətiyyən bu fikirlə razılaşmırıq. Ən azından ona görə ki, Allah bütün bəndələrini sevir və onların hər birinə öz mükafatını bəxş edir. O mükafat ki sadəcə olaraq bəziləri bunun qədrini bilir, bəziləri isə özünə və istedadına inanmır. Bax özünə və istedadına inanmayan insanlarda o tapıntını müəllimlər aşkar edir. Müəllim görür ki, hər hansı bir şagirddə istedad var, ancaq zəhmətkeşlik yoxdur, sadəcə olaraq tənbəllik onun canını alıb və həmin şagird əziyyət çəkib istedadını ortaya çıxara bilmir.
Bu mənada müəllimlərin və pedaqoji kollektivlərin üzərinə çox böyük məsuliyyət hissi düşür. O yerdə ki, məsuliyyət var, hər şey dərindən düşünülür və təbii ki, müsbət nəticələr də əldə etmək mümkündür. Füzuli rayonundakı 9 nömrəli tam orta məktəbində də birmənalı olaraq deyə bilərik ki, müəllim-şagird münasibətləri sivil qaydada qurulub və ən müasir metodlardan, yeniliklərdən istifadə edilərək şagirdlərin savadlı və vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün böyük addımlar atılır.
Məktəbin direktoru Fazil Yadigarov bildirir ki, 1993-cü ilin avqustunda Füzuli rayonu işğal olunandan sonra bizim məktəb başqa bir yerdə - Sumqayıt şəhərində sığınacaq tapdı. Düzdür, indi Füzulinin Horadiz şəhəri və 22 yaşayış məntəqəsi işğaldan azad edilib və bir çox məktəblərimiz orda fəəliyyət göstərir. Bizim məktəb isə Füzuli şəhərində yerləşdiyinə görə hələ ki o xoşbəxtlik bizə nəsib olmayıb. Amma Füzulinin ab-havasını elə bu məktəbdə də yarada bilmişik. Ən azından burda oxuyan və işləyən müəllimlərin hamısı məhz Füzulidəndir. Bir balaca qəribçilik hissləri yaşasaq da, amma hər şey o dərdə, o kədərə üstün gəlir. Bu gün məktəbimizdə 110 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 27 müəllim məşğuldur. Dərs keçdiyimiz məktəb ən müasir üslubda və yüksək səviyyədə təmir edilib, əyani və texniki təlim vasitələri ilə təchiz olunub. Bu isə o deməkdir ki, orta məktəbdə kurrikulum tələbləri baxımından tədrisin səmərəliliyinin artırılması ön plana çəkilib.
Bu gün cəmiyyətdə əxlaqlı, savadlı və tərbiyəli insanlar yetişdirmək əsas məsələlərdən biridir. Əlbəttə, pedaqoji kollektivin vəzifəsi ondan ibarətdir ki, şagirdlərə dərin elmi biliklər və savad aşılasın. Amma bununla yanaşı, vətənpərvər insan yetişdirmək pedaqoji kollektivin əsas vəzifələrindəndir. Üstəlik də bu gün müəllimlərin və şagirdlərin informasiya və kommunikasiya texnologiyalarına yiyələnməsi ən vacib vəzifələrdən sayılır. Birmənalı olaraq deyə bilərik ki, məktəbdə bu məsələlər günün tələbləri səviyyəsində həll edilir.
Ötən tədris ilində məktəbi bitirmiş məzunlar arasından Günel Mirzə qızı Əliyeva 612 balla Azərbaycan Dillər Universitetinin ingilis dili tərcüməçiliyi fakültəsinə, Dünya Saleh qızı Məmmədova 450 balla Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə, Fariz Samiyəddin oğlu Həsənov isə Türkiyə Qars Qafqaz Universitetinin iqtisadiyyat və idarəetmə fakültələrinə qəbul olunublar. Məktəbin direktoru Fazil Yadigarov bildirir ki, biz belə məzunlarımızla fəxr edirik. Və 2015-ci ildə məktəbimizi bitirəcək məzunlar da inanıram ki, bizim üzümüzü ağ edəcəklər. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rasim Həsənov da pedaqoji kollektivin qazandığı uğurlardan danışdı. Dedi ki, məktəbimizdə tədrisin keyfiyyətinin yüksəldəlməsi üçün maksimum səviyyədə işlərimizi qurur, ən müasir yenilikləri və texnologiyaları tətbiq etməyə çalışırıq. Məhz bunun nəticəsidir ki, bizim məktəb həm məzunların qazandıqları uğurlara görə, həm də pedaqoji kollektivin nüfuzuna görə rayon təhsilində seçilir. Bunun üçün isə təbii ki, əziyyət çəkilməli, şagird-müəllim münasibətləri standartlara uyğun qurulmalıdır.
Bir faktı da qeyd edək ki, məktəbdə öz işini yaxşı bilən və pedaqoq kimi şagirdlərin, valideynlərin hörmətini qazanan savadlı müəllimlər çoxdur. Belələrinə Zoya Qəhrəmanova, Rauf Vəliyev, Reyhan İbrahimova, Lalə Fərhadova, Sitarə Mikayılova nümunə sayıla bilər.
Məktəbin direktoru onu da bildirdi ki, biz hər ay Horadiz şəhərinə gedir və təhsil şöbəsinin müdiri Almaz xanım Həşimovanın məsləhətlərini dinləyirik. Üstəlik də vaxtaşırı olaraq tədrisin keyfiyyətinin yüksəldilməsi və təlim-tərbiyənin müasir tələblərə uyğun qurulması üçün rayon təhsil şöbəsindən gələn nümayəndələr öz məsləhətlərini və tövsiyələrini verirlər. Biz də çalışırıq ki, öz əməli işimizlə gənc nəslin təlim-tərbiyəsinə tövsiyəmizi verək.


TƏQVİM / ARXİV