adalet.az header logo
  • Bakı 17°C

ƏFSANƏLƏŞƏN GERÇƏK

BABƏK YUSİFOĞLU
34637 | 2015-01-27 01:26

Bəzən adam ən mürəkkəb bir sualın cavabını cild-cild kitabllarda, elmi izahlarda axtarıb tapa bilməsə də sırf bir təsadüf nəticəsində və ya qarşılaşdığı hansısa hadisədə onu öyrənir. Saysız-hesabsız elə şeylər də var ki, insan oğlu bütün həyatını sərf etsə də həmin sualların izahına varmağı bacarmır. Hətta onlar son dərəcə sadə, adi görünsələr belə...
Hərdən düşünürəm, dilindən, dinindən, milliyitəndən, adət-ənənələrindən, yaşadığı məkandan, sosial mənşəyinndən, ictimai mövqeyindən... asılı olmayaraq bütün insanlar (fərqli kəlmələr işlətsələr də) görəsən niyə and içirlər?!. Özü də oxşart şəkildə. Axı, Tanrının bəxş etdiklərindən başqa bəşər övladının bütün, hətta bütün davranışları fərqli deyilmi?.. Nədənlər, məqsədlər müxtəlif olsa belə min illərdi insan oğlu özünü və digərlərini inadırmaq üçün niyə bənzər şəkildə and içməyə ehtiyac duyur (əlbəttə, normal bəndələrdən söhbət gedir)? Və qədim insanlardan başlayan bu davranış hətta çox-çox sonralar rəsmi və ya dini rituallarda belə istifadə edilir, ənənəyə çevrilir. Bir çoxlarının həyatını yönləndirir, həyatın gedişatına təsir göstərir, insanların hansısa amal üçün ölümə belə getməsinə səbəb ola bilir...
Əlbəttə, bunların bəşər tarixində çox sayda örnəkləri var. Mənsə indi onların yalnız birindən danışmaq niyətindəyəm: Simon Bolivardan. O Simon Bolivardan ki, mübarizəsiylə bir çox xaqların əfsanəsinə çevrildi...

(Əvvəli qəzetin
20 yanvar sayında)

Milli Konqresin 2-ci Venesuela respublikasının yaradılmasını elan etməsindən qısa müddət sonra İspaniya öz koloniyasında "nizam-intizam"ı bərpa etmək üçün oraya 10 minlik bir əsgər korpusu göndərdi. Və materikə çatan kral ordusu vaxt itirmədən "tədbirlər"ini həyata keçirməyə başladı. Onlar müqavimət göstərənləri öldürür, üsyançılara rəğbəti olan yaşayış məntəqələrini yandırır, əhalinin ərzaqını talan edirdilər. Ölkənin hər yerində vəziyyət yenidən mürəkkəbləşmişdi...g
Bütün bu əks-həmlələrin qarşısını almaq üçün döyüşə girən Simon Bolivar qeyri-bərabər toqquşmada yaxşı təlim görmüş, peşəkar kral ordusuna məğlub oldu. Bioqraflar yazır ki, həmin döyüşlərdə Bolivar min beş yüzə yaxın silahdaşını itirib. Üsyançılar geri çəkilib toparlanmağa çalışsalar da bu mümkün olmadı. Ordu "təmizləmə" əməliyyatı apara-apara irəliləyirdi. Argentinanın bir neçə vilayəti istisna olmaqla bu yürüş demək olar ki, ispanların hər tərəfdə hakimiyyətini bərpa etməsiylə sona çatdı. Simon bu dəfə də ələ keçməmək üçün bir dəstə yaxın silahdaşıyla Yamayka adasına qaçdı.

QAİTİDƏN BAŞLAYAN
DAHA BİR YOL

Bir müddətdən sonra isə - 1814-cü ildə oradan yenicə Fransanın müstəmləkəsindən qurtularaq müstəqil respublika qurmuş Qaitiyə gəldilər. Bir neçə il əvvəl oxşar mübarizələr aparmış ölkə prezidenti - vaxtıyla fransız ordusunda xidmət keçmiş mulat Aleksandr Petion onları yaxşı qarşıladı, hər cür dəstəkdə bulundu. Simon Bolivar anlayırdı ki, hərbidən başı çıxmayan mülkü əhalidən yaradılan qoşunla peşəkar təlim görmüş çoxsaylı kral ordusuna qalib gəlmək mümkün olmayacaq. Ona görə də bu dəfə əsasən Avropadan olan könüllülərdən yeni peşəkar bir ordu qurmağa başladı.
Əlbəttə, bütün bu hazırlıqlar, bu çətin işlər qısa müddətə başa gəlməyəcəkdi. Proses demək olar ki, iki ildən çox bir zamana başa gəldi. Yüksək təşkilatçılıq bacarığına malik olan Cimon Bolivar orduyla yanaşı varlı, peşəkar hollandiyalı dənziçi Brionun rəhbərliyi altında hərbi dəniz qüvvələri də yaratdı ki, elə onların vasitəsiylə 1816-cı ildə bir neçə ispan gəmisini məğlubiyyətə uğradaraq Marqarita adasına qədəm qoydu. Məhz burada Milli Konqres 1816-cı il martın 7-də Veneseulenı respublika, Simon Bolivarı isə prezident elan etdi.
Prezident kimi burada o, həm də əhalinin bütün kəsimlərinə nə üçün savaşmaq lazım olduğunu izah etmək üçün, ən başlıcası qullara azadlıq verilməsi haqqında dekret imzaladı. O dövrün tarixini yazanlar qeyd edirlər ki, bu dekretlər əhali arasında çox böyük rezonans doğurmuşdu. İnsanlar hər necə olurs-olsun azadlıq ordusuna öz köməyini göstərməyə can atırdı. Bunun ardınca Bolivar daha bir ağıllı addım da atdı. Müstəmləkəçi generallara, zadəganlara məxsus torpaqların, var-dövlətinin müsadirə edilərək azadlıq ordusunun əsgərlərinə paylanmasına dair verdiyi dekret inanılmaz dəstəyin gəlməsinə səbəb oldu.

MÜSTƏMLƏKƏ
REJİMİ MƏĞLUB EDİLDİ

Bolivarın ordusunun elə ilk böyük vuruşması geniş bir bölgəyə nəzarəti ələ keçirməklə sonuclandı. Bundan sonra onlar çox çətin yolları aşaraq Kolumbiya ərazisinə daxil olub oranı da kral qoşunlarından azad etdi. Amma görüləcək işlərin böyük hissəsi hələ qabaqdaydı. Vaxt itirmədən yenidən Venesuelaya qayıdan azadlıq ordusu burada da bir sıra uğurlu əməliyyatlar apararaq ispan əsgərlərini tamailə sıxışdırmağı bacardı. Boiqraflar yazır ki, 1819-cu ildə Simon Bolivarın azadlıq ordusu Venesuela və Kolumbiyadan sonra - demək olar ki, Yeni Qranadanı bütünlüklə müstəmləkəçilərdən azad etdi. Və göstərdiyi əzmin, qəhrəmanlığın nəticəsiydi ki, Kolumbiyanın, yəni Venesuela da daxil olmaqla Yeni Qranadanın prezidenti elan edildi.
Necə deyərlər, artıq od daha da alovlanmışdı. 1822-ci ildə Kito vilayətindən də (indiki Ekvador) ispan qüvvələrini qovmuşdular. Amma bu o demək deyildi ki, kral qoşunları bütün ərazilərdən çıxarılmışdı. Xeyr. Müəyyən bölgələrdə hələ də müstəmləkə rejimləri hökm sürürdü. Və Simon Bolivar bilirdi ki, vəziyyət belə qalarsa azadlıq mübarizəsi hər an təhlükəylə üzləşə bilər. Ona görə də silahı yerə qoymaq olmazdı.
Bolivar 1822-ci ildə artıq Perunun müəyyən hissəsini azad etmiş Xose de San-Martinlə görüşərək orada da tam qələbənin əldə edilməsi üçün birgə fəaliyyət təklifini irəli sürdü. San-Martinsə Bolivarın böyük avtoriteti və şöhrətinin onu gələcək planlarından məhrum edəcəyini bildiyi üçün həmin təklifi qəbul etmədi.
Amma bu heç də ona uğur gətirmədi. Belə ki, yaranmış mürəkkəb vəziyyətə görə senyabrın 22-də ümumiyyətlə, tutduğu postdan istefa vermək məcburiyyətində qaldı. Məhz bundan sonra - 1823-cü ildə Simon Bolivar Peruya öz qoşununu göndərə bildi. Və bir il sonra azadlıq ordusu Cənubi Amerikanın şimalında qalan ispanların son dayaq nöqtəsini - Perunu da azad etməyi bacardı. Artıq materikdəki ölkələrin hamısı müstəmləkə rejimindən qurtulmuşdular...

HƏYATIN
SƏRT İSTEHZASI

Amma həyatın istehzası nə zaman bitmişdir ki?.. Cəmiyyətlər, insanlar zaman-zaman bunun qurbanına çevirilməmişlərmi? Əlbəttə... Və Simon Bolivar da taleyin ən acı haqsızlıqlarından biriylə üzləşdi...
Müstəmləkə rejimləri çökdürüldü, sülh əldə edildi, bu zaman tərəflərin hamısının yadına öz maraqları düşdü, köhnə cənubi amerikan ixtilafları yenidən baş qaldırdı. Ömrünü azadlıq mübarizəsinə həsr etmiş, varlıq, rahatlıq içərisində yaşamaq üçün bütün imkanlara malik olsa da vətəni üçün əzablı bir yol seçmiş Simon Bolivar belə bu ambisiyalı niyyətlərin qarşısını ala bilmədi. Onun birlikdə güclü, böyük, azad bir ölkə qurmaq idealları puça döndü. Elə bu məqsədlə 1826-cı ildə Panamada çağırılan Yığıncaqda "Xilaskar"ın arzuları və hazırladığı konstitusiya tam mənasıyla iflas yaşadı. Hər bir tətəf öz maraqlarını önə çəkərək sıradakına arxasını çevirdi.
Amma sən demə bu iflas hələ davam edəcək, Bolivarın - "Xilaskar"ın özünə, şəxsiyyətinədək uzanacaqmış. Sonrakı illərdə yaşananlarsa bunu sübuta yetirdi. Hətta 1829-cu ilin payızında hərbi xunta ölkənin bir neçə şəhərində üsyan qaldıraraq Venesuelanın Böyük Kolumbiyadan ayrıldığını bəyan etdi. Danışıqlar və məsləhətləşmələr yoluyla sabitliyi düzəltmək mümkün olmadı. Bolivarın adı və xidmətləri bir sıra yüksək rütbəli hərbçi zabitlərə qətiyyən sərf etmirdi...g
Ölkədəki situasiya elə bir həddə çatdırılmışdı ki, vəziyyətin düzəldilməsindən ötrü yorğun və xəstə düşmüş Bolivarın ölkəni tərk etməsi gündəmə gətirilmişdi. Səhhətindəki çox ciddi problemlərə baxmayaraq o, vətənindən ayrılaraq İngiltərəyə getməyə qərar verdi. Amma dəhşətlisi bu idi ki, "Xilaskar"ın bunun üçün heç maddi imkanı da yox idi. Çünki Simon Bolivar prezident kimi ona təyin olunan maaşın bir pesosunu da almamışdı. 24 il əvvəl vətənini müstəmləkədən qurtarmaq üçün and içən və sonrakı illərini yalnız bu mübarizəyə həsr edən Simon Bolivarın yadına əməkhaqqı düşməmişdi də. İnqilablar öz övladlarını yemirmi?..

"XİLASKAR”IN
ACINACAQLI SONU...

Yeni münaqişənin çıxmaması, sabitliyin pozulmaması üçün prezident vəzifəsindən istefa verən Simon Bolivar 1830-cu il, dekabrın ilk günlərində gəmiylə vətənini tərk etdi. Amma uzağa getmək heç ona nəsib olmadı. Belə ki, xəstəliyinin kəskin ağırlaşması üzündən elə Kolumbiyanın liman şəhəri Santa-Mariyaya gətirildi. Amma hər şey üçün çox hec idi. Burada həkimlərin bütün çabalarına baxmayaraq "Xilaskar"ı xilas etmək mümkün olmadı.
Dekabr ayının 17-də vətənindən məcburi şəkildə göndərilmiş Simon Bolivar bir limanda, kimsəsiz şəkildə, yalnız bir neçə yaxın dostunun yanında gözlərini əbədi yumdu... Bir çoxları onlara azadlıq gətirmiş bu böyük əsgərin ölümünə belə sevindilər. Bunu heç gizlətmədilər də...
İçdiyi anda sadiq qalan bu qəhrəmana adını tarixə layiqincə yazdırmaq üçün 12 il lazım oldu. Hakimiyyət dəyişikliyindən sonra, 1842-ci ildə nəhayət Bolivarın qəbri hörmətlə Kolumbiyadan vətəni Karkasa gətirilərək federal məqbərədə yerləşdirildi. Bundan sonra onun adı küçələrə, məktəblərə, muzeylərə, şəhərlərə... verildi. Əksi pul üzərinə belə həkk edildi. Ona heykəllər qoyuldu. Özü də təkcə Venesuelada deyil, Kolumbiyada, Peruda, Ekvadorda, Boliviyada, Panamada... Cəmi 47 il ömür sürmüş Simon Bolivar Cənubi Amerikanın ən möhtəşəm inqilabçısı adını aldı...




TƏQVİM / ARXİV