adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

QAPQARA QUTU

OQTAY SALAMOV
27346 | 2009-02-28 15:38
Deyilənlərə görə, təyyarələrdə xüsusi materialdan hazırlanmış, narıncı rəngə boyanmış və "maskirovka" məqsədi ilə "qara qutu" adlandırılan bir cihaz olur. Bu cihaz oddan, sudan, zərbədən... bir sözlə, heç nədən qorxmur, təyyarənin bütün sistemlərində baş verənləri avtomatik olaraq yazır və Allah eləməməiş, bir qəza-zad baş verəndə əvvəl başdan bu "qara qutu"nu axtarırlar ki, həqiqətdə nəyin baş verdiyinin, yəni qəzanın əsl səbəbini aydındaşdıra bilsinlər. Amma burada iki məsələ məni möhkəm narahat eləyir: əvvəla, əgər bu "qutu"nun materialı oddan, sudan, zərbədən... bir sözlə, heç nədən qorxmursa, niyə elə birdəfəlik təyyarənin özünü həmin materialdan düzəltmirlər? İkincisi də, bu "qutu"da yazılanlar niyə xüsusi şifrə ilə yazılır ki, onu açmaq üçün təzədən təyyarənin öz qiyməti qədər xərc çəkilir, nəticələr isə yenə də aydınlaşdırılmır ki, aydınlaşdırılmır. Lap elə dünyanın bizə dəxli olan bir çox məsələlərində olduğu kimi...
   
   Qəzetimizin düz on nömrəsində yazım getmədi. Səfərə çıxmışdım, getdim o dünyanı gördüm gəldim. "Səfər" vaxtı başım və bədənim daha ciddi işlərə məruz qaldığı üçün qəzet oxuya, televiziyaya baxa bilmədim. Yevlaxdan bir oxucuya işin telefonunu vermişdim, hansısa bir yazısına görə Nobel mükafatı almaq istəyir, deyəsən bu işdə mən də ona kömək eləməliyəm. Bu kişi işə zəng eləyib cib telefonumun nömrəsini də dostlardan almışdı. "Xoşbəxt" oğlu elə bil "medsestra"nın iş rejimini bilirdi, "sistem"in iynəsi damarıma sancılan kimi telefon zəng çalırdı: Oqtay müəllim, mənəm ey, Yevlaxdan zəng vururam, mənim məsələm nə oldu? Hər dəfə də inildəyə-inildəyə deyirdim ki, hələ xəstəxanadayam. O da deyirdi ki, "lap yaxşı, yastığın yüngül olsun. Sağalan kimi mənim məsələmlə məşğul olarsan. Elə bu başdan o kişidən də üzr istəyim ki, Nobel mükafatı almaqda bu gün də ona kömək eləyə bilmədim. Qorxuram ki, rəhmətlik Nobelin ruhu da məndən incisin. Nə isə, Nobel birtəhər dözər, yevlaxlı qardaş gərək məni məzur tutsun. Onun məsələsi də "qara qutu"da şifrələnib, oxunması üçün ən azından canın sağlığı lazımdır. Bu uzun ricəti ona görə etdim ki, yarım aydır qəzet-jurnaldan xəbərim yoxdur, nəyisə təkararlayıramsa üzrlü sayın.
   
   
   
   Deyir, ermənilər ATƏT-in lap səlahiyyətli nümayəndəsini və onun səhra köməkçisini atəşə tutub. Bunlar monitorinq keçirirmiş, onlar da başlayıb atmağa. O "interesni" saqqalı olan kişi - Anjey Kasprşik əmr verib ki, təcili monitorinqi saxlasınlar. Neynəyəcəklər, o dəqiqə də saxlayıblar. Saqqallı kişi deyib ki, ATƏT-ə deyəcəm. İndi bilmirəm, nə deyəcək, necə deyəcək, qutuda deyəcək, açıqda deyəcək, şifrəli deyəcək... Adam balası kimi desə, əslində gərək ATƏT görüntü xatirinə olsa da erməniləri danlaya. Amma qutuda desə, yenə günahkar biz çıxacağıq. Deyəcəklər ki, Azərbaycan kəşfiyyatçıları xəlvətcə keçib ermənilərin tərəfrindən üzü bu tərəfə atəş açıblar, kosmosdan çəkmişik, hamısı sünnət olunmuşlardı... Qapqara qutudu, şifrəli də yazı, kimə nəyi sübut eləyəcəksən?...
   
   
   
   Siz bilərsiniz, bu türklərin ermənilərlə sövdası nə yerdə qaldı? Deyir daha Qarabağ torpaqlarının azad olunması məsələsini şərt kimi qoymur! Heç Xocalı məsələsini Millət Məclisində müzakirə olunmasını məsələ kimi də saymır. Neynək, saymır saymasın, biz onsuz da bilirik ki, can deyən çox olsa da güc doğana düşür. Di gəl ki, həriflik eləyib doğanla Ərdoğanı qarışıq salmışıq. Keçmiş olsun! Amma ikinci məsələdə adamın üzü gəlmir ki, onları qınasın. 17 il keçir, hələ bizim MM faciəni genosid, qətliam kimi rəsmi tanımayıb, türkdən niyə inciyirik ki? Adama deyərlər sən lotoreya aldın ki, heç nə udmadığından gileylənirsən? Amma hər halda türk qardaşlarımız da olanların "qara qutu"da şifrəli yazıldığını anlasalar yaxşı olar. Əgər onlar güman eləyirlər ki, bizi tək qoymaqla, erməniyə yarınmaqla, özlərini yalandan demokrat göstərməklə Avropa Birliyinə girəcəklər, heyf onların gümanına, bizim də ümidimizə. Türkiyə dəqiq bilməlidir ki, Avropa Birliyi həm də xristian birliyidir. Ən şanslı variant odur ki, türklər xristinalığı qəbul eləsinlər. O əlavə olunmalı məsələni isə "qara qutu"da şifrələsinlər ki, tikdirmişik. Dedim axı, maraq olmayanda "qara qutu"dakıları oxumaq "mümkün olmur"...
   
   
   
   Yeri gəlmişkən, elə birbaşa mənada da "qara qutu" zibilini çox çəkmişik. Odey, keçən il Xəzərə düşmüş "MİQ-29"un "qara qutu"sunda nə yazılıbsa hələ də bilmirik. Özümüzün "oxuyan" cihazımız, laboratoriyamız yox, ruslar da hansı nağılı istəsələr oxuyurlar. Elə dünya da "qara qutu"nu öz istədiyi kimi oxuyur. Hollandiyada qəzaya uğrayan türk təyyarəsinin də "qara qutu"sunu Fransaya oxunmağa göndəriblər. Guya hələlik oxunmayıb. Amma artıq ümumdünya maliyyə böhranı ilə əlaqədər olaraq yanacağın az tökülməsini, təyyarənin sadəcə olaraq benzini qurtardığı üçün aeroprota çatmadığını söyləyənlər var.
   
   
   
   Qayıdaq öz qoyunlarımıza. Daha doğrusu, öz oyunlarımıza. Bizim millət vəkili Məlahət İbrahimqızı durub məclisin spikerinə müraciət eləyib ki, telekanallarda hər gecə nümayiş etdirilən kriminal verilişlərə, zorakılığı təbliğ eləyən filmlərin nümayişinə məhdudiyyət qoyulsun. Qadasın almadığım MTRŞ əlüstü məsələyə münasibət bildirib. MTRŞ-ın böyüyü Nuşirəvan müəllim deyib ki, onların idarəsi iki il öncə Qaydalar hazırlayıb ki, orada erotik, qorxulu, ədəbsiz ifadələrin çoxluq təşkil etdiyi filmlər uşaqlar yatandan sonra, yəni gecə saat 23-dən sonra göstərilməlidir. Rəis beyir ki, kiminsə uşağı yatmırsa, yaxud psixikası zəifdirsə, kinoya baxıb intihar eləyirsə, bunun MTRŞ-a qətiyyən dəxli yoxdur. Qoy valideynlər uşaqlarını düzgün tərbiyə eləsinlər, vaxtında yatırtsınlar. Burada tamaşaçının marağı əsas götürülməlidir. Nuşirəvan müəllim deyir ki, sosioloji sorğular keçirilsin, "sorğunun nəticələri Şuraya təqdim edilərsə, ona uyğun hərəkət edə bilərik". Nuşirəvan müəllim məncə əlavə "qara qutu" yaratmaq istəyir. Qardaşım, əgər deputatı xalqın nümayəndələri seçibsə və o əhalinin müəyyən hissəsinin sözünü danışırsa, bu elə bir növ sosioloji sorğu deyilmi? Axı deputat xanım demir ki, belə filmlərin nümayişi tamamilə ləğv edilsin, deyir məhdudiyyət qoyulsun. Amma bir yana baxanda adamın MTRŞ-ı yox, elə özünü qınamağı gəlir. Hər gecə lütlənib ekrana çıxan zümrüdlərin, sarsaq-sarsaq sualların cavabına yüzlərlə, hətta minilərlə manatlar vəd eləyən nanələrin, şüyüdlərin verilişlərinə gələn mesajları, zəngləri görəndə bizim tamaşaçının səviyyəsi ortada açıq görünmürmü? Televiziya qutusu ancaq bağlı olanda "qara qutu"du, açıq vaxtında bu qara yox, qapqara qutudu, kim nəyi necə istəsə elə də oxuya bilər...
   
   
   
   Yavaş-yavaş Dəvəçinin adının Şabran qoyulmasını rəsmiyyətə mindirirlər. Nəyə görəsə Əli Bayramlının adını dəyişib Şirvan qoymaları yadıma düşür. O boyda Şirvanı zorla ilan mələyən bir yerə pərçimləyib kiçildik, yox etdik. İndi də Şabranı məhv eləmək fikrindəyik. Allah xeyir verməsin! "Qara qutu"ya girmədi? Cəhənnəmə girsin, mənəviyyatımıza, tariximizə, ürəyimizə girir, danışmayaq?..
   
   
   
   
   
   

TƏQVİM / ARXİV