adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Yanvar 2015 13:30
2402
DÜNYA
A- A+

Rusiya ilə bağlı qorxunc proqnozlar - Müharibə ehtimalı var

Ukraynanın Mariupol şəhərinin rusiyameylli separatçıların mövqelərindən atəşə tutulması və nəticədə azı 30 mülki sakinin həlak olmasından sonra Qərblə Rusiya arasında qarşıdurma daha da dərinləşib.

Adalet.az xəbər verir ki, bu gün ATƏT Daimi Şurasında Ukraynanın şərqindəki vəziyyətlə bağlı təcili toplantı keçiriləcək. Brüsseldə isə NATO-Ukrayna komissiyasının növbədənkənar toplantısı çağırılıb.

Həmçinin bu həftənin cümə günü Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri təcili iclas keçirəcək.

ABŞ prezidenti Barak Obama isə Hindistana səfəri zamanı Ukraynadakı son hadisələri şərh edərək Rusiyaya qarşı təzyiqlərin daha da artacağını bildirib.

Rusiyaya qarşı yeni tədbirlərin nədən ibarət olacağı hələlik məlum deyil, ancaq "Kommersant” ABŞ Dövlət Departamentinə yaxın mənbələrə istinadən yazıb ki, Qərb Rusiyanın beynəlxalq bank sistemi SWIFT-ə çıxışını qadağan edə bilər.

SWIFT sistemi hazırda qlobal maliyyə axınlarını tənzimləyən əsas sistemdir və bu sistemə daxil olmayan banklar xarici hesablar üzrə əməliyyat apara bilməz. Bundan əvvəl Qərb İrana qarşı bu cür sanksiya tətbiq edib və nəticədə İranın beynəlxalq maliyyə əməliyyatları həyata keçirmək imkanı ciddi şəkildə məhdudlaşdırılıb.

Həmin sanksiyanın nəticəsində İran satdığı neftin pulunu ala bilmirdi və məcbur olub nefti ya küçə qızıla, yaxud aşağı qiymətə digər vasitəçilərə satırdı. İran banklarının  SWIFT sisteminə girişinin məhdudlaşdırılması bu ölkəni on milyardlarla dollar ziyana saldı və iqtisadiyyatına böyük zərbə vurdu. İndi Rusiyaya qarşı analoji sanksiyaların tətbiqi bu ölkənin iqtisadiyyatına ağır zərbə olardı.

Rusiya mətbuatı yazır ki, əgər Qərb bu addıma getsə, o zaman Rusiya ilə Qərb arasında qarşıdurma əsl müharibəyə keçə bilər. Son aylar ərzində amerikalı və avropalı siyasətçilər dəfələrlə Rusiyanın SWIFT sisteminə girişinin dayandırılmasına çağırıblar.