adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

PƏNCƏRƏ

291903 | 2009-02-21 07:17
... Qışda ağacların hamısı bir-birinə oxşayır. Nə barlısı bilinir, nə də barsızı...
   
   ... Çadırların pəncərələri torpağın üstündə olur. On il çadırın pəncərəsindən baxdım bayıra. Keçib gedənlərin ayaqlarını gördüm ancaq...
   
   ... Tofiq Abdinin hansısa türk şairinin şeirinə yazdığı uyğunlamanı oxudum. İstədim həmin şeirin təsirindən mən də bir şeir yazım. Alınmadı...
   
   Mən qafiyəli şeir yazıram. Mənim düşündüklərim isə qafiyəsizdir... Qarabağ qafiyəli şeirlərdə itirilmiş kimi görünür...
   
   "Qalx gedəlim, bu yurd bizə düşmədi"...
   
   - Həsən əmi, torpağa iki dən atırıq sərçələr daşıyıb aparır. Elə bil bayquşlar da azalıb ey, bu sərçələri seyrəldə bir az...
   
   - Biz ayaq basdığımız yurdda bayquşa ehtiyac yoxdu, bala - dedi Həsən əmi...
   
   1993-cü il idi. Hərbçilər "tökülmüşdülər" kəndlərə. Qabaqlarına çıxanı yığıb avtobuslara aparırdılar döyüşə. İki nəfər yolunan gedirmiş. Biri qayıdır o birisinə deyir ki, ə, sən öl mən əsgərlikdə olanda avtomatı on beş saniyəyə sökürdüm. İkinci cəld birincinin ağzını əliynən yumur:
   
   - Ə, nə danışırsan, eşidərlər. Görmürsən "oblavadı".
   
   Birinci ikincinin əlini ağzından aralayıb deyir:
   
   - Ə, sökürdüm ey, yığa bilmirdim...
   
   ... Yorğunam. O qədər yorğunam ki, dincəlməyə taqətim yoxdu...
   
   Əvəz kişi deyirdi ki, bir gün axşamacan öküzlə Qoşa kotan çəkəm, evimin qapısından içəri keçən kimi oluram dinc, ağrısız-acısız. Elə bil heç işləməmişəm. On beş ildir boyunduruq boynunu yağır eləmiş öküz kimiyəm... O evin yerində bir topa səliqəsiz daş, qum, çınqıl yığını qalıb... Əhəngə, sementə bulaşmış...
   
   ... Nemət Veysəlli də bu günə kimi nə tikibsə yarımçıq tikib... Yer üzündən döşəmə, göy üzündən tavan olmaz, qağa...
   
   ... Hanı bala, hanı bizim evimiz... Həyəti bağlı-baxçalı, eyvanı aynabənd, ev...
   
   Taxtapuşunda nar "salxımları", zirzəmisində şoraba çəlləkləri...
   
   ... Naxçıvana dəmiryolu bağlanandan yediklərimizin də duzu azalıb, özümüzün də. Yaman duzsuz olmuşuq...
   
   ... Paltar şkafları paltarların boğazından "asıldığı" ağacdı. Paltar şkafları olanlar "asılmış paltarlar" geyirlər. Mən paltarımı ya stulun, ya da çarpayının başına atıram...
   
   ... Bu yaşda görüşsək... İndi dizlərinin kündəsi quluqsuzdu, mehrsizdi, sehrsizdi. Ət doğranan kötük kimidi... Tay başım bədənimə ağırlıq edir. Çiyinlərim bezib bu başı gəzdirməkdən... Hanı sənin dizlərin?..
   
   Gəlişisz-gedişsiz parkların günaha batmış xəlvəti skameykaları zolaq-zolaqdı. Gəlişli-gedişli yollardakı piyada keçidlərinə oxşayır...
   
   Gecələr beton divarlara, seyf qapılarla, üç qat, dörd qat pəncərələrlə bir-birindən gizlənən şəhər adamları... Ucsuz-bucaqsız Haramıdan darısqal şəhərə boylanmaq necə də zor... 70-ci illərdə Süleyman Abdullayev oxuyardı:
   
   
   
   Çox görmüşəm həzin-həzin ağlayan,
   
   Candan artıq mal-dövlət qucaqlayan...
   
   Evə girib qapını erkən bağlayan,
   
   Qonşu evi gedər, xəbəri olmaz...
   
   
   
   Hər addıma halını, əhvalını soruşan on-on beş adam... Şəhərin bu başından girib, o başından çıx. Bir nəfər də olsun tanış sifət yox...
   
   ... Oğlu olanları qırmızı çadıra... Qızı olanları qara çadıra... Övladı olmayanları qara çadıra aparın. Qara qoçun ətindən qara qovurma verin. Yeyir yesin, yemir çıxıb getsin... Qırmızı çadır, ağ çadır, qara çadır... İran xurması, Ərəbistan düyüsü, Pakistan lobyası... Yeyir, yesin, yemir, çıxıb getsin... Hara?..
   
   ... Namiq Qaraçuxurlunun ad gününə televiziya saat yarım vaxt ayırdı... Eldar Baxışın doğulduğu ili, ayı Kim bilir?...
   
   ... Statistik hesabatlarda atlar, eşşəklər baş sayı ilə gedir, dəvələr isə insan kimi nəfər sayı ilə... İndi dəvələrin sayı az qala barmaq sayıdı... Eşşəklər isə... Çoxdu, çox...
   
   ... Yol ağzında ev tikməzlər. Sel ağzında ev tikməzlər...
   
   
   
   Evdən yola körpü olmaz,
   
   Ev ki, selə dəhnə deyil.
   
   Sevincimiz cır-cındırdı,
   
   Kədərimiz köhnə deyil...
   
   
   
   ... Bir dilbilməz quş idim, Leyla... Hamımız oxuyuruq, amma bülbül ola bilmirik...
   
   Bizdə solo oxuyanlar uzun ömürlüdü. Qruplar tez dağılır...
   
   ... İndi səs və hava keçirməyən pəncərələr dəbdədi...
   
   ... Ən çox qafiyəlnən sözlər "ət"inən bitən sözlərdi. Ən dadlı yeməklər ət yeməkləridi... Yenə də Eldar Baxış:
   
   ... Onlar bir keçi dərisini dəyişməzlər bir igidin qanlı köynəyinə...
   
   ... Bir şıdırğı yaz yağışına açılan pəncərədi, bu dünya... Hər gələn baxar gedər... Ev ola ki, pəncərə də ola. Evsiz pəncərə, pəncərəsiz ev olarmı, heç? Biz bu dünyaya ev tikmək üçün gəlmişikmi?..
   
   Əgər bu dünya həqiqətən pəncərədisə və bu bu dünyaya baxmaq üçün ev də, pəncərə də vacibdirsə, onda bizim evimiz, pəncərəmiz hanı? Və evsiz, pəncərəsiz olanlar kimdi bu dünyada, evi, pəncərəsi olanlar kimdi?..
   
   ... Qapı nə qədər bağlıdırsa divardı. Açıldı nə divardı, nə də qapı. Pəncərə həmişə pəncərədi. Açıq olanda da, bağlı olanda da...
   
   ... Cümlə uzun sözdü. Hekayə uzun cümlədi. Povest uzun hekayədi. Roman uzun povestdi... Elə keçib gedən illər də əslində uzun gündü, vəssalam...
   
   
   
   P.S. Bu yazının müəllifi də nə şairdi, nə də yazıçı. Sadəcə pəncərədi, həm də evsiz. Dülgər sexindəki pəncərə...

TƏQVİM / ARXİV